İki sahil.-2018.-13 aprel.-¹71.-S.30.

 

Azərbaycan Xalq Cümhuriyyətinin liderləri: Əhməd bəy Pepinov

 

Vəli İlyasov

 

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarından biri də ictimai-siyasi fəaliyyəti ilə yanaşı, mədəniyyət, mətbuat və maarifçilik tariximizdə də dərin iz qoymuş Əhməd bəy Pepinovdur.

Əhməd bəy Pepinov 1893-cü ildə Gürcüstanın Ahıska bölgəsinin Axalkələk şəhərində varlı ailədə dünyaya göz açıb. Tiflis şəhər gimnaziyasını uğurla başa vurduqdan sonra 1913-cü ildə sənədlərini Moskva Dövlət Universitetinin hüquq fakültəsinə verir və qəbul olunur. Hüquq fakültəsində oxumaqla bərabər, iqtisadiyyat fakültəsində də mühazirələr dinləyir. Tələbəlik illərindən ictimai fəallığı ilə seçilir. “Axalkələkli Əhməd Cövdət” imzası ilə Bakıda nəşr olunan “Açıq söz” qəzetində məqalələrlə çıxış edir.

Əhməd bəyin dövrünün Azərbaycan ziyalıları ilə sıx əlaqəsi vardı. Hələ Tiflisdə gimnaziyada oxuyarkən Pepinov görkəmli yazıçı-dramaturq Mirzə Cəlillə dostluq əlaqəsi yaradır, “Molla Nəsrəddin” jurnalının yayılmasında fəal iştirak edir. O, ömrünün sonuna qədər Mirzə Cəlilin ailəsi ilə dostluğunu kəsmir.

Əhməd bəy Pepinov ictimai-siyasi proseslərdə də fəallıq göstərirdi. 1917-ci ildə çarizmin süqutundan sonra Cənubi Qafqazdan Müəssislər Məclisinə üzv seçilir. 1918-ci ilin fevralında yaradılan Zaqafqaziya Seymində müsəlman sosialistlərin blokuna daxil olur.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Milli Şurada sosialist fraksiyasının üzvü kimi dövlət quruculuğunda yaxından iştirak edir. Əvvəlcə Azərbaycan Milli Şurasının, daha sonra Xalq Cümhuriyyəti Parlamentinin katibi vəzifəsinə seçilir.

Parlamentdə bir sıra qanun layihələrinin, o cümlədən Parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi “Nəşrlər istehsalı haqqında” qanunun hazırlanmasında, Azərbaycanda ilk ali məktəb olan Bakı Dövlət Universitetinin təşkilində yaxından iştirak edir. Cümhuriyyət dövründə Bakıda təntənəli surətdə keçirilən “Türk gecələri” konsertinin və maraqlı müsabiqələrin təşkilində fəallıq göstərir.

Onu da qeyd edək ki, həmin illərdə milli hökumət yüz nəfər azərbaycanlı gəncin dövlət hesabına xaricdə təhsil alması üçün qanun qəbul edir. Parlamentin xaricə göndəriləcək gəncləri müəyyən etmək məqsədilə yaratdığı müsabiqə komissiyasına Əhməd bəy də daxil idi. 1919-cu ilin dekabrında o, Azərbaycan Xalq Cümhuriyyətinin beşinci hökumətinin kabinetində əmək və torpaq naziri postunu tutur.

Əhməd bəy Pepinov 1920-ci ilin aprelində Azərbaycanın sovetləşməsindən sonra mədəni-maarif və nəşriyyat işləri sahəsində fəaliyyət göstərir. Buna baxmayaraq, bir millətçi kimi təqiblərlə üzləşir. Bəy nəslindən olduğuna və AXC-də yüksək vəzifə tutduğuna görə bolşeviklər tərəfindən etibarsız şəxslər siyahısına salınmışdı.

Tənə və təqiblərdən xilas olmaq məqsədilə 1930-cu ildə Rusiyanın Ulyanovsk şəhərinə köçmək məcburiyyətində qalır. Daha sonra Almatı şəhərinə köçür, Qazaxıstan SSR-nin rəhbərliyi onu xalq maarif nazirinin müavini vəzifəsinə təyin edir.

Lakin bolşevik hökuməti ondan əl çəkmir. Əhməd bəyi Qazaxıstanda da təqib edirlər. Araşdırmalarda göstərilir ki, o illər repressiyaya məruz qalan digər şəxslərin dindirmələrində Pepinovun da adı hallanır. Görkəmli yazıçı və ictimai xadim Tağı Şahbazinin həbsindən sonra istintaqın ilk dörd ayında müstəntiq ondan özünü “ifşa edən”, “günahlarını səmimi etiraf edən” ifadələr ala bilmir. Müstəntiq onu bir çox şəxslərlə üzləşdirsə də, işgəncələr versə də Tağı Şahbazinin iradəsini sındırıb öz iyrənc məqsədinə çata bilmir. Bu üzləşdirmələrdən birində müstəntiq Tağı Şahbazini Qubaydulinlə üzləşdirir. Onun ifadəsində göstərilir: “Tağı Şahbazinin əksinqilabi işdə iştirakını mən ilk dəfə 1926-cı ildə Əhməd Pepinovdan eşitdim. Əhməd Pepinov mənə bildirdi ki, Azərbaycanda əksinqilabi millətçi blok formalaşıb. Blok üzvlərindən bir neçəsinin adlarını, o cümlədən Tağı Şahbazinin adını çəkdi. 1927-ci ildə, həmçinin Sultan Quliyevdən də Tağı Şahbazinin əksinqilabi millətçi təşkilatın üzvü olduğunu öyrəndim...”

Beləcə, amansız repressiya dalğası Əhməd bəy Pepinovdan da yan keçmir. O, cəllad çekistlər tərəfindən həbs edilir və yalançı faktlara əsasən xalq düşməni elan olunur. Bolşeviklər onu 1937-ci ildə güllələyirlər.

Lakin bununla hər şey qurtarmır. Onun ölümündən sonra ailə üzvləri də repressiyaya məruz qalır. Qeyd edək ki, Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Həsən bəy Ağayevin qızı ilə evlənmişdi. Əhməd bəyin qızı, görkəmli aktyor Lütfəli Abdullayevin ömür-gün yoldaşı Sevda xanım Pepinova xatirələrində yazır: “Babam Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini, atam isə Cümhuriyyət hökumətinin əmək naziri olmuşdu. Bu səbəbdən biz “xalq düşməni” ailəsi sayılırdıq. Sözsüz ki, “xalq düşməninin qızına o vaxt ailə qurmaq məqsədilə yaxın düşən ola bilməzdi. Bolşeviklərin yaratdıqları xof hamını qorxudurdu. Amma Lütfəli heç nəyə baxmadı. Onun mərdliyi mənə hər şeydən əziz oldu. Biz 1948-ci ildə evlənmək istədik, amma arzumuz baş tutmadı. Anam dərddən və xiffətdən vaxtsız dünyasını dəyişdi. 1955-ci ildə atamın bəraətini aldıq. Nəhayət ki, 1956-cı ildə ailə qura bildik. Bir ay nişanlı qalandan sonra toyumuz oldu. O, hətta icazə vermədi ki, soyadımı dəyişim. Dedi ki, sənin atanın oğlu yoxdur! Ona görə də, öz soyadını daşısan yaxşı olar...”

Uzun illər haqqında hətta danışmaq yasaq olunmuş Cümhuriyyətimizin digər görkəmli simaları kimi, Əhməd bəy Pepinovun da adı və işıqlı əməlləri yaddaşımızda əbədi olaraq yaşayacaq.