İki sahil.-2018.-19 aprel.-¹75.-S.26.

 

AXC Parlamentinin sosialist fraksiyasının üzvü

 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

 

Vəli İlyasov

 

Səməd ağa Ağamalıoğlu 1867-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində, varlı mülkədar ailəsində anadan olmuşdur. Kiçik yaşlarında o dövrdə Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Təhsilini davam etdirmək üçün sənədlərini Vladiqafqaz Hərbi Progimnaziyasına vermiş və 1887-ci ildə oranı da müvəffəqiyyətlə bitirmişdir. Zəmanəsinin mədəni və gözüaçıq adamı olan Səməd ağa kasıbları özü ilə bərabər səviyyədə tutan bir şəxs idi. O, varlı bir ağa olsa da, heç kəsi incitməmiş, əksinə hamının yaxşı yaşamaq haqqının olduğunu düşünmüşdü. Nəhayət, 1905-ci ildə o, ata-babadan qalan bütün varidatını - yüzlərlə iri və xırdabuynuzlu heyvan sürülərini, at ilxılarını, on kiloqramlarla qızıl və daş-qaş dolu küpələrini, yüz hektarlarla torpaq sahələrini xidmətçilərinə paylayaraq ağalıqdan imtina etmişdir. Bu, o zaman varlılar tərəfindən ağılsızlıq, yoxsullar tərəfindən görünməmiş alicənablıq kimi qiymətləndirilmişdi.

Ümumiyyətlə, dünya tarixində kasıbların xeyrinə varidatından keçən şəxslər bir neçə nəfər ola bilər. Səməd ağa kimi geniş dünyagörüşünə malik varlı insanlar nadir hallarda olub. Adətən belələrini düzgün başa düşmək iqtidarında olmayanlar onları utopiyaçı adlandırırdılar. Tərcümeyi-halından da göründüyü kimi, Səməd ağa Ağamalıoğlu ruhən müstəqil ölkə, azad vətəndaş və bərabərlik tərəfdarı kimi yetişmişdi.

1905-1907-ci illər inqilabı dövründə Azərbaycanda əhalinin sosial, maddi və mənəvi vəziyyətini yaxşılaşdırmaq, daha dinc və ədalətli cəmiyyət qurulması naminə mübarizədə fəal iştirak etmişdir. Rusiya bolşevikləri ilə tanışlıqdan sonra Səməd ağa onların əqidələrini bəyənib qəbul etdi və kommunistlərin sıralarına daxil olmağı qərara aldı. O, 1917-ci ilin aprelindən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP-nin) İcraiyyə Komitəsinin və Yelizavetpol Quberniya (indiki Gəncə şəhəri) Sovetinin üzvü olmuşdur.

Səməd ağa Ağamalıoğlu 1918-ci ilin fevralında Tiflisə köçmüş, bolşevik “Hümmət” təşkilatının görkəmli xadimlərindən biri, həmin təşkilatın orqanları sayılan “Gələcək” və “Pobujdeniye” qəzetlərinin redaktoru olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan bir qədər sonra -1918-ci ilin sonunda Bakıya gəlmişdir. Cümhuriyyətin Parlamentinə üzv seçilərək sosialistlər fraksiyasının üzvü olmuşdur. Parlamentdə bir çox qanunların və mühüm dövlət sənədlərinin müzakirəsində və qəbulunda fəal iştirak etmişdir.

Bundan sonra o, AXC-də sosialist fraksiyasının üzvü olan bolşeviklərin xəttinə tərəfdar çıxmış müsavatçıların milli siyasətini qətiyyətlə pisləmiş, İngilis silahlı müdaxiləçilərinin Bakıdan çıxarılmasını Azərbaycanla Sovet Rusiyası arasında ittifaq yaradılmasını tələb etmişdir.

Sovet hakimiyyətinin Azərbaycanda törətdiyi silahlı dövlət çevrilişindən sonra Səməd ağa Ağamalıoğlu bolşevik hakimiyyətində yüksək vəzifələrə təyin edilmişdir. O, respublikanın ilk xalq torpaq komissarı, 1921-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini, SSRİ-nin I Sovetlər qurultayında SSRİ MİK üzvü, sonra SSRİ MİK Rəyasət Heyətinin üzvü, 1922-1929-cu illərdə Azərbaycan SSR MİK sədri, habelə ZSFSR (Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası) MİK sədrlərindən biri olmuşdur. Dəfələrlə Azərbaycan Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin, Ümumittifaq Kommunist Bolşeviklər Partiyası Zaqafqaziya Ölkə Komitəsinin tərkibinə seçilmişdir.

1922-ci il avqustun 11-də Səməd ağa Ağamalıoğlu sovet dövlətinin rəhbəri Vladimir Leninlə görüşmüş, respublikanın ictimai, siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş, Azərbaycan SSR-də istifadə olunan ərəb-fars əlifbasının latın əlifbası ilə əvəz olunması təklifini irəli sürmüşdür. O dövrdə müsəlman aləmində böyük narazılıqla qarşılanan bir ideyanın müəllifi də yenə Səməd ağa idi. O, dövlətdən qadınlara azadlıq, kişilərlə bərabər hüquqlar verilməsini, min illərlə davam edən ədalətsizliyin aradan qaldırılmasını tələb etmişdi. Səməd ağa hökumətə qadınlara çadranı çıxarmaq , təhsil almaq, vəzifə tutmaq, seçmək və seçilmək kimi əsas hüquqların verilməsi təkliflərini irəli sürmüşdür. Lenin bu təklifləri çox bəyənmiş və bunu Şərqdə Mədəni İnqilab adlandırmışdır. Beləliklə, Səməd ağa Şərqdə mədəni inqilabın banisi kimi bir ad qazanmışdır. Ancaq bir çox radikal dini qurumlar, qaragüruhçular və qatı dindarlar onun ölümünə fitva vermişdilər.

O, Azərbaycan dilinin inkişaf etdirilməsinə cidd-cəhdlə çalışırdı. Ərəb-fars əlifbalarına qarşı çıxaraq öz dilimizə uyğunlaşdırılmış latın əlifbasına keçilməsini istəyirdi. Sovet hökuməti onun bütün bu dəyərli təkliflərinin həyata keçməsinə şərait yaratdı.

Səməd ağa Ağamalıoğlu 1921-ci ildə yaradılmış Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olmuşdur. O, təkcə Azərbaycanda deyil, Sovet ittifaqının digər müttəfiq respublikalarında da yeni latın əlifbasına keçilməsinə şəxsən rəhbərlik etmişdir. Ağamalıoğlu nə qədər ağır vəzifə yükü daşısa da, həmişə çox maraq göstərdiyi mətbuatda çıxış etməyə imkan tapmış və geniş publisistik fəaliyyət göstərmişdir. Respublikada nəşr olunan bir sıra qəzet və jurnallarla sıx əməkdaşlıq etmişdir.

Səməd ağa Ağamalıoğlu 1930-cu ildə Moskvada olarkən gözlənilmədən vəfat etmiş və orada dəfn edilmişdi. Lakin sonradan Azərbaycan hökumətinin qərarı ilə cənazəsi Bakıya gətirilərək Fəxri xiyabanda torpağa tapşırılmışdır. Sovet dönəmində onun adını daşıyan ali məktəb, küçələr, kolxoz və sovxozlar vardı.

Görkəmli ictimai-siyasi xadim Səməd ağa Ağamalıoğlu tanınmış publisist kimi yüzlərlə məqalənin, doqquz əsərin müəllifidir. Onun qələmindən çıxmış “Azərbaycanın siyasi vəziyyəti”, “Bizim yolumuz hayanadır?”, “Türk aləmində mədəni məsələlər”, “Oktyabr inqilabı və yeni əlifba”, “İki mədəniyyət”, “Yeni türk əlifbasının müdafiəsində” və digər əsərləri öz zamanında aktual mövzulara həsr olunmuşdu. Bu əsərlər kütləvi tirajlarla çap edilmiş və Azərbaycanın ictimai-siyasi mühitində rəğbət qazanmışdır.