İki sahil.-2018.-13 yanvar.-¹7.-S.11.

 

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələri yaşayır

 

Vəli İlyasov

 

Dövlətimizin başçısının 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi bütün xalqımız tərəfindən böyük razılıqla qarşılanıb və yüksək qiymətləndirilib. Hamı bu təşəbbüsü Prezidentin müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasına, qədim dövlətçilik ənənələrimizə və ilk demokratik respublikanın qurulmasında böyük fəaliyyəti olan dövlət xadimlərinə hörmət kimi qiymətləndirir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı AXC-nin 100 illiyi barədə deyib: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq.”

Fərəh hissi ilə qeyd etməliyik ki, indi ölkəmizin hər yerində, hətta yaxın, uzaq xarici ölkələrdə Prezidentin bu Sərəncamı azərbaycanlılar arasında böyük canlanma və yüksək əhval-ruhiyyə yaradıb. Dövlət başçımızın tariximizə, sələflərimizə belə yüksək ehtiramı, əvvəlki dövlətçilik ənənəərinə böyük önəm verməsi hamıda coşqu yaradır.

Xatırladaq ki, 1918-ci ilin may ayının 28-də Tiflisdə Zaqafqaziya Seymində Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması barədə bəyanat qəbul edildi. Qısa müddətdə dövlət atributları-himn, gerb və bayraq hazırlandı, Bakı şəhəri paytaxt elan olundu, nazirliklər yaradıldı, demokratik mühitin formalaşdırılmasına başlandı. Lakin təzə qurulmuş demokratik respublika daxili və xarici düşmənlərin hücumları qarşısında tab gətirə bilmirdi. Çünki milli ordu yox idi və onu qurmaq üçün vaxt çatmırdı. Görkəmli sərkərdə general Səməd bəy Mehmandarovun tələsik formalaşdırdığı 15 min nəfərlik ordu hissələri isə Şuşa və Laçın ətrafında ermənilərə qarşı döyüşlərə göndərilmişdi. Bolşevik hökuməti bundan istifadə edərək işğalçı XI ordusunu Azərbaycana yeritdi və hərbi çevrilişlə hakimiyyəti əlinə keçirdi. Bununla da ADR süqut etdi.

Cəmi 23 ay yaşayan müstəqil Azərbaycan 1920-ci il aprelin 28-də süquta uğrasa da, müstəqilliyin şirinliyini dadmış Azərbaycan xalqı öz azad və müstəqil dövlətini unutmadı.

1991-ci ildə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması üçün bütün zəruri addımları atdı. AXC-nin dövlət rəmzləri və dövlətçilik ənənələri qəbul edildi. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirdi və dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxdı. İndi dünyanın azad və müstəqil dövlətlərinin sırasında bizim də imzamız var.