İki sahil.-2018.-11 aprel.-¹69.-S.10.

 

Azərbaycan Xalq Cümhuriyyətinin liderləri: Yusif Vəzir Çəmənzəminli

 

Vəli İlyasov

 

Yusif Mirbaba oğlu Vəzirov 1877-ci ildə Şuşanın Çəmənzəmin kəndində doğulub. Şuşada şəhər realnı məktəbində təhsilini başa çatdırdıqdan sonra Ukraynaya gedərək Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Yaxşı təhsil və şəxsi marağı nəticəsində on bir xarici dildə sərbəst danışa bilib. Ədəbi yaradıcılığa dərindən meyl edən Yusif Vəzir 1906-cı ildən çap olunmağa başlayıb. “Ağsaqqal”, “Qoz ağacı”, “Cənnətə vəsiqə”, “Şahqulunun xeyriyyə işi” adlı və digər hekayələri “Keçmişin səhifələri” adlı topluda çap olunub. Müəllif XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın şəhər və kəndlərinin həyatını burada sanki bir rəssam kimi əlvan boyalarla əks etdirib. Qələmə aldığı “Polis şineli”, “Zeynal bəy” kimi əsərləri çarizmin Azərbaycanda apardığı qəddar müstəmləkəçilik siyasətini qətiyyətlə ifşa edirdi.

Çəmənzəminli Kiyevdə universiteti bitirdikdən sonra Simferopol, Odessa, Saratov şəhərlərində, mühacirətdə isə İstanbul və Parisdə yaşayıb.

1919-cu ilin yanvar ayında Krımda olan Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada səfiri təyin edilib. Lakin bolşeviklər hücum edərək Kiyevi ələ keçirdiyindən oraya gedə bilməyib və 1919-cu ilin yayında İstanbuldan keçərək Bakıya qayıdıb. Bir ay Bakıda qaldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilərək, yenidən İstanbula gedib. Orada qısa müddətdə diplomatik fəaliyyət göstərib. Azərbaycanın müstəqil dövlət kimi tanınmasında xarici ölkə nümayəndələri ilə intensiv danışıqlar aparıb.

1920-ci il aprelin 28-də Azərbaycanın sovet dövlətinin XI qırmızı ordusu tərəfindən işğalından sonra mühacir həyatı yaşayan Çəmənzəminli 1926-cı ildə Vətənə qayıdaraq bədii yaradıcılıqla məşğul olub, qəzet və jurnallarla fəal əməkdaşlıq edib.

Yusif Vəzir 1938-1940-cı illərdə müəllimlik edərək məktəblərdə rus dilindən dərs deyib. Yazıçılıq fəaliyyətini davam etdirən Çəmənzəminlinin ilk “Studentlər” romanının mövzusu yazıçının Kiyev həyatından götürülüb. 1936-1937-ci illərdə Qarabağ xanının vəziri, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin həyatından və o dövrün hadisələrindən bəhs edən “Qan içində” və 1961-ci ildə çap olunmuş “İki od arasında” əsərlərini yazıb. “Qızlar bulağı”, “Həzrəti Şəhriyar” və bir sıra başqa roman, komediya və ssenarilər onun qələminin məhsuludur.

Yusif Vəzir Çəmənzəminlinin əsərləri dilinin sadəliyi, zəngin və yumşaq bədii təsvirləri özünəməxsus lirik çalarları ilə seçilir. Onun əsərləri Fransada və Türkiyədə böyük tirajla nəşr olunub. İstedadlı yazıçının qələmindən çıxan irili-xırdalı bütün əsərlər xalqımız tərəfindən sevilə-sevilə oxunub və bu gün də mütaliə olunur.

Lakin 1930-cu illərdə Bakıda böyük yazıçı və dövlət xadiminin həyatı xoş keçmirdi. Varlı nəsildən olması, Azərbaycan Xalq Cümhuriyyətində vaxtilə yüksək diplomatik vəzifə tutması, Türkiyəyə rəğbət bəsləməsi onu bolşeviklərin hədəfinə çevirmişdi. O, daim mənfur Fövqəladə Komissiyanın əməkdaşları (ÇK) tərəfindən izlənir, keçmişi ona təhqiramiz surətdə xatırladılırdı. 1940-cı ilə qədər keçirilən bir çox yığıncaqlarda onun adı vətən xainləri ilə bir sırada çəkilir, üzdəniraq kommunizm ideoloqları və bolşeviklərə yaltaqlananlar onun da tutulub cəzalandırılmasını tələb edirdilər. Sovet hökumətinə yarınan bəzi üzdəniraq ziyalılar Yusif Vəzir barədə inzibati orqanlara mütəmadi olaraq gizli donoslar aparırdılar. Bütün bunlar yazıçının həbsinə zəmin yaradırdı. Nəhayət, vaxt yetişdi ki, Yusif Vəzir Çəmənzəminli zəhmli ÇK-nın zirzəmisinə aparıldı və orada yazıçıya uydurma və əsassız ittihamlar irəli sürüldü. Azərbaycanın minlərlə günahsız ziyalılarından biri kimi istedadlı yazıçı, ictimai-siyasi və dövlət xadimi Stalin repressiyasının qurbanı oldu.

Çəmənzəminli 1940-cı ildə qara meşin pencəkli bolşevik cəlladları tərəfindən həbs olunaraq Rusiyanın Qorki vilayətinin Suxobezvodnoye həbs düşərgəsinə göndərildi. ÇK-nın dəhşətli zindanında əzab, işgəncə verilən, hər gün ağır təhqirlərə məruz qoyulan yazıçı bütün bunlara fiziki cəhətdən tab gətirə bilmədi. Dözülməz həyat şəraitində ciddi xəstəliklər taparaq 1943-cü ildə orada vəfat etdi.

Lakin xalq öz böyük oğlunu öz qəlbində yaşatdı və indi də yaşadır. Bakıda və Şuşada küçə, məktəb, kitabxana, respublikada bir sıra başqa mədəni-maarif müəssisələri onun adı ilə əbədiləşdirilib.

Yusif Vəzir Çəmənzəminli bizə zəngin ədəbi irs qoyub. Onun mənalı həyatı və fəaliyyəti orta və ali məktəblərin ədəbiyyat və tarix dərsliklərində əks etdirilib. Gözəl bədii dəyərə malik olan əsərləri dəfələrlə kütləvi tirajla nəşr olunub. İndi ən ucqar kənd kitablarında belə görkəmli yazıçının əsərlərini tapmaq olar. Onun bir sıra əsərləri teatrlarımızda səhnələşdirilərək oynanılır, bəzi qələm məhsulları isə kinoşünaslar tərəfindən lentə alınıb.