Təhsil problemləri.-2018.-1-7 aprel.-¹25-26.-S.2.

 

Soyqırım nədir?

 

Dilqəm Quliyev,

professor

 

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda. Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

 

Heydər Əliyev

 

Beynəlxalq hüquq sənədlərində bu anlayış öz əksini necə tapmışdır və bunu Azərbaycan tarixinin hər hansı dövrünə hansı əsaslarla aid etmək olar?

Əvvəlcə soyqırımın nə olduğunu, onun müasir dünya leksikonundakı tərifini dəqiqləşdirmək lazımdır. Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırım bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə yox edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Ümumiyyətlə, «Soyqırım hər hansı milli, etnik, irqi və ya dini mənsubiyyətə görə, hər hansı bir xalqın və etnik qrupun qəsdən məhv edilməsi məqsədini güdən hərəkətə deyilir».

Soyqırım hərəkətini müəyyən edən bütün bu hallara Azərbaycan xalqının XX əsr tarixində dəfələrlə rast gəlinir. Bu ağır və qeyri-insani hərəkəti törətməkdə erməni şovinistlərinin son məqsədi nədir? Bu əsas suala cavab vermək üçün tarixi faktlara dönə-dönə müraciət etmək lazımdır. Artıq indi inkaredilməz bir həqiqətdir ki, erməniləri ta qədim zamanlardan tarixin bütün mərhələlərində azərbaycanlılara və türklərə qarşı xəyanət və düşmənçilik mövqeyi tutmuşlar.

Rus alimi Viktor Semyonovun «Orta əsrlər tarixi» əsərində 2. Moskva, 1975. qeyd etdiyi kimi, XI-XIII əsrlərdə Roma papalarının çağırışı ilə İsa peyğəmbərin xilas edilməsi pərdəsi altında türklərə qarşı təşkil edilən xaç yürüşlərinin əsas bələdçiləri yenə də ermənilər olmuşdur. Uzun müddət Səfəvi və Osmanlı imperiyaları kimi qüvvətli dövlətlərin təbəələri sayılan bu bədnam kütlə xəyanət üçün fürsət axtarırdı.

Vaxtilə faşistlərin yəhudilərə, Bosniya-Hersoqovinada serblərin, Azərbaycanda isə ermənilərin azərbaycanlılara qarşı soyqırım faciələri dedikdə hər kəsə yaxşı bəlli tarixi ardıcıllıq yada düşür: 1905-1907 (çar Rusiyası zamanı), 1915-1918-1920 (əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövrü), 1948-1953 (SSRİ dövrü, deportasiya), 1988-ci ildən bəri (SSRİ-nin dağılması və müstəqil Azərbaycan Respublikasının mövcud olduğu dövr), 1992 (Xocalı və başqa yerlərdə məqsədli erməni dövləti tərəfindən həyata keçirilən qırğını soyqırım adlandırmaq olar). İndi diqqət yetirək - tarixdən məlum olan hansı soyqırım hadisəsində belə bir vəziyyət müşahidə olunur? Demək olar ki, heç birində. Azərbaycan faktiki olaraq soyqırım tarixində ümumi qanunauyğunluqlardan kənara çıxır. Buradan aydın olur ki, zaman, faktiki şərait, siyasi mühit dəyişmiş, lakin ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti dəyişməmişdir. Bəzən cəmiyyətdə elə təsəvvür yaranır ki, bu məsələ yalnız tarixçilərin işidir. Əslində, belə deyil, soyqırımla bağlı məsələlər tarixçilərin, psixoloqların, hüquqşünasların, hərbçilərin və bir sıra digər sahələr üzrə mütəxəssislərin iştirakı ilə araşdırılmalıdır. Aşkara çıxan acı həqiqət ondan ibarətdir ki, Azərbaycan bir əsrdə onun varlığına qarşı yönəlmiş soyqırım kimi dəhşətli faciəni önləməyə hazır olmamışdır. Soyqırım faciələrinin yeni səhifəsinin yazıldığı bu günlərdə, qanlı qırğınlarla bağlı ümummilli düşüncə necədir? Deməli soyqırım faktının etirafından yeni bir səviyyəyə keçmək vaxtı çatmışdır.

1948-ci ildə Birləşmiş Millətlər Təşkilatında «Soyqırım Bəyannaməsi» adlanan sənəd qəbul edilmişdi. Dünyanın müxtəlif ölkələri BMT-nin Soyqırım Bəyannaməsini imzalamışlar. Bu bəyannaməni 1950-ci ildə Türkiyə dövləti də imzalamış və ondan gələn məsuliyyəti qəbul etmişdir. Beynəlxalq hüquq normalarına hörmətlə yanaşan Azərbaycanın qanunvericilik orqanının azərbaycanlılara qarşı soyqırım tarixi, xalqımıza qarşı soyqırım cinayətləri və onun öyrənilməsi haqqında qanun qəbul etməsi vaxtı çatmamışdırmı?!. Azərbaycanın dünyanın müxtəlif dövlətlərinin parlamentlərində soyqırım haqqında qanunlar qəbuluna nail olmasındakı çətinlikləri başa düşmək olar. Lakin Azərbaycanın özündə bu problemə dair hərtərəfli qanunvericilik bazası olmalıdır. Diasporu və lobbisi son dövrlərdə formalaşan Azərbaycan üçün bu daha əlverişli, məqsədə tez çatmaq yollarından biri ola bilər. Bunu etiraf etməliyik ki, ermənilər olmayan hadisədən yapışıb özlərinə «genosid tarixi» düzəldə, bunu dünyaya qəbul etdirə bildilər. Halbuki ermənilər tərəfindən törədilmiş əsil genosidi biz türklər - Anadolu və Azərbaycan türkləri yaşamışıq. Tarixdə gerçək azərbaycanlı soyqırımı olduğu halda biz onu dünyaya təqdim edə bilməmişik. Bu bizim səhvlərimizdən biridir. Biz böyük bir zamanı itirmiş, nəticədə uduzmuşuq Dünyanı indi-indi inandırmağa başlamışıq ki, ermənilər ötən yüzillik boyunca azərbaycanlıları soyqırım və deportasiyalara məruz qoyub. Qarabağ savaşı buna əyani sübutdur. Qarabağı bizdən qoparmağa çalışan bədxahlarımız bu müqəddəs diyarın bütövlüyünü heç vaxt görmək istəməyiblər. Əksinə, onun qol budağını kəsə-kəsə, sinəsinə çalın-çarpaz dağlar çəkə-çəkə dilim-dilim doğrayıb, parça-parça qoparmaq iştahası ilə yaşayıblar. Başı bəlalar çəksə də Ulu Qorqud yurdu öz qürurunu qoruyub. Heç vaxt düşmənə diz çökməyib.

Bütün bunlara baxmayaraq Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri Azərbaycan tarixinin qara ləkələridir. Rusiya-İran müharibəsi Gülüstan müqaviləsi ilə nəticələndi. Şimali Azərbaycan Rusiyanın işğalı altına keçdi. 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsi zamanı isə İrəvan və Naxçıvan xanlıqları işğal edildi. Daha sonralar Zaqafqaziya seyminin dağılması, daşnak hökumətinin (1900) yaranması, İrəvan qəzasının ermənilərə güzəştə getməsi və nəhayət 20-ci illərdə Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə muxtariyyət verilməsi Azərbaycan tarixinin qara səhifələridir.

Tarixdəki qanlı cinayətləri nəticəsində Azərbaycan Cənuba, Şimala, Qərbə bölündü və bir-birindən təcrid olundu. Böyük imperiya-rus çarizmi dövründə müxtəlif istiqamətlərdən Azərbaycanın köksünə və kürəyinə zərbələr tuşlandı və din düşmənlərimiz İrandan, Türkiyədən qovulmuş erməniləri qədim türk-oğuz diyarının dilbər guşələrində məskunlaşdırdılar. 70 illik Sovet rejimi zamanı ermənilərin əl-qolu daha da açıldı. «Böyük Ermənistan» yaratmaq xülyasına düşdülər.

Xalq yazıçısı mərhum Mirzə İbrahimovun Kremlin iclas salonunda çox yerində dediyi kimi «Allah bir adamı bədbəxt etmək istəyəndə əvvəlcə onun ağlını alır».

Beləliklə, Azərbaycan ərazisində sığınacaq tapan və əsrlər boyu süfrəmizin nemətləriylə qidalanan daşnaklar qədim türk-oğuz yurdu olan Qərbi Azərbaycanı azərbaycanlısız «Ermənistana» çevirdilər. Əsrin əvvəlindən 90-cı illərədək soydaşlarımızın başına müsibətlər aça-aça bir nəfər kimi deportasiyaya uğratdılar. Qədim tarixi olan, VII əsrdən tanınan və səfəvilər hakimiyyəti dövründə daha da tərəqqi edib, qalalar, məscidlər, abidələr məskəni kimi məşhurlaşan İrəvan xanlığı bütövlükdə xainlər əlində qaldı... 1800-cü ildən Qərbi Azərbaycanın kəndləri hissə-hissə talan edildi, dağıdıldı və adlan saxtalaşdırıldı. 1920-ci illərdən bu iş sürətləndirilməyə başlandı və 1948-1953-cü illərdə azərbaycanlıların kütləvi surətdə köçürülməsilə nəticələndi. 1988-1990-cı illərdə deportasiya son həddə çatdırıldı. Hələ bu azmış, üstəlik dünyaya car da çəkdilər ki, guya «zavallı ermənilər» blokada şəraitində yaşayırlar.

Eyni zamanda Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülmüşdür. Belə ki, 1994-cü ilin mayın 12-dən etibarən əməl olunan atəşkəsin Ermənistanın müdafiə naziri, o, cümlədən DQ ordu komandiri 1994-cü il iyulun 27-də yazılı surətdə təsdiq edilməsi alqışlanır. Belə uzunmüddətli atəşkəsin əldə edilməsi problemi sülh yolu ilə həllində ilkin mərhələ, zəruri siyasi addımdır.

Ümummilli liderimiz Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında» və 26 mart 1998-ci il tarixli «Azərbaycanlıların soyqırımı haqqında» fərmanları Azərbaycan xalqı və dövləti üçün tarixi sənədlərdir.

«Azərbaycanlıların soyqırımı»na əsil hüquqi-siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev verdi. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk hüquqi-siyasi qiymət idi. 1998-ci il 26 mart tarixli bu sərəncam indiki və gələcək nəsillərin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir.

Bu fərmanlarda göstərilir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən-min illər boyu öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədən abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Bununla da tarixi hadisələrə düzgün qiymət vermək mümkün olmuş, həmçinin dünya birliyini azərbaycanlı soyqırımı hadisəsi ilə tanış edə bilmişdik. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu fərmanı ilə azərbaycanlıların soyqırımını dünyanın diqqət mərkəzinə çıxarmağa, bu məsələni müxtəlif səviyyələrdə qaldırmağa geniş imkanlar açıldı. İndi ortada artıq Avropa Şurasında və onun Parlament Assambleyasında, ATƏT-də, BMT-də, digər mötəbər beynəlxalq təşkilatlarda erməni siyasətini neytrallaşdıracaq, Azərbaycan həqiqətlərini göstərə biləcək ciddi bir sənəd var.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı həmin sənəd bir neçə mühüm vəzifəni həll etmək üçün əlimizdə ciddi sənəddir. Birinci, bu sənəd tariximizə düzgün və obyektiv qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İkincisi, həmin fərman azərbaycanlıların soyqırımı məsələsini dünya siyasəti səviyyəsinə çıxarır və dünyanın bütün mütərəqqi qüvvələrim, türkün dostlarını əsil həqiqətlərlə tanış edir, dünya azərbaycanlılarının bu məsələ ilə bağlı mövqe və baxışlarını konkretləşdirir. Üçüncüsü, bu fərman ermənilərin «erməni soyqırımı» məsələsi üzərində qurulmuş təbliğatının effektini azaldır, onların təbliğatını neytrallaşdırır.

Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırım və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması təsbitlənmişdir. Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırım və etnik təmizlənmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün xeyli iş görmüşdür.

Amma şübhəsiz, görülən işlərlə arxayınlaşmaq da olmaz. Bədnam qonşularımızın saxta «erməni soyqırımı» iddialarının cəfəngiyat olduğunu sübuta yetirmək üçün sistemli və ardıcıl surətdə iş aparmalıyıq. Tarix boyu xalqımızın başına hansı faciələrin gətirildiyini, çəkdiyimiz müsibətlərin gerçək miqyasını və mahiyyətini ilk növbədə özümüz dərindən dərk etməliyik. Bunun üçün, həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.