Xalq qəzeti. - 2018.- 19 aprel. - ¹ 87. - S. 11.

 

Güclü və qüdrətli Azərbaycan dövləti bütün problemlərini həll etməyə qadirdir

 

Fikrət Yusifov,

iqtisad elmləri doktoru, professor

 

Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı Azərbaycanın 100 illik tarixinə nəzər salaraq demişdir: “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər qüdrətli dövlət olmamışdır”.

 

 Bəli, doğrudan da Azərbaycan heç vaxt bu qədər güclü və bu qədər qüdrətli olmayıb. Ötən il Azərbaycan  hökuməti atdığı qətiyyətli addımlar hesabına 2016-cı ildə dünyanı bürümüş ağır böhran səbəbindən ölkə iqtisadiyyatında  yaranmış geriləməni aradan qaldıra bildi. Dövlət başçısı keçən ilin sonlarında bəyan etmişdi ki, 2017-ci il ölkəmiz üçün iqtisadi yüksəliş ili olacaq. Cari ilin ötən üç ayının nəticələri onun dediklərinin həqiqət olduğunu göstərdi.

 Bu gün Azərbaycan bir neçə il öncə malik olduğu iqtisadi inkişaf tempinə yenidən yiyələnir. İndi ölkəmiz təkcə regionda deyil, bütövlükdə bölgədə böyük güc və nüfuz sahibinə çevrilib. Dövlətimiz bu gücün, bu nüfuzun təsiri altında Dağlıq Qarabağ problemini hüquqi müstəvidə həll etməyə çalışır. Hadisələrin gedişi və Azərbaycanın sürətli inkişafı bunun məhz belə olacağına heç bir şübhə yeri qoymur.

 Yola saldığımız bir rüb ərzində Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulmuşdur. Bunun böyük hissəsi xarici sərmayədir. Ermənistan iqtisadiyyatına isə 2017-ci il ərzində cəmisi 200 milyon dollar xarici sərmayə qoyulmuşdur ki, bu da erməni diasporunun üzvlərinin öz vətənlərinə etdikləri yatırımlardan ibarət kiçik bir məbləğdir. Bu rəqəmləri heç bir tərəzidə çəkib müqayisə etmək mümkün deyil. Ötən il Ermənistan iqtisadiyyatına orta hesabla bir rübdə 50 milyon dollar xarici sərmayə qoyulub. Bu rəqəm Azərbaycan iqtisadiyyatına bir rübdə qoyulan sərmayədən 70 dəfə azdır. Bax, elə bu səbəbdən də biz mənfur işğalçı dövləti iqtisadi gücümüzün əzələləri ilə sıxıb yerində oturtmaq yolunu tutmuşuq.

 Bu yolun mahiyyəti ölkə Prezidentinin son müşavirədəki çıxışında çox aydın şəkildə ifadə olundu: “Bununla paralel olaraq bizim demək olar ki, bütün regional addımlarımız, təşəbbüslərimiz həm ölkəmizin maraqlarının təmin edilməsinə, Azərbaycan iqtisadiyyatının inkişafına, eyni zamanda, işğalçı dövlətin təcrid vəziyyətinə salınmasına hesablanıbdır”.

İki ölkənin iqtisadiyyatına yatırılan sərmayələrin həcmini müqayisə edən dövlət başçısı bu duruma belə qiymət verdi: “ Yəni, bu, müqayisəedilməz vəziyyətdir və əlbəttə ki, biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən kənarda qoyacağıq. Bu gün Ermənistan bir dalana çevrilibdir. Biz onları siyasi dalana, iqtisadi, enerji, nəqliyyat dalanına çeviririk və bu siyasət davam etdiriləcək. Biz bunu gizlətmirik, açıq şəkildə bəyan edirik və biz haqlıyıq”.

İqtisadi inkişafımız siyasi gücümüzün artmasını şərtləndirən əsas amildir.  Son üç ay ərzində götürülən iqtisadi inkişaf sürəti bizə cari ili yüksək nəticələrlə başa vurmaq şansları yaradır. Beləliklə, cari ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 2,3 faiz, onun qeyri-neft sektoru 3 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə rekord həddə - təxminən 10 faiz artmışdır. Kənd təsərrüfatında 4,2 faiz artım qeydə alınmışdır ki, bu artımın da əsas hissəsi bitkiçiliyin payına düşür. Hesabat dövründə valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq  44,2 milyard dollara çatmışdır. Son üç ayda xarici ticarət dövriyyəmiz 31 faiz, ümumi ixrac 24 faiz, qeyri-neft ixracı isə 37 faiz artmışdır. Qeyri-neft sektorunda ixracın həcmində baş verən bu sıçrayış hökumətin ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafına hesablanmış qətiyyətli addımlarının məntiqi nəticəsidir.

Birinci rübdə inflyasiya cəmi 4 faiz, əhalinin gəlirləri isə təxminən 10 faiz artmışdır. Bir rüb ərzində ölkədə 31 mini daimi iş yeri olmaqla 34 min yeni iş yeri yaradılmışdır. Son illərdə açılmış iş yerlərinin ümumi sayına cari ilin birinci rübündə yaradılan iş yerlərini də əlavə etsək,  onda deyə bilərik ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 1 milyon 500 min yeni daimi iş yeri açılmışdır.

Bu gün Azərbaycan yenidən böyük tikinti meydanına çevrilir. Tikintidə belə canlanma iqtisadi inkişafın ən yaxşı göstəricisidir. Çoxsaylı sənaye, emal müəssisələri ilə yanaşı, əhalinin  mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yüzlərlə yaşayış binası tikilir. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikintisi sürətləndirilir. Cari ildə təkcə Bakı şəhərində təqribən 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur və artıq bu binalardan bir neçəsinin inşasına başlanmışdır. İqtisadi gücümüz sosial məsələlərin də yüksək səviyyədə həll olunmasına imkan yaradır.

Bu gün dövlətimiz iqtisadi gücümüzü, ilk növbədə, qeyri-neft sektorunun hesabına artırmağı nəzərdə tutmuşdur. Postneft dövrünü elan etmiş ölkə rəhbərliyi atdığı bütün addımları bu dövrün tələbləri çərçivəsində edir. İqtisadiyyatımızın neftlə bundan sonrakı əlaqəsini dövlət başçısı belə ifadə etdi: “Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin”.

Hesabat dövründə iqtisadiyyatın qeyri-neft sektorunun bütün sahələrində ciddi irəliləyiş qeydə alınıb. Ötən dövrdə Azərbaycanı tranzit yükdaşımalar məkanına çevirən nəqliyyat sektorunun inkişafı ilə bağlı əsaslı addımlar atılıb. Şimal-Cənub nəqliyyat dəhlizinin tezliklə istifadəyə verilməsi istiqamətində atılan addımlar, Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun yeni imkanlarının formalaşması istiqamətində görülən işlər Azərbaycan üzərindən daşınacaq tranzit yüklərin həcminin və sərnişinlərin sayının əsaslı şəkildə artmasına səbəb olacaq.

 Bu gün Azərbaycan turizmin inkişaf sürətinə görə dünyada aparıcı yerlərdən birini tutur. Cari ilin 3 ayı ərzində ölkəmizə gələn turistlərin sayı ötən ilin birinci rübü ilə müqayisədə 12,5 faiz artıb. Bu, ilk növbədə, regionun başqa turizm ölkələrindən fərqli olaraq Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin və təhlükəsizliyin nəticəsində mümkün olub. Digər tərəfdən, ölkəmizdə yaradılan böyük turizm kompleksləri onların rahatlığı baxımından böyük imkanlar yaradır.

Azərbaycanda turizmin sürətli inkişafını şərtləndirən əsas məsələlərdən biri də ölkəmizdə son illərdə keçirilən mötəbər beynəlxalq tədbirlər və idman yarışlarıdır. Bu tədbirlər sırasında “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula-1” yarışları xüsusi qeyd olunmalıdır. Təkcə “Formula-1” yarışlarının tamaşaçı auditoriyası yarım milyard insanı əhatə edir. Azərbaycan hökuməti bu gün turistlərin ölkəyə maneəsiz daxil olmasını təmin edən bütün tədbirləri görür və bu sahədə neqativ hallara yol verənlərə qarşı barışmaz mübarizə aparır.

Hazırda  beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda aparılan iqtisadi islahatlara və əldə olunan nəticələrə çox yüksək qiymət verilir. Davos İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biri, inklüziv inkişaf baxımından isə inkişafda olan ölkələr arasında üçüncüdür.  Bu göstəricilərin əldə olunmasında Azərbaycan hökumətinin azad sahibkarlığın inkişafı istiqamətində gördüyü tədbirlərin rolu əvəzsizdir. Hökumət sahibkarlığın inkişafına maneə olan bütün neqativ hallara qarşı mübarizə aparmaqla yanaşı,  dünya praktikasında bu sahədə mövcud olan mütərəqqi təcrübənin tətbiqi baxımından çox işlər görür. Bu baxımdan investisiyaların və ixracın dövlət tərəfindən təşviq edilməsi ölkə iqtisadiyyatına həm daxili,  həm də xarici investorların cəlb edilməsi işində əvəzsiz rol oynayır. Cari ilin birinci rübündə iş adamlarına 28 investisiya təşviqi sənədi verilib. Bu günə qədər isə 229 sahibkar 257 investisiya təşviqi sənədi alıb. Nəticədə reallaşacaq layihələrə 2,3 milyard manat sərmayə qoyulub.

Bir sözlə, bu gün Azərbaycan iqtisadiyyatı özünün bir neçə il əvvəlki inkişaf sürətini bərpa etməyi əsas hədəf kimi qarşıya qoyub.