Təhsil problemləri.-2018.-1-7 aprel.-¹25-26.-S.13.

 

31 Mart - tariximizin qanlı səhifəsi

 

Cəmil Quliyev,

Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi,

tarix üzrə fəlsəfə doktoru

 

1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımın 100 ili tamam olur. Tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Bunların sırasında miqyasına görə 1918-ci ilin mart ayında törədilmiş qətliyam daha böyükdür. Ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı mühüm siyasi və elmi əhəmiyyət kəsb edən müdrik fikirləri var. Ulu öndərimiz vurğulayırdı ki, Azərbaycan xalqının XX əsrin sonunda əldə etdiyi ən böyük nailiyyətlərdən biri dövlət müstəqilliyinin bərpasıdır. Həqiqətən də, müstəqillik istənilən xalq, o cümlədən, Azərbaycan xalqı üçün böyük nemətdir. Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini araşdırmaq, üzləşdiyi faciələri unutmamaq və onlara işıq salmaq imkanı əldə etdi.

Bu mənada XX əsrin 18-20-ci illərində yaşanmış faciələrə də siyasi, elmi və tarixi nöqteyi-nəzərdən işıq salmaq imkanı yarandı. Xüsusilə, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman biz tarixçi alimlərə, o cümlədən, bu sahədə tədqiqat işi aparan tarixçilər üçün hüquqi əsas yaratdı. Bu, gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin obyektiv öyrənilməsi üçün çox mühüm bir sənəddir.

Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, tarixini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı. Bu baxımdan əlbəttə ki, imzalanan Fərmanın böyük tarixi əhəmiyyəti var. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı imzaladığı 18 yanvar 2018-ci il tarixli Sərəncam isə bu siyasətin ən bariz nümunəsidir. Biz soyqırımdan danışanda iki tarixi hökmən vurğulamalıyıq. Birincisi, 1918-ci il 31 mart soyqırımı, ikincisi, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı. Bu soyqırımlar ermənilərin xarici havadarları tərəfindən dəstəklənərək, maliyyələşdirilərək, hərbiləşdirilərək həyata keçirilib. Bu prosesin tarixinə gəldikdə isə qeyd etmək lazımdır ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarında yerləşdirilən ermənilərin iştirakı ilə XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımlar törədilib. Yəni bu dövrdən etibarən, hadisələr etnik təmizləmə, deportasiya mərhələsindən soyqırım mərhələsinə keçib. İlk növbədə, azərbaycanlıların sahib olduqları ərazilər əllərindən alınmağa başlandı. Konkret olaraq, ermənilərin köçürülməsi ilk olaraq İrəvan quberniyası ərazisində başlandı, oraya Naxçıvan qəzasının ərazisi, Zəngəzur qəzasının, Qarabağ xanlığının ərazisi daxil idi. Hətta 1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra 1829-cu ilin 21 martında bu ərazidə erməni vilayəti yaratdılar. Bu hadisələr isə ona gətirib çıxartdı ki, həmin ərazilərdə ermənilərin sayı 1 milyon 300 mindən nəfərdən çox oldu. Baxmayaraq ki, Gülüstan sülh müqaviləsinə qədər bu ərazidə 1 nəfər də olsun erməni yaşamayıb. 1918-ci ilin martın 30-dan aprelin 2-dək Bakı və onun ətraf kəndlərində müsəlman əhalisi məqsədli şəkildə soyqırıma və talanlara məruz qalaraq 11 mindən artıq günahsız insan qətlə yetirilib. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda «Kaspi» qəzeti redaksiyasını, «Dağıstan», «İsgəndəriyyə» və «İsmailiyyə»ni yandırmışdılar. «Kaspi» qəzeti redaksiyasında "Quran-Kərim"in yenicə çap edilmiş 5 min nüsxəsi də yandırıldı.

1918-1920-ci illərdə Zəngəzur qəzasında 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb. 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92, İrəvan şəhəri və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdi! Lənkəran və Astarada 1000 nəfərdən çox, Salyan və Hacıqabulda 2000 nəfərdən çox, Kürdəmirdə 2000, ümumilikdə 6 minə qədər müsəlman qətlə yetirildi, evləri yandırıldı, əmlakları talan olundu. 1918-ci ilin aprel-may aylarında Şamaxı qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. S. Lalayan və T. Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində bir neçə gündə 8 minə qədər müsəlman qətlə yetirilmiş, 13 məscid, eyni zamanda, səkkiz əsrlik tarixi olan Cümə məscidi yandırılmışdı. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən ermənilər Şamaxı şəhərində 8100, Şamaxı qozasının 53 kəndində isə 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi. 1918-ci ilin qırğınları zamanı daşnak- bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hal-hazırda mövcud deyildir. Cənubi Azərbaycanın Urmiya, Xoy, Maku, Səlmas, Təbriz şəhərlərində 100 minə qədər türk-müsəlman qətlə yetirilib. Bütövlükdə, qəddarlığı baxımından ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Tarix boyu ermənilər türk-müsəlman əhalisinə qarşı düşmən düşüncəsində olublar. Yəni ermənilərin xalqımıza qarşı düşmən münasibətinin kökü təkcə XIX-XX əsrlərlə bağlı deyil. Baxmayaraq ki, Osmanlı dövləti, Osmanlıya qədər səlcuqlar, bir sözlə, türklər həmişə onlara tolerant münasibət göstərib. Ən çətin məqamda erməniyə əl uzadan türklər olub, erməni üçün şərait yaradan türk-azərbaycanlılar olub. Amma ermənilər isə bizə qarşı həmişə bunun əksini ediblər. Erməni xalqının tanınmış nümayəndəsi Xaçatur Abovyan da dəfələrlə bildirib ki, «türk dili erməni həyatı üçün xüsusi əhəmiyyət daşıyıb. Ermənilər öz dilində ifadə edə bilmədiyini bu dildə ifadə edib». Yəni erməni mütəfəkkirlərinin əksəriyyəti türklər haqqında xoş söz deyiblər. Əslində bunu deməklə heç nə şişirtməyiblər, sadəcə doğrunu söyləyiblər. Amma təəssüf ki, həmişə erməni düşüncəsində türk-müsəlmana düşmənçilik təbliğ olunub. Qaragen Njde özünün «Qaragen Njde və onun təlimi» kitabında türk-müsəlmana münasibətini belə bildirir: «Vaxtilə 1919-cu ildə italyanlar Mussolinin simasında faşizmi yaratdılar, amma onlar bir şey edə bilmədilər. 1933-cü ildə Hitler almanların simasında nasizmi yaratdı, o da bir şey edə bilmədi. Amma biz nə istəyirik? Dünyada sonuncu türk lal-kar, kor olsa belə, biz onu öldürməliyik». Yəni erməni ideologiyasında rəhm deyilən bir şey yoxdur. Necə ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı qətliyamı buna əyani misaldır.

Xocalıda ermənilər insanlığa qarşı ən dəhşətli qəddarlığı etdi.

Birinci dünya müharibəsi başlanan dövrdə ermənilər hesab edirdilər ki, öz məqsədlərinə çatmaq üçün münbit şərait yaranıb. Onların düşüncəsinə görə, müdafiə etdikləri çar Rusiyası müharibədən qalib çıxsa, Osmanlı ərazisində Cənubi Qafqaz da daxil olmaqla «Böyük Ermənistan» dövləti yaratmaq olar. Öz məqsədlərini reallaşdırmaq üçün isə bu torpaqlarda yaşayan türk-müsəlmanları məhv etməyi planlaşdırırdılar. 1914-1918-ci illər ərzində Omanlı ərazisində öz maraqlarını təmin edə bilməyən, dövlət yarada bilməyən ermənilər silahlı dəstələri Şimali, Cənubi və Qərbi Azərbaycanda on minlərlə türk-müsəlmanı qətlə yetirdilər. Qətlə yetirilənlər isə dinc əhali idi. Hansı ki, bu əhali vaxtilə ermənilərə torpaq, yaşamaq üçün yer-yurd vermişdilər. Bu proseslərin ən dəhşətlisi 1918-ci ildə baş verən mart soyqırımıdır. Ermənilər həmin vaxt Bakı şəhərində martın 30-dan aprelin 2-dək kütləvi qətliyam törətdi ki, bunun adı soyqırımdır.

Sərəncamda vurğulandığı kimi erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.

Tarixi mənbələrə, görə, 1918-ci ilin martın 28-31 arasında Lənkəran qəzasında erməni daşnakları tərəfindən 40-dan çox kənd yandırılıb, iki mindən çox dinc sakin qətlə yetirilib. Sütəmurdov kəndində baş verənləri isə faciənin kulminasiya nöqtəsi saymaq olar. Müəmmalı səbəbdən Şıvkınovun dəstəsindən olan rus əsgərinin qətlə yetirilməsinə cavab olaraq bütün kənd sakinlərinin ölümünə qərar verənləri fikirlərindən daşındırmaq, gözlənilən qırğını dayandırmaq məqsədilə kəndin 14 ağsaqqalı danışığa yollanır. Sülh missiyalı dəstə üzvlərindən biri naməlum səbəblərdən qaçıb canını qurtara bilsə də, qalan 13 nəfər vəhşicəsinə doğranılaraq qətlə yetirilib. Danışığa gedənlərin cəsədləri doğranılaraq iki yeşiyə yığılaraq dəniz kənarında Dəhnə deyilən ərazidə basdırılır. Həmin yeşikləri kəl arabasında daşımış arabaçı Musa kişi sirri açacağı təqdirdə ölümlə hədələnir. Musa kişi dəhşətli qətliyamın sirrini ancaq ermənilər və Şıvkınovun dəstəsi Lənkərandan gedəndən sonra açıb deyir. Qanlı yeşik sakinlər tərəfindən kənd məscidinin həyətinə gətirilir, cəsədləri yumaq mümkünsüz olduğundan təyəmmüm edilərək məscidin həyətində dəfn edilir. Sütəmurdov kənd sakini Fəxri Sadıqov deyir: - “Qətlə yetirilənlərdən biri-şeyx Ənnağı Şeyx Əbdülhüseyn oğlu mənim babamdır və burda onların içində şəhadətə yetənlərdəndir, hər kəsi bir əlamətindən tanıyıblar, babamı da saqqalının hanasından. Kimini barmağındakı üzükdən, kimini libasından tanıyıblar.” Qocaman tədqiqatçı, dosent Hacı Mirhaşım Talışlı Lənkəranda baş verən soyqırım faktını araşdırarkən hadisə şahidlərindən, valideynlərindən qanlı olaylar barədə dəhşətli məlumatlar aldığını deyir:

- “Çayda sellə bərabər qan gedib, papaqlar gedib. O papaqlar sübut edirdi ki, insanları dağdan qıra-qıra gəliblər. Qırğından vaxtında xəbərdar olanların hamısı ev-eşiyini qoyub qaçmışdı Osakucə meşələrinə.”

Rayonun Gərmətük qəsəbə sakini, qocaman ağsaqqal ziyalı Sərhad Məmmədovun dedikləri daha dəhşətlidir. Ermənilərdən qaçaraq məscidə pənah aparan qız-gəlinləri orda doğramış, uşaqları süngüdən keçirmiş, onlarla evə od vurmuş, cavan gəlinin belinə qaynar samovarı şələləyərək rəhmsizcəsinə qətlə yetirmişlər. 1918-ci ildə iyunun 25-də qaçaq Şahverənin dəstəsi Lənkəranın Kərgəlan kəndinin Abbasbə məhəlləsinin girəcəyində postda duran bolşevik əsgərini qətlə yetirmişdir. Həmin gecə saat 10-da bolşeviklər Kərgəlan kəndində hücum edir, kənddə qarşılarına çıxan hər kəsi qətlə yetirirdilər. Hətta onlarla danışığa gedən kənd ağsaqqalı Fəttah Həsənovu dinləməmiş, günahsız insanları şəhid etmişlər.

Qulobə məhəlləsində həyətdə gəzən gəlinə hücum çəkirlər. Gəlin isə qaçıb qayınatasına xəbər verir. Qayınata isə gəlinini tez xalçaya büküb divara söykəyir. Bolşeviklər qayınatadan gəlini soruşduqda və ondan "bilmirəm" cavabını aldıqda, onu şəhid edirlər.

Abbasoba, Həsənoba, Qulubə, Kərəmoba məhəllələrindən 30-dan çox cavan at arabalarına yükləyib özləri ilə aparmışlar. Sonradan şəhid etdiklərini kənddə Kərəmoba məhəllə məscidinin həyətində toplu olaraq dəfn etmişlər.

Təkcə Abbasoba məhəlləsində 46 nəfər qətlə yetirilmişdir. Qeyd edək ki, erməni daşnakları 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Lənkəranda 40 kənddə mindən artıq günahsiz sakinə qanlı divan tutaraq vəhşicəsinə qətlə yetiriblər.

Martın 31-i biz azərbaycanlılar üçün unudulmaz bir gündür. Gün var ki, sevincinin böyüklüyü ilə gündə var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz olur.

31 Mart ikinci günlərdəndi. Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi bu soyqırımdan düz 100 il keçir.

Sərəncama əsasən respublikamızda və xarici ölkələrdə azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlər həyata keçirilir. Bütün bunlar isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Şübhəsiz ki, dövlət başçısının Bu Sərəncamı böyük tarixi əhəmiyyət kəsb edir. Çünki bununla nəinki ölkəmizdə, eyni zamanda beynəlxalq miqyasda ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli soyqırıma nəzər salmır, bu məsələ yenidən gündəmə gətirilir. Bununla da dünya ictimaiyyəti əsil tarixi həqiqətləri öyrənmiş olurlar. Heç kim tarixi saxtalaşdıra bilməz.