İki sahil.-2018.-11 aprel.-¹69.-S.10.

 

Cümhuriyyətin “Azərbaycan”ı və onun redaktorları

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

Qvami Məhəbbətoğlu

 

Bu il Şərqdə ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd ediləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan “Azərbaycan” qəzeti Cümhuriyyət dövrünün tarixində önəmli yer tutur. Xalqımızın milli oyanışında çox mühüm rol oynamış ilk rəsmi dövlət qəzeti status daşıyan bu mətbu orqanının fəaliyyətini ulu öndər Heydər Əliyev yüksək dəyərləndirib: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış “Azərbaycan” qəzeti yarandığı gündən milli-azadlıq mübarizəsinin ön sıralarında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran “Azərbaycan” qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir”.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin orqanı olan “Azərbaycan” qəzetinin 4 səhifədən (2 səhifə Azərbaycan, 2 səhifə rus dillərində) ibarət ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilib. “Azərbaycan” 5-ci sayından etibarən Bakıda nəşr olunmağa başlayıb. Altıncı nömrəyə qədər “heyəti-təhririyyə” (redaksiya heyəti) imzası ilə nəşr olunan qəzetin noyabrın 28-dən işıq üzü görən Azərbaycan dilindəki sayı Ceyhun bəy Hacıbəylinin, rus dilində olan sayı isə Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə oxucularının görüşünə gəlib. 1919-cu il yanvarın 16-da buraxılmış 89-cu nömrəsindən etibarən “Azərbaycan” qəzetinin redaktorluğu Üzeyir bəy Hacıbəyliyə həvalə edilib. 4 iyul 216-cı nömrədən 1 sentyabr 265-ci nömrəyə qədər “Azərbaycan” Xəlil İbrahimin redaktorluğu ilə nəşr olunub.

1918-20-ci illər arasında cəmi 443 nömrəsi çıxmış bu qəzetdə Məhəmməd Əmin Rəsulzadə, Fərhad Ağazadə, Hacı İbrahim Qasımov, Məhəmmədağa Şahtaxtlı, Adilxan Ziyadxanov, Əlabbas Müznib, Şəfiqə Əfəndizadə və digərlərinin tariximizə, mədəniyyətimizə, maarifimizə, siyasi vəziyyətimizə aid silsilə məqalələri dərc edilib. Bu mənada Cümhuriyyət tarixinin salnaməsi - “Azərbaycan” ölkəmizin o zamankı tarixini olduğu kimi öyrənmək üçün qiymətli mənbədir.

Qeyd etdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cümhuriyyətin rəsmi orqanı olan “Azərbaycan”ın 4 redaktoru olub: Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və Xəlil İbrahim. Sovetlərin işğalı ilə bağlı qəzet fəaliyyətini dayandırdıqdan sonra Üzeyir bəy Hacıbəyli istisna olmaqla o biriləri çox ağır günlər yaşayıblar. Doğrudur, sovet dönəmində Üzeyir bəyə hücumlar olub, hətta “müsavatçı” damğası vurmaqla onun həbsinə cəhdlərdə göstərilib. Deyilənlərə görə, Üzeyir bəy Hacıbəylini onun musiqi dühası xilas edib. “Azərbaycan”da Üzeyir bəy Hacıbəylinin ölkəmizlə bağlı müxtəlif səpkili 100-dən çox məqaləsi dərc olunub. Bu dahi şəxsiyyətin yazıları ilə tanış olarkən bir daha əmin olursan ki, o, yalnız bizim peşəkar musiqimizin deyil, jurnalistikamızın da, əgər belə demək mümkünsə, bəstəkarı olub.

“Azərbaycan” qəzetinin ilk redaktorlarından biri olan Ceyhun bəy Hacıbəyli Üzeyir bəyin qardaşı idi. Peterburq Universitetində hüquq elminə, Fransanın Sorbonna Universitetində siyasi biliklərə yiyələnmiş Ceyhun bəy “Azərbaycan”a rəhbərliyi dövründə qəzetin ətrafına dövrün tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, millət fədailəri toplamağa nail olub.

1919-cu ildə Ceyhun bəy Hacıbəyli Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Parisdə Versal Sülh Konfransına göndərilən nümayəndə heyətinin tərkibinə daxil edilib. Ceyhun bəy Parisdə olarkən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb. Sovet hökumətinin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətini ona heç zaman bağışlamayacağını dərindən başa düşən Ceyhun bəy Vətənə qayıtmayıb: Parisdə məskunlaşmalı olub. Üzeyir bəyin yardımlarına baxmayaraq, o, burada bir müddət çox ağır durumda yaşayıb. Paris Hərbi Akademiyasını bitirən, öz adını daşıyan 23 yaşlı oğlu Ceyhunun alman faşizminə qarşı vuruşmada qəhrəman bir təyyarəçi kimi həlak olması ona əlavə iztirablar yaşadıb. Amma çətinliklərə baxmayaraq, o, yaradıcılığından uzaqlaşmayıb. Belə ki, qardaşı Üzeyir bəyin dünya şöhrətli “Arşın mal alan”ı onun tərcüməsində Parisin “Femino” teatrında tamaşaya qoyulub. Parisdə nəşr olunan “Asya” jurnalının xüsusi buraxılışında “Qarabağ dialekti və folkloru” əsəri dərc olunub, “Azərbaycan şairələri” adlı məqaləsi ilə diqqət mərkəzinə düşüb. Xaricdə Azərbaycan tarixini, ədəbiyyatını yetərincə təbliğ edən Ceyhun bəy Hacıbəyli 1962-ci ildə Fransada vəfat edib və Parisin Sen-Kulu qəbiristanlığında torpağa tapşırılıb.

Kiyev Universitetinin hüquq fakültəsinin məzunu olmuş Şəfi bəy Rüstəmbəyli Cümhuriyyətin yaranmasında fəal iştirak edənlərdən biri olub. Hətta o, “İstiqlal Bəyannaməsi”ni - Azərbaycanın müstəqilliyi barədə sənədi imzalayan Milli Şuranın 27 nəfər üzvündən biri olub. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin üzvü seçilib. “Azərbaycan” fəaliyyətə başlayanda isə bu mətbuat orqanının rus variantının ilk baş redaktoru kimi çalışıb. Şəfi bəy məqalələrinin bəzilərini öz imzası, bəzilərinə isə “Azərbaycan” imzası ilə yazıb. Cümhuriyyətin süqutunu 27 yaşlı Şəfi bəy böyük üzüntü ilə qarşılayıb. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il aprelin 27-də keçirilən son iclasında hakimiyyəti təhvil vermək məsələsi elan olunanda o, göz yaşlarını saxlaya bilməyib və hönkürtü ilə ağlayıb.

1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçüb. Gürcüstanın Qızıl Ordu tərəfindən işğalı isə onu Türkiyəyə - İstanbula üz tutmağa vadar edib. Bu böyük şəxsiyyət ömrünün qalan hissəsini mühacirətdə keçirməli olub. Lakin təcrübəli jurnalist burada da fəaliyyətindən qalmayıb. Belə ki, İstanbulda onun iştirakı ilə 1923-1927-ci illərdə “Yeni Qafqaziyyə”, 1928-1931-ci illərdə “Azəri türkü”, 1928-1930-cu illərdə “Odlu yurd” və 1932-ci ildə “Azərbaycan yurd bilgisi” jurnalları nəşr olunub. Bir sözlə, 1960-cı ildə Türkiyədə dünyasını dəyişən Ş. Rüstəmbəyli 67 illik ömrünün 40 ilini qürbətdə keçirsə də, hər an qəlbində Azərbaycanı gəzdirib.

Məhəmməd Əmin Rəsulzadənin etibarlı silahdaşı və məsləhətçilərindən biri olan Xəlil İbrahim Xalq Cümhuriyyəti süqut etdikdən sonra qürbətə üz tutmayıb. Bir müddət Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib hazırlanmasında çalışan Xəlil İbrahim “Kommunist” qəzetində, daha sonra “Azərnəşr”də fəaliyyət göstərib. O bu illərdə dünya ədəbiyyatı nümunələrinin ana dilimizə tərcüməsinə xüsusi əmək sərf edib.

Bütün bunlara rəğmən, Xəlil İbrahim repressiyadan canını qurtara bilməyib. Belə ki, 1938-ci ildə “sorğu-sual”dan sonra “Azərbaycan”a redaktorluq etmiş bu insan “xalq düşməni” ittihamı ilə martın 23-də Nargin adasında güllələnib.