Xalq cəbhəsi.-2018.-10 aprel.-¹62.-S.14.

 

Şumer və Oğuz eposunun bənzərliyi

 

l-ci yazı

 

Ağaverdi Xəlil,

filologiya üzrə fəlsəfə doktoru

 

Oğuz eposunun öyrənilməsində müqayisəli şəkildə araşdırılması vacib olan üç əsas mədəniyyət var: şumer mədəniyyəti, saka (skif) mədəniyyəti və hun mədəniyyəti. Bunların hər biri qədim dünyanın mədəniyyət tarixində dərin iz qoyub və oğuz eposunun da genezisində iştirak ediblər. Dünyanı fəth edən Oğuz kağanın hun hökmdarı Mete (Mode) olduğu məlumdur. Şumer və oğuz eposu arasında struktur baxımından ciddi yaxınlıq müşahidə olunur. Bu istiqamətdə bəzi araşdırmalar aparılıb. Xüsusilə İslam Sadığın şumer-türk epos əlaqələrini araşdıran tədqiqatı diqqətə layiqdir. Oğuz hun paralellərinə Türkiyədə aparılan tədqiqatlarda tez-tez rast gəlirik. Bu barədə Füzuli Bayat da Oğuz Kağanla bağlı araşdırmasında bəhs edib. Z. Həsənovun tədqiqatlarında saka türkləri ilə bağlı müqayisəli araşdırmalar aparılıb, Koroğlunun skiflərin “kor oğullar” haqqındakı əfsanələri ilə müqayisələr aparılıb. Bu mövzuda L. Fedorovanın Olonxo və Koroğlu ilə bağlı maraqlı müqayisələrini əks etdirən bir tədqiqatı var. Tədqiqatçı ilk növbədə dilçilərə istinadən bildirir ki, yakut dili qədim uyğur dili kimi, həm də qədim oğuz qrupuna aiddir. Ona görə də oğuz eposu Koroğlu, Kor oğlu, Oğuznamə, Dədə Qorqud və b. qədim qatda olonxo ilə paralellik təşkil etməlidir.

Tədqiqatda olonxonun Ural-Sibir türklərinin və monqolların eposunun əksəriyyətinin Mərkəzi Asiya mənşəli olduğu və olonxonun qədim qatının matriarxatdan patriarxata, mifolojidən qəhrəmanlığa keçid dövrünün hadisələrini əks etdirdiyini yazır. Düşünürük ki, doğrudan da türk xalqlarının eposunun ortaq bir dövrdə və ortaq bir nüvədən və ortaq bir yerdə yarandığını ehtimal etmək mümkündür. Bu ortaq yerin oğuznamələrdə keçən “Ortak və Kortak”, digər qaynaqlardan da “Ötüken” olaraq bildiyimiz (“Ulus kün”, Orkön, Kün Orköt, Kün Örkön-hərfi mənada doğan günəşin şüasi) yerdir.

“Koroğlu” dastanının əsas nüvəsi Güney Azərbaycanda, Azərbaycan və türkmən mühitində formalaşıb, buradan da Orta Asiya, Qafqaz, Sibir və başqa yerlərə yayılıb. Koroğlu adının türk dillərində Köroğu, Kur oqlı, Qoroqlı, Gör oqlı, Quruqli, Qurquli, Koruqudı kimi varinatları mövcuddur və bunlar əsasən “korun oğlu” mənasını bildirir. Bu Həsən xanın, sultan Muradın kor ilxıçısının oğlu Koroğludur.

Ənənəvi yakut ilxıçılarının atları çağırarkən “xoru, xoru” söyləməsi səs yaxınlığı baxımından diqqəti çəkir. Yakut dilində kor oğlu “körbet uola”dır, Koroğlu isə daha çox “Xoro uola” (xoru, xura, kura) variantına uyğun gəlir. Radlovun XIX əsrdə Sibir türklərinin yaşadığı Tobol bölgəsindən topladığı və Kazanda müxtəlif adlarla, o cümlədən “Hekayəti Koroğlu soltan” adı ilə nəşr olunan dastan mətnində Koroğlu “Küernin ulı” (Küerin oğlu) olaraq keçir. Tatar dilində “küer” kor demək deyil. “Qırat”ın yerində də Qara at vardır. Mətni akademik V.Y. Radlov Tobol tatarlarının Sala kəndində yazıya alıb. Sala adlı kəndlər indiki Tümen vilayətinin Tümən, Yarkəy, Vaqay rayonlarında var.

V.V. Radlovun qeydinə görə mətni İsəli Rusi oğlu söyləyib. Mətn “Hekayəti Koroğlu Soltan” adi ilə Kazan nəşriyyatlarında 1889, 1890, 1894, 1895, 1901, 1903, 1906, 1909, 1911, 1915, 1916-cı illərdə çap olunub. V.V. Radlovun yazıya aldığı mətn Kazanda tatar xalq dastanlarının fundamental nəşri olan “Dastanlar - 1984-ə də daxil edilib. Mətnin naşirləri onun janrını “xikəyat” (hekayət) kimi müəyyənləşdiriblər. Bizim istifadə etdiyimiz nəşrə ön söz yazmış F. Əxmətova - Urmançe “xikəyat (hekayət) sözünün “əkiyətə (nağıla) yaxın olduğunu, lakin nağıl olmayan mənada (skazanie) alp insanlar haqqındakı dastanların “əkiyətdən” kənarda qaldığım qeyd edir. Və “xikəyatın epik əsərləri anlatdığını əlavə edir. Nəzərə alaq ki, “Dədə Qorqud kitabının Vatikan nüsxəsindəki adı “Hekayəti Oğuz namdar (oxunuş bizimdir - A.X.) Qazan bəg və qeyri”dir.

“Küerin” dilimizdəki “kəhər” sözü ilə yaxınlığı da diqqətdə saxlanmalıdır. Belə olduğu halda biz adı totem görüşləri kontekstinə izah edə bilərik. Bu halda Koroğlu adının mənası at oğlu olacaq. Qeyd edim ki, at oğlu olmaq və öz totem mənşəyinə bağlılığını adında ifadə etmək oğuz ənənəsi üçün xarakterikdir. At boyu mənasında “Boyat”, atı yenmək mənasında “Basat”, yenə də atla bağlı izah edilə bilən Baybura, At ağızlı alp Aruz və s. at toteminə bağlılığın ifadəsi kimi anlaşılır. Bununla yanaşı qurd totemi ilə bağlılıq da özünü çox yayğın şəkildə göstərir. Bunların içində Böyük türk kağanlığının əsasını qoyan Aşina sülaləsini də qeyd etmək lazımdır. Xüsusilə, l. N. Qumilyovun “Qədim türklər” əsərində yazdığı kimi, böyük Aşina dövlətinin xanları özlərini qurd sayır və özlərinə qurd deyə müraciət edirdilər. Siyanbicə, yəni qədim monqolca “şano” olan qurd (börü, bura) Çin qaynaqlarında “Aşina” (müqəddəs qurd) olaraq xatırlanıb. Dünyanın qədim eposlarından biri olan hind eposu “Mahabbarata”da qədim və qüdrətli bir tayfa olan Kuru tayfasından bəhs edilir. Burada Kurunun varisləri kaurav və pandavlar arasında onların doğma Kuru vadisində savaş gedir. Bu savaş pandavlann qələbəsi ilə başa çatır. Hökmdar şəcərələrində bu döyüş b.e.ə. XI əsrə aid edilir. Orta əsr hind müəllifləri isə bu hadisəni b.e.ə. 3102-ci ilə aid edirlər.

Şumer konteksti. Dünyanın ən qədim epos nümunələri dünya mədəniyyətinin beşiyi sayılan Dəclə və Fərat çayları arasında b.e.ə. IV və II minilliklər arası mövcud olmuş əski sivilizasiya ilə bağlıdır. Dünya mədəniyyət tarixinə Mesopatomiya, Babilistan, Şumer, Sümer adı ilə daxil olan bu qədim sivilizasiya bir çox mədəniyyətlərin başlanğıcını, kökünü təşkil etməkdədir. Ən qədim epos nümunələri də Şumerdən başlanır. Şumerlərin oğuz türkləri ilə dil əlaqələri də diqqəti çəkən məsələlər sırasındadır. Epos strukturlarının ritual əsaslarının öyrənilməsi üçün də qədim epos nümunələrinin özündə daha çox əski məlumat və rudiment saxladığını nəzərə alsaq, o zaman Şumer eposunun da tədqiqat üçün əhəmiyyətini təsəvvür etmək olar.

Şumer, hind, yunan xalqlarının qədim epos nümunələri müxtəlif aspektlərdən tədqiqatlara cəlb olunub. Bu eposların bütövlükdə olmasa da, bəzi bənzər cəhətlərinin oğuz eposu ilə müqayisəli öyrənilməsinə təşəbbüs edilib. Xüsusilə, şumer və türk eposlarının müqayisəli öyrənilməsi ilə bağlı İslam Sadığın apardığı tədqiqatlar eposşünaslıq üçün böyük əhəmiyyət daşıyır. Tədqiqatlarda daha çox motivlərin bənzərliyinə diqqət yönəldilmiş, arxaik ritual qatı və bir janr olaraq epos strukturlarının yaranmasında və formalaşmasında ritualın qaynaq rolu öyrənilməyib.

Şumer eposunun mükəmməl nümunələrindən biri bizim dilimizə İ. Dyakonovun rusca nəşrindən götürülərək İ. Vəliyev tərəfindən tərcümə edilib və 1985-ci ildə “Bilqamıs” adı ilə kitabça halında yayınlanıb. Tərcümənin nə qədər mükəmməl olduğunu müəyyənləşdirmək irəlidə aparılacaq şumerşünaslıq tədqiqatlarının qarşısında duran məsələlərdən biridir. Əslində bu eposun adı “Hər şeyi bilən adamın dastanı” deməkdir. Bu baxımdan dastanın öz qəhrəmanını Bilqamısın adı ilə adlandırıldığı görünməkdədir. Kitabda dastanın cadugər Sin-Like-Unninin dilindən söyləndiyi qeyd olunub. Dastan söyləyicisinin cadugər olaraq göstərilməsi onun ritualla bağlı magik görüşlərin hakim olduğu dövrdə yarandığım və şifahi ənənədə mövcud olduğunu göstərir.

Oğuz eposunun əski söyləyiciləri haqqında bizim məlumatlarımız məhduddur. Orta əsrlər dövründə ozan, baxşı və aşıqların oğuz və onun davamı olan türkman dastanlarını söylədiyi aydındır. Bu söyləyicilərin içində ozan da, baxşı da bu və ya digər şəkildə magik funksiya daşıyıb. Baxşıların magik yolla bir sıra məsələləri həll etməsi son dövrlərə qədər müşahidə olunub və bu haqda məlumatlar mövcuddur. Ozan daha çox sintezləşib, özündə ritual icraçısı Ata və Dədə ilə yanaşı ənənəvi söyləyicini də birləşdirib. Bu baxımdan oğuz eposunda Qorqud fenomeni özündə müxtəlif dövrlərin ritual icraçılarını, söyləyicilərini, inanc və mədəni institutlarını birləşdirməsi ilə diqqəti çəkməkdədir. O, bir tərəfdən şumer eposunun cadugər söyləyicisinə, digər tərəfdən isə onun əsas qəhrəmanı Bilqamısa bənzəyir.

Adil Cəmil Şumer eposunun qəhrəmanı Bilqamısın “Dirilik çiçəyini” itirməsi motivi ilə Koroğlunun kor atasına Qoşabulağın suyundan gətirə bilməməsi hadisələrini müqayisə edib. Doğradan da bu hadisələrin hər ikisində itki var, həyat və ölüm arasında mübarizə edən qəhrəmanın mübarizəsi var. Mübarizənin ikili xarakterin alt qatında arxaik ritualdan gələn inisiasiya durar və transformasiya olunduğu epik strukturda da ölüb-dirilməni davam etdirir. Əbədi həyatın sirrini tara bilməyən şumer Bilqamıs da, kor gözünün şəfasını əldə edə bilməyən Alı da ölümə məhkumdur. Burada həm suyun altına enmə, həm də kor olma özündə xaosu ehtiva edir və inisiasiyadan keçən personayı bildirir.

Ölümsüzlük çiçəyinin dənizin dibindən tapılıb çıxarılması, Dədə Qorqudun ölümdən qaçaraq taxta üzərində üzməsi, Koroğlunun Qoşabulağın suyundan içməsi kimi motivləri M. Allahmanlı müqayisə edib və onların bənzərliyini qeyd edib. Şübhəsiz ki, bu motivləri birləşdirən ortaq element ilk növbədə onların əsas komponenti olan sudur. Şumer dastanındakı ölümsüzlük axtarışında da, oğuz dastanındakı ölümdən qaçmada da su sakral məkanından keçilir. Koroğlunun Qoşabulaq motivində də su sakrallaşdırıcı funksiya yerinə yetirir. Bu dastan epizodlarının hər üçü sudan keçid ritualı ilə bağlıdır. Sudan keçib sakrallaşma ritualı ilə su sehrli bir funksiyanı yerinə yetirir. Bilqamısı, Qorqudu ölməz, Koroğlunu yenilməz edən vasitələrə, magik, sehrli, möcüzəli ehtiyatlara malik olur. Bu arxaik ritualın əfsanələşməsi, rəvayətləşməsi ilə o epik bir keyfiyyət qazanır və dastan strukturunu formalaşdıran bədii materiala çevrilir. Hatəmi Tantəkin Türkiyənin Diyarbəkir ağzından torlanmış “Ölüm olmayan yer” nağılı ilə “Bilqamıs” eposunun süjetləri arasında paralellər aranıb, bənzərliklərdən bəhs edib.

İslam Sadıq Şumer və oğuz eposunun bənzər xüsusiyyətlərini müxtəlif janrlar arasında müşahidə etdikdən sonra belə bir qənaətə gəlir ki, “hər hansı bir eposun nağıl, əfsanə, əsatir və s. versiyalarının mövcudluğu onun çox qədim olduğunu təsdiqləyir”. “Bilqamıs” dastanı da oğuz dastanı kimi dünya və insan haqqında fəlsəfi düşüncələrlə, hikmətli və ibrətamiz fikirlərlə başlanır. Belə bir başlanğıc orta əsrlərin sonlarına doğru təsəvvüf təriqətlərinin təsiri ilə yaranan eşq dastanları üçün də xarakterikdir.