Səs.-2018.- 17 aprel.-¹73.-S.7.

 

Azərbaycan Xalq Cümhuriyyətinə töhfələr verən ziyalı

 

"Bizə türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai lazımdır!”

 

Nəzakət Ələddinqızı

 

Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadə türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayaraq, bütün şüurlu ömrü boyu məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının gücü ilə çarpışmışdır. Maarifpərvər ziyalı müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib-hazırlanmasında yaxından iştirak edib, eləcə də, çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verib.

 

Qeyd edim ki, 1864-cü ildə Salyanda anadan olan Ə. Hüseynzadə kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirən Ə. Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. Tiflis Gimnaziyasını bitirmiş, uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. 1885-ci ildə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də Şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi. Burada dövrün məşhur elm xadimləri - Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə. Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, “xalqçılar” hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq, Ə. Hüseynzadə Türkiyəyə-İstanbula gəlir və burada darülfünda əsgəri-tibbiyyə fakültəsində dərs almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə, o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq, müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və tərəqqi” Partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. Əli bəy Hüseynzadənin Azərbaycana qayıtdığı 1903-cü il Rusiyanın və Qafqazın siyasi həyatında təlatümlər dövrü idi. Belə ki, Rusiyanın hər yerində hökumətdən narazılıq artmış və bu bir çox yerlərdə çara qarşı açıq çıxışlara gətirib çıxarmışdı. Bunun ardınca 1904-1905-ci illərdə rus-yapon müharibəsində çarizmin ağır məğlubiyyətə uğraması Rusiyadakı siyasi böhranı da dərinləşdirdi. Belə bir vəziyyətdə çarizm ucqarlarda xalqın narazılığını azaltmaq üçün onlara mədəniyyət sahəsində bəzi güzəştlərə getməyə məcbur olmuşdu. Nəticədə, o dövrdə Bakıda Azərbaycan və rus dillərində yeni qəzetlər nəşr edilməyə başladı. Bu qəzetlərin əsas hərəkətverici qüvvəsi Rusiyada ali təhsil alan gənclər, yerli zadəgan ailələrinin övladları idilər. Onlar varlı ailələrdən çıxmalarına baxmayaraq, daha çox milli ruhda köklənərək, mənsub olduqları millətlərinin işıqlı gələcəyinə, onların savadlanmasına və milli azadlığına gedən yolları axtarırdılar. Belə bir vəziyyətdə İstanbulda milli ruhda böyük bir həyat məktəbi keçən Əli bəy Hüseynzadənin Bakıya köçməsi Azərbaycanda milli azadlıq mücadiləsinə yeni bir ruh və yeni bir nəfəs gətirdi. Əli bəy Hüseynzadə Bakıda rus dilində nəşr edilən “Kaspi” və digər qəzetlərlə əməkdaşlıq etməyə başladı. “Kaspi” qəzetində yazdığı məqalələrində türkçülük ideyalarının təbliğini önə çıxaran Əli bəy Hüseynzadə cəsarətlə çarizmin milli xalqları ətalət və əsarət altında saxlamasını ifşa edirdi. Bu baxımdan, “Kaspi” qəzetində onun tərəfindən dərc edilən “Gənc türkçülük nədir?” adlı məqaləsi, o dövrün ziyalıları arasında böyük əks-sədaya" səbəb olaraq, müəllifinə böyük şöhrət gətirdi. O, bu məqaləsi ilə Azərbaycanda türkçülük ruhunu dirçəldə və onu yeni müstəvidə bərpa edərək, bu ümummilli ideyaya, obrazlı şəkildə desək, təzə nəfəs gətirdi.

Həmin dövrdə Əli bəy Hüseynzadə yalnız rusdilli “Kaspi” qəzetində deyil, həm də Azərbaycan dilində nəşr edilən “Füyuzat” və onlarla digər qəzet-jurnalda türkçülüyü təbliğ edən məqalələrlə çıxış edirdi. Amma “Kaspi” qəzeti rus dilində çıxdığından, Azərbaycanda yetişməkdə olan ziyalıların çoxu onu oxuya bilmirdi. Ona görə də, Əli bəy Hüseynzadə, yaxın dostu, Azərbaycanda türkçülük ideyalarının yayılmasında və erməni daşnak terrorçularına qarşı mübarizə məqsədi ilə məşhur “Difai” təşkilatını yaradan Əhməd bəy Ağayev (Ağaoğlu) ilə birlikdə Hacı Zeynalabdin Tağıyevə Azərbaycan türkcəsində qəzet çıxarmanın vacibliyini söyləyirlər. Tağıyev yeni qəzeti maliyyələşdirməyə razılıq verir və beləliklə, 1905-ci il iyunun 7-də “Həyat” qəzetinin ilk sayı işıq üzü gördü. Bu qəzet Ə. Hüseynzadəni Azərbaycana “ağır başlı” filosof, “sədrə şəfa verən” sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Ə. Hüseynzadənin fəlsəfi mühakimələri diqqəti çəkir:” Hürriyyət!.. O, nə qüvvədir ki, zehinləri, fikirləri, xəyallan, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..”, “Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar”, “Hər kəsə ki, uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...”

O, bu məqalələrinin birində yazırdı: “Bizə türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai lazımdır!” Mənbələrdə göstərilir ki, bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və bir çox dövrü mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” - azərbaycançılıq şəklində təbliğ olundu. Azərbaycan Cümhuriyyət dönəmində də Əli bəy gənc dövlətin qurulmasına öz töhfəsini verir. “Azərbaycanda düşündüklərim” məqaləsində Əli bəy dövlətin adının Qafqaz Azərbaycanı, Azərbaycan Cümhuriyyəti, Qafqaz Türk Dövləti olmasını irəli sürür. Eləcə də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin mübarizlərindən olan Əli bəy Hüseynzadə gündəmə gətirib. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu, məhz bu üçrəngli bayrağın rənglərində öz əksini tapmışdır.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olması kimi rəmzləndirilir və türkçülük ideyası ilə bağlıdır. Həmçinin, mavi rəng türklərin əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni inkişaf etdirmək anlamını daşıyır. Yaşıl rəng - islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə simvollaşan Azərbaycan vətəndaşının ideya- mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

Ümumiyyətlə, Əli bəy Hüseynzadənin XX əsr ictimai-siyasi və ədəbi-fəlsəfi fikir tariximizdə əvəzsiz xidməti olub. Onun keçdiyi şərəfli yolda azərbaycançılıq məfkurəsi, vətənə məhəbbəti, mücadiləsi açıq-aydın görünür.