Xalq Cəbhəsi. - 2018.- 20 aprel. - 69. - S. 14.

 

Azərbaycanda Xalq Cümhuriyyəti ədəbi həyatda böyük canlanmaya təkan verdi

 

Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm Sadıqzadə, Əli Yusif poeziya sahəsində uğur qazandılar

 

1-ci yazı

 

Gülxani Pənah,

filologiya üzrə elmlər doktoru

 

XX yüzil Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında elə bir dövrdür ki, onda daha böyük oyanış var, bu yüzil milli azadlıq hisslərinin güclənməsi, dövlətçilik, azadlıq və tərəqqipərvər hisslərlə zəngindir. Bu milli azadlığın şirinliyini XX yüzilin ilk onilliyində daddıq, sonra itirdik və yüzilin son onilliyində yenidən əldə etdik. Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ölkəmizdə ictimai həyatda olduğu kimi, mədəni, ədəbi həyatda böyük bir canlanmaya təkan verdi. Xalqımızın milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizə apardığı və arzularına nail olduğu və qurduğu Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa müddətdə milli ideya mübarizəsində, o cümlədən, romantizm və realizm yaradıcılıq axınında birləşir. Və bu dövrdə fəaliyyətə başlayan parlament Azərbaycan dilini dövlət dili elan edir. XX yüzilin əvvəlindən Azərbaycan ədib və şairləri müəyyən məktəblər, üslublar üzrə qruplaşmaqda idi. Həmin birliklər ədəbiyyatın get-gedə daha çox ideoloji məzmun kəsb etdiyini, zamanın siyasi konyukturasına tabe olduğunu göstərirdi. Bu və ya digər siyasi-ideoloji mərama mənsubluq ilk yaradıcılıq təşkilatlarının, yaxud cəmiyyətlərinin fəaliyyəti ilə yanaşı adında da özünü göstərirdi: "Yaşıl qələm", "Qırmızı qələm"... Ədəbiyyatın bu cür "rənglənməsi" sənət baxımından o qədər təbii olmasa da, bədii təfəkkürün cəmiyyət həyatına yaxınlığından irəli gəlirdi. XX yüzilin ilk iki onilliyində Azərbaycan çox mürəkkəb, ictimai-siyasi cəhətdən ən ağır dövrünü yaşadı. Rusiya-Yaponiya müharibəsi, rus imperiyasının məğlubiyyəti, ictimai-siyasi proseslər, Azərbaycanda güclənən milli-azadlıq hərəkatı ədəbi prosesə də öz təsirini göstərdi. Ölkədə maarifçilik hərəkatının güclənməsi, maarifçi ədəbiyyatın inkişafına kömək etdi. Milli problemlərin həlli yollarını axtarmaqda ziyalılar bir araya gəlməkdə idilər. "Şərqi-rus", "Hümmət", "Molla Nəsrəddin", "Füyüzat", "İrşad", "İqbal", "Tərəqqi", "Təkamül", "Yoldaş", "Məktəb", "Dirilik" kimi mətbu orqanlar fəaliyyətə başladı, ana dilimizdə yaranan bu mətbu orqanlar xalqımızın ədəbiyyatının inkişafına kömək etmiş olurdu. Bunlarda ictimai-siyasi və milli-mənəvi problemlər öz əksini tapırdı. Bu dövrdə realizm və romantizm ədəbi məktəbləri dövrün ədəbi proseslərini özündə əks etdirirdi. "Molla Nəsrəddin", "Fyüzat" jurnalları ətrafında toplanan maarifçi ziyalılar realist və romantizmin ideya-estetik düşüncələrini ifadə edirdilər.

Cəlil Məmmədquluzadənin nəşrə hazırladığı "Molla Nəsrəddin" jurnalı realist şair və yazıçıları öz ətrafında birləşdirir, mollanəsrəddinçilər kimi tanınan ədiblər ədəbi dili xalqın danışıq dilinin bazası əsasında yaratmağı düşünürdülər. Ə.Hüseynzadənin başçılıq etdiyi "Füyüzat" jurnalı romantiklərin ideya və düşüncələrini müdafiə edir və füyüzatçılar kimi tanınan ziyalılar isə "orta türk dilinin formalaşdırılması ideyası"nı əsas bilir və "bu məsələdə Türkiyə türkcəsinin əsas götürməyi düşünürdülər. Rusiyada 1905-ci il inqilabı məğlubiyyətə uğradı və bu azadfikirli, maarifçi Azərbaycan ziyalılarının işini ağırlaşdırırdı. 1908-1910-cu illərdə Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi ziyalılar Azərbaycanı tərk etməyə məcbur olmuş, təqib olunduqlarından İranda (Məhəmməd Əmin Rəsulzadə), Türkiyədə (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu) fəaliyyətlərini davam etdirməli olmuşdular. 1905-1911-ci illərdə Səttarxan hərəkatı bütün İrana, eləcə də Şərqə, məşrutə hərəkatının qələbəsi ictimai-siyasi hərəkata, eləcə də ədəbi prosesə ciddi təsir göstərir. Bu hadisələri Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə silsilə məqalələrlə dərindən izləyir. Məşrutə hərəkatını yaxından izləyən M.Ə.Rəsulzadə yazdığı silsilə məqalələrlə milli mətbuatda ictimai tendensiyanın, vətəndaşlıq amalının güclənməsinə təkan verib. Əli bəy Hüseynzadə isə "Siyasəti-fürusət" adlı fəlsəfi-publisistik traktatında şərti-simvolik üslubun imkanlarından bəhrələnərək diqqəti Azərbaycanın Güneyində cərəyan edən siyasi hadisələrə yönəldir, hər bir millət üçün azadlığın qaçılmaz olduğu zərurətini vurğulayırdı. "Səfa", "Nəşri-maarif", "Cəmiyyəti-xeyriyyə" kimi ədəbi mədəni mühitə təsir edən cəmiyyətlərin rolu xüsusilə qeyd edilməlidir. Onların köməyilə keçirilən yubiley tədbirləri, nəşr olunan kitablar, səhnələşdirilən dram əsərləri ədəbi prosesin inkişafına göstərilən dəyərli köməklər idi. M.Ə.Rəsulzadə "Açıq söz" qəzetinin nəşrinə başlamaqla Azərbaycan mətbuatı tarixində yeni bir yol açır. Bu qəzet "milli ideologiyanın formalaşdırılmasında müstəsna rol oynadı. Onun səhifələrində dərc olunan yazılar Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına böyük təkan idi.

Qısa bir müddət yaşasa da, Azərbaycandakı müstəqil milli dövlət böyük çətinliklərlə qurulan bir dövlət idi və bu yolda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ziyalılarının xüsusi fəallığı nəticəsində 1918-1920-ci illər millətimizin həyatında xüsusi bir mərhələ olub və onun gələcək inkişafına ciddi təsir göstərib. Bu dövrdə xalqımızın yüz ildən artıq sürən köləlik zəncirindən xilas olması, müstəqil həyata qədəm qoyması, yalnız ictimai-siyasi sferalarda deyil, ədəbi-mədəni sahələrdə də köklü dəyişikliklərin gerçəkləşdirilməsi üçün zəmin yaradıb. Azərbaycanda 1919-cu ildə Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Bununla yanaşı "Azərbaycan Dövlət Teatrı", "Teatr xadimləri cəmiyyəti", "Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti", "Yaşıl qələm" ədəbi birliyi yarandı, fəaliyyətə başladı. Milli mətbuat bu illərdə öz inkişafında uğurlar qazandı. Belə ki, bu dövrdə "Azərbaycan" (rusca, türkcə), "Azərbaycan hökumətinin əxbarı", "İstiqlal", "Al bayraq", "Bəsirət", "İttihad", "Gələcək", "Şeypur", "Doğru yol", "El", "Əfkari-nəfisə", "Xalq sözü", "Hürriyyət", "Zəhmət sədası", "Məşəl" və s. qəzet və dərgilər çap olunub. Ümumiyyətlə, 1919-cu ildə Azərbaycanda 92 adda qəzet və dərgi nəşr olunub ki, 42-si türkcə, 44-ü rusca, 6-sı isə digər dillərdə yayılıb.

1918-1920-ci illərdə Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm Sadıqzadə, Əli Yusif poeziya sahəsində uğurlar qazandılar. Məhəmməd Hadi "Əsgərlərimizə, könüllülərimizə", "Məfxureyi-aliyəmiz", "Şühədayi-hürriyyətimizin əhvalinə-ithaf" kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlanması uğrunda millətini mübarizəyə səsləyir. "Şühədayi-hürriyyətimizin əhvalinə-ithaf" şeirlərində 1918-ci ildə erməni daşnaklarının törətdikləri qanlı cinayətlərdən, erməni-müsəlman faciəsindən, tökülən günahsız qanlardan sarsılmış şair bu yolda şəhid olanlarımıza ağlayır. "Əsgərlərimizə, könüllülərimizə" şeirində müstəqillik uğrunda mübarizədə igid vətən oğullarına üz tutur, onları vətənpərvər olmağa, torpağı, milləti, dövləti qorumağa çağırır. M. Hadinin bu sətirlərində M. Ə. Rəsulzadənin "Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün... nə qədər töhmətlərə məruz qaldıq..." kəlmələrində yaşayan bir ruh, amal, ideya var. M. Hadi bolşeviklərin hakimiyyətə gəlməsinə, Xalq Cümhuriyyətinin süqutuna dözməyərək Gəncə üsyanında yaxından iştirak etmiş, bu amal, məqsədə xidmət etmiş, bu yolda həlak olmuşdu.

Türkçülük, turançı ideyaları ilə köklənmiş Abdulla Şaiqin yaradıcılığında Xalq Cümhuriyyətinə bəslənən hörmət və ehtiram əsasdır. "Yeni Ay doğarkən", "Marş", "Vətənin yanıq səsi", "Arazdan Turana" şeirlərində vətəndaş şairin qəlbinin səsi duyulur. Bu şeirlərdə azad, müstəqil dövlətə, Xalq Cümhuriyyətinə sevgi yaşayır. Milləti, xalqı haqsızlığı yıxmağa, "Turanda gün doğunca" zülmətlə çarpışmağa, irəlidə mübarizə yolu ilə qazanılacaq qələbələrə, orada doğacaq Günəşə-yeni dövlətə, dövlətin qurduğu gözəl həyata səsləmə var.

Milli ədəbiyyat tarixində "istiqlal şairi" kimi tanınan Əhməd Cavadın "Türk ordusuna", "Şəhidlərə", "Azərbaycan bayrağına", "Elin bayrağı", "İngilis", "İstanbul", "Bakı deyir ki" və s. şeirlərində ölkədə milli azadlıq uğrunda gedən mübarizələr tərənnüm olunur, bu yolda canını qurban verənlərə hörmət və ehtiram göstərilir. Bu şeirlərdə "Bir kərə yüksələn" və bir daha enməyən, onu endirməyə çalışanlara qarşı xalqın apardığı mübarizə, bu mübarizədə "müvəqqəti məğlubiyyət", beşiyində boğulmuş müstəqil Azərbaycan dövlətinin bayrağının 70 ildən sonra yenə başımız üstündə dalğalanması həqiqəti yaşayır, xalqın mübarizə dolu həyatı, qanı canı bahasına əldə etdiyi müstəqilliyə yenidən qovuşması, milli duyğular yaşayır. Bu gün də şairin "Azərbaycan bayrağına" şeiri, buradakı milli qürur, milli dövlətçiliyimiz atributlarından biri kimi öyülən bayraq, şeirdəki hər vaxt, hər zaman özünü qoruyub saxlayan müasirlik hissi - qan bahasına əldə edilmiş dövlətə, onun bayrağına hörmət və ehtiramdan yoğrulmuş misralar yada düşür:

 

Türküstan yelləri öpüb alnını,

Söylüyor dərdini sana, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən,

Ərmağan yollasın yara, bayrağım!

 

Əhməd Cavad yaradıcılığında ölkəni yenidən işğal edən rus imperiyasına nifrət hissi var. "Göygöl" şeirinin ideya məzmununda azadlıq göynərtisi, müstəqillik arzusu, milli-istiqlal yanğısı ilə yanaşı üsyankar bir qəlbin səsi duyulur.

Türkçülük, turançılıq ideyalarına gənc yaşlarından böyük rəğbəti olan Cəfər Cabbarlı milli hərəkatın genişləndiyi ilk illərdə "Trablis müharibəsi" və "Ədirnə fəthi" pyeslərini yazdı və bu əsərlər Türkiyədə baş verən inqilabi-tarixi hadisələri, türk xalqının suverenliyi, ərazisini qoruyub saxlamaq uğrunda mübarizəsini əks etdirirdi.