Hərbi And.- 2018.- 6 aprel.- 13. - S.12.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Qazax Müəllimlər Seminariyasının milli təhsil tariximizdəki yeri və rolu

 

Rafiq Səfərov,

Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi

 

Beləliklə, Azərbaycan bölməsi Qazaxa köçürülərək müstəqil seminariyaya çevrilib və burada fəaliyyətini davam etdirib. Azərbaycan xalq maarif naziri N.Yusifbəylinin 1918-ci il 12 oktyabr tarixli əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru Firidun bəy Köçərli həmin il oktyabrın 1-dən seminariyanın direktoru təyin edilib.

Firidun bəy Köçərli zərbaycan qəzetinin (rus dilində) 1918-ci il 13 oktyabr tarixli nömrəsində dərc etdirdiyi Zaqafqaziya Müəllimlər Seminariyasının tatar bölməsinin müstəqil seminariyaya çevrilməsi haqqında sərlövhəli məqaləsində qeyd edirdi: 1918-ci ilin əvvəllərində Qazax şəhərinin müsəlman əhalisi və bəzi kənd icma nümayəndələri tədris dairəsi qarşısında ...tatar bölməsinin Qori şəhərindən Qazax şəhərinə köçürülməsi barədə məsələ qaldırıb ərizə ilə müraciət edərək vəd etmişlər ki, seminariyanın tikilməsi üçün bağ-bağça və 10 desyatin suvarılan torpaq, 3000 rubl məbləğində birdəfəlik yardım və hər il 1000 rubl borc pul ayıracaqlar. Bu məsələ Azərbaycan hökumətinin 1918-ci il 10 iyun tarixli iclasında müzakirə edilərək qazaxlıları qane edəcək qərara gəlmişlər. Tatar (Azərbaycan) bölməsinin əmlakının daşınması Xalq Maarif Naziri tərəfindən bölmənin inspektoruna həvalə edilmişdir ki, bu da onun tərəfindən yerinə yetirilmişdir.

Qazax Müəllimlər Seminariyası kimi vacib bir pedaqoji məktəbin açılması bütün qəza üçün böyük əhəmiyyət kəsb etdiyindən inanırıq ki, ziyalılar başda olmaqla yerli əhali bu təhsil ocağının gələcək fəaliyyətini təmin etməkdən ötrü əllərindən gələn köməkliyi əsirgəməyəcəkdir. Bütünlüklə seminariyanın yetirmələrindən ibarət olan yerli administrasiya tərəfindən də bu təhsil ocağına xüsusi qayğı göstəriləcəyinə şübhə etmirik.

Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Gürcüstanın mərkəzində mövcud olduğu 40 il ərzində tədris dairəsi rəhbərlərinin yürütdükləri ruslaşdırma tendensiyasına baxmayaraq, seminariyanın yetirmələri istər inqilab, istərsə də böyük çevriliş günlərində sınaqlardan şərəflə çıxaraq Vətəninin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qoşulmuşlar. Sonrakı illərdə isə həmin bölmə Qori şəhərindən Qazax şəhərinə köçürülərək müstəqil seminariyaya çevrilmiş Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli müəllim kadrları hazırlanmasına başlamış ilk pedaqoji məktəb kimi tanınıb. Qazax Müəllimlər Seminariyasının fəaliyyətinin təmin edilməsi məsələsi daim Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyinin diqqət mərkəzində olub. Hökumətin 1918-ci il 21 oktyabr tarixli iclasında bir il ərzində Qazax Müəllimlər Seminariyasının pansionu və onun şəxsi heyətinin saxlanması üçün 177.892 rubl məbləğində kreditin ayrılması haqqında xalq maarif nazinin məruzəsi dinlənilib və qərara alınıb ki, iki ay yarım - 1918-ci il oktyabrın 15-dən 1919-cu il yanvarın 1-dək olan müddətdə həmin seminariyanın pansionu, şəxsi heyətinin saxlanması və digər xərclər üçün 90.962 rubl 25 qəpik məbləğində kredit ayrılsın və məhsulların ucuz qiymətə verilməsi nəzərdə tutulsun.

Qazax Müəllimlər Seminariyasının direktoru F.Köçərli 1919-cu il martın 20-də Dövlət Müfəttişliyi İdarəsinin direktoruna 80 nömrəli məlumatı məktub göndərərək Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsinin 1918-ci il iyunun 20-də müstəqil müəllimlər seminariyasına çevrilməsi, şöbənin mülkünün 1918-ci ilin sentyabrında onun tərəfindən Qori şəhərindən Qazax şəhərinə daşınması, orada çalışacaq qulluqçu heyətinin komplektləşdirilməsi və təsdiqlənmək üçün Bakıya, Xalq Maarif Nazirliyinə şəxsən təqdim etməsi haqqında məlumat verib. Xalq Maarif Nazirliyinin 1918-ci il 28 oktyabr tarixli əmri ilə həmin heyət təsdiqlənib və əmrə uyğun olaraq oktyabrın 20-dən etibarən aşağıdakı şəxslərə Qazax Müəllimlər Seminariyasında müəllimlik etməyə icazə verilib:

- İsfəndiyar bəy Vəkilov - rus dili və təbiət elmləri; Yusif Qasımov tarix fənləri; Əli Hüseynov tarix və coğrafiya; Məhəmməd Hüseynzadə - riyaziyyat; İbrahim Əfəndi Qayıbov ana dili.

Qazax Müəllimlər Seminariyasının açılışı 1918-ci il noyabrın 10-da keçirilib və bu təhsil ocağında dərslər də elə həmin gündən etibarən başlanıb. Seminariyanın açılışında yerli komendant Səbri bəy, qarnizon rəisi Camal bəy, qəza rəisi Şıxlinski, xalq məktəbləri müfəttişi Qiyasbəyov, ali-ibtidai məktəb müfəttişi Mustafayev, yerli hökumət idarələrinin məmurları, şəhərin fəxri sakinləri, yeni qəbul olunmuş şagirdlərin valideynləri və s. iştirak ediblər.

Açılışda toplaşanları salamlayan İbrahim Əfəndi Qayıbov çıxışında gənc dövlətin pedaqoji təhsilə böyük ehtiyacı olduğunu qeyd edib. Səbri bəy seminariyaya yeni daxil olmuş şagirdlərə müraciət edərək onları və Qazax cəmiyyətini bu təhsil ocağının açılışı münasibətilə təbrik edib və müəllimlərin cəmiyyətdəki roluna yüksək qiymət verərək deyib: Təmənna güdməyən, zəhmətkeş müəllimləri olmayan millətin xoşbəxt, güclü və qüdrətli olması mümkün deyildir.

Səbri bəyin ardınca Camal bəy toplantıda iştirak edən şagirdləri təbrik edərək onları Vətən naminə məhsuldar çalışmağa səsləyib. Eyni zamanda, gənc tələbələrə xatırladıb ki, Vətən təkcə iti qılıncla deyil, elmi cəhətdən inkişaf etmiş ağılla da müdafiə edilir ki, o da məktəbdə yetişdirilir. Odur ki, onlara təhsil almaq üçün fədakarlıqla çalışmaqlarını arzulayıb. Seminariyanın direktoru F.Köçərli açılışda söylədiyi nitqdə qeyd edib ki, seminariyanın Gürcüstanın mərkəzində, özgə zəmində və müsəlman aləmindən uzaqlarda yaradılmasına baxmayaraq, çox böyük əhəmiyyəti olub, fəaliyyəti dövründə xalq məktəblərində işləməkdən ötrü Qafqaz müsəlmanlarına çoxlu sayda müəllimlər hazırlayıb. Vətəndən ayrı düşmüş müsəlman gəncləri milliliyinin təmizliyini və toxunulmazlığını qoruyub saxlaya bilmişlər. İndi müstəqil seminariyaya çevriləcək doğma diyarına, Qazaxa köçürülmüş tatar (Azərbaycan - R.S.) bölməsi xalqın mənəvi geriliyinin aradan qaldırılmasının mühüm amillərindən birinə çevriləcək bu yolda var qüvvəsi ilə çalışacaq.

Müəllimlər seminariyasının mövcud proqramının dəyişdirilməsinə dair hazırlığın görülməsi haqqında xalq maarif nazirinin müavini H.Şahtaxtinskinin Qazax Müəllimlər Seminariyasının direktoru F.Köçərliyə göndərdiyi 1919-cu il 27 mart tarixli məktubda deyilir: Şübhəsizdir ki, müəllim seminariyalarının mövcud olan proqramı hazırkı vaxtda yararlı sayıla bilməz. Həyat yubanmadan proqramı az yararlı, lazım olmayan, gərəksiz materiallardan təmizləyərək onun zəmanəyə uyğun yeni, təzə elementlərlə təkmilləşdirilməsini və yeni proqram ilə əvəz edilməsini tələb edir. Bu, əlbəttə ki, çətin və məsuliyyətli bir işdir və tək adamın öhdəsindən gələsi bir məsələ deyildir. Bu məsələ kifayət qədər nəzəri və praktik hazırlığı olan mötəbər qüvvədən ibarət bütöv bir komissiyanın müzakirə predmeti ola bilər. Bu məsələ təcili öz həllini tələb etdiyi üçün bizdə mövcud olan qüvvə ilə hazırlaşmalı və materiallar toplandıqca ümumi qüvvə ilə onun yerinə yetirilməsinə başlanmalıdır.

H.Şahtaxtinskinin seminariyanın mədəni fəaliyyətinə görə 1919-cu il aprelin 6-da F.Köçərliyə göndərdiyi təşəkkür məktubunda qeyd edilirdi: Sizin gənc seminariyanın mədəni fəaliyyəti nazirliyi fərəhləndirir. Nazirlik sizə və sizin seminariyaya təşəkkür edir.

Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsinin Gürcüstanın Qori şəhərində açılmasına baxmayaraq, onun təşkili, sonrakı dövrlərdə isə onun Qazaxa köçürülərək müstəqil seminariyaya çevrilməsi XIX əsrin sonu XX əsrin birinci yarısında azərbaycanlı müəllim və pedaqoji kadrlarının hazırlanmasında mühüm mərhələdir. Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox görkəmli nümayəndələri məhz həmin seminariyada təhsil alıblar. Ölkədə pedaqogika elminin yayılması və inkişaf etdirilməsi, yeni məktəblərin, xalq maarifinin bütöv bir dövrü məhz Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin, sonrakı dövrdə isə Qazax Müəllimlər Seminariyası məzunlarının fəaliyyəti ilə bağlı olub.

Qori seminariyası mövcud olduğu 40 il ərzində Azərbaycan məktəbi üçün 250-dək müəllim - Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Hacıbala Süleymanov, Osman Əfəndiyev, Fərhad Ağazadə, Nurməmməd Şahsuvarov, Müseyib İlyasov, İsfəndiyar Vəkilov, Əli Qəmərli, Ə.Seyidov, Şıxlinskilər və başqalarını hazırlayıb ki, onlar da öz növbəsində Azərbaycanda milli maarifçilik hərəkatının inkişafında müstəsna rol oynayıblar. Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq təhsili, maarifi və mədəniyyətinin inkişaf etdirilməsində, təhsilin milli köklər üzərində yenidən qurulmasında, məktəb islahatlarının aparılmasında, anadilli məktəblərin yaradılmasında, ana dilində dərsliklərin hazırlanmasında vaxtilə Qori seminariyasının Azərbaycan bölməsini bitirmiş məzunlar fəal iştirak ediblər. Onlar Azərbaycanda təhsilin, maarifin və mədəniyyətin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan mübarizə aparıblar.

Xalqımızın təhsil tarixində əhəmiyyətli dərəcədə xidməti və rolu olmuş təhsil ocaqlarının təcrübəsini öyrənmək və gənc nəslin elmi-pedaqoji biliyinin artırılmasında, onların vətənpərvər ruhda tərbiyəsində ondan istifadə etmək bu gün də aktualdır.

Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Süleyman Sani Axundov, Fərhad Ağazadə kimi görkəmli şəxsiyyətləri yetişdirmiş Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan bölməsinin, eləcə də sonrakı illərdə Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi görkəmli ziyalılar yetişdirmiş Qazax Müəllimlər Seminariyasının fəaliyyəti gənc nəsillər tərəfindən öyrəniləcək, onların elmi-pedaqoji biliklərinin artırılmasında həmin tədris ocaqlarının zəngin təcrübəsindən istifadə ediləcək.