İki sahil.-2018.-22 mart.-¹53.-S.15.

 

Azərbaycan Xalq Cümhuriyyətinin liderləri:

Fətəli xan Xoyski

 

Vəli İlyasov

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, görkəmli dövlət xadimi Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində (indiki Şəki) anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının kazak leyb-qvardiya alayının general-leytenantı idi. İskəndər xan Xoy və Şəki xanlarının nəsil şəcərəsinə daxildir. Fətəli xanın anası Şərəbanı xanım dövrünün tanınmış ziyalısı Hacı Molla Zeynalın qızı idi.

Xoy şəhərinin hakimi olmuş ulu babası Cəfərqulu xan vaxtilə İran hökmdarı Fətəli şahın ordusu ilə müharibədə məğlub olduqdan sonra 20 min nəfərlik qoşunla Araz çayını keçərək Üçkilsəyə - Eçmiədzinə sığınmışdı.

Təhsilini Yelizavetpol (Gəncə) şəhər gimnaziyasında başa çatdırdıqdan sonra Fətəli xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. O, universiteti 1897-ci ildə 1-ci dərəcəli diplomla bitirib və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün namizəd təyin olunub. Ümumiyyətlə, ali təhsil aldıqdan sonra Fətəli xan vəzifə pillələri ilə sürətlə irəliləyərək dövlət başçısı postuna qədər yüksəlib.

Universitet illərindən sonra Gürcüstanın Kutaisi, Zuqdidi və Suxumi şəhərlərində bir neçə il hüquqşünas vəzifələrində çalışdıqdan sonra Fətəli xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət Dumasına müstəqil millət vəkili seçilib. Müxtəlif məqsədli komissiyalara üzv və katib seçilib.

Geniş ictimai iş aparan Fətəli xan Xoyski II Dövlət Dumasında müsəlman fraksiyasının üzvü olub. O, çarizmin xalqların köçürülmə siyasətinin əleyhinə çıxış edir, kadet partiyasının platformasına daha çox üstünlük verirdi. 1917-ci il Fevral inqilabından sonra həmin ilin aprel ayında Bakıda keçirilən I Qafqaz müsəlmanları qurultayının iştirakçısı olub. Həmin ilin may ayında Moskvada keçirilən I Ümumrusiya müsəlmanlarının qurultayında Ümumrusiya Müsəlmanları Şurası İcraiyyə Komitəsinin üzvü seçilib. Bitərəf qaydada Müsavat partiyasının I qurultayında (26-31 oktyabr) iştirak edən Fətəli xan Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi. O, 1917-1918-ci illərdə Bakı şəhər Dumasına rəhbərlik edib və Zaqafqaziya Federasiyası Komissarlığının xalq maarif komissarı vəzifəsində çalışıb. Zaqafqaziya Seyminin üzvlüyü ilə bərabər Müsavatda demokratik bitərəflər fraksiyasına da daxil olub. Aprel ayında Fətəli xan Zaqafqaziya Federasiyası hökumətinin ədliyyə naziri təyin edilib. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may - 7 dekabr) üzvü, mayın 27-də isə Milli Şura İcraiyyə Komitəsinin sədri seçilib.

Zaqafqaziya Seymi buraxıldıqdan sonra, 1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırıblar. Yığıncaq Cənubi Qafqazın şərq ərazilərinin idarə olunmasını öz üzərinə götürmək qərarına gəlib və özünü Zaqafqaziya Müsəlmanlarının Müvəqqəti Milli Şurası adlandırıb. Milli Şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradılıb. Şuranın vəzifəsi respublika həyatının müxtəlif sahələri üzrə nəzərdə tutulan planların həyata keçirilməsi idi. Həmin iclasda Fətəli xan Xoyski icraiyyə orqanının sədri seçilib.

Ertəsi gün Milli Şuranın ilk iclası keçirilib. Seymin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi və Azərbaycanın vəziyyəti onun gündəliyində duran əsas məsələlər idi. Şuranın bəzi üzvləri Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idi. Fətəli xan Xoyski öz növbəsində yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumətin yaradılması və Azərbaycanın müstəqilliyini elan etmək, digər ölkələrlə danışıqlara başlamaq təklifini verdi. Nəticədə iki nəfər bitərəf qalmaqla 24 səslə Şura Azərbaycanın dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul edib. Fətəli xan Xoyski müvəqqəti hökumətin tərkibini açıqlayıb və özü orada hökumətin başçısı və daxili işlər naziri vəzifələrini tutub. Mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra ölkələrin xarici işlər nazirlərinə radioqram göndərib. Radioqramın mətni belə idi:

 

“Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma,

Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva,

Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen

 

Xarici İşlər Nazirinə

 

Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətini elan etmişdir. Azərbaycan Respublikası yaradılmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumət müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir.

 

İmza: Fətəli xan Xoyski,

Azərbaycan Respublikası Nazirlər Şurasının sədri.”

 

Lakin Azərbaycanın düşmənləri xarici təsirləri gücləndirir, müstəqilliyimizə zərbə vururdular.

918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı ilə Qafqaz Türk-İslam Ordusunun hissələri bolşevik-daşnak qoşunlarını darmadağın edərək Bakıya daxil oldu. Növbəti gün Azərbaycan milli hökuməti Bakıya köçüb. Bakının paytaxt elan edilməsinə görə Fətəli xan Xoyski sevinən azərbaycanlıları təbrik edir, sonra şəhərin küçələrinə çıxaraq açıq avtomobildə gedərək əhalini salamlayırdı.

Lakin çox keçmədi ki, Fətəli xan hökumətin bəzi üzvlərinin neftlə bağlı qanunsuz əməllərinə etiraz əlaməti olaraq istefa verib. Bundan sonra o, Azərbaycan Parlamentinin 7 dekabr tarixli iclasında xarici işlər naziri postunu tutub. Zaqafqaziya respublikaları nümayəndələrinin 25 aprel-30 may 1919-cu il tarixdə Tiflisdə keçirilən konfransında Fətəli xan Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edib.

1920-ci il aprelin 28-də Azərbaycan XI qırmızı ordu tərəfindən işğal ediləndən sonra Fətəli xan Xoyski Tiflisə köçüb, orada isə cəmi bir neçə gün yaşayıb. İyun ayının 19-da orada xaincəsinə qətlə yetirilib. Onu izləyən Daşnaksütyun partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açaraq qətlə yetiriblər. Bununla da Azərbaycan xalqı öz görkəmli dövlət xadimlərindən birini itirib.

Fətəli xan Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn edilib. Onun dəfn mərasimini o zaman Tiflisdə fəaliyyət göstərən İran konsulluğu həyata keçirib. Bu böyük insanın əziz xatirəsi Azərbaycan xalqının hafizəsində əbədi yaşayır.