Bakı Xəbər.-2018.-16 yanvar.-8.-S.10.

 

Cumhuriyyət ili... - Şəmsəddin Əliyev yazır

 

Şəmsəddin Əliyev,

hüquqşünas-publisist 

 

Əgər bir yerdə olmasaq, bizi tək-tək də asacaqlar

Bencamin Franklin

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  2018-ci ili Azərbaycan Xalq Cumhuriyyəti ili elan etdi. Bu, gələcəyə hesablanan və hamının bir bayraq altında birləşməsinə, AXC-nin 100 illiyinə töhfə olaraq böyük dövlət xadiminə xas siyasi və diplomatik bir çağırış idi. İstərdim ki, bəzi detalları ictimaiyyətin diqqətinə çatdırım.

 

Azərbaycan Xalq Cumhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası (özünü adlandırma - Azərbaycan Cumhuriyyəti) Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsinin canlı təcəssümü kimi Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman şərqində ilk parlament  respublikası olub. Öncədən paytaxtı Gəncə şəhəri, sonra isə Bakı şəhəri elan edilib. Həmin ərəfədə Cənubi Qafqazda azərbaycanlıların ümumilikdə yaşadıqları ərazilər təqribən 150 min kv. kilometri əhatə edirdi.  1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gələn zaman əzəli Azərbaycan torpaqlarının müəyyən hissəsində Ermənistan Respublikası yaradıldı.

İndi ürək ağrısı ilə AXC hökumətinin xalqımızın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan xanlığının mərkəzi sayılan İrəvanı,  azğınlığı dünya ictimaiyyətinin gözü qarşısında tüğyan edən, fasiq və yolunu azmış, beynəlxalq hüququn prinsiplərini qulaqardına vuran bugünkü Ermənistana güzəştə getməyə və həmin İrəvanı ana torpağımızda yaranan Ermənistan Respublikasının paytaxtı kimi tanımağa məcbur olmasını xatırlayırıq. AXC dəvründə Cənubi Qafqazdakı Azərbaycanın tarixi torpaqları  113, 9 min kv. kilometri əhatə edirdi. AXC-nin əhalisi 3,3 milyondan çox idi. Yaratdığımız Ermənistan isə cırtdan bir dövlət kimi gəmimizin sakininə çevrildi. İndi bu sakinlər gəminin sahibləri ilə savaşa başlayıb. Həyasızlığın həddinə baxın!..

AXC-nin dövlət hakimiyyəti də  müasir Azərbaycan demokratik dövləti kimi üç qoldan ibarət idi: Müasir dövlətimizdəki Qanunvericilik Hakimiyyəti həmin dövrdə 1) Azərbaycan Parlamenti; icra hakimiyyəti qismində 2)Hökumət və hər iki hakimiyyətdə eyni qalan üçüncü qol Məhkəmə hakimiyyəti adlanırdı. Hökumət icra hakimiyyəti Parlament qarşısında cavabdeh idi.

AXC üçün diqqət çəkən çətin fəaliyyətə nəzər salaq:

Cumhuriyyət 1918-ci il may ayının 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprel ayının 28-dək Bakıda fəaliyyət göstərib. AXC Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınıb, dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər qurulub, dövlətlərarası sazişlər bağlanıb, dövlət müstəqil məhkəmə sisteminə malik olub. AXC Parlamenti 11 fraksiyadan və 109 üzvdən ibarət olub.

Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş verib. 1918-ci ilin may ayının 27-si keçmiş Zaqafqaziya Seyminin  müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqaladə iclas çağırır. Müzakirələr çox çəksə də, nəhayət, Müvəqqəti Milli Şuranın yaradılması qərara alınər. Müvəqqəti Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri Məhəmməd Əmin Rəsulzadə, icra komitəsinin sədri vəzifəsinə  isə bitərəf olan Fətəli Xan Xoyski seçilir. Həmin ilin may ayının 28-də Milli Şuranın ilk iclası keçirildi və Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Bu tarixi qərar nəticəsində və 100 illik böyük fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyimiz bərpa olundu. Həmin iclasda da yeni, demokratik dövlətin yaranması faktını hüquqi baxımdan əsaslandıran  Azərbaycan İstiqlaliyyəti haqqında Akt qəbul edildi.

2018-ci ilin 28 mayında AXC-nin 100 illiyi qeyd olunacaq. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2018-ci ili  Azərbaycan Xalq Cumhuriyyəti ili elan etməsi də tarixi zərurətdən doğur və bu tarixi missiyanı da məhz dövlət başçısı ümumxalq diqqətinə çatdırdı.

1918-ci ildə Azərbaycanın müstəqilliyi  Azərbaycanın İstiqlaliyyəti haqqında Aktla, 1991-ci ildə  Azərbaycanın Müstəqilliyyi haqqında Konstitusiya Aktı ilə təsdiq edildi.

Diqqət etsək, tarix təkrarlanır. 1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət iki hakimiyyətliklə şərtlənirdi, istiqlaliyyət uğrunda mübarizənin vəziyyəti mürəkkəbləşirdi. Azərbaycanın şərq hissəsində - Bakı quberniyasında  Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. Qərb regionunda isə Gəncə quberniyası AXC-nin milli hakimiyyətinin  idarəçiliyində idi.

4 iyunda  Azərbaycan və Osmanlı İmperiyası arasında  Sülh və Dostluq  müqaviləsi imzalandı. Bir gün sonra Türk ordusu Gəncəyə daxil oldu. Həmin ilin 16 iyununda Milli Şuranın üzvləri  və AXC Tiflisdən  siyasi vəziyyətin qeyri-stabil olduğu Gəncəyə köçür. Hadisələrin gərgin olduğu  belə şəraitdə 1918-ci il iyunun 17-də  Milli Şura siyasi müvazinətini  saxlaya bilməyib özünü buraxması haqqında qətnamə qəbul edir və altı ay ərzində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması təklifi irəli sürülür. Bu məqsədlə Milli Şuranın irəli sürdüyü müddət 1918-ci il dekabrın 16-da başa çatacaqdı. İyunun 23-də Fətəli Xan Xoyski  Azərbaycan əhalisinə   çağırışla müraciət edir və milli hökümətin təsbit olunması üçün qardaş Türkiyənin  köməyinə ehtiyac duyulduğuna görə elə həmin gün ölkənin  bütün ərazisində hərbi vəziyyət elan edilir. Beləliklə, 15 min nəfərə yaxın Türk ordusu Azərbaycan Cumhuriyyətinə köməyə göndərilir.

Qeyd etdiyim oxşar hal Heydər Əliyev hakimiyyətə gələndən sonra da baş verdi. Yeni yaranmış müstəqil Azərbaycan Demokratik Respublikasını parçalamağa, xarici təcavüzün daha da dərinləşməsinə çalışan qüvvələr mövcud idi. Ölkənin şimal bölgəsində sadval qruplaşması, cənub bölgəsində yenə Azərbaycanı parçalamaq niyyətilə yaradılan  qondarma Talış-Muğan Respublikasının elan edilməsi, qərb bölgəsində  bir neçə qanunsuz silahlı birləşmənin fəaliyyəti vətəndaş müharibəsinin qaçılmaz olduğunu reallaşdırırdı. Amma separatçı qüvvələri dəstəkləyən, onları maliyyə və hərbi sursatla təchiz edən xarici qüvvələrin arzusu  puç oldu. Dövlətçiliyin mühafizəsi və möhkəmlənməsi üçün yaranmış  mürəkkəb  bir siyasi şəraitdə Heydər Əliyevin Bakıya gəlməsi situasiyanı dəyişdi. Xalqın və Respublika hakim dairələrinin, daha dəqiq ifadə etsəm, 9 iyun 1993-cü ildə Prezident Əbülfəz Elçibəyin dəvətilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya gəldi, 15 iyun 1993-cü ildə isə Milli Məclisin iclasında yenə Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçildi...

Heydər Əliyevin siyasi, diplomatik bacarığı və kəşfiyyat xarakterli taktikası nəticəsində vətəndaş müharibəsinin qarşısı alındı. Beləliklə, həmişəyaşar liderin qətiyyəti Azərbaycanın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin yenidən itirilməsinə imkan vermədi. Həmin ərəfədə  demokratik Respublikamızın gələcək inkişafını təhlükə altına alan separatizmin və vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə Heydər Əliyev televiziya ilə Azərbaycan xalqına uzaqgörən bir müraciət etdi. Bizim Azərbaycan vahid Azərbaycandır... İndiyədək Azərbaycanda heç vaxt talış-azərbaycanlı, türk və sair söhbəti olmamışdır...  Onları bir-birindən ayırmaq olmaz. Bu, əti dırnaqdan ayırmağa bərabərdir. Ayrı-ayrı avantüristlərdən başqa buna heç kəs yol verməz. Bizim birliyimizi heç kəs poza bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz... Məhz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlətçilik ideyalarının və demokratik islahatların inkişafı üçün yeni era açıldı. Etiraf etmək yerinə düşərdi ki, ölkədə dövlətçiliyin və ictimai təhlükəsizliyin davamlı olmasında, habelə siyasi sabitliyin təminatında hüquq-mühafizə orqanlarının, xüsusilə DİO əməkdaşlarının prinsipal mövqeyi, ekstremal şəraitlərdə müvazinətlərini qoruyub saxlaya bilmələri, ən mühümü isə, vətənə, xalqa və Heydər Əliyev ideyalarına sədaqətin təcəssümü mühüm rol oynamaqla hamıya, daha çox əvvəlki komandaya, gec də olsa, görk oldu. Burada daxili işlər nazirinin və  kollegiya üzvlərinin prinsipal rolu danılmazdır. Hüquqşünas deputat, məntiqli mülahizələrilə yadda qalan Qüdrət müəllimin gətirdiyi Elçibəy deyirdi ki, kaş mənim belə bir nazirim olaydı sitatına uyğun mən də deyərdim: Nazir belə olar! Qətiyyətli, sədaqətli və prinsipal. DİN-də belə peşəkar kadrlar çoxdur. Ona görə də bizdə sabitlikdir.

Sonrakı hadisələr, separatçı qüvvələrin liderlərinin, Nazirlər Kabinetinin Sədrinin və digər məmurların taleyi hamıya bəllidir. Heydər Əliyevin qətiyyəti, cəsarəti, uzaqgörən siyasəti və gələcəyə hesablanan diplomatiyası olmasaydı, bu dəfə də ADR süqut edəcəkdi. Birinci mürəkkəb siyasi vəziyyətdə Azərbaycanı Türkiyə Ordusu, Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və AXC qüvvələrindən ibarət Qafqaz İslam Ordusu (Bolşevik-Daşnak-Bakı Soveti qüvvələrinə qarşı) xilas etdisə, sonrakı, yəni əvvəlkinin hüquqi varisi olan müasir Azərbaycanın Demokratik hakimiyyətini  Heydər Əliyevin uzaqgörən siyasəti və diplomatiyası xilas etdi. Həmin ideyaların canlı təzahürü olaraq müasir, müstəqil Azərbaycan dünyanın siyasi xəritəsində BMT-nin və beynəlxalq hüququn subyekti kimi yerini möhkəmlədərək qüdrətli Milli Orduya sahib olub, məntiqli siyasət yürüdən ölkələr sırasında yer alıb. Qeyd etdiklərimdə Prezident İlham Əliyevin balanslaşdırılmış siyasətinin, dövlətlərarası beynəlxalq tədbirlərdə ərazi bütövlüyünün bərpasına istiqamətlənən, diqqət çəkən və düşündürən çıxışlarının, habelə  nota xarakterli bəyanatlarının böyük təsiri olub. Yeni ilin ilk dekadasında Prezidentin 2018-ci ili Cumhuriyyət ili elan etməsi təklifi  hamımızın Onun ətrafında umu-küsüyə son qoyaraq birləşməyimizi zəruru edir. Güc də birlikdədir. Biz bir dərddə, bir arzuda olduğundan bir olmalıyıq ki, ...əti dırnaqdan ayırmaq istəyənlərə Dur!-deyə bilək. 

Vaxtilə Amerika dövlətinin yaradılmasında xüsusi əməyi olan, görkəmli fizik və müdrik siyasətçi Bencamin Franklin üzünü amerikalılara tutaraq söyləmişdi: Əgər bir yerdə olmasaq, (və yaxud ola bilməsək), bizi tək-tək də asacaqlar. Dərin mənası var. Millət bir olmasa, onu tarixin arxivinə atmaq çox rahat və asandır. Ona görə də sabitliyin və onu təmin edənlərin qədrini bilək.! Dünyanın siyasi xəritəsinə diqqət yetirəndə Azərbaycan əhalisinin sayına və digər inkişaf parametlərinə görə o qədər də böyük dövlət deyil. Dövlətimizin gücü onun xarizmatik liderinin siyasətində, diplomatiyasında və xalqın birliyində ifadə olunur...