525-ci qəzet.- 2018.- 7 aprel.- ¹ 61.- S.18-19.; 14 aprel.- ¹ 66.- S.18-19.

 

Əzablı Paris yolçuluğu - Azərbaycan Xalq Cümhuriyyəti-100

 

(Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin Paris sülh konfransında iştirakla bağlı üzləşdiyi çətinliklər)

 

Vilayət Quliyev

 

Paris deyəndə yada ilk növbədə Mirzə Fətəlinin Şahbaz bəyi düşür... Dil öyrənmək, çağdaş Avropa mədəniyyətinə aşina olmaq, faydalı əlaqələr qurmaq niyyəti ilə Parisə getmək istəyən Şahbaz bəy...

İlk təşəbbüsdə dərviş Məstəli şahın cadusunun sehrindən çıxa bilməyən gənc Qarabağ zadəganına Parisə görmək, kralın özündən ənam almaq qismət olmamışdı.

Amma onun təşəbbüsü izsiz-soraqsız da yoxa da çıxmamışdı. Davamçıları on illər boyu ən müxtəlif yollarla Moskvaya, Peterburqa, Parisə, Brüsselə, Varşavaya yollanmışdılar. Oradan universitet diplomu ilə geri dönmüşdülər. Xalqın gözünü açmış, guya Parisi yerlə-yeksan edən Məstəli şahların tifaqını dağıtmış, Hatəmxan ağaları xeyir əməllərə səsləmişdilər.

Və Şahbaz bəyin 1848-ci ilə təsadüf edən uğursuz təşəbbüsündən düz 70 il sonra onun bir dəstə yetirməsi yenidən bu dəfə artıq Fransa prezidentindən (çünki daha kral yox idi!) və Avropanın digər ölkələrinin dövlət başçılarından ənam almaq üçün Parisin yolunu tutmuşdu.

Bu ən böyük ənamın adı yenicə elan olunmuş Azərbaycan Cümhuriyyətinin  müstəqilliyinin tanınması idi. Onu tələb etmək üçün Parisə “xalqlar konfransına” - tarixi Versal sarayında keçirilən sülh konfransına yola düşənlər isə Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altındakı Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin üzvləri idi...

1918-ci il noyabrın 11-də Almaniyanın Antanta dövlətləri ilə barışıq sazişi imzalaması nəticəsində Birinci Dünya müharibəsi rəsmən başa çatmış oldu. Bundan əvvəl  Antantaya qarşı dayanan “Dördlər ittifaqının” digər üzvləri - Bolqarıstan çarlığı  (29 sentyabr), Osmanlı (30 oktyabr) və Avstriya-Macarıstan imperiyaları (3 noyabr) ilə də analoji anlaşmalar əldə edilmişdi.

Birinci Dünya müharibəsi miqyas və nəticələrinə görə XX əsrin əvvəllərində bəşəriyyət həyatında yalnız ən dəhşətli zəlzələ ilə müqayisə oluna bilərdi. Sivil dünyanın geostrateji yerləşim, insan resursları, xammal ehtiyatları baxımından mühüm  hissəsini nəzarətdə saxlayan dörd böyük mütləqiyyət quruluşu - Rusiya, Osmanlı, Avstriya-Macarıstan və Almaniya  imperiyaları dağılmışdı. Planetin siyasi xəritəsi xeyli dəyişmiş, yeni milli dövlətlər yaranmışdı. Müharibənin labüd nəticəsi kimi bir sıra ərazilərdə tam qeyri-müəyyənlik, iki hakimiyyətlilik, yaxud hakimiyyətsizlik hökm sürürdü.

Belə şəraitdə  mövcud reallıqlardan çıxış edərək yeni dünya nizamı yaratmağa,  böyük cahan hərbinin nəticələrindən dərs çıxarmağa, növbəti qlobal qarşıdurma təhlükəsini aradan qaldırmağa ciddi ehtiyac vardı. İrəli sürülən tələblər, yeni cızılan sərhədlər nəzərdən keçirilməli idi. Müəyyən fasilələrlə 1919-cu il yanvarın 18-dən 1920-ci il yanvarın 21-nə qədər Fransa paytaxtında, məşhur Versal sarayında keçirilən və  tarixə Paris sülh konfransı kimi daxil olan beynəlxalq forum bu mürəkkəb məsələləri həll etməyə çalışmışdı.

Yuxarıda adları çəkilən imperiyalarının süqutu nəticəsində Qafqazdan Avropanın mərkəzinə və şimal qurtaracağına qədər uzanan  böyük bir ərazidə  yeni yaranan 13  dövlət öz müstəqilliyini elan etmişdi. Onlar hamısı  gələcək siyasi mövcudluğu ilə bağlı  sülh konfransı Ali Şurasının verdiktini gözləyirdi.

Hələ müharibənin rəsmən başa çatmadığı, beynəlxalq konfransın keçirilmə vaxtı və yeri ilə bağlı təsəvvürlərin çox dumanlı olduğu bir şəraitdə Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski müvəqqəti paytaxt Gəncədə imzaladığı 23 avqust 1918-ci il tarixli sərəncamla milli müstəqillik idealının memarlarından biri, görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovu Osmanlı dövləti yanında fövqəladə və səlahiyyətli nazir  təyin etmişdi. Azərbaycanın taleyi ilə bağlı bütün məsələlərin müzakirəsində, qərarların qəbul olunmasında geniş səlahiyyətlərlə birlikdə ona həm də “beynəlxalq konfrasın keçiriləcəyi təqdirdə  onun işində Azərbaycan sülh nümayəndə heyətinin tam hüquqlu üzvü kimi iştirak etmək” ixtiyarı verilmişdi.

Uzun məşəqqətlərdən sonra yalnız sentyabrın sonunda İstanbula gələn Ə.Topçubaşov dərhal Osmanlı dövlətinin və siyasi elitanın nümayəndələri ilə görüşlər keçirməyə başlamışdı. Tezliklə özü də çətinliklər məngənəsində sıxılmağa başlayan Türkiyəyə bəslənən ümid və gözləntilərin  əsassızlığı meydana çıxmışdı. Mudros müqaviləsi imzalandıqdan sonra vəziyyət daha da ağırlaşmışdı. Ona görə də Ə.Topçubaşov bundan sonra da İstanbulda qalmağın səmərəsizliyini fikirləşərək bir ara hətta dövlət rəhbərliyi səviyyəsində müvafiq məsləhətləşmələr aparmaq məqsədi ilə  Bakıya qayıtmaq, ya da Berlin və Vyanaya getmək fikrinə düşmüşdü. Eyni zamanda, Osmanlı imperiyasının hərbi nazirliyi yanında fəaliyyət göstərən Şərq şöbəsinin yardımı ilə Azərbaycan nümayəndələrini - Əli bəy Hüseynzadə və Səlim bəy Behbudovu tanıtma missiyasının tərkibində Avropa ölkələrinə göndərməklə bağlı planlar qurmuşdu.

 

Lakin aydın məsələdir ki, müharibəni məğlubiyyətlə başa vuran  “Dördlər ittifaqı”nın üzvləri, yaxud neytral ölkələr Azərbaycanın müstəqilliyinin beynəlxalq miqyasda tanınması üçün o qədər də mühüm, həlledici iş görə bilməzdilər. Burada əsas söz sahibi qalib  tərəf - Antanta idi. Çox şey onların istək və iradəsindən, ümumi məşvərət əsasında verəcəkləri qərarlardan asılı idi.

Görüş və söhbətlərdə dəfələrlə bu mövzuya toxunulsa da, sülh konfransı haqda ilk dəqiq bilgini Ə.Topçubaşov 1918-ci il noyabrın 18-də, Osmanlı dövlətinin yeni xarici işlər naziri Rəşid paşa ilə söhbət zamanı almışdı. Türkiyədəki hökumət dəyişikliklərinin dost Azərbaycana münasibətdə hər hansı fərqli yanaşmaya yol açmayacağını qeyd edən nazir, mövcud şəraitdə əməli yardım göstərə bilməyəcəklərini açıq şəkildə bildirmiş, həmkarını əsas diqqəti sülh konfransına yönəltməyə çağırmışdı: “...indi tək yeni yaranan dövlətlərin deyil, ümumiyyətlə bütün dövlətlərin taleyi sülh konqresinin qərarlarından asılıdır. Konqres, bildiyimə görə, Parisdə keçiriləcək. Amma hələ dəqiq vaxtı məlum deyil. Lakin ora öz nümayəndə heyətinizi məhz indi göndərməlisiniz. Heyət sayca böyük olmalı, Avropanı tanıyan, siyasət məsələlərindən başı çıxan, xarici dilləri bilən adamlardan təşkil edilməlidir. Təbii ki, heyət üzvlərinin siyasi tarix və beynəlxalq hüquq sahəsində də bilgiləri olmalıdır. Avropaya yol açılan kimi belə bir nümayəndə heyəti göndərmək lazımdır”.

Ə.Topçubaşov bu yenilik barədə  20 noyabr 1918-ci il tarixli məktubunda baş nazir  Fətəli xan Xoyskini məlumatlandırmışdı: “Sülh konqresinin vaxtı və yeri hələ dəqiq məlum deyil. Güman edirəm ki, iki-üç aydan sonra Parisdə baş tutacaq. Ermənilər və gürcülərlə əlaqə saxlamağa çalışın: Xüsusən də sülh konqresinə birləşmiş heyət göndərilməsi ilə bağlı onlarla danışıqlar aparmaq lazımdır. İstənilən halda  mümkün qədər böyük sayda Azərbaycan nümayəndə heyətini indidən seçmək və onu zəruri materiallarla təmin etmək vacibdir”.

Heç bir cavab ala bilmədiyindən  dekabrın 16-da o, “Paris sülh konfransına hazırlıqla bağlı” yenidən hökumətə müraciət etmək məcburiyyəti qarşısında qalmışdı. Görünür, həmin ərəfədə Ə.Topçubaşov yeni dünya düzəni haqda Vilson prinsipləri ilə daha yaxından tanış olduğundan (ABŞ prezidenti V.Vilsonun sülh konfransının yekunları ilə bağlı əsaslandırdığı 14 prinsipdən biri də dünyanın kiçik dövlətlərə parçalanmasına imkan verməmək idi) Cənubi Qafqazın Parisə azərbaycanlı, gürcü və ermənilərdən ibarət vahid nümayəndə heyəti göndərməsi ideyasını təkidlə müdafiə edirdi. İstanbulda Ermənistan Milli Şurasının sədri, erməni heyətinin başçısı A.Aqaronyanla görüşündə və sonuncunun gürcü lideri  A.Çxenkeliyə məktubunda da bu məsələ qaldırılmışdı. Eyni zamanda, Parisə yollanan İran nümayəndə heyətinin rəhbəri, xarici işlər naziri Mirzə Əliqulu xan Ənsarini Azərbaycan tərəfinin təklifi barədə məlumatlandırmışdı. Lakin vahid “Qafqaz evi” ideyasının qızğın tərəfdarı kimi tanınan və həyatının sonuna qədər amalına sadiq qalan Ə.Topçubaşovdan fərqli olaraq ermənilər və gürcülər məsələyə soyuq yanaşmışdılar. Əslində, müəyyən antiazərbaycan mövqeyindən çıxış etsələr də, onların hadisələrə baxışı reallığa daha yaxın idi: çünki milli dövlətlər qurulub möhkəmlənmədən, siyasi sistemdə yerini tapmadan hansısa konfederasiya, yaxud  federasiyada birləşmə belə dövlətin möhkəmliyinə, yaşarılığına təminat vermirdi. Azərbaycanlı, gürcü və ermənilərin 1918-ci il aprelin 22-dən mayın 26-na qədər mövcud olmuş Zaqafqaziya Federativ Respublikasının acı təcrübəsi də bunu göstərirdi.

Nümayəndə heyətinin tərkibi qanunverici orqan tərəfindən seçilməli və hökumət başçısının sərəncamı ilə təsdiq edilməli idi. Bundan ötrü ilk növbədə parlamentin çağırılmasına ehtiyac vardı. Dekabrın 7-də Azərbaycan Məclisi-Məbusanının təntənəli açılışı oldu. Müsavat fraksiyasının lideri M.Ə.Rəsulzadə açılış nitqində sülh konfransı ilə bağlı ümidləri dilə gətirərək deyirdi: “Qaliblər də, məğlublar da millətlərin hüququ təslim ediləməz deyirlər. Yaxında açılacaq sülhi-ümumi konfransında bu fikir qətiyyən hakim olacaq. Müttəfiq dövlətlərin Bakıda bulunan nümayəndələri naminə general Tomson Qafqaziya məsələlərinin sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişdir”.

Parisə, sülh konfransına yollanacaq Azərbaycan nümayəndə heyətinin tərkibi 1918-ci il dekabrın 28-də Parlamentin Ağsaqqallar Şurası tərəfindən müəyyənləşdirildi. Baş nazir Fətəli xan Xoyskinin imzası ilə 1919-cu il yanvarın 4-də heyət üzvlərinə verilən şəhadətnamədə deyilirdi: “Azərbaycan hökuməti-Cümhuriyyəsi Məclisi-Məbusanının rəyi və qərarına binaən Azərbaycan hökuməti-Cümhuriyyəsi tərəfindən hərbi-ümuminin nihayətindən sonra dövlət və millətlərin nümayəndələrindən təşəkkül edəcək sülhi-ümumi konqresində Azərbaycan mümməsili sifətiylə bulunmaq və yaxud millət və dövlətlər nümayəndələrindən ibarət xüsusi sürədə ini`qad edə biləcək beynəlmiləl məclislərdə iştirak etmək, müxtəlif dövlət və millətlərlə Azərbaycan naminə hər növ siyasi, iqtisadi və mali təhəddüdnamələr əqdinə səlahiyyətdar olmaq üzrə Azərbaycan Məclisi-Məbusan sədri Əlimərdan bəy Topçubaşovun rəyasəti ilə hökumət və Məclisi-Məbusan əzası Məhəmməd Həsən Hacınski, Məclisi-Məbusan əzalarından Əhməd bəy Ağayev və Əkbərağa Şeyxülislamov həzrətlərindən ibarət bir heyəti-mürəxxisə təyin və ezam olunur. Məzkur Heyətə Məclisi-Məbusan əzasından Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyevlə “Azərbaycan” qəzetəsi mühərrirlərindən Ceyhun bəy Hacıbəyli cənabları müşavir olmaq üzrə təyin olundular”.

Növbəti günlərdə nümayəndə heyəti ilə bağlı daha iki qərar verildi. Yanvarın 5-də baş nazir Fətəli xan Xoyski, ticarət və sənaye naziri Mirzə Əsədullayev, poçt və teleqraf naziri Aslan bəy Səfikürdski, xalq maarifi naziri Həsib bəy Usubbəyovun imzası ilə hökumət ofisiozunda - “Azərbaycan” qəzetində “Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə təlimat”  adlı sənəd  çap olundu. Burada Ə.Topçubaşov və həmkarlarının qarşısına vəzifə kimi “bütün üsul və vasitələrlə Azərbaycanın tam müstəqilliyinin müdafiəsinə və beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq, müəyyən səbəblərdən bunun mümkün olmadığı təqdirdə isə ölkənin və onun vətəndaşlarının mənafeyini hər şeydən yüksək tutmaq şərti ilə öz ağıl və vicdanlarına uyğun hərəkət etməklə” bağlı tövsiyələr verilirdi. Milli maraqlarının müdafiəsi baxımından keçmiş Rusiya imperiyasından ayrılıb müstəqil dövlətlərini quran xalqların ön cərgəsində yer tutmaq heyət üzvləri qarşısına bir vəzifə və borc kimi qoyulurdu.

Nəhayət  F. Xoyski  Azərbaycanın Paris sülh konfransında iştirakı ilə bağlı hazırlıqların son akkordu kimi  yanvarın 6-da xüsusi sənəd - Parlament sədri Ə. Topçubaşovun “Azərbaycan hökuməti tərəfindən sülhi-ümumi konfransda iştirak etmək üzrə ezam  olunan heyəti-mürəxxəsəyə riyasət eləmək üçün təyin olunduğuna aid şəhadətnamə” imzalamışdı.

Dövrün ağır rabitə şərtləri, davamlı poçt və teleqraf əlaqəsinin olmaması nəticəsində Ə.Topçubaşov İstanbulda bütün bu yeniliklərdən məlumatsız  idi.  Paris sülh konfransında Azərbaycan heyətinin sədri seçilməsi ilə bağlı xəbəri ona ilk dəfə Bakıdan keçərək İstanbula gələn İran xarici işlər naziri Mirzə Əliqulu xan Ənsari çatdırmışdı. Yanvarın 9-da İstanbulun məşhur Pera Palas hotelində çoxdan tanıdığı Əlimərdan bəylə görüşən İran rəsmisi ona ölkəsindəki son yeniliklər barədə bilgi verərək demişdi: “Bakıda Nəsib bəy, Əbdüləli bəy, Əhməd bəy Ağayevlə görüşdük. Onlardan sizin Parisə göndərilən nümayəndə heyətinin başçısı seçildiyinizi öyrəndik. Hökumətiniz istefaya gedib. Əvvəlcə sizi baş nazir gətirmək istəyirdilər. Sonra Fətəli xanı dilə tuta bildilər”. Yanvarın 15-də baş tutan növbəti görüşdə isə Əliqulu xan məlumatını yeni detallarla zənginləşdirərək hökumətin nümayəndə heyətinin səfərinə mühüm diqqət yetirdiyini, ilkin xərclər üçün 54 min Osmanlı lirəsi ayrıldığını, heyət üzvlərinin təxirə salınmadan yola düşmələri üçün tədbirlər görüldüyünü  əlavə etmişdi.

Rəhbərlik təyin olunduğu mühüm missiya haqda başqa bir xəbəri  Paris sülh konfransında erməni heyətinin rəhbəri A.Aqaronyan çatdırmışdı. Lakin İran nazirindən fərqli olaraq onun məlumatları səhihliyi ilə seçilmirdi.

Nümayəndə heyətinin üzvləri İstanbula gələnə kimi Ə.Topçubaşov boş dayanmamışdı. Bir tərəfdən, sülh konfransına təqdim etmək üçün Azərbaycan  Cümhuriyyətinin siyasi və iqtisadi müstəqilliyini əsaslandıran geniş memorandum hazırlamağa başlamış, o biri tərəfdən isə həm Osmanlı rəsmiləri, həm də xarici ölkələrin İstanbulda akkreditə olunan elçiləri, diplomatik nümayəndələri ilə görüşlər keçirmişdi. Görüşlərdə müzakirəyə çıxarılan əsas məsələlərdən biri də qarşıdakı sülh konfransı və onun yeni müstəqil dövlətlərə münasibətdə tutacağı mövqe idi. Burada hətta hazırlıq mərhələsi üçün səciyyəvi olan kiçik uğurlardan da danışmaq mümkün idi. Məsələn, sülh konfransında İsveç nümayəndə  heyətinin rəhbəri  səfir S.Ankarxverd yanvarın 12-də Ə.Topçubaşova  məktubunda ondan aldığı nota və memorandumu öz ölkəsinin xarici işlər nazirliyinə göndərdiyi haqda məlumat vermişdi. Bu cür əməkdaşlıq və siyasi məlumatlandırma işi digər  dövlətlərin  nümayəndələri ilə də aparılırdı.

Hələlik heç bir Qərb ölkəsində diplomatik missiyası olmayan Azərbaycan hökuməti sülh konfransına xüsusi heyəti göndərilməsinə böyük əhəmiyyət verirdi. Parlamentin 10 dekabr 1918-ci il tarixli ikinci iclasında müsəlman sosialistləri fraksiyasından deputat  Ə.Şeyxülislamov dünyaya açılmaq, ilk növbədə isə Avropa ilə münasibət qurmaq baxımından dövlətin xarici siyasətinin ciddi qüsurunu dilə gətirərək demişdi: “İndiki hökumətdən biz narazıyıq ki, indiyə qədər Avropa ilə münasibət peyda etməmişdir”. 26 dekabr tarixli 5-ci iclasda Zəngəzur qəzasından Məclisi-Məbusan üzvlüyünə seçilən Ə. Ağayev də eyni məsələyə təkrar qayıtmağa lüzum görmüşdü: “Avropa ilə yolumuz bağlıdır. Orada nə olduğunu bilməyiriz. Halbuki Avropada vüqu olan hadisatdan müqəddəratımız asılıdır. Avropada nə olduğunu bilməli, ona uyğun da siyasətimiz olmalıdır. Ona görə də Avropa ilə əlaqələr olmamasına təəssüf etməyə məcbur oluram”.

Bu mənada Avropaya ilk nümayəndə heyətinin göndərilməsi dövlətçilik həyatının, xarici siyasətin mühüm və yaddaqalan hadisəsi kimi qəbul edilirdi. Yanvarın 10-da heyət üzvlərinin Bakıdan yola salınmaları ümummilli bayrama çevrilmişdi. Rus dilində çıxan  “Azərbaycan” qəzeti bu münasibətlə 11 yanvar 1919-cu il tarixli sayında yazırdı: “Dünən dövlət nəzarətçisi M.Hacınski, Parlament üzvləri Ə.Ağayev, Ə.Şeyxülislamov, habelə səfərdə onları müşayiət edən müşavirlər - C.Hacıbəyov, M.Məhərrəmov, M.Y.Mehdiyevdən  ibarət Azərbaycan sülh heyəti xüsusi vaqonda Bakı-Tiflis-Batumi-Poti təriqi ilə Avropaya yola düşmüşdür.

 

Konstantinopolda Azərbaycan Parlamentinin sədri Ə.Topçubşov da nümayəndə heyətinə qoşulacaqdır”.

 

Müstəqil dövlətin Avropaya gedən ilk rəsmi elçilərini yola salmaq üçün həmin soyuq qış günü hökumət sədri F. Xoyski başda olmaqla tam tərkibdə Nazirlər Şurası, Parlament üzvləri, çoxlu vəzifəli şəxslər, sadə xalq nümayəndələri Bakı dəmiryol vağzalına toplaşmışdılar. İzdihamlı mitinqə çevrilən  mərasimdə çıxış edən Məclisi-Məbusan üzvləri M. Ə. Rəsulzadə və Ə. Pepinov həmkarlarına millət naminə faydalı fəaliyyət və uğur arzuladılar. “Azərbaycan” müxbirinin yazdığına görə, nümayəndə heyəti adından atəşin cavab nitqi söyləyən Ə. Ağayevin təsirli sözləri mərasimə toplaşanların gözlərini yaşartmış, ürəklərini qürur hissi ilə doldurmuşdu.

 

Parisə - Azərbaycanı beynəlxalq miqyasda tanıtmağa, onun milli müstəqillik hüququnu təsbit etməyə gedənlər kimlər idi?

Sədr - Əlimərdan bəy Topçubaşov (1863-1934) - həmin dövrdə tək öz vətənində və Rusiya müsəlmanları arasında deyil, qonşu İran və Osmanlıda da kifayət qədər yaxşı tanınan siyasətçi, ictimai xadim, görkəmli hüquqşünas və publisist idi. “Kaspi” qəzetinin redaktoru, I Dövlət  Dumasının üzvü, Rusiya müsəlmanlarının I-IV qurultaylarının və Ümumrusiya müsəllmanlarının I qurultayının təşkilatçı və rəhbərlərindən olmuşdu. 1907-ci ildə qurulan ilk müsəlman siyasi partiyasına - “İttifaqi-müslim”ə və Dövlət Dumasında Müsəlman fraksiyası Bürosunun fəaliyyətinə rəhbərlik etmişdi. 1918-ci ilin iyununda ikinci hökumət kabinəsındə portfelsiz nazir, həmin ilin avqustunda isə Azərbaycan Cümhuriyyətinin  Osmanlı imperiyası, Gürcüstan, habelə Ermənistanda  fövqəladə və səlahiyyətli naziri təyin edilmişdi. Eyni ilin dekabrında qiyabi şəkildə və yekdilliklə Azərbaycan parlamentinin sədri seçilmiş, 1919-cu il yanvarın 4-də  Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik ona həvalə  edilmişdi.

Üzv - Məmmədhəsən Hacınski (1875-1931) - siyasətçi və dövlət  xadimi. Peterburq Texnologiya İnstitutunu bitirmişdi. 1902-1917-ci illərdə Bakı şəhər Dumasının üzvü olmuş, “Nicat”, “Nəşri-maarif” kimi xeyriyyə və maarifçi cəmiyyətlərin fəaliyyətində yaxından iştirak etmişdi. Müsavat partiyasının ilk üzvlərindən idi. 1918-ci ildə Zaqafqaziya Seyminə seçilmiş, qısa ömürlü ZDFR-da ticarət və sənaye naziri vəzifəsini tutmuşdu. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsini imzalayan 26 üzvündən biri idi. Azərbaycan Cümhuriyyətinin ilk xarici işlər naziri (28 may - 6 oktyabr) olmuşdu.  Hökumətin tərkibində baş verən dəyişikliklərdən sonra ikinci kabinədə dövlət nəzarətçisi vəzifəsini tuturdu. Nümayəndə heyətində Müsavat partiyasının və dövlətin təmsilçisi, eyni zamanda sədrin müavini sayılırdı. Daha çox iqtisadi -ticari məsələlərlə məşğul olurdu. 1919-cu ildə geri qayıtmış, yerinə sosialist fraksiyasından olan Parlament üzvü A.Atamalıbəyov gəlmişdi.

Üzv - Əhməd bəy Ağayev (1869-1939) - ictimai-siyasi xadim, Azərbaycanda türkçülük hərəkatının ideoloq və fəal nümayəndələrindən  biri. Sorbonna universitetində mükəmməl hüquq təhsili almışdı. Ə.Topçubaşov və Ə.Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini nəşr etmiş, “İrşad”ın  əsasını qoymuşdu. Azərbaycanda ilk siyasi təşkilatlardan sayılan, erməni-rus zülmünə qarşı əməli mübarizə aparan  “Difai” partiyasının qurucuları sırasında yer almışdı. 1908-ci ildə siyasi təqiblər nəticəsində İstanbula mühacirət etmək məcburiyyətində qalandan  sonra tezliklə Osmanlı Məclisi-Məbusanına üzv seçilmiş, “Türk ocaqları”nın dörd təsisçisindən biri olmuş, ittihadçılarla yaxınlaşmışdı. 1918-ci ilin iyun ayında Qafqaz İslam ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi vətənə qayıtmışdı. Ə.Ağayev (Türkiyədə daha çox Ağaoğlu kimi tanınırdı) Azərbaycan Parlamentinə seçilmiş, eyni zamanda Paris sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Lakin ingilis işğal qüvvələri tərəfindən İstanbulda həbs olunub Malta adasına sürgünə göndərildiyindən  konfransın işinə qatıla bilməmişdi.

Üzv - Əkbərağa Şeyxülislamov (1891-1961) - ictimai-siyasi xadim. Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdı. 1918-ci ilin fevralında Zaqafqaziya Seyminə seçilmişdi. ZDFR hökumətində daxili işlər nazirinin müavini idi. F.Xoyskinin ilk hökumət kabinəsində torpaq və əmək naziri təyin olunmuşdu. 1918-ci ilin dekabrında sosialist partiyasından  Parlamentə üzv seçilmişdi. Nümayəndə heyətində də həmin partiyanı təmsil edirdi.

Müşavir - Mir Yaqub Mehdiyev (1891-1952) - Azərbaycan milli istiqlal hərəkatının iştirakçısı. Peterburq Politexnik İnstitutunda və Almaniyada iqtisadiyyat üzrə təhsil almışdı. 1918-ci ildə Bakı Müsəlman İctimai Təşkilatları Şurasında sədr müavini (sədr Ə.Topçubaşov) idi.  Zaqafqaziya Seymi və Milli Şuranın üzvü olmuşdu. Milli Şuranın “Azərbaycan Məclisi-Məbusanının təşkilinə dair”  19 noyabr 1918-ci il tarixli qərarına əsasən seçkisiz Parlamentin tərkibinə daxil edilmişdi. Qanunverici məclisdə və nümayəndə heyətində İttihad fraksiyasını təmsil edirdi.

Müşavir - Məhəmməd Məhərrəmov (1895-1982) - İrəvanın Azərbaycan əhalisini təmsil edən ictimai-siyasi xadim. Peterburq və Moskva universitetlərində tibb təhsili almışdı. 1917-ci ilin noyabrında İrəvan quberniyasından Ümumruiya Müəssislər Məclisinə  və Zaqafqaziya Seyminə seçilmişdi.  Milli Şuranın üzvü kimi İstiqlal Bəyannaməsini imzalayanlar sırasında yer almışdı. Azərbaycan Parlamentində sosialist fraksiyasını təmsil edirdi. Sülh konfransına da  həmin fraksiyanın təmsilçisi kimi getmişdi.

Müşavir - Ceyhun bəy Hacıbəyli (1891-1962) - siyasətçi, yazıçı, jurnalist, tərcüməçi. Məşhur bəstəkar Ü.Hacıbəylinin kiçik qardaşı. Peterburq Universitetinin hüquq fakültəsində və Sorbonnada təhsil almışdı. 1905-ci ildən sonra  “Kaspi”, “İrşad”, “Tərəqqi” kimi qəzetlərdə Cey Dağıstani imzası ilə dövrün mühüm ictimai-mənəvi  problemlərinə işıq salan çoxsaylı məqalə, felyeton və hekayələr çap etdirmişdi. Azərbaycan Cümhuriyyətinin rus dilində çıxan rəsmi orqanınım -”Azerbaydjan” qəzetinin baş redaktoru olmuşdu.  Nümayəndə heyətində bitərəfləri təmsil edirdi.

Bundan başqa, heyətin tərkibində texniki əməkdaş V.Marçevski, katib - S.Məlikov, diplomatik kuryer - Ə.Topçubaşov, tərcüməçilər - Ə.Qafarov (fransız dili),  H.Məmmədov (fransız və türk dilləri) vardı... R.Topçubaşov sədrin şəxsi katibi idi. Bəzi mənbələrdə o zaman İstanbulda yaşayan Ə.Hüseynzadənin də Parisə gedəcək heyətdə yer aldığına dair məlumatlar mövcuddur. Lakin çox güman ki, ittihadçılarla əlaqələrinə görə onun da Parisə getməsi mümkün olmamışdı.

Batum limanından Gürcüstan nümayəndə heyətinin üzvləri ilə birlikdə Türkiyəyə yollanan Azərbaycan parlamentarları yanvarın 20-də İstanbula çatmışdı. Burada isə yollar ayrılmışdı.

Ciddi maneə ilə üzləşməyən, Qərb dövlətlərinin daimi qayğısını hiss edən erməni və gürcü təmsilçiləri qısa müddətdən sonra Paris səfərinə çıxmışdılar.. Gürcüstan heyətinin ilkin dəstəsi (Avalov, Qvarcaladze, Qambaşidze) yanvarın 28-də artıq Parisdə idi. Yanvarın 20-də Ermənistan parlamentinin sədri A.Aqaronyanın başçılığı ilə İstanbulu tərk edən erməni nümayəndələri heç bir maneə ilə üzləşmədən fevralın 4-də Marselə çatmışdılar. Fevralın 26-da artıq Osmanlı və Qafqaz ermənilərindən ibarət birləşmiş erməni heyəti Antanta ölkələrinin xarici işlər nazirləri ilə ilk görüşünü keçirmişdi.  Azərbaycan nümayəndələri isə ilk günlərdə onlara daha çox “texniki problem” kimi görünən viza  məsələsini həll etməkdən ötrü 3 aydan çox Osmanlı paytaxtında ləngiməli olmuşdu.

Antanta işğal qüvvələrinin nəzarəti altındakı  İstanbulda Azərbaycan türklərinə isti  münasibət gözləmək sadəlövhlük olardı.

Yaranmış çətinliyə baxmayaraq, iki aydan bəri sülh konfransına təkbaşına hazırlaşan Ə.Topçubaşov dərhal nümayəndə heyətinin üzvləri arasında iş bölgüsü aparmış, təşkilatdaxili vəzifələri aydınlaşdırmış, tərkibə bir neçə katib, tərcüməçi, texniki işçi qəbul etmişdi. Bundan sonra isə Parisə mümkün qədər tez yola düşmək üçün iş başlanmışdı. İstanbuldakı ingilis və fransız komandanlıqlarının  süni maneələri, eləcə də Müttəfiqlərin himayəsinə sığınmış ermənilərin  təxribatçı fəaliyyəti də elə bu zaman bütün çılpaqlığı ilə üzə çıxmışdı. Artıq Parisdə olan erməni heyəti də məkrli planların həyata keçirilməsində soydaşlarına bacardığı qədər kömək etməyə çalışırdı .

İlk zərbə  işgüzarlığına, mükəmməl fransızcasına  və Parisdəki əlaqələrinə böyük ümidlər bəslənən Əhməd bəy Ağayevin “zərərsizləşdirilməsi” olmuşdu. Ə.Topçubaşov Nazirlər Şurası sədrinə  4-5 mart 1919-cu il tarixli 1 saylı məlumatda bu haqda yazırdı: “... ingilislərlə fransızlar Əhməd bəy Ağayevin heyətimizin tərkibində olmasına irad tuturlar. Məsələ belədir ki, nümayəndələrimizin gəlişinin az qala ertəsi günü yerli mətbuatın əsasən fransızca çıxan bir qismi, xüsusən də fransız dilli erməni qəzeti “Renaissance”  Əhməd bəy Ağayevin əleyhinə böhtan və iftira kampaniyası başladı. Qəzet onu ittihadçıların öncüllərindən biri, türk Parlamentində və mətbuatında türk millətçilərinin alovlu təmsilçisi və fəal nümayəndəsi, Müttəfiq dövlətlərin əleyhdarı  kimi qələmə verir. İttihad və Tərəqqi partiyasının, xüsusən də Tələt-Ənvər hökumətinin bütün günahları Əhməd bəyin ayağına yazılır”.

Aydın məsələdir ki, düşmən işğalı altındakı İstanbul mətbuatında başladılan təxribat aksiyası bir şəxs kimi Ə.Ağayevi ləkələməkdən daha çox Azərbaycan nümayəndə heyətinin Parisə yola düşməsini əngəlləmək məqsədi güdürdü. Ə.Topçubaşovun heyət  üzvünü və köhnə dostunu xilas etməklə bağlı cəhdləri heç bir nəticə vermədi. Osmanlı imperiyasının bir sıra  dövlət adamları və siyasi xadimləri, millət vəkilləri, tanınmış ziyalıları, öz yurdunu sevən, vətənpərvər  insanları ilə bir sırada  Əhməd bəy də “alman dostu” və “erməni soyqırımını körükləyənlərdən” biri kimi həbs olundu.

Ə.Topçubaşov hökumətə göndərdiyi məlumatda  daha sonra yazırdı: “Onun haqqında təhqiqat başlanıb. İki dəfə məni də sorğu-suala tutdular. Nəhayət elan etdilər ki, Azərbaycan nümayəndə heyəti Əhməd bəy Ağayevi özü ilə aparmamalıdır. “Bu, bizim məsləhətimizdir. O, türk jurnalisti və türk Parlamentinin üzvü kimi, əleyhimizə danışan və yazan  adam kimi arzuolunmaz şəxsdir”. Mənim Ə.Ağayevin əslən Qarabağdan olması, Azərbaycan Parlamentinə üzv seçilməsi, nümayəndə heyəti üçün son dərəcə zəruri adam sayılması ilə bağlı bəyanatlarım şübhələri dağıda  bilmədi. General V.M.Tomson tərəfindən Əhməd bəy Ağayevə verilən zəmanət məktubu da heç bir rol oynamadı”.

Yeri gəlmişkən, təkcə Ə.Ağayev deyil, nümayəndə heyətinin digər üzvləri də Bakıda Böyük Britaniya hərbi qüvvələrinin komandanı, özünü Bakı general-qubernatoru elan etmiş V. Tomsondan Parisdəki ingilis səfirliyinin hərbi attaşesinin adına zəmanət məktubu almışdılar. Yanvarın 3-də imzalanan sənəddə deyilirdi: “Məktubu  təqdim edən şəxs Azərbaycan nümayəndə heyətinin üzvlərindən biridir. Bu adamlar Azərbaycan hökuməti adından Müttəfiq dövlətlərin təmsilçilərinə Qafqazın gələcək idarəçiliyi ilə bağlı fikirlərini açıqlamaq istəyirlər.  Məqsədlərinə çatmaq üçün onların işini asanlaşdırmağı Sizdən xahiş edirəm” .

Lakin Bakıda verilən vədlərlə İstanbuldakı münasibət üst-üstə düşmürdü. Ə.Topçubaşovun 5 mart 1919-cu il tarixli məlumatı Osmanlı paytaxtını nəzarət altında saxlayan ingilis və fransız işğal qüvvələrinin Azərbaycan təmsilçilərinə sayğısız yanaşmasını sübut edən epizodlarla doludur: “Mənim ingilis və fransız nümayəndələrinin hər biri ilə iki görüşümdən, heyətimizin bəzi üzvlərinin ingilislərin Baş qərargahına getmələrindən, tərcüməçilərimizin ora göndərilməsindən, nəhayət özümün qərargaha şəxsən gedişimdən sonra aydın oldu ki, Parisə yola düşmək məsələsi texniki çətinliklərdən daha çox digər məsələlərlə əlaqədardır; səfərimizə istisnasız olaraq siyasi xarakterli mülahizələrə görə maneçilik törədilir”.

Onun gəldiyi nəticəyə görə, “siyasi xarakterli mülahizələr” ilk növbədə “Rusiya məsələsi” ola bilərdi. Bu səbəbdən də “yeni meydana çıxmış hökumətlərin təmsilçilərini Parisə buraxmaq istəmir,  ümumrus məsələsinin həlli üçün isə artıq çoxdan Parisdə məskunlaşan Sazonov, Lvov, Maklakov və başqalarının əl altında olmalarını daha üstün tuturdular”.

Parisə, sülh konfransına can atan nümayəndə heyətlərinin xahiş və tələblərini rədd etmək üçün bütün yanvar ayı ərzində “rus məsələsi” əsas bəhanə olaraq qalırdı. Antanta gücləri Azərbaycan, Dağlılar Respublikası, Kuban, Don, habelə Rusiyadan ayrıldığını elan etmiş digər ərazilərin təmsilçilərini inandırırdılar ki, yanvarın sonlarında türklər arasında Böyük ada, yaxud Uzun ada kimi tanınan Prinkipo adasında bolşeviklərin, ağ qvardiyaçıların, habelə müstəqilliyini elan etmiş yeni milli dövlətlərin təmsilçilərinin iştirakı ilə ayrıca konfrans keçiriləcək. Fevralın 15-də öz işinə başlamalı olan konfransın təşkili  ideyası yanvarın 21-də ABŞ prezidenti V. Vilson tərəfindən irəli sürülmüşdü. İngiltərə baş naziri D.Lloyd Corc da  təşəbbüsə tərəfdar çıxmışdı. Onların fikrincə, yalnız “rusiyadaxili” müzakirələrdən sonra yeni milli dövlətlərin nümayəndələrinin Parisə getmək məsələsi  qəti həllini tapa bilərdi.  Amma bu qeyd-şərt artıq Parisdə olan erməni və gürcü heyətlərinə şamil edilmirdi.

İngilislərin ikili oyun oynadıqlarını 1919-cu il yanvarın 22-də Azərbaycana gələn Böyük Britaniya Qara dəniz ordusunun komandanı, general-leytenant G. Milnenin Bakı dəmir yol vağzalında verdiyi bəyanat da təsdiq edirdi. Türklərə, ümumən bölgə xalqlarına isti münasibəti ilə seçilməyən ingilis hərbçisi onu qarşılamağa gəlmiş Azərbaycan hökuməti nümayəndələri - yollar naziri X.Məlik-Aslanov, daxili işlər nazirinin müavini, general S.Ağabəyov və xarici işlər nazirinin müavini A.Ziyadxanla söhbət zamanı Parisə can atan Azərbaycan heyəti ilə bağlı ağ yalan söyləməkdən çəkinməmişdi. A.Ziyadxanın hökumət adından rəsmi salamlama nitqinin cavabında general Milne demişdi: “Mən bura böyük Müttəfiq dövlətlərin nümayəndəsi kimi gəlmişəm. Vəzifəmiz ölkənizdə sülhün və ədalətin bərpasına yardım etməkdir. Müttəfiq güclərin qələbəsi xalqların öz müqəddəratını təyin etməsi hüququnun ən etibarlı rəhnidir. Bu isə sülh konfransında  əksini tapacaq. Sizin simanızda şəxsimə göstərilən yüksək qəbula görə Azərbaycan xalqına və hökumətinə minnətdarlığımı bildirir və Fransaya gedən nümayəndə heyətinizin artıq yolda olması” (kursiv mənimdir - V.Q.)  ilə bağlı sizi bir daha əmin edirəm.

Elə həmin gün - yanvarın 22-də Bakıdan Londona, Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi feldmarşal Henri Vilsona şəxsi məktubunda isə general Milne yazırdı ki, “... Britaniya hərbi güclərinin buranı tərk etməsi anarxiyaya gətirib çıxaracaq.  Amma yerli sakinlərin  biri-birlərinin boğazını üzməsindən dünya o qədər də çox şey itirməyəcək. Onlar hamısı birlikdə tək  bir Britaniya əsgərinin həyatına da dəyməz”. Ermənilər və gürcülərlə müqayisədə azərbaycanlılar haqqında nisbətən rəğbətlə danışmasına, baş nazir F.Xoyski ilə yanvarın 23-də baş tutan görüşündə  Azərbaycan xalqının müstəqil mövcudluq haqqı ilə bağlı vədlər verməsinə  baxmayaraq, general Milne də həmkarı general Tomson kimi Cənubi Qafqaz xalqlarının müstəqil dövlətçilik ideyasına yuxarıdan aşağı baxırdı.  Belə şəraitdə təbii ki, ingilislərin yardımına bel bağlamaq olmazdı.

Yanvarın 29-da Ə.Topçubaşov İstanbuldakı Britaniya işğal qüvvələrinin komandanı admiral Somerset Galtropun qərargahında olmuşdu. Lakin admiral özü onu qəbul etməmişdi. Bu, əslində, Ə.Ağayevin nümayəndə heyətinin tərkibində qaldığı müddət ərzində azərbaycanlıların Parisə buraxılmayacaqları ilə bağlı birmənalı siqnal idi. Ə.Topçubaşovla görüşən Rayan soyadlı qərargah zabiti isə viza məsələsinin yalnız fransızlardan asılı olduğunu bildirmişdi. Eyni zamanda, ittihadçılarla sıx əlaqələrinə görə  “adını ləkələmiş müsyö Ağayevi”  sülh konfransına göndərməyi “uğursuz seçim” adlandıraraq nümayəndə heyətini açıq şəkildə Tələt-Ənvər hökuməti haqda mətbuatda açıq, sərt bəyanat verməyə çağırmışdı. Bu təxribatçı təklif Azərbaycan heyətinə çox alçaldıcı görünmüşdü. Təbii ki, bu hökumət ən azı Bakını düşmən işğalından azad etdiyinə görə onun rəhbərlərinə  rəğbətlə yanaşan Ə.Topçubaşov vəziyyətdən diplomatik ifadələrlə çıxmağa çalışmış, Əhməd bəyin Azərbaycan təbəəsi olduğunu bir daha vurğulayaraq əgər bütün məsələ yalnız Ə.Ağayevdədirsə, onu Parisə getməsi nəzərdə tutulanların   sırasından  xaric edə  biləcəklərini bəyan etmişdi .

Fevralın ilk günlərində Ə.Topçubaşovun İstanbuldakı fransız ali komissarı admiral Ametə ünvanlanan, Azərbaycan Cümhuriyyətinin yaranma tarixi, mövcud vəziyyəti və nümayəndə heyətinin Paris sülh konfransından gözləntiləri haqqındakı geniş məktub-arayışı isə ümumiyyətlə cavabsız buraxılmışdı.

Martın 1-də Britaniya xarici işlər nazirliyi İstanbuldakı ingilis ali baş komissarının müavini admiral Vebbə teleqram göndərib “Konstantinopoldakı fransız rəsmilərinin razılığı olduğu təqdirdə Azərbaycan və Şimali Qafqaz nümayəndələrinə  viza açılmasının mümkünlüyünü”  onun diqqətinə çatdırmışdı. Eyni zamanda, ingilis hərbi qüvvələrinin bu və ya digər səbəbdən şübhəli saydıqları nümayəndələri saxlamaq və onları konfransa buraxmamaq hüququ bir daha təsbit edilmişdi.

Fevralın ortalarına qədər nümayəndə heyətini guya fransızların iki nəfərə viza verəcəyi, martın 2 - nə qədər isə Prinkipo adasındakı konfrans haqda  şayiələrlə yemləmişdilər. Heç bir nəticənin olmadığını görən Azərbaycan, Şimali Qafqaz Dağlıları, Don və Kuban nümayəndə heyətləri birgə fəaliyyət göstərmək məqsədi ilə  martın ilk günlərində Məsləhət Şurası yaratmışdılar. Liderləri artıq Parisdə olan gürcülər Şuranın işində iştirakdan boyun qaçırmışdılar. Ə.Topçubaşov kollektiv təşəbbüslərin fayda gətirməyəcəyi barədə əvvəlcədən xəbərdarlıq etsə də, əlavə və düzəlişlərinin nəzərə alınması şərti ilə hazırlanmış memorandumu imzalamışdı. Martın 3-də sənəd İstanbuldakı ingilis ali komissarının müavini admiral Vebbə çatdırılmışdı. O da öz növbəsinə fransız ali komissarı general Ametlə danışıb qəti cavab verəcəyini vəd etmişdi. Ə.Topçubaşov bununla kifayətlənməyərək fransız, İtaliya və ABŞ komissarları ilə də ayrılıqda görüşmək qərarına gəlmişdi.

Britaniya hərbi komandanlığı isə sanki Azərbaycan nümayəndə heyəti sədrinin əsəbləri ilə oynamaqdan zövq alırdı. Martın 6-da onlar Ə.Topçubaşova teleqram göndərərək “əgər Fransa hökumətindən razılıq ala bilsələr,  özlərinin də etiraz etməyəcəklərini bildirmişdilər”.

Fransızlar isə sədr istisna edilməklə dörd nəfərə viza verməyə hazır olduqlarını bildirmişdilər. Texniki tərkibdən heç kimə icazə verilmirdi. Nəticədə nümayəndə heyəti səmərəli iş qabiliyyətindən  məhrum edilərək amorf bir şəklə salınırdı. Təbii ki, İstanbuldakı Fransa ali komissarlığı atdığı addımın fərqində idi. Gürcü əsilli müasir fransız tarixçisi G.Mamuliyanın yazdığına görə, Rusiyaya rəğbətini gizlətməyən ali komissar general Franşe d`Eşpere Azərbaycan missiyasını bilərəkdən parçalamaqla, sədr və tərcüməçilərdən məhrum etməklə onu Parisə getmək fikrindən birdəfəlik  çəkindirməyə çalışırdı.

Ə.Topçubaşov rəhbərlik etdiyi heyətlə belə saymazyana, hətta düşməncəsinə davranışın Azərbaycan və Anadolu türklərinin eyni soydan olması ilə bağlılığını başa düşməyəcək qədər sadəlövh deyildi. Məhz Osmanlıya yaxınlıqlarına görə ingilis və fransızlar Birinci Dünya müharibəsində səngərin əks tərəflərində  vuruşduqları türklərə qarşı hələ də sönməyən qəzəbi onların azərbaycanlı qardaşlarına yönəltmişdilər.  Əks-təqdirdə hətta Rusiyanın əhalisi başdan-başa ruslardan ibarət  daxili quberniyalarının - Kuban və Don “respublikalarının” nümayəndələrinə viza verildiyi halda Azərbaycan heyətinin hələ də İstanbulda saxlanmasına başqa izah tapmaq mümkün deyildi.

“Güman edirəm ki, icazə əvvəl-axır alınacaq. Lakin hətta Parisdə də çətin ki, Müttəfiq dövlətləri inandırmaq mümkün olsun. Çünki onlar hələ də vahid Rusiya mövqeyində dayanır, Finlandiya və Polşadan başqa  yeni yaranmış dövlətlərin müstəqilliyini tanımamaq siyasəti yürüdürlər” - deyə Ə.Topçubaşov hökumətə göndərdiyi  ilk məlumata yekun vuraraq yazırdı. Eyni zamanda, zəif də olsa bir işıq ucunun göründüyünü sözlərinə əlavə edirdi. Bu keçici nikbinlik sülh konfransının Cənubi Rusiyanın sosial-siyasi və iqtisadi vəziyyətini araşdırmaq üçün göndərdiyi 30 nəfərdən ibarət komissiyanın Qafqaz bölməsinin şefi, amerikalı polkovnik Benjamin Burges Moorla söhbətdən sonra yaranmışdı. Nümayəndəliyin müvəqqəti ofisində Mooru M.Hacınski ilə birlikdə qəbul edən Ə.Topçubaşov sülh konfransı üçün hazırladığı memorandum əsasında ona Azərbaycanın tarixi, siyasi vəziyyəti, insan resursları, təbii sərvətləri, qonşularla qarşılıqlı münasibətləri, müstəqil yaşama imkanları, Azərbaycan-Osmanlı əlaqələri haqda ətraflı məlumat verərək amerikalı hərbçidə xoş təəssürat oyatmağı bacarmışdı. Bu isə nəticədə vizanın alınmasına təsirsiz qalmamışdı.

Bütünlükdə, Ə.Topçubaşovun İstanbuldan Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə göndərdiyi 5 mart, 17-29 mart və 18 aprel tarixli məlumatların böyük bir hissəsi Paris vizası ilə bağlı  məsələlərə, daha dəqiq desək, Antanta  təmsilçiləri ilə qeyri-bərabər mübarizəyə  həsr olunmuşdu.

Martın 17-də baş nazir F.Xoyskiyə məktubunda Ə.Topçubaşov  Müttəfiq qüvvələr komandanlığının onu İstanbuldan buraxmaq istəmədiyini, M.Hacınski, Ə. Şeyxülislamov və C.Hacıbəyliyə icazə verdiklərini, bu 3 nəfərin çox güman ki, martın 24-də Marselə yola düşəcəklərini bildirirdi.

Martın 21-də o, missiyanın rəhbəri kimi çıxılmazlıqdan doğan daha bir addım atmışdı - sülh konfransının sədri, Fransa Respublikasının prezidenti Klemansonun, habelə Ali Şura üzvü olan ölkələrin - ABŞ, İngiltərə və İtaliyanın dövlət başçılarının adına xüsusi nota göndərmişdi. Amma Fransa xarici işlər nazirliyinin reaksiyasından da göründüyü kimi, ən yüksək instansiyaya müraciət işə fayda gətirmək əvəzinə əks effekt doğurmuşdu. Çünki dörd gün sonra, martın 25-də fransız ali komissarının ofisindən Azərbaycan nümayəndə heyətindən heç kimə viza verilməməsi haqqında xarici işlər naziri Pişonun xəbərdarlıq məktubu daxil olmuşdu.  Qəfil qərarın motivləri izah edilmirdi.

Daha dörd gün sonra, martın 29-da isə fransız rəsmiləri  yuxarıda adları çəkilən 3 nəfərlə bağlı fikirlərinin dəyişdiyini, artıq  bütün heyət üzvlərinə viza verilməsi ilə əlaqədar Parisə sorğu göndərildiyini bildirirdilər. Eyni zamanda, sədr özü amerikan və italyan komissarları, Hacınski, Şeyxülislamov və Hacıbəyli isə Britaniya nümayəndəsi ilə əlaqə saxlayıb yeni vədlər almışdılar. Martın 29-da Ə.Topçubaşovun  fransız  ali komissarı general Franşe d`Eşpere ilə görüşündən sonra iki nəfərə icazə verildiyi barədə xəbər meydana çıxmışdı. Bu göstərişi icra etməli olan fransız missiyasının əməkdaşı Dupareni tapmaq isə müşkülə çevrilmişdi.  Qəribə və sirli siyasi gizlənpaç davam etmişdi.

Bir aylıq fasiləsiz müraciət və get-gəllərin nəticələri Ə.Topçubaşovun aprelin 7-də ingilis komandanlığı vasitəsi ilə F. Xoyskiyə göndərdiyi teleqramda öz əksini tapmışdı: “Bakı. Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə. Nümayəndə heyəti yola düşə bilmir. Parisə getmək üçün Hacınskiyə, Ceyhun bəyə və Məhərrəmova icazə verilir. Mən burada qalmağa məcburam. Digər üzvlər Londona getməyə hazırlaşırlar. Yeni adamlar göndərsəniz, onların Parisə səfər icazəsini yerində - Bakıda almağa çalışın. Nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov” .

18 aprel tarixli məlumat mart ayına təsadüf edən digər təşəbbüslər və onların nəticələri (nəticəsizliyi) haqda da təsəvvür yaradır. Martın 21-də ABŞ, İngiltərə, Fransa və İtaliya dövlət başçılarına ünvanlanan müraciət tam təsirsiz qalmamışdı. Çox güman ki, inciklik, ittiham dolu müraciətin təsiri altında İstanbuldakı ingilis və fransız ali komissarlıqlarında müəyyən hərəkət başlanmışdı. Fransız ali komissarı  Franşe de`Eşperenin tapşırığı ilə Fransa missiyasının məsul əməkdaşı Düpare Ə.Topçubaşovla görüşmüşdü. Onun tələbi ilə Azərbaycan nümayəndə heyətinin siyahısı yenidən (üçüncü dəfə!) missiyaya təqdim edilmişdi. Bir neçə gün sonra fransız rəsmiləri telefonla əlaqə saxlayıb əvvəldə adı çəkilən üç nəfərin Parisə getməsinə icazə verildiyini bildirmişdilər.  Digərlərinin viza ala bilməməsinin səbəbləri izah edilmədiyi kimi, M.H.Hacınski, M.Məhərrəmov və C.Hacıbəyliyə   vizanın nə zaman veriləcəyi  barədə yenə də konkret bir şey deyilməmişdi. Ə.Topçubaşov öz növbəsində sülh konfransında iştirak edəcək nümayəndələrin tərkibinin Azərbaycan hökuməti deyil, fransız ali komissarlığı tərəfindən müəyyən edilməsinin yolverilməzliyi ilə bağlı aprelin 8-də  etiraz notası göndərmişdi.

Eyni tarixlərdə (8-9 aprel) sülh konfransının sədrinə, İngiltərə, Fransa, ABŞ və İtaliya hökumətlərinin başçılarına  yeni teleqramla müraciət edilmişdi. Yalnız bundan sonra fransız missiyası yazılı şəkildə üç nəfərə viza verməyə hazır olduğunu  bildirmiş, bütün qalan sualları isə cavabsız buraxmışdı.

Fransızlar kimi ingilislər də nədənsə nümayəndə heyəti başçısının  konfransda iştirakını mümkün saymamış,  M.Mehdiyev və  Ə.Şeyxülislamovla bağlı isə Londonun fikrini soruşacaqlarını vəd etmişdilər. Lakin sonrakı günlərdə sanki  fransızlar da, ingilislər də verdikləri vədi tamam unutmuş kimi görünürdülər. Nümayəndə heyəti yaranmış vəziyyəti müzakirə edib taktikanı dəyişmək, müvəqqəti də olsa konfrans təşkilatçılarının hazırladığı ssenari üzrə hərəkət etmək  qərarına gəlmişdi. Nazirlər Şurası sədrinə göndərdiyi 18  aprel tarixli məlumatda Ə.Topçubaşov yeni taktika ilə bağlı məlumat verərək yazırdı:  “Üç nəfərdən - Hacınski, Məhərrəmov və Hacıbəylidən ibarət birinci qrup Parisə, iki nəfərdən - Mehdiyev və Şeyxülislamovdan ibarət ikinci qrup Londona gedəcək, mən isə Konstantinopolda qalıb fəaliyyət göstərəcəyəm. Qüvvələrin bu şəkildə bölündüyü şəraitdə aydın məsələdir ki, artıq bütöv nümayəndə heyətindən danışmağa lüzum qalmır. Ona görə də qərara alındı ki, adları çəkilən şəxslər daha heyət kimi və heyət adından deyil, onun ayrı-ayrı üzvləri kimi danışsınlar və hərəkət etsinlər. Belə bir qərar da çıxardıq ki, Parisə gedənlər var qüvvələri ilə ilkin nümayəndə heyətinin qalan üzvlərinin də Fransa paytaxtına gələ bilmələri üçün icazə almağa çalışmalıdırlar”.

Aprelin 18-də göndərilən üçüncü məlumat gözlənilməz nikbin sonluqla bitirdi - Paris sülh konfransının işə başlamasından üç ay sonra Azərbaycan nümayəndə heyətinə nəhayət Avropaya  viza verilmişdi: “Lakin sonra vəziyyət dəyişildi və indi hamımızın pasportunda əvvəla Romaya yola düşməyə imkan yaradan italyan vizası vardır. Bundan əlavə Mehdiyevlə Şeyxülislamov Marsel və Parisdən keçmək və həmin şəhərlərin hər ikisində dayanmaq hüququ ilə Londona getmək üçün ingilis vizası da alıblar”.

Ə.Topçubaşov və silahdaşları bitib-tükənmək bilməyən əziyyətlərin sonunda heç gözləmədikləri halda “happy end”-ə necə nail olmuşdular?

Burada Rusiya ətrafında situasiyanın dəyişməsi və bütün kəskinliyi ilə meydana çıxan neft amili mühüm rol oynamışdı. 1919-cu ilin baharında general Denikinin cəbhədə qazandığı qələbələr bolşevizmin tezliklə süquta uğrayacağı ilə bağlı ümidləri yenidən dirçəltmişdi. Bakı nefti, daha doğrusu, Sovet Rusiyasının bu neftdən məhrum edilməsi qazanılmış qələbələrin miqyasını daha da genişləndirə bilərdi. Rusiyada çıxarılan neftin 90 faizinin Bakının payına düşdüyünü nəzərə aldıqda neftə nəzarəti qismən də olsa ələ keçirməklə bolşevikləri iqtisadi  blokadaya salmaq olardı. Digər tərəfdən, “enerji aclığı” keçirən Avropanın özünün də yanacağa böyük ehtiyacı vardı. Bakı isə onu ehtiyac duyduğu sənaye mallarına, manufakturaya, hərbi ləvazimata dəyişməyə hazır idi. Bu mənada neft mədənlərinə sahiblik hüququna malik Azərbaycan hökuməti ilə əməkdaşlıq Qərbin işinə yarayırdı. Azərbaycanın antibolşevik mövqedə dayanması, habelə malik olduğu zəngin neft yataqları yaxın gələcəkdə onu Avropanın etibarlı müttəfiqinə çevirə bilərdi. Şübhəsiz, sadalanan  amillər gec də olsa  fransızların Ə.Topçubaşovun rəhbərliyi altındakı nümayəndə heyətinə sayğısız münasibətini müəyyən  maraq və rəğbətlə əvəzləmişdi.

Yeri gəlmişkən, bu cür iqtisadi, yaxud geosiyasi maraqlar müharibədən sonrakı dünyanın taleyini həll edən fransız və ingilis diplomatiyası üçün səciyyəvi hal idi. “Acı şöhrət. Polşa və onun taleyi” kitabının müəllifi, müasir amerikan tarixçisi Riçard M.Vattın yazdığına görə, Fransa 1918-ci ildə Polşanın tarix səhnəsinə gəlməsinə polyak xalqının azadlıq uğrunda mübarizəsindən və qanuni müstəqillik haqqından daha çox özünün Şərq hüdudlarında, Almaniya ilə sərhəddə sipər dövlətə ehtiyac duyduğu üçün yardımçı olmuşdu.

Azərbaycan heyətinə gəldikdə isə onun nəhayət konfrans iştirakçıları sırasında yer almasında neft amili ilə yanaşı,  amerikalıların, ilk növbədə isə prezident Vudro Vilsonun şəxsi rolu olmuşdu. Çünki məhz həmin ərəfədə ABŞ hadisələrin  maraqlarına uyğun məcrada inkişaf edəcəyi təqdirdə  Qafqazı və Türküstanın bir hissəsini öz mandatlı ərazisinə çevirmək niyyətinə düşmüşdü.

1919-cu il yanvarın 10-da Bakıdan çıxan nümayəndə heyəti yalnız aprelin 22-də  viza ilə bağlı üç aylıq süründürməçiliyi, qeyri-müəyyənliyi arxada qoyub “Bulqaria” adlı təsadüfi italyan gəmisi ilə Avropaya yola düşə bildi. “Yolumuz  Konstantinopol-Saloniki-Pirey-Afina-Messina-Neapol marşrutu üzrə idi, - deyə Ə.Topçubaşov Romadan mayın 4-də Azərbaycan hökumətinin başçısı N.Yusifbəyliyə yalnız uğurlu bir təsadüf sayəsində göndərə bildiyi  4 saylı qısa məlumatda yazırdı. - Aprelin 30-da Neapola çatdıq, mayın 2-də isə Romaya gəldik. İndi burada həftədə iki dəfə Parisə gedən sürət qatarını gözləyirik. Sabah yox, birisi gün həmin qatarla  Parisə yollanırıq” .

 

Artıq Romada olan Azərbaycan nümayəndə heyətinin Parisə gəlməsi və sülh konfransının işinə qatılması isə istisnasız şəkildə prezident Vilsonun adı ilə bağlı olmuşdu. Mayın 2-də Vilson, Klemanso və Lloyd Corc arasındakı görüşdə o, həmkarlarının diqqətini məsələyə cəlb edərək demişdi: “Azərbaycan təmsilçiləri Parisə can atırdılar. Onların Konstantinopoldakı nümayəndə heyəti  xeyli vaxt  Parisə gəlmək üçün icazə gözləyib. Lakin fransız hökuməti uzun müddət istənilən icazəni verməyib. Gürcülər və digər Qafqaz respublikalarının nümayəndələri artıq çoxdan  Parisdədirlər  və göründüyü kimi, belə bir istisnaya əsas yoxdur”. İclasın protokolunda da qeyd edildiyinə görə Klemanso və Lloyd Corc “məsələni  mütləq araşdıracaqlarını bildirmişdilər”.

ABŞ Dövlət katibi R.Lansiq fransız həmkarı S.Pişona 6 may 1919-cu il tarixli məktubunda  prezident Vilsonun Ə.Topçubaşovun 21 mart  bəyanatı ilə son dərəcə ciddi şəkildə maraqlandığını xatırladaraq Azərbaycan nümayəndələrinin Parisə gəlmələrinə icazə verməyi    xahiş etmişdi.

Nəhayət, mayın 9-da gündüz saat üçün yarısında Azərbaycan heyətinin üzvləri Parisdə idilər. Müasir hava laynerinin 5 saata qət etdiyi yola dörd aya yaxın vaxt itirmişdilər. Həm də yuxarıda da göstərildiyi kimi, bütün səylərə rəğmən  tam tərkibdə gəlmək mümkün olmamışdı. İngilislərin Malta sürgününə göndərdikləri Əhməd bəy Ağayevdən başqa texniki əməkdaşların bir qismi də Osmanlı paytaxtını tərk edə bilməmişdi...

Müvəqqəti olaraq Parisin 9-cu rayonundakı Hotel Terminus St. Lazar mehmanxanasında yerləşən Azərbaycan nümayəndələri artıq mayın 13-də konfrans çərçivəsində ilk rəsmi görüşünü keçirmişdi...

 

Budapeşt, mart, 1918-ci il