Şərq.-2018.-13 yanvar.-¹7.-S.12.

 

“Kitabi-Dədə Qorqudla Quran hökmləri

 

Namiq Hadi

 

Azərbaycan xalqının mənəvi sərvəti olan mifologiyası atəşpərəstlik zamanında Zərdüştün kitabı "Avesta"da olan fəlsəfi həqiqətlərdən - nurla zülmətin, xeyirlə şərin mübarizəsindən yaranıb. Bu xalq haqqın məhəbbətindən yarandıqlannı anlayaraq, məhəbbəti ilahi məqam bilmişdir. Atəşpərəstlik və oda sitayiş ilahi eşqin də Azərbaycanda yarandığını bildirir. Məhəbbətin yüksəlişi olan eşq haqdan ayrı salınaraq cəhalət qaranlığında qərib qaldığını dərk edənlərdə yaranır. Dədə Qorqud Quranın hökmüdür. Mifologiya bu hökmün gerçəkləşdiyi yerdir.

“Dədə Qorqud” kitabı isə ilahi hökmün söz ilə gerçəkləşdiyi yerdir, Qurandakı eşq hekayətidir, Leyli Məcnun əhvalatıdır, Məhəbbətnamədir. “And olsun Günəşə və onun işığına. Nəfsini günahlardan təmizləyən mütləq nicat tapacaqdır”. (Şəmş 1.9) deyə Tanrı odu ilə özünü pak saxlayan Azərə və onun işığı Oğuza and içir. Miflərdə söylənilənlər gerçəkdir, lakin dərk olunmayanda nağıl olaraq qalırlar. insan öz kökündən, yəni mif dövründən ayrılaraq vücuda gələnə qədər o qədər uzun zaman keçdi ki, mövlana Füzuli demişkən, ondan bir əfsanə qalmışdır. “Dədə Qorqud” kitabı isə iki yaradılış arasında - oddan yaradılış ilə sudan yaradılış arasında hökm edən kitabdır, istər şifahi və istərsə də yazılı xalq ədəbiyyatının yaradılmasında məqsəd insanların yüksək əxlaqa və ədəbə çatması üçün yolların göstərilməsi olub (ədəbiyyat sözünün özü də “ədəb” sözündən yaranıb). Əbədi mübarizə - xeyirlə şərin mübarizəsi isə qiyamətədək davam edəcək. Lakin nəyin insanlar üçün xeyir, yaxud şər olduğunun müəyyənləşdirilməsi üçün əvvəldən Haqq-Təala tərəfindən dinlər müəyyən edilmiş və səmavi kitablar göndərilib. “Dədə Qorqud” kitabı hərəkələrlə hərəkət verilmiş Quran ayələrinin xətt, yazı və söz iibası ilə gerçəkləşdiyi ədalətinin divanıdır, ağlın kitabıdır. Bu kitabın xəttində Şah Xətainin aşağıdakı misralarını xatırlatmasam xəta olardı

“Yazmağə həqqdən kəlimüllahinatiq şərhini

Kim, bəyani elm ilən Quranə gəlmişlərdənüz ...

Qeybi-mütləqdən təmaşayi-rüxi, ziba üçün

Bu şəhadət mülkünə seyranə gəlmişlərdənüz”.

İstər “Dədə Qorqud” kitabı haqqında və istərsə də daş kitabələr haqqında fikir söylənilərkən tarixçi araşdırmalarına və arxeoloqların rəylərinə əsas mənbə kimi baxılmasını düzgün hesab etmirəm. Bu halda qədim kitablara və yazılara yanaşma tərzi düzgün müəyyənləşdirilməz və ədəbiyyatımız“statistika məlumatları” toplusundan başqa bir şeyə yaramaz. Əgər söz tərcüməsi ilə də fikir formalaşmazsa, biz ən gözəl əxlaq olan islam əxlaqından uzaq düşə bilərik. “Onlar ancaq zənnə tabe olarlar. Zənn isə heç vaxt həqiqət ola bilməz” (Quran, Ən-Nəcm, 28). Dədə Qorqud qeybi bildiyinə görə, əvvəl və axır ona məlum olub. Biz isə yalnız mənəvi aləmlərdə baş vermiş hadisələrin maddi təzahürünü ulduzlardan gələn enerjilər (işıqlı kəlmə nöqtələri) vasitəsi ilə görürük və eşidirik. Bu belə olur: “Məlumdur ki, bir il ərzində günəş səmada bir qapalı xətt üzrə bir tam dövr edir. Onun yolu üzərində yerləşən ulduz qrupları (bürclər) Zodiak bürcləri adlanır”. Bu, varlıq dairəsidir və ondakı bürclərin sayı on ikidir. Bunlar “Dədə Qorqud” boylarına uyğun gəlir. O ulduziardakı insan taleləri, hərəkətlər maddi aləmdə sözlə gerçəkləşir, surət alaraq görünürlər. Yəni, insanın gözünə görünənlər yaradılanların yalnız surətləridir. Bu bürclərin hər birini günəş təqribən bir ay ərzində keçir. Günəşin tam dövrü bir il təşkil edir. Xan Bayandırın ildə bir kərə toy edib Oğuz bəylərini qonaqlaması Günəşin Həməl (əməl) bürcünə daxil olması ilə elmdən əmələ doğru mənəvi dolanmanın, hərəkətin (Novruzun), yəni yeni günün başlanmasına uyğun gəlir. Qədim təqvimlə Bahar olur. Haqqın ədalətinin göründüyü bu gündür. (İsgəndərin doğulduğu gündür). Nizami “İsgəndərnamə” əsərində həmin günün Novruz və ən xoş tale olduğunu Əsəd bürcü ilə müəyyən edib. Deməli, Novruz atəşpərəst ruhların günahlarının bağışlanmasının bayram edildiyi gündür. Tanrı birliyinin, Haqqın bərabərliyinin və ədalətinin təntənəsi günüdür ki, boyların sonunda Dədə Qorqudun gəlməsi ilə bildirilir.

“Dədə Qorqud” kitabındakı on iki boyun on iki zodaik bürcü, on iki qəməri ayı və quranın ilk 12 surəsi ilə uyğunluğu.

Varlığın əvvəli məhəbbət sonu ayrılıqdır.

1. Qoç (həməl) hökmlüdür, ədalətlidir.

Dirsə xan ağıl tərəzisidir. Haqlı olsa da ədaləti görünmürdü. Günah etdi ki, haqqın ədaləti görünsün. Bu ay məhərrəm, haqqa yaxınlıq ayıdır (Həmd surəsi).

2. Buğa (öküz) ayıq zəkaya malikdir. Maddi nemətləri xoşlayır. Yerdən tükənməz qüvvət alır.

Elm ilə övlad sahibi olmuş ağılın Ögsüz (evsiz) günəşinin səfər ayında hərəkəti ilə günahlarının bağışlanması üçün qəzavü-qədər yazısını qəbul etmək istəmədiyidir. Qazanın ibadət evini yağmaladığı və məğlub olduğudur (İnək surəsi).

3. Cövza (əkizlər) hər şeyi bilməyə həvəs göstərirlər. İnsan bədəninə oxşayan bu bürcün kəmərində bir düz xətt üzrə üç parlaq ulduz yerləşir (ağıl, həya, din kimi). Əmr edən ağlın, ona verilmiş iki Oğuz - həya və din libaslarını tərk edərək (Beyrəyi və Banuçiçəyi) yaratdıqlarını qeyri libaslarda gözlə görməsi istəyidir. Rəbbiül- əvvəl ayında (varlığın əvvəlində) bu gözün qəza gözü olacağından xəbər verilir (Ali İmran surəsi).

4. Sərətan (xərçəng) Ən müəmmalı bürcdür. Ay torpağı onun mənəvi aləminə çox təsir göstərir, onu anlaşılmaz edir. Nizami onu asimanın başının tacı hesab edir ki, onu Peyğəmbər peşkəş alır.

Qazan xanın Uruzu qəzanın Günüdür, insanlar günahlarının bağışlanmasını dilədi. Allah da onların günahlarını bir ruzqu edərək onların özlərinə bağışlamaq istədi. Ancaq seyrdə Uruza vurulan və günahlarını qəbul etmək istəyən tapılmadı. Rəbbiül -axırda (varlığın sonunda) qiyamət qopdu. Günün kafər xətdən, qara yazıdan təmizlənməsi məqsəd oldu (Nisa surəsi).

“Etimad olmaz yeni iymanə gəlmiş kafərə” söyləyib Füzuli.

5. Əsəd (şir) hökmlüdür, daxili aləmi zəngindir, xeyirxahdır. Onun köməyinə bel bağlamaq olar.

Haqdan dəlil olaraq iki yaradılış-mif dövrü və yazı dövrü arasında səbr körpüsü. Qeyrət və ismətin haqq-təala tərəfindən qiymətləndirilməsi. Cəmaziəl-əvvəl ayında haqqın süfrəsinin görünməsi. Maidə (Süfrə surəsi).

6. Sünbülə (qız) reallıq, məntiq, şəffaflıqdır. Elmə malik, uzun ömürlüdür. Cəmaziəl-axır ayında haqqın cəlalını göstərməklə Qanturalının ilahi mərifət meyinə və elm ilə eşqin məstliyinə yetişmək istəyi gerçəkləşdi (Ənam surəsi).

7. Mizan (tərəzi) Həyatın nəbzini asanlıqla tutur. Rəcəb ayında Yeynəyin sonsuz rica ilə qəlbdə əməllərinin görünməsi və günahlarının bağışlanacağına ümidi vardır (Əraf surəsi).

8. Əqrəb. Ən parlaq ulduzuna qəlbül-əqrəb deyilir. Qüvvətli və qüdrətlidir. Əqrəb mübarizə aparır, viranəlik içərisində dirilib qalxır. Olduqca cazibədardır.

Gecəyə məxsus olan şəban ayında qəlb torpağında qəza görünmür, salamatlıqdır. Bu torpaqdan yaranan Təpəgöz Qələmin hökmü qəlbin hökmü olub zaman əhlinin əməllərinin puç olacağını yazıb başa çıxdı. Mənəvi aləmlərdə namaz əhli də haqq yönələn qəlbi zəmanə imamı (Məcnun) olduğunu qəbul edib və bu qəlb toprağının başına fırlanmaqdadırlar. Bu barədə görün nə gözəl deyibdir

Mövlanə Füzuli:

“Nə yanar kimsə mənə atəşi-dildən özgə,

Nə açar kimsə qapım badisəbadan qeyri”

Ənfal (Qənimət surəsi)

9. Oxatan. Təmkinlidir, adamları ardınca aparmağı bacarır. Bəkil adlı ağıla söz verdilər. Axan ulduzlarla atılan oxlarda talelər göründü. Ağılın Ramazan (rəmzlərin göründüyü) ayında tövbə məqamıdır (Tövbə surəsi).

10. Oğlaq.Tərs, ən dözümlü və ən davamlıdır. Onu yolundan döndərə bilən yoxdur. Şəvval ayında şəhidlik məqamı və nəfsə qarşı cihadda əbədiyyət vardır. Əvvəl ilə axır (Əgrək və Səgrək) buna görə qovuşduruldu (Yunus surəsi).

11. Dolça taleyə boyun əyməyə məhkum edir, öz taleyi heç də həmişə uğurlu olmur. Haqqın günəşi Zülqədər kimi Ziiqədə (kölgələr yeri) ayında Uruz atası Qazanı həyatın dibində suyun zülmətində dirilik suyu olduğunu görür və onu xilas edir (Hud surəsi).

12. Balıq. Ruhən əzab çəkir, sıxıntı keçirir. Humanist və fədakardır, uzaqgörəndir. Zilhiccə (Hicr) ayında həyanı (Beyrəyi) özündə öldürənlər Yusifi-mənanı da yox etdilər və kamilliyə yetişmədilər. Fəsadı yaratdılar (Yusif surəsi).

Sevgili Peyğəmbərimizdən belə bir hədis gəlmişdir ki, “Ey insanlar, aləmdə olub-bitən işlər ilahi taleyə bağlıdır. Vaxtında görüləcək işlər üçün tələsməyin mənası yoxdur. Cənabi-Haqq kiminsə istəyi ilə tezləşdirməz. Allahın qəza və qədərinə qarşı mübarizə aparmaq istəyənlər məğlub olarlar” (Burada Salur Qazana və qarındaşı Qara-gunəyə qarşı). Əsl yaradılış olan mənəvi aləmlərin qavranılması üçün Tanrının istəyi ilə gerçəkləşərək ağlın sudan yaratdığı sözün zamanına ehtiyac, Allahın təqdirinin haqq olduğunun nəhayətdə insanın dərk etməsi üçündür. Qeyb aləmindəki nəfsi istəklərin yaranaraq duyğu aləmində günah kimi görünməsi boylarının sonunda bu cür ifadə edilib: “Qanı öydüyümüz bəy ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli-gedimli dünya! Son ucu ölümlü dünya? Allah günahınızı Məhəmməd Mustafa üzü suyuna bağışlasın!”.

“Dədə Qorqud” kitabının Quranla elmi şərhini verməyi qərara aldım.

Kitabdakı boyların Quranla əsas şərhindən sonra adları sadalanan aşağıdakı köməkçi vasitələrlə və əlavə şərhlərlə də söylədiklərimin təsdiqinə çalışacağam.

Nizami - Sirrlər Xəzinəsi

Qədim yunan fəlsəfəsi

Xaqani - Meratüs - Səfa

İrfan, dərvişlik rəmzləri

Nəsimi - Əliflam və tərs əlifba

Hind fəlsəfəsi

Füzuli - Bəngü badə, su qəsidəsi

Divan ədəbiyyatı

İmamət Xətt, hərf, kəlam, nöqtə və məntiq elmləri

Bibliya 12 məqam (muğam)

Kvant fizikası, astronomiya, riyaziyyat, həndəsə və təbabət elmləri