Səs.-2018.-18 aprel.-¹74.-S.3.

 

Müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb

 

Prezident İlham Əliyev: “Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir”

 

Azərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək, düşünülmüş və məqsədyönlü siyasəti ilə bugünkü uğurlarımızın təməlini yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 15 ildə təkmil islahatları ilə uğurla davam etdirən Cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İl i” elan etməsi dövlətçilik və müstəqillik ənənələrimizə töhfə kimi qiymətləndirilir.

 

2018-ci ilin mühüm hadisələrindən olan 11 aprel prezident seçkilərinin Dahi Öndər Heydər Əliyev siyasətinin qələbəsi kimi tarixə yazılması növbəti 7 ildə müstəqilliyimizin daimiliyinə, daha da möhkəmləndirilməsinə dəstəkdir. Prezident seçkilərində Cənab İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə təşkil olunan tədbirdə dövlətimizin başçısı bu kimi məqamları xüsusi qeyd etmişdir. “Azərbaycan xalqı öz seçimini etdi” söyləyən Cənab İlham Əliyev bildirib ki, xalqımız həyata keçirilən siyasətə bir daha səs verdi: “Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıbdır”.

Söz yox ki, qeyd edildiyi kimi, bu uğurlar böyük səylərin və qətiyyətin nəticəsidir. Bu baxımdan, Cənab İlham Əliyev çıxışlarında bildirir ki, tarixi paralellər fonunda Azərbaycanın keçdiyi müstəqillik yolunu indiki və gələcək nəsillərə çatdırmalıyıq. 26 ildən artıq müstəqillik tarixinə malik olan ölkəmiz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqilliyinin ilk illərində yaşadığı xaosdan, anarxiyadan, müstəqilliyini itirmək təhlükəsindən, iqtisadi böhrandan xilas oldu, inkişaf, tərəqqi yoluna çıxdı və Ümummilli Liderin görmək istədiyi Azərbaycan oldu.

Bir sözlə, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri olaraq bu gün Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində daha da qüdrətlənir, dünya birliyinin layiqli üzvü kimi əsl söz sahibinə çevrilib. “Yolumuz müstəqillik yoludur” deyə bəyan edən Cənab İlham Əliyev bildirir: “Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir”.

Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamı, onun ardınca 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi bu faktın da təsdiqidir ki, xalqımız hər zaman keçmişinə sahib çıxmış, gələcəyə keçmişi ilə addımlamışdır. “Biz ilk Azərbaycan Demokratik Respublikasının yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır. Bayram günü biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında və yaranmasında göstərdiyi xidmətlərə görə Məmmədəmin Rəsulzadəyə, Əlimərdan bəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”.

Ulu Öndər Heydər Əliyevin bu fikirləri keçmişimizə, tarixi şəxsiyyətlərin siyasi fəaliyyətinə, fədakarlığına, vətənpərvərliyinə verilən dəyər və gələcək nəslə tariximizə sahib çıxmaq tövsiyəsidir. Dövlətimizin başçısı İlham Əliyevin məlum Sərəncamında da, qeyd olunduğu kimi, AXC cəmi 23 ay yaşadı. Mürəkkəb siyasi hadisələr dövründə yaranan demokratik respublikanın dövlət və hökumət orqanları istənilən səviyyədə fəaliyyət göstərə bilməsələr də, üzərlərinə düşən tarixi missiyanı bacardıqları qədər yerinə yetirmiş və Azərbaycan xalqının dövlətçilik tarixinə parlaq səhifələr yazmışlar. 1920-ci il aprel ayının 27-dən 28-nə keçən gecə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti öz səlahiyyətlərini bolşeviklərə təhvil verməyə məcbur olduğu üçün fəaliyyətlərinə xitam verilmişdir. Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçilik tarixinin unudulmaz səhifələrindəndir. AXC xalqın yaddaşında qalmaqla dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Qeyd etdiyimiz kimi, az müddət yaşasa da, dövlətçilik tariximizdə özünəməxsus yeri, müsəlman Şərqində ilk demokratik respublika olan Cümhuriyyətin ictimai-siyasi, ədəbi-mədəni və milli-mənəvi həyatımızın bütün sahələrində izi qalmışdır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ötən əsrin sonlarında dirçələn mili-azadlıq mübarizəsinə də Cümhuriyyətin simvolları ilə başladı. Müstəqillik uğrunda milli-azadlıq hərəkatında iştirak edən Azərbaycan xalqı AXC-dən miras qalan istəklərin reallaşması naminə birləşdi. Sovetlərin beynəlmiləlçilik buxovundan xilas olaraq varlığını qorudu. Dövlətçiliyimizin atributu olan, AXC-nin qəbul etdiyi himn, üçrəngli bayraq və gerbimizin bərpasını vətəndaşlıq borcu adlandıran, böyük qətiyyət göstərərək, Azərbaycan naminə canından belə keçməyə hər an hazır olduğunu bildirən Ulu Öndər Heydər Əliyev sonrakı islahatlarında da varislik missiyasına sadiq qaldı. Ümummilli Lider Heydər Əliyev bildirirdi: “Azərbaycan demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi.” 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və həqiqətə çevrilməsinə zəmin yaratdı. Düşünülmüş və məqsədyönlü siyasətin ən böyük uğuru budur ki, Azərbaycanın inkişaf metodu ən qüdrətli ölkələrdə belə təbliğ olunur. Dünyaya səs salan uğurlarımız 11 aprel prezident seçkilərində Cənab İlham Əliyevin qələbəsini təmin etdi. Seçicilərin 86 faiz səsini qazanan Cənab İlham Əliyev bildirir ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin reallaşması ilə Azərbaycan dünyanın enerji xəritəsini dəyişdi və nəqliyyat mərkəzinə çevrildi. Müstəqilliyin ilk illərində iqtisadiyyatın inkişafı üçün investisiyalara ehtiyacı olan Azərbaycan indi başqa ölkələrə sərmayə yatıran dövlətdir. Son 15 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 230 milyard dollardan artıqdır. Bu statistikanın özü Azərbaycanın bu gününə və gələcəyinə inamın təsdiqidir. Eyni zamanda, bu faktı da qeyd edək ki, ötən il “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə bir daha işıq saldı. 2017-ci ilin oktyabrında BTQ dəmir yolunun istifadəyə verilməsi tranzit ölkə kimi möhkəmlənən mövqeyimizi təsdiqlədi. Bu kimi faktları xeyli sayda sadalamaq olar.

Bütün bunlar Azərbaycanın islahatçı, xoşbəxt ölkələr sırasında yer almasına yol açan uğurlarımızdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzi kimi maraq doğurması düşünülmüş xarici siyasətimizin beynəlxalq aləmdə dəstəklənməsidir. Ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınır və nüfuz qazanır. Bir məqamı da, xüsusi qeyd etməliyik ki, bərabərlilik prinsipləri əsasında birgə yaşayış qaydalarının tətbiqinə çalışan Azərbaycan Xalq Cümhuriyyətinin bu istəyinə ən dəyərli cavab ölkəmizdə mövcud olan tolerantlıq və mültikulturalizm ənənələrinin bütün dünyada təbliğidir. Azərbaycan sabitləşdirici faktor kimi nüfuz qazanıb. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, dövlət, xalq nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Bu gün Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsində də bu amilin rolu inkaredilməzdir. Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Diplomatik uğurlarımız, günbəgün güclənən və qüdrətlənən ordumuz bu problemimizin də öz ədalətli həllini tapacağına böyük əminlik yaradır.