Ədalət.- 2018.- 6 aprel.- 60.- S.4.

 

Gerçəkliyə çevrilən arzular

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə din-dövlət münasibətləri

 

Rövşən Mustafayev,

Gədəbəy şəhər "Cümə" məscidinin imamı və dini icmasının sədri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu il yanvarın 10-da imzaladığı Sərəncamla 2018-ci il ölkəmizdə "Cümhuriyyət ili" elan olunub.

Belə bir tarixi və mühüm sənədin meydana gəlməsi heç də təsadüfi deyil, axı bu il müsəlman Şərqində ilk demokratik respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur. Ölkə başçımızın verdiyi sözügedən Sərəncamda qeyd olunduğu kimi "1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi və milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikamızın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır".

 

Zamanın və tarixin yaratdığı Cümhuriyyətimiz

 

100 il öncə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb və ziddiyyətli bir zamanda meydana gəldi. Çünki həmin vaxt dünyada və Azərbaycanın yerləşdiyi geopolitik məkanda gərgin siyasi hadisələr baş verirdi.

1917-ci ilin fevralında qonşu Rusiyada baş verən hadisələr nəticəsində monarxiya devrildi, Romanovlar sülaləsinin hakimiyyəti ömrünü başa vurdu. Həmin ilin oktyabrında isə bolşeviklər çevriliş nəticəsində siyasi arenanı zəbt etdilər.

1918-ci il fevralın 14-də Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymi təsis edildi və parlament Tiflisdə öz işini qurmağa başladı. Bu, faktiki olaraq Zaqafqaziyanın müstəqilliyi demək idi.

1918-ci il mayın 27-də Seymin müsəlman deputatları ayrıca iclas çağıraraq Azərbaycanın müstəqilliyini elan etdilər. Məmmədəmin Rəsulzadə yeni yaradılan Milli Şuranın sədri seçildi. Ayın 28-də isə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın tarixində mühüm dönüş olan həmin hadisə baş verdi-Həsən bəy Ağayevin sədrliyi ilə çağırılan Milli Şuranın iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Məhz Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Mehdi bəy Hacınski, Əkbər ağa Şeyxülislamov, Həmid bəy Vəkilov, Xudadat bəy Məlik-Aslanov, Mustafa Mahmudov, Hacı Molla Səlim Axundzadə, Şəfi bəy Rüstəmbəyov, Xosrof Paşa bəy Sultanov kimi şəxsiyyətlərimiz həmin tarixi sənədi-İstiqlal Bəyannaməsini imzaladılar.

Necə deyərlər, Azərbaycan Xalq Cümhuriyyətini zaman və tarix özü yaratdı.

 

Sağlam bünövrə

 

Mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti dinindən və dilindən asılı olmayaraq bütün ölkə vətəndaşlarına bərabərhüquqlu imkanlar yaratdı, etiqad və vicdan azadlıqları təmin olundu.

Dövlət başçımız İlham Əliyev cənablarının ötən il mayın 16-da imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamında bu sahədə görülən işlərə yüksək qiymət verilir: "Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı".

Tarixi sənədlərdən də məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib, toplantılarda 250 qanun layihəsi müzakirəyə çıxarılıb və onlardan təxminən 230-u qəbul olunub. Xalq Cümhuriyyəti özünün xarici, müdafiə, daxili işlər nazirliklərini, kəşfiyyat, sərhəd xidmətlərini yaradır, Bakı Dövlət Universiteti kimi elm ocağını təsis edir.

Həmin dövrdə din-dövlət münasibətlərinin formalaşmasına da böyük önəm verilib, bunun üçün vacib olan addımlar atılır. Təsadüfi deyil ki, 1918-ci il iyunun 17-də qurulan ilk hökumətin tərkibində Xalq Maarifi və Dini Etiqad Nazirliyi də yer alır və dövrünün tanınmış ziyalısı, ictimai xadimi Nəsib bəy Yusifbəyli həmin nazirliyə rəhbər təyin edilir. Xalq Maarifi və Dini Etiqad Nazirliyinin əsas məqsədlərindən biri də əhalinin dini ehtiyaclarını ödəmək, milli-dini adət və ənənələrin qorunmasına nail olmaq idi. Nazirlik qısa müddət ərzində din xadimləri ilə sıx əlaqələr qurmağa nail olur, məzhəb ayrı-seçkiliyini aradan qaldırmağa çalışır. Din xadimləri ölkənin ictimai həyatında fəal rol oynamağa başlayır. Yeni yaranan Milli Orduda "hərbi molla" vəzifəsi yaradılır.

Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin Gürcüstanın paytaxtı Tiflisdən əvvəlcə Gəncə şəhərinə, qısa müddətdən sonra Bakıya köçürülməsi də Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə sıx bağlıdır. 1918-ci ilin avqustunda Şeyxülislam Məhəmməd Pişnamazzadə və Müfti Mustafa Əfəndizadə fəaliyyətlərini Azərbaycanda davam etdirməyə razılıq verirlər. Həmin il sentyabrın 1-də isə ölkədəki şiə və sünnü məzhəblərini öz ətrafında birləşdirən "Məşixəyə" adlanan vahid qurum yaradılır. Bu quruma Şeyxülislam Məhəmməd Pişnamazzadə və Müfti Mustafa Əfəndizadə ilə birlikdə 31 ruhani-16 şiə və 15 sünni Qazı daxil olur. Xalq Maarifi və Dini Etiqad Nazirliyi həmin il sentyabrın 7-də bu qurumla bağlı qərarı təsdiqləyir. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını erməni daşnak qüvvələrindən azad etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti din-dövlət münasibətlərində böyük tarixi əhəmiyyəti olan qərar qəbul edir. Dini idarə paytaxt Bakıya köçürülür və Qafqaz Müsəlmanları Ruhani İdarəsi kimi fəaliyyətə başlayır.

1918-ci il dekabrın 11-də Şeyxülislam Məhəmməd Pişnamazzadə öz məqamından istefa verir və bir gün sonra Xalq Maarifi və Dini Etiqad Nazirliyinin tövsiyəsi ilə Təzəpir məscidinin axundu, dövrünün çox tanınmış din xadimi və ziyalısı Ağa (Zeynal Abidin) Hacı Cavad oğlu Əlizadə ( 1871-1954) Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri və Şeyxülislam vəzifəsinə seçilir.

Beləliklə, müsəlmanların dini fəaliyyətlərinin idarə edilməsində bir-birinə münasibətdə muxtar, ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırılır və Qafqaz müsəlmanlarının vahid idarəsi yaradılır. Şeyxülislam dini idarəsinin rəhbəri, yəni Qafqaz müsəlmanlarının dini rəhbəri, Müfti isə onun müavini olur.

Yeni hökumətin qəbul etdiyi qərarla Şeyxülislam Nazirlər Şurasının üzvü sayılır, ona rəsmi yığıncaqlarda iştirak etmək səlahiyyəti verilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə cümə günü rəsmi olaraq istirahət günü elan edilir, dini bayramlar azad şəkildə qeyd olunur. Dini idarələrin dövlət xəzinəsindən maliyyələşməsi barədə qərar verilir.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti din-dövlət münasibətlərində bir çox önəmli addımlar atmağı planlaşdırsa da 1920-ci il aprelin 28-də Sovet Rusiyası ölkəmizi işğal etdiyindən bu işləri reallaşdırmaq olmur. Bütün dinlərə qarşı müharibə elan edən sovetlər Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətini rəsmən dayandırır, məscidləri bağlayır və nüfuzlu din xadimlərinə qarşı terror həyata keçirilər.

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının arzularını yalnız ölkəmiz ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra reallaşdırmaq mümkün olur. Xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev din-dövlət münasibətləri sahəsində yeni baxış formalaşdırır, qədim tarixə malik multikulturalizm və tolerantlıq ənənələrimiz Azərbaycanın dövlət siyasətinə çevrilir. Ulu öndərin təşəbbüsü ilə məscidlər, digər dinlərə məxsus kilsə, məbəd və sinaqoqlar təmir edilərək dindarların istifadəsinə verilir.

Həmin siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi işlər nəticəsində daha da inkişaf edir. Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir, "Multikulturalizm İli", "İslam Həmrəyliyi İli" qeyd olunur. Vətəndaşların etiqad və vicdan azadlığı qanunla qorunur, bütün səmavi dinlərin ardıcıllarına, müxtəlif konfessiyaların nümayəndələrinə bərabər imkanlar yaradılır. Təsadüfi deyil ki, ölkəmizdəki din-dövlət münasibətlərinin modeli dünya üçün bir nümunə sayılır.