Olaylar. - 2018.- 19 aprel. - 69. - S. 8.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusi xidmət orqanları

 

Füzuli

 

Bu günlərdə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycana bir çox dəyərli miraslar qoyub gedib. AXC-nin hüquqi varisi sayılan müstəqil Azərbaycanın bugün ki hüquq-mühafizə, xüsusi xidmət orqanlarının yaşı da elə Cümhuriyyət dövrünə gedib çıxır. Araşdırmaçı Elşad Qoca deyir ki, AXC dövründə ölkənin xüsusi xidmət orqanlarının ilk fəaliyyəti Hərbi Nazirliklə bağlıdır. Onun sözlərinə görə, birinci hökumət kabinetində Hərbi Nazirliyin yaradılması nəzərdə tutulsa da, kağız üzərində qalmışdı: "İkinci kabinetdə isə Hərbi Nazirlik nəzərdə tutulmamışdı. Belə bir vaxtda Birinci cahan Savaşında Osmanlı imperiyası məğlub tərəf kimi 1918-ci ilin 30 oktyabrında Mudros müqaviləsini imzalamağa məcbur olmuşdu. Müqavilənin şərtlərinə uyğun olaraq, Osmanlı hökuməti bir həftə ərzində Azərbaycandan, bir ay ərzində isə bütün Qafqazdan qoşunlarını çəkmişdi. Zaqafqaziya İngiltərənin təsir dairəsinə düşmüşdü və müttəfiqlər adından ingilis qoşunları Bakıya girməli idi. Türk qoşunlarının qəfil gedişi Azərbaycanı çətin duruma salmışdı. 1918-ci ilin oktyabr ayının 23-də hökumətin iclasında təcili Hərbi Nazirliyin bərpa edilməsi qərara alındı. 1 noyabr 1919-cu ildə Azərbaycan parlamenti də yaranmış vəziyyəti müzakirə edərək Azərbaycan Nazirlər Şurası yanında Hərbi Nazirliyin bərpa edilməsi barədə qərar qəbul etdi. Noyabrın 7-də hərbi nazirlik təsis edildi. Fətəli xan, eyni zamanda, hərbi nazir vəzifəsini də yerinə yetirməyə başladı. Onun müavini isə artilleriya general-leytenantı Səməd bəy Mehmandarov oldu idi. Elə həmin vaxtdan etibarən Azərbaycanda ordu quruculuğuna geniş yer ayrıldı. Ancaq Bakıya gələn ingilis generalı Tomson türk qoşunları ilə birgə yenicə yaradılmağa başlanmış Azərbaycan qoşunlarının da noyabr ayının 17-dək Bakı şəhərini tərk etməsini tələb edirdi. Beləliklə, yenicə yaradılmış Hərbi Nazirlik və Azərbaycan korpusu Bakıda fəaliyyətini davam etdirə bilmədi, 1918-ci ilin noyabr ayının 22-də Gəncə şəhərinə köçməyə məcbur oldu. Azərbaycan hökumətinin Bakıda, Hərbi Nazirliyin isə Gəncədə olmasını nəzərə alaraq, Nazirlər Şurasının sədri Fətəli xan Xoyski özünün sərəncamı ilə 1918-ci ilin dekabr ayının 25-də Səməd bəy Mehmandarovu hərbi nazir, Əliağa Şıxlinskini isə nazir müavini təyin etdi". Elşad Qoca bildirib ki,hazırlanmış layihələr əsasında 25 fevral 1919-cu ildə ölkə parlamenti "Hərbi Nazirliyin ştatları haqqında" xüsusi qanun qəbul etmişdi: "Qanunda Hərbi Nazirliyin 38 istiqaməti üzrə ştatlar təsdiq edilmiş, Baş Qərargahın Baş İdarəsinin general-kvartirmeyster şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması da nəzərdə tutulmuşdu. Ümumiyyətlə, Cümhuriyyət dövründə ölkənin xüsusi xidmət orqanları üç mərhələdə fəaliyyətini davam etdirmişdi. 28 mart 1919-cu ildən 11 iyun 1919-cu ilədək olan dövrü əhatə edən birinci mərhələdə kəşfiyyat və əks-kəşfiyyat bölməsi Hərbi Nazirliyin tərkibində fəaliyyət göstərmişdi. Hərbi nazir general-leytenant S.Mehmandarov və Baş Qərargah rəisi, general-leytenant M.Sulkeviçin 28 mart 1919-cu ildə imzaladıqları əmrlə Baş Qərargahın Baş İdarəsinin tərkibində əməliyyat-səfərbərlik, nizami-hesabat, əks-kəşfiyyat və kəşfiyyat, rabitə bölmələrindən ibarət general-kvartirmeyster şöbəsi yaradılmışdı. Bölmənin rəisi vəzifəsinə kornet Ağalarov təyin edilmişdi. Bölmənin ilkin ştatı 1 rəis, 2 rəis köməkçisi (müavinləri) ober-zabit, 2 kargüzar və 23 nəfər agent (əməliyyat müvəkkili nəzərdə tutulur) olmaqla 28 nəfərdən ibarət idi. Yeni yaradılmış bölmənin rəisi vəzifəsi alay komandiri, köməkçiləri isə tabor komandirinə bərabər tutulurdu. Əldə olunmuş arxiv sənədləri qurumun əməliyyat fəaliyyətini aydın şəkildə ilə göstərir. Bölmənin əməkdaşları Hərbi Nazirliyin rəhbərlərini, eləcə də Azərbaycan hökumətini əməliyyat məlumatları ilə təmin etməyə çalışırdılar. Özü də bu məlumatlar ölkənin müxtəlif ərazilərini, hərbi birləşmələrin dislokasiya yerlərini əhatə edirdi. Dövlət arxivində yüzlərlə xidməti məlumatı, aylıq smeta xərcləri, uğurlu əməliyyatlarda iştirak etmiş bölmə əməkdaşlarının mükafatlandırılması barədə rəhbərliyə çox sayda raportlar da saxlanılır. "1919-cu ilin mart ayı üçün buraxılmış xərclər barədə" adlı maliyyə sənədində görülmüş əməliyyat işləri barədə məlumat verilir. Maliyyə hesabatına əlavə olunmuş arayış xarakterli sənəddən aydın olur ki, əks-kəşfiyyat və kəşfiyyat bölməsinin rəisi kornet Ağalarovun rəhbərliyi ilə xüsusi əməliyyat planı hazırlanmış və gənc ölkənin əleyhinə casusluq edən 16 nəfərdən ibarət qrup ifşa olunmuşdur. Həbs edilənlər, əsasən, Azərbaycan ordusunda xidmət edən Denikin ordusunun zabitləri idilər. Baş Qərargahın kapitanı Çernışov, onun arvadı Anna Çernışova və onların həmfikirləri gənc ölkənin əleyhinə işləyir, strateji obyektlər barədə məlumat toplayırdılar. Bölmənin əməkdaşları Smıslovanın həm də ingilis kəşfiyyatına işlədiyini müəyyən etmişdilər. İngilislər ona Azərbaycan Ordusunda xidmət edən türk zabitlərini müəyyənləşdirməyi və saylarını öyrənməyi tapşırmışdılar. Onun evindən axtarış zamanı Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyətlə bağlı, gizli bolşevik təşkilatının işi, Azərbaycan Ordusunun durumu barədə Denikin qərargahına ünvanlanmış çoxlu agentura məlumatı tapılmışdı. Bununla əlaqədar hərbi nazir tam artilleriya generalı S.Mehmandarov daxili işlər naziri X.Xasməmmədova müəyyən edilmiş casus təşkilatının üzvlərinin tutulması barədə Bakıya məktub göndərmişdi. Məktubda deyilirdi: "Azərbaycan Silahlı Qüvvələri barədə Denikinin könüllülər ordusunun və erməni hökumətinin xeyrinə məlumat toplamaqda ittiham edilən xanım Smıslova Gəncədə həbs edilmişdir. Bu işdə onunla əlbir olan Gəncə qarnizonunun bir neçə zabiti müəyyənləşdirilmişdir. Bakıda isə onun digər əlaqələri vardır. Nelli Fyodorovna Çernışova erməni küçəsi 8-də yaşayır, qərargah zabitinin arvadıdır, erməni qoşununda xidmət etmişdir. Stanislav Rudolfoviç Zuber, Rılskixlərin Merkuri kontorundadır. Çernışovanın mənzilində axtarış aparılması vacibdir, əgər bir şey tapılsa, təcili həbs edib işi məhkəmə müstəntiqinə vermək lazımdır. Belə bir axtarışın Zuberin mənzilində də aparılması vacibdir. Xanım Smıslova Bakıdan Gəncəyə kömək üçün səyyar qoşunların başçısı polkovnik Mixaylova Tiflis dəmiryolu jandarm idarəsinin keçmiş rəisi Şetininin məktubu ilə gəlmişdir. Hesab edirəm ki, casus təşkilatının izləri Bakıdadır. Şetinin təcrübəli jandarm işçisi kimi onun rəhbəridir. Onun mənzilində təcili axtarış aparılması və həbs lazımdır". Məktubun sonunda X.Xasməmmədovun dərkənarı vardır: "Bu gün saat 5-də qubernator Axundov mənim yanıma dəvət edilmiş və ona bu məsələnin icra edilməsi tapşırılmışdır". Azərbaycanda Denikin kəşfiyyatının ifşa edilməsi orduda bəzi rus zabitlərinin dəyişdirilməsinin vacibliyini göstərirdi. Ancaq onların əvəz edilməsi müşkül məsələ idi. Belə ki, gənc ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı vardı.

Daha bir arxiv sənədində isə adı casus kimi keçən denikinçi zabitlərin AXC Nazirlər Şurasının sədrinin göstərişi ilə respublika ərazisindən çıxarılmaları barədə qeydlər var. Təsadüfi deyildir ki, 26 fevral 1919-cu ildə Azərbaycan parlamenti dövlət qulluğunda, orduda denikinçi zabitlərin xidmətini qadağan etmək barədə qərar qəbul etmişdi. Təbii ki, parlamentin bu qərarı qəbul etməsində əks-kəşfiyyat və kəşfiyyat bölməsinin əməkdaşlarının böyük zəhməti vardır. Ağalarovun rəhbərlik etdiyi kəşfiyyat və əks-kəşfiyyat bölməsinin daha bir fəaliyyəti barədə arxivdə maraqlı material saxlanılır. Bildiyiniz kimi, ingilis qoşunlarının komandanı general Tomsonun tələbi ilə Bakıda yerləşən Azərbaycan korpusunun qərargahı, o cümlədən Hərbi Nazirlik Gəncəyə köçürülmüşdü. Bakıda yerləşdirilməsi nəzərdə tutulan 1 piyada taboru, 400 nəfərdən ibarət süvari və 1 topçu alayı polkovnik Fərhad bəy Ağalarovun rəhbərliyi ilə Salyan qazarmasında yerləşməli idi. Hərbi nazirin də bu münasibətlə Bakıya gələcəyi planlaşdırılırdı. Bakıda olan qarışıqlıq, təbii ki, müəyyən təhlükəsizlik tədbirləri görməyi tələb edirdi. Hər cür təxribatların ola biləcəyi istisna edilmirdi".