525-ci qəzet.-2018.-28 mart.- ¹ 53.- S.6.; 29 mart.- ¹ 54.- S.6.; 30 mart.- ¹ 55.- S.6.

 

Cümhuriyyət fədaisi: görkəmli hərb xadimi Həbib bəy Səlimov

 

Lətif Şüküroğlu,

Tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik

 

"Azərbaycanın sərhəd mühafizəsi tarixindən" kitabı üzərində işləyərkən tanış olduğum arxiv sənədlərində 1919- 1920-ci illərdə respublikanın cənub sərhədlərinin Muğana və xüsusilə Lənkərana aid hissəsində mühafizə məsələlərinin təşkili, ümumiyyətlə, ilk müstəqil milli demokratik dövlətimizin bu regionda hakimiyyət strukturlarının yaradılması sahəsində çox böyük əməyi olan şəxsiyyətlər sırasında general Həbib bəy Səlimovun adına bir neçə dəfə rast gəlmişdim. Azərbaycan Hərbiyyə Nazirliyində Baş Qərargah rəisi, Qarabağda yerləşdirilən ordunun komandanı olmuş, Vətən qarşısında həqiqətən də danılmaz xidmətlər göstərmiş bu tarixi şəxsiyyət haqqında oxucuya az məlumat çatdırılıb. Həbib bəy kimdir, hansı xidmətlərinə görə bu gün minnətdarlıq hissi ilə yad edilməyə haqqı var, bir vaxtlar mühüm dövlət postları tutmuş bu şəxsin sonrakı taleyi necə olub?

AR Milli Arxiv İdarəsinin və təhlükəsizlik orqanlarının arxivindən topladığımız sənədlər əsasında bu sualların bir qisminə də olsa cavab verməyə çalışacağıq. Ancaq həmin faktlar barədə geniş söhbət açmazdan əvvəl H. Səlimovun çoxsahəli fəaliyyəti ilə bağlı belə bir mühüm cəhəti qeyd edim ki, yaşadığı dövrün tarixi şəraiti ilə əlaqədar onun ömür yolu bir qədər mürəkkəb və ziddiyyətli keçmiş, bu günün prizmasından yanaşıldıqda çətin anlaşılan hərəkətlərdən xali olmamışdır. Bütün bu ziddiyyət və anlaşılmazlıqlara baxmayaraq, Həbib bəy işlədiyi müxtəlif sahələrdə, ona tapşırılan ən məsul vəzifələrin yerinə yetirilməsində və çoxsaylı məsələlərin həllində həmişə özünü əsl peşəkar kimi göstərmiş, başqalarının hesablaşdığı söz və əməl sahibi sayılmışdır.

Cəmi 39 il ömür sürmüş Həbib bəy Səlimovun həyat yolundan bəhs etməzdən qabaq onun Azərbaycan dövləti qarşısında ən böyük xidmətlərindən biri - 1919-cu ilin avqust və sentyabr aylarında Lənkəran qəzasının milli hakimiyyətin idarəçiliyi altına alınması yolunda gördüyü işlər barəsində söz açmaq istərdim. Bir ildən artıq müddətdə öz dövlət müstəqilliyini əldə etmiş gənc Azərbaycan Respublikasının ölkənin bütün ərazisində hakimiyyət dayaqlarını möhkəmləndirmək cəhdlərinə baxmayaraq, 1919-cu ilin sentyabr ayına qədər Lənkəran qəzasında hökumətə tabe strukturlar yaratmaq mümkün olmamışdı. O dövrdə Lənkəranda vəziyyətin həqiqətən də gərgin olduğunu göstərən dəqiq məlumatlardan biri Hərbi Nazirliyin Baş Qərargah üzrə 420 saylı 19 sentyabr 1919-cu il tarixli əmri sayıla bilər. Hərbi nazir S. Mehmandarovun və Baş Qərargahın qərargah rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşının imzaladıqları həmin əmrdə deyilir: "Lənkəran şəhərinin alınması və həmin rayonda qayda-qanun yaradılması, Azərbaycan Hökuməti hakimiyyətinin bərqərar olunması üçün mənim tərəfimdən Baş qərargahın rəisi general-mayor Səlimovun komandanlığı altında üç növ qoşun hissəsindən ibarət xüsusi dəstə təşkil edilmiş və Lənkərana göndərilmişdir".

Əmrdə Hacıqabuldan Lənkərana qədər və geriyə 430 verstlik çətin keçilən, su ehtiyatının az olduğu yolu güclü istidə 15 günə xəstə və geri qalanlar olmadan keçmiş gənc ordunun uğurları qürur hissi ilə bildirilir və bu uğurların qazanılmasında xidmətlərinə görə general- mayor Həbib bəy Səlimova təşəkkür elan edilir. Bu tədbirlərin görülməsi həm də Lənkəran qəzasında hakimiyyətin dayaqlarının möhkəmləndirilməsi, həm də yalnız sərhədin mühafizəsinin gücləndirilməsi, ümumiyyətlə, ərazinin hər hansı müdaxilədən müdafiəsi məqsədilə zəruri idi.

Yeri gəlmişkən, qeyd etməyi lazım bilirik ki, həmin illərdə Lənkəran qəzası da daxil olmaqla İranla sərhədboyu ərazilərdə ayrı-ayrı silahlı dəstələr və qaçaqlar yerli sakinlərə əziyyət verir, kəndlərin əhalisini soyub-talayır, hətta öldürürdülər. Həmin işlərin həyata keçirilməsində əsl hərbi peşəkarlıq və qətiyyət nümayiş etdirmiş general-mayor Həbib bəy Səlimov o dövrdə Hərbi Nazirliyin Lənkərandakı dəstəsinin rəisi olmaqla yanaşı, Baş Qərargahın məsul işçisi idi. Bu hadisələrlə bağlı Azərbaycan Milli Ordusunun zabiti olmuş, sonralar mühacirətdə yaşamış İsrafil bəyin xatirələrində də maraqlı məqamlar vardır: "Gənc Azərbaycan ordusunun ilk səfər təcrübəsi, top, silah və ərzaq ehtiyatı ilə təchiz olunaraq Azərbaycan hökumətini tanımaq istəməyən Muğan səhrası Lənkəran qəzalarından bir hissəsini işğal etmiş rusları itaətə gətirməsi idi. Buradakı ruslar müharibə görmüş qüvvələrdən ibarətdir. 1919-cu ilin sentyabr ayında, bolşeviklərin 1920-ci ildə edam etdikləri general Səlimovun komandanlığı altında Azərbaycan ordusu rusları məğlub etmək üçün Lənkərana doğru hərəkətə keçdi. Bakı əhalisi gənc əsgərlərini ilk səfərə çox mütəəssir olmuş şəkildə, stansiyaya qədər "yaşasın əsgərlərimiz" nidalarıyla yola salırdı". ("Odlu yurd" jurnalı 1931-ci il, N 3).

"Azərbaycan" qəzetinin 1919-cu il 2, 13, 14, 21 avqust tarixlərində dərc edilmiş məlumatlar da Lənkəranın azad olunmasının xalq tərəfindən necə coşqu ilə qarşılandığını təsdiq edirdi: "Dünən Lənkərana ingilis komandanlığının iki nümayəndəsi ilə birlikdə Azərbaycan hökumətinin nümayəndələri getmişlər. Nümayəndə heyətinə polkovnik İlyaşeviçə Azərbaycan hökumətinə tabe olmaq və Lənkəranı, həmçinin, Muğan diyarını təslim etmək tapşırığı verilmişdir.

Muğanlılar Azərbaycanın Muğan sərhədlərinin İran tərəfindən rus və müsəlman əhalini narahat edən şahsevənlərdən mühafizə ediləcəyi şərti ilə 5 gün ərzində silahı təhvil verməyə və Azərbaycan hökumətini tanımağa razı olmuşlar.

12 avqustda gündüz saat 5-də muğanlılar könüllü olaraq hakimiyyəti Azərbaycanın nümayəndələrinə təhvil vermişlər. Musiqi sədaları ilə Lənkərana daxil olan Azərbaycan qoşunu orada 3 top və 2 pulemyot quraşdırmışdır. Polkovnik İlyaşeviçin Muğan dəstəsinin ancaq ermənilərdən ibarət olan bir hissəsi, 400 nəfərə yaxın danışıqsız təslim olmuş və silahı təhvil vermişlər. Onlar Bakıdan vətənlərinə göndəriləcəklər. Ruslardan ibarət olan digər hissə təslim olmaq istəməmiş və Muğan çölünə üz tutmuşdur.

Parlament üzvləri M.Ə. Rəsulzadə, A. Kazımzadə və M. Şeyxzamanov üç günlük Lənkəran qəzası səfərindən qayıtmışlar. Onlar ötən hadisələrlə əlaqədar yerdə şəhər və qəza əhalisinin vəziyyəti ilə tanış olmuşlar".

Lənkəran qəzasında 1919-cu ilin avqust-sentyabr aylarında baş verən hadisələr barəsində daha obyektiv təsəvvür yaratmaq üçün həmin hadisələrin başqa bir canlı şahidinin yazdıqlarını kiçik ixtisarla oxucuların diqqətinə çatdırırıq. Ağqvardiyaçı zabit praporşik Dubininin Port-Petrovsk şəhər müdafiəsinin rəisinə 20 sentyabr 1919-cu il 3 ¹-li raportundan çıxarışda deyilir (Azərbaycanda Könüllü ordunun xeyrinə ağqvardiyaçı işindən): "Avqustun ilk günlərində kommunistlər gəmi ilə Lənkərandan qaçdılar, şəhəri antibolşevik qoşunlar tutdular və mülki hakimiyyət Muğan Diyar bitərəf idarə orqanının əlinə keçdi. Baş komandan vəzifəsinə polkovnik İlyaçiyev bərpa edildi. Nəticədə şəhər Azərbaycana təhvil verildi. İngilis nümayəndələr muğanlıları əmin etdilər ki, Azərbaycan Parisdə sülh konfransı tərəfindən tanınıb və Muğan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bağlanmış müqaviləyə görə toplar, pulemyotlar və silahlar Muğanda qalmalıdır... Muğanın, Könüllü ordunun, ingilislərin, Azərbaycanın hərəsindən bir nümayəndə olmaqla nümayəndələr yığıncağı keçirilsin. Oradaca qeyd olunurdu ki, sərhədlə bu günlərdə Azərbaycan ordusu məşğul olacaq. Ancaq sərhədə gedən dəstə təsadüfən Muğanı tərksilah edə bilər. General-mayor Səlimovun komandanlığı altında olan dəstə Salyandan Təkoymaya yaxınlaşanda ona mənim tərəfimdən Pakrovkada Muğan qərargahının rəisi adından təklif edildi ki, qoşun öz istiqamətini dəyişsin və Muğana və Lənkərana deyil, sərhədə hərəkət etsin. O, cavab verdi ki, Lənkərana hərəkət etməlidir və bundan sonra sərhədə gedəcək və ona Muğanda olan toplan və pulemyotları götürmək zəruridir... Dəstə Lənkərana hərəkət etdi, yolda 22 top və 27 pulemyot götürüldü... atlar və dövlət yəhərləri hamıdan alındı. Dəstə Hacıqabula getdi, sərhəddə mövqe tutmadı. Dəstə Muğanda olarkən general Səlimov hər yerdə qocalarla və zabitlərlə söhbət edir, qoşunda qayda-qanun və intizam yaradılması barədə lovğalanır və daim deyirdi ki, onlar Könüllü ordu ilə həmrəydirlər, bütün zabitləri, hətta unter zabitləri onlarda xidmət etməyə dəvət edirdi. Səlimovun dəstəsinin Muğandan getməsindən sonra ...rusları yığmağa başladılar..."

Raportdakı iki məqam xüsusi maraq doğurur. Birincisi, Həbib bəy Səlimovun Lənkəran qəzasını gənc respublikanın hakimiyyəti altına salmaq üçün çox düzgün manevr edib, ərazidəki əsas silahları ələ keçirməsi və ikincisi, o zaman regionda heç də az təsir imkanlarına malik olmayan Könüllü ordu tərəfdarlarını öz tərəfinə çəkməklə onlardan istifadə etməyə çalışması. Elə tabeçiliyindəki qüvvələri əvvəl sərhədə doğru deyil, Lənkərana hərəkət etdirib, məqsədinə nail olduqdan sonra sərhəd məsələlərini də yaddan çıxarmaması onun düzgün strateji qərarlar qəbul etmək bacarığından xəbər verirdi. Özü də Səlimov raportda göstərildiyinin əksinə olaraq sərhədin mühafizəsi problemlərini ikinci dərəcəli məsələ hesab etmirdi, sadəcə bu işi yerdə hakimiyyətin möhkəmləndirilməsindən sonra həyata keçirməyi daha doğru sayırdı.

Arxiv sənədləri də göstərir ki. Həbib bəy Lənkərana hərbi yürüş edərkən həmin ərazilərdə dövlət sərhədlərinin qorunması problemlərini ilə də məşğul olmuş və bu barədəki fikir-mülahizələrini o zaman sərhədlərin mühafizəsinə cavabdehlik daşıyan müvafiq strukturların rəhbərlərinə çatdırmışdır. 1919-cu il avqust ayının 31-də onun Maliyyə Nazirinə vurduğu teleqramla əlaqədar Maliyyə naziri Nazirlər Şurasının sədrinə bir gün sonrakı məktubunda yazırdı: "General Səlimovun vurduğu teleqramın surətini də təqdim edərək məruzə edi­rəm ki, qanunla yaradılması nəzərdə tutulan sərhəd mühafizəsi yalnız qaçaqmalçılıqla mübarizə məqsədi daşıyacaq və tərkibi, qarşısında qoyulan vəzifələr baxımından quldurların böyük qüvvələrindən sərhəd əhalisini müdafiə edib, onlarla mübarizə apara bilməz. Sərhəd boyunca Bəhrəmtəpə postundan Astara postuna qədər 180 nəfərlik mühafizəçidən, onlardan 60-ı atlı və 120-si piyada, 4 zabitdən ibarət 18 sərhəd postu yaradılacaqdır. Səlimovun teleqramında yaradılması nəzərdə tutulan dəstə həm tərkibinə görə (16 zabitin daxil olduğu 750 nəfər), həm də təşkilati cəhətdən tam hərbi dəstədir və Hərbi, yaxud Daxili İşlər nazirliyinə tabe olmalıdır. Bu dəstənin sərhəd mühafizəçilərinə münasibətinə gəlincə, arzu olunar ki, o, onlara sərhədə nəzarətlə bağlı xidməti borclarının yerinə yetirilməsində apardıqları mübarizədə lazımi köməklik göstərməklə kifayətlənə idi".

Göründüyü kimi, Həbib bəy cənub sərhədlərində yaranmış gərgin vəziyyəti düzgün qiymətləndirərək, bu ərazilərdə mühafizə işinə azı 750 nəfərin cəlb edilməsinin zəruri olduğu qənaətinə gəlmiş və bu məsələnin öz həllini tapacağı halda yaradılacaq dəstənin strukturu haqqında hərbi mütəxəssis kimi öz təklifini bildirmişdi. Ancaq təəssüf ki, başlıcası maliyyə çətinlikləri ilə əlaqədar olaraq onun bu təkliflərinin həyata keçirilməsi mümkün deyildi.

Hərbi işi mükəmməl bilməsinin, operativ qərar qəbul etmək bacarığının nəticəsi idi ki. Cümhuriyyətin Hərbiyyə Nazirliyinin təşkil olunduğu ilk dövrlərdən etibarən ona ən məsul vəzifələr həvalə edilmişdi. 1918-ci ilin iyul-avqust aylarında Gəncədən milli Azərbaycan hökumətinin Bakıya köçürülməsi ideyasının reallaşdırılması üçün əməli işlərə başlanılması İlə vahid cəbhəni iki qrupa ayıran Nuru paşa cənub qrupuna Həbib bəyi komandir təyin etmişdi. Təcrübəli bir Türk generalının bütün bir cəbhəni gənc polkovnikin ixtiyarına verməsi heç də təsadüfi qərar deyil, həmin şəxsin hərbi bilik və sərkərdəlik bacarığına olan inamın təsdiqi idi.

1918-d ilin avqustunda H. Səlimov artıq Qafqaz İslam Ordusunun qərargah rəisi idi. Bolşevik-daşnak birləşmələrinə qarşı qızğın döyüşlərin getdiyi Gəncə-Bakı istiqamətində dəmir yolu xətti boyunca irəliləyən Cənub qrupunun komandiri H. Səlimovun təşkilatçılıq qabiliyyəti və igidliyi layiqincə qiymətləndirilmiş, Azərbaycan hökuməti tərəfindən ona polkovnik rütbəsi verilmişdi. Türkiyədə çıxan "Böyük hərbdə Bakı yollarında. 5-ci Qafqaz piyada firqəsi" kitabında türk polkovniki Rüştü bəy Həbib bəy haqqında yazırdı: "Cəsur, döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitləndəndir".

Onun Vətən qarşısındakı xidmətlərinin daim yüksək qiymətləndirildiyini daha bir fakt, polkovnik Həbib bəy Səlimova 1919-cu il fevral ayının 26-da Müdafiə nazirliyinin 31 saylı əmri ilə general-mayor hərbi rütbəsi verilməsi də təsdiq edir. Yeri gəlmişkən, qeyd edək ki, general Həbib bəy Səlimov milliyətcə Litva tatarı olan, general-leytenant Məmməd bəy Sulkeviçdən sonra Azərbaycan Milli Ordusunda Baş Qərargah Akademiyasını bitirmiş ikinci general idi. Bir müddət sonra Həbib bəy Səlimov Azərbaycan ordusunun Baş Qərargahının rəisi kimi yüksək vəzifəni icra etmiş (tarixi dəqiqləşdirə bilməmişik, ancaq məlumatlara görə, 1919-cu il dekabr ayının 10-da general-mayor Həbib bəy Səlimov Bakı istehkamçılar hissəsinin rəisi təyin edilərkən, Ümumi qərargah rəisi vəzifəsinin müvəqqəti icrası Qaytabaşıya həvalə olunmuşdu), Azərbaycanın Qarabağa erməni separatçılarına və Ermənistandan gəlmiş quldur dəstələrinə qarşı döyüşməyə göndərdiyi ordunun komandam olmuşdu.

Həbib bəyin ordu sərkərdəsi kimi Qarabağda göstərdiyi böyük şücaətlərdən bir yarpaq. 1920-ci il mart ayının 22-də Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq istəyən daşnaklar Əsgəran keçidini ələ keçirməyə cəhd göstərdilər. Son dərəcə təhlükəli vəziyyət yarandığını nəzərə alan hökumət artıq hərbi yürüşlərdə kifayət qədər təcrübə toplamış general Həbib bəy Səlimovun komandanlığı altında Yuxan Qarabağa güclü əsgəri qüvvə göndərdi. Bu qüvvə işğalçı erməni dəstələri ilə 12 gün amansız vuruşmalardan, qanlı döyüşlərdən sonra daşnak ordusunu darmadağın etdi və erməni generalı Dəli Qazar öldürüldü. Həbib bəyin sərkərdəlik məharəti nəticəsində Azərbaycan əsgəri özünün ən şanlı vuruşlarından birini də zəfərlə başa çatdırmağa nail oldu. Tarixə "Əsgəran müharibəsi" kimi düşmüş bu savaş Vətən yolunda silaha sarılan türk oğlunun qarşısını heç bir qüvvənin almağa qadir olmadığını düşmənlərimizə bir daha göstərdi.

Həbib bəyin məhz yüksək keyfiyyətlərə malik vətənpərvər şəxs olduğunu yaxşı bildiyi üçün yeni hakimiyyətin ona inanmamağı təbii idi və general Səlimovun bağışlanacağı barədə düşünmək sadəlövhlük olardı. Bolşeviklərin münasibətini isə çox gözləmək lazım gəlmədi. Aprel çevrilişinin üçüncü ayında "müsavatçı general" yada düşdü.

"Əksinqilabçı general Həbib Səlimov Naxçıvanda əhali arasında şayiə yayır, bəy və xanlarla birgə sovet hakimiyyəti əleyhinə iş aparır. O, ilk dəfə Naxçıvanda olarkən inqilabi Türk hökumətinə raport yazmışdı ki, yerli Azərbaycanın əhalisi qızıl ordu tərəfindən istismar olunur. İndi o, özü İrana qaçmış bəy və xanlarla birlikdə işləyərək əhalinin sakitliyinə mane olur və əsgərləri təhlükəsizlikdən mərhum etməklə daşnakların qələbəsinə şərait yaradır. Bunu nəzərə alaraq xahiş edirik onu oradan təcili Bakıya aparasınız. AFK məxfi-əməliyyat şöbəsi".

Az. KP-yə göndərilmiş bu məlumat keçmiş general Həbib bəy Səlimov barəsində çoxdan formalaşmış düşmən obrazının qabardılması və onun həbsi üçün ilk addım kimi qiymətləndirilə bilər. Çünki Bakıda artıq üç aya yaxın idi ki, Az.FK at oynadır, milli hökumətin üzvlərinə qarşı görünməmiş amansızlıqla kütləvi cəza tədbirləri həyat keçilirdi. Yeni quruluşun dayaqlarının nəyin bahasına olur-olsun möhkəmləndirilməsi məqsədinin qarşıya qoyulduğu belə bir vaxtda Həbib bəy kimi təhlükəli və əks mövqeli bir şəxs necə kənarda qala bilərdi. Özü də mərkəzdə onun nəinki müstəqil Azərbaycan hökuməti dövründəki fəaliyyəti, hətta yeni hakimiyyətə qarşı düşmənçilik hərəkətlərinə yol verməsi barəsində də kifayət qədər məlumat vardı. Belə məlumatdan biri 19 iyul 1920-ci ildə "tam məxfi" qrifi ilə Ordunun xüsusi şöbəsinə göndərilmişdi:

"Lənkəran qəzasında müsavatçı general Səlimovun, Tağıyevin, Hüseyn Ramazanovun başçılıq etdikləri, sayı 1500-ə çatan quldur dəstəsi fəaliyyət göstərir. Bu dəstə tərəfindən Astaraya hücum edilmişdir, nəticələr barədə hələlik məlumat yoxdur. Şaykanın tərkibi süvarilər və piyadalardan ibarətdir. Silahlan müxtəlifdir, əsasən rus və fransız tüfənglərindən ibarətdir... Toqquşmalar zamanı bizim hissələrin itkiləri belədir: 3 nəfər ölmüş, 4-ü yaralanmış, 2-si itkin düşmüş, 70 at və silahlar itirilmişdir. Şayka ərzaq və yemi əhalidən alır, silah əksinqilabçılara Bakı və Salyandan gəlir. Siyasi idarənin rəisi".

Sovet hakimiyyətinə qarşı çıxanları "quldur dəstəsi", "şayka", "şübhəli elementlər", "proletar düşmənləri" və s. yarlıqlarla damğalayıb, onu başlıca dayağından, kütlələrdən mərhum edən, əhalinin siyasi cəhətdən azsavadlı hissəsində müstəqillik və azadlıq uğrunda çarpışanlara inamsızlıq yaradan bolşeviklər mübarizənin sonrakı mərhələlərdə bu yarlıqları "anti-sovet", "əksinqilabçı", "pantürkçü", "xalq düşməni" və başqa yarlıqlarla əvəz etdilər.

General Səlimov bolşeviklərin nəzərində quldur dəstəsinin başçısı idi və FK əməkdaşı Qubinin onun barəsində raportunda aşağıdakılar göstərilmişdi: "Səlimovun təşkilatı barədə tərəfimdən yığılan arayışlar nəticəsində aşağıdakılar aydın olmuşdur. General rus hərbi xidmətinin Baş Qərargahının sürətləndirilmiş buraxılışının keçmiş podpolkovnikidir. Azərbaycan hökumətində general olmuşdur. Hazırda ingilislər tərəfindən yardım edilən dəstə yaratmışdır. Dəstənin fəaliyyət sahəsi Araz çayıdır. Dəstə ağqvardiyaçı quldur dəstələrin törtöküntülərindən və şahsevənlərdən ibarətdir. Komanda heyəti ağqvardiyaçı zabitlər, ruslar, gürcülər və ermənilərdən ibarətdir. Dəstənin təşkilatlanması aparılmışdır: ermənilərin və Gürcüstanın hücuma keçəcəyi halda onlar Bakı-Tiflis dəmir yolunu kəsəcəklər. Təşkilat işlərində Ənvər Paşanın hələlik heç bir iştirakı və ümumi işbirliyi yoxdur. General Səlimov müsavat hökuməti dövründə Xəlil Paşa ilə (türk xadimi) münaqişəyə görə müsəlmanlar arasında məşhur deyil. 15.10.20."

Qubin guya Səlimovun ifadəsi əsasında belə nəticə çıxarmışdı: "Azərbaycanda iki üsyançı təşkilat fəaliyyət göstərir, biri Tiflisdə, digəri Bakıda. Onların məqsədi birgə üsyan qaldırmaqdır. Vəsaitin bir hissəsi Bakıdakı kapitalistlər tərəfindən, bir hissəsi Vrangelin Tiflis və Batumdakı nümayəndəsi tərəfindən buraxılır. Silahı qaçaqmal yolu ilə Batumdan və Gürcüstandan general Səlimov gətirir və o, Tiflis təşkilatı ilə əlaqələrə malik olmaqla Bakı quberniyasında, Cavad qəzasında İran quldurlarına və Muğan sakinlərinə arxalanaraq, Bakıda bir neçə agenti olmaqla, burjuaziyanın və digər şübhəli elementlərin şəxsində iş aparır".

Beləliklə, Həbib bəyin həbsi üçün ilkin materiallar toplanmışdı və artıq çıxarılması nəzərdə tutulan qərarın qarşısını almaq mümkün deyildi. İndi bu məşum saatın gəlib çatması üçün FK-nın son sözü qalırdı və bu söz 1920-ci il sentyabr ayının 1-də 11-ci ordunun Qafqaz cəbhəsinin 28-ci atıcı diviziyası qərargahının xüsusi şöbə rəisi hərbi komissarın arayışında deyilirdi: "Bununla Naxçıvanın keçmiş hərbi komissarı keçmiş general Həbib Səlimov ittihamedici materiallarla istintaq aparılması üçün göndərilir. Əlavə: yazışmalar 56 səhifədə. "Sənədin üzərində belə bir dərkənar qoyulub" iş açılsın və araşdırılsın, 2. 09. 1920".

Həbs olunduğu gün Həbib bəy Səlimov barəsində açılan cinayət işi protokolundan: "Səlimov Həbib Yusif oğlu, 39 yaş, 1881-ci il fevralın 8-də Naxçıvan şəhərində anadan olub, subay, qardaşı ilə birlikdə 20 sot torpağı, 3 sot bağ sahəsi var. Bitərəfdir. Sovet hökumətinə yazığı gəlir. Mülki təhsilini müəllimlər seminariyasında, hərbi təhsilini Baş Qərargahın məktəbində alıb. 1914-cü ilə qədər Kozlovski alayında podpolkovnik rütbəsinədək xidmət edib. Fevral burjua inqilabına qədər cəbhədə diviziyada adyutant olub. Oktyabr inqilabına qədər Petroqradda Baş Qərargahın Nikaleyvsk akademiyasında oxuyub (7 mart 1918-ci ilə qədər) sonra onu birinci dünya müharibəsi cəbhələrinə göndəriblər. Almaniya-Türkiyə qüvvələrinə qarşı döyüşmək üçün Türkiyə cəbhəsindəki qüvvələrin tərkibində olub. Əvvəllər mühakimə edilməyib".

Bu qısa təqdimatda Həbib bəyin ilk təhsilini Yerevanda gimnaziya bitirməsi, 12 avqust 1900-cü ildə orduya könüllü yazılaraq 156-cı Yelizavetpol süvari alayında 1 il 2 ay xidmət etməsi, unter-zabit rütbəsi alması, 1902-ci ildə Tbilisidə süvari məktəbini bitirməsi və Üçüncü Qafqaz Atıcı Batalyonunda podporuçik rütbəsində xidmətə etməsi (1907-ci ildə rota komandiri təyin olunub) və s. barədə məlumat verilməyib. Yeri gəlmişkən, başqa mənbələrdə Həbib bəyin İrəvanda doğulduğu göstərilib. Onu da qeyd edək ki, Həbib bəy "Müqəddəs Vladimir" ordeni ilə təltif edilib və 1908- 1910-cu illərdə həmin batalyonun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edərkən məxfi tapşırıqla Tehrana göndərilib.

...FK-nın onun barəsində müvafiq tədbirlər görmək üçün hazırladığı zəminin kifayət qədər əsaslı olması üçün 22 avqust 1920-ci ildə birinci süvari alayının hərbi komissarı Starovun sədrliyi ilə təşkilatının növbəti iclasında aşağıdakı Protokol tərtib edildi: "6 nəfər komitə üzvünün iştirakı ilə növbəti iclasda yol. Səlimovun hərəkətləri barəsində məsələ dinlənildi. Yol. Ş. dedi: Səlimov zəhmətkeşləri satmışdır O, Azərbaycan müsavat ordusunda olarkən və vəziyyətin pisləşdiyini görüb Bakıdan İrana, oradan Naxçıvana qaçmışdır. Orda sovet hakimiyyəti əleyhinə olan başçıları dilə tutub ki, buraya hərəkət edən 600 nəfərlik, 10 top və bir neçə pulemyotu olan süvari alayına qarşı çıxsınlar. Əhali arasında sovet hakimiyyəti əleyhinə təbliğat aparıb. Sovet hakimiyyətinə tabe olmaq istəməyib, silahı və gülləni çörəyə dəyişib. Yol. R. Ş-in dediklərini təsdiqləyərək deyir ki, Səlimov bolşeviklərlə mübarizə məqsədilə əhalini belə bir alay yaratmağa və komandanlığı ona həvalə etməyə sövq edib. Qırmızı ordu və sovet hakimiyyəti əleyhinə təbliğat aparıb.

Yol. X. deyir: Bakıda hakimiyyət müsavat Azərbaycanı hökumətində idi. Mən Bakıda partiya sıralarında idim. Bir vaxt daşnaklar Şuşaya hücum etmişdilər. Azərbaycan hökuməti Səlimova tapşırmışdı ki, piyada və süvarilərdən ibarət dəstə yaradıb onları müsəlman əhalinin müdafiəsi üçün daşnaklara qarşı göndərsin... Qırmızı ordu Bakı yaxınlığında olanda Səlimova 2 piyada alayı və 3 süvari alayı həvalə etmişdilər. Mən təklif etdim ki, Qırımızı ordu Bakıya girəndə o, özünü və tabeliyindəki ordunu sovet hökuməti tərəfdarı elan etməlidir. O, mənim təklifimlə razılaşdı, ancaq Qırmızı ordu yaxınlaşanda öz vədini yerinə yetirmədi, xaincəsinə qaçdı və Sovet hakimiyyəti əleyhinə təbliğat apardı.

Yol. Starov onun satqın fəaliyyətini yekunlaşdıraraq təklif edir ki, Səlimov həbs edilsin və materiallarla birlikdə 11-ci ordunun inqilab tribunalına göndərilsin. Təklif yekdilliklə qəbul olundu. Sədr, katib".

Azərbaycanda aprel çevrilişindən sonra bütün Zaqafqaziyanı ələ keçirməyə çalışan sovet Rusiyası bu məqsədlə həm diplomatik vasitələrdən istifadə edir, həm də guya ermənilərlə azərbaycanlılar arasında millətlərarası toqquşmalara yol verməmək adı altında hərbi əməliyyatlar üçün yeni planlar işləyib hazırlayırdı. Rusiya rəhbərliyinin tövsiyələrinə əməl edən 11-ci ordunun komandam Levandovski bunu bəhanə gətirərək "Azərbaycanın Gürcüstan və Ermənistanla sərhədlərinin mühafizəsi haqqında" 1920-ci il may ayının 18-də 58 saylı əmr verir. Əmrin 4-cü bəndinə əsasən 11-ci ordunun 32-ci diviziyasının rəisi Şteygerə Naxçıvan-Cülfa-Ordubadı ələ keçirmək üçün həmin məntəqələr mayın 25-də güclü dəstələr göndərmək tapşırığı verildi. Lakin sovet hakimiyyəti əleyhinə Gəncə, Qarabağ üsyanları ilə əlaqədar bu dəstələrin göndərilməsi işi bir qədər ləngidi. Naxçıvanda isə həmin dövrdə vəziyyət həddən artıq ziddiyyətli idi. Müstəqil Azərbaycan tərəfdarları ilə 11-ci ordunun yaxınlaşdığını duyduqca fəallaşan bolşevikpərəst qüvvələr arasında qarşıdurma günbəgün artırdı. Yerli bolşeviklər və AKP (b) MK Azərbaycan İnqilab Komitəsinin Naxçıvana göndərdikləri kommunistlər qrupu əhali arasında sovetləşmə təbliğatı aparırdılar. Ancaq hələ ki, bölgədə vəziyyətə Naxçıvan Milli Komitəsi nəzarət edirdi və Türkiyə əsgərlərinin kiçik bir dəstəsi ilə Xəlil bəy də burada idi. Ermənilərin bölgə üçün ciddi təhlükə yaratdığını görən Türkiyə Bəyazid diviziyası iyunun sonunda 9 min nəfərlik qoşunla Naxçıvan-Cülfa-Ordubad istiqamətində hərəkətə başladı və artıq iyulun 2-də 3 min nəfər Naxçıvan-Şahtaxtı rayonuna daxil oldu. Ancaq Şahtaxtı stansiyasından Naxçıvan dəstəsinə komandanlıq edən Kəlbalı xanın 14 və 16 iyul 1920-ci ildə general Həbib bəy Səlimova göndərdiyi məlumatlardan aydın olur ki, türklərin gəlişi də vəziyyəti o qədər düzəltməmiş, yerli əhalidən təşkil edilmiş hərbi dəstələrdə nizamsızlığı sonadək aradan qaldırmaq mümkün olmamışdı. Məhz bu vəziyyətdən istifadə edən və özünün hərbi hazırlıq işlərini müəyyən qədər başa çatdıran 11-ci ordu hissələri isə iyulun 28-də Gorus, Şahbuz və Cəhridən keçərək Naxçıvana daxil oldu. Naxçıvan inqilab komitəsi yaradıldı. Bu vaxt Həbib bəy İranda idi. 0,1920-ci il iyulun 19-da Naxçıvan şəhər general-qubernatoru tərəfindən 14 günlüyə Təbriz şəhərinə ticarət məsələləri ilə məşğul olmaq üçün göndərilmişdi.

Təhlükəli düşmən hesab edilən bir şəxsi tezliklə "layiq olduğu cəzaya" çatdırmağa tələsən FK işçiləri gün ərzində 14-16 saat işləyir, bir sənədin mürəkkəbi qurumamış, digərini tərtib edirlər. 11-cı ordunun siyasi şöbəsinin 3.10.20-ci ildə qeydiyyata alınmış təcili məxfi qrifli sənədindən: "Naxçıvan inqilabi komitəsi arzuedilməz şəxslərdən ibarətdir. Sədrin müavini keçmiş general Səlimov Bakıdan İrana qaçarkən qırmızı döyüşçülər tərəfindən tutulmuşdur. İnqilabi komitənin üzvləri: keçmiş general-qubernatorun köməkçisi və şəhər rəisidir".

Həbib bəy Səlimov ilk dəfə 1920-ci ilin 20 sentyabrında dindirilir.

Sual: Siz Bakıdan nə vaxt getdiniz, getdiniz, yoxsa qaçdınız, Siz 11-ci ordunun tərkibində xidmətdə idiniz, kiməsə getməyiniz barədə məlumat verdinizmi?

Cavab: Mən Bakıdan propusksuz getdim. Bu barədə tədris hissəsinin rəisi Loqinova məlumat verib, ondan mayın 27-də xidməti yerimi tərk edib getməyim barədə icazə almadım. Məni Bakıdan getməyə erməni qızıl ordu üzvlərinin mənim hərəkətlərimi məhdudlaşdırmaları məcbur etdi.

Sual: Siz nə ilə izah edə bilərsiniz ki, Sovet Azərbaycanında bir aylıq xidmətinizdən sonra heç bir zabit titulu qalmadığı halda, siz Naxçıvanda gizlənəndə general titulu daşıyırdınız və belə titullu şəxslərin imzası ilə məlumatlar alırdınız?

Cavab: Bu həmin şəxslərin əvvəlki vərdişləri, yeni qaydalara adət etməməsi ilə bağlı idi.

Sual: Naxçıvanda sovet hakimiyyəti nə vaxt bərpa edildi?

Cavab: Bakıdan iki ay sonra, 26 iyul 1920-ci ildə, Naxçıvana mənim dəvətimlə sovet qoşunları gələndə.

Sual: İyul ayı ərzində döyüş xarakteri daşıyan və hərəkət edən hərbi hissələrə göndərilmiş məlumat nə deməkdir. Kimə qarşı hərbi əməliyyatlar aparılırdı?

Cavab: Qoşunların hərəkəti, bu, ingilislərlə birləşməyə gedən və mənim tərəfimdən hərbi əməliyyatlardan Naxçıvan qəzasına qaytarılan Zeynalovun dəstəsinin qalıqlarına aid idi. Hərbi əməliyyatlara gəlincə, bu, türk qırmızı hissələri ilə birlikdə Naxçıvana hücum edən Dronun (daşnaklar) və Şelkovnikovun dəstələrinə qarşı idi. Bu əməliyyatlar Azərbaycanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq aparılırdı, həmçinin, mərkəzlə əlaqə yox idi.

Sual: Siz Azərbaycan Müsavat hökumətində hansı vəzifələr tutmusunuz? Lənkəranda indi general Səlimovun başçılıq etdiyi əksinqilabi quldur dəstələri fəaliyyət göstərir, Azərbaycanda başqa general Səlimov varmı?

Cavab: Azərbaycanda Müsavat hökuməti formalaşdırılmasının lap əvvəlindən 24 mart 1920-ci ilə qədər Azərbaycan ordusunun Baş Qərargah rəisi olmuşam, sonra isə Droya qarşı fəaliyyət göstərən Qarabağ dəstəsinin komandanı olmuşam. Şəxsən mən 1920-ci ildə Lənkəran qəzasında olmamışam və qırmızı orduya qarşı heç bir əməliyyatda iştirak etməmişəm. Həmin vaxt ərzində daim Lənkəran qəzasından 600-700 verst məsafədə yerləşən Naxçıvanda olmuşam. Azərbaycanda məndən başqa general Səlimov yoxdur, görünür, kimsə mənim məşhurluğumdan Lənkəran qəzasında istifadə edir. Oraya mən Azərbaycan Müsavat hökuməti zamanında top və pulemyotları almaq üçün göndərilmişəm. Belə ki, məlumat vardı ki, Lənkəran qəzasında və Muğanda bu silahlardan Denikin tərəfindən istifadə edilə bilər. Mənim tərəfimdən həmin silahlar heç bir hadisə baş vermədən, hansısa cəza tədbiri görülmədən alındı. Əlavə edirəm ki, mənim vicdanım sovet hakimiyyətinə qarşı təmizdir və hakimiyyətdən icazəsiz Bakıdan getməkdən başqa heç bir günahım yoxdur.

Sual: Naxçıvanda Nuru paşa və Zeynalovla görüşdə Sizin onlarla hansı danışığınız oldu?

Cavab: Mən kəskin şəkildə Nuru paşa və Zeynalova irad tutdum ki, onlar xalqın iradəsi ziddinə olaraq belə bir avantüra törətmişlər. Mən onlara göstərdim ki, sovet hökumətinin qurulması tamamilə xalqın iradəsidir və mən bunu bildiyim üçün hələ sovet qoşunları gəlməzdən xeyli qabaq bu iradəyə tabe olmuşdum. Nuru paşa bildirdi ki, o, indi başa düşür ki, səhv edib. Zeynalov isə dedi ki, o, xanların və bəylərin məhv edilməsinə və bu şəxslərin hər yerdə həbs olunmalarına sakitliklə baxa bilmir. Sonra Zeynalov bildirdi ki, o, öz arxa təminatını ingilislərlə birləşmək və onlardan pul köməyi üçün Xudafərində qoşunları atıb, Əhərə və Zəncəna gedib ki, orada ingilislərə qoşula bilsinlər. Bunu öyrənib mən ikinci Türk diviziyasının rəisləri ilə danışıqlara girdim ki, Nuru paşa və Zeynalovu tezliklə Naxçıvandan Türkiyəyə kənarlaşdırım və buna nail olduqdan sonra qoşunları Əhərdən Naxçıvana qaytardım və onları türk komandanlığına təhvil verdim.

Barəsində ən sərt tədbir görüləcəyini isə Həbib bəy lap əvvəldən bilirdi. Onun Naxçıvan şəhərindən Ə.Qarayevə avqustun 7-də yazdığı məktub da bunu aydın göstərir: "Hörmətli yol. Əli Heydər! Qoy, mənim məktubum Sizi təəcübləndirməsin. Mən bu günlərdə Sizin hərbi və Dəniz komissarı təyin olunmağınız barədə bildim və qərar gəldim ki, Sizə bir neçə kəlmə mənim üzərimə atılan şərdən öz bəraətim üçün yazıb bildirim, mənim familyam avantürüstlərlə bir yerdə hallana bilməz. Mən heç vaxt fikirləşmədən hərəkət etməmişəm və heç kimə xoş gəlməyə çalışmamışam. Xalqa təmiz xidmət etmişəm və əgər məni ancaq xidməti işdəki kobudluq və tələbkarlıqda günahlandıra bilərlər. Dövlət puluna toxunmamışam. Mənim siyasi fizionomiyama gəlincə, denikinçilər tərəfindən ölümə məhkum edilmişəm...

Sizin diqqətinizi çox almaq istəmirəm. Qısaca desək, mən Bakıdan ermənilərdən və məni də avantürüstlərə qoşa biləcəklərindən qorxduğum üçün getdim. İrana və oradan Naxçıvana getdim. Burada da mən ilk dəfə məktubla qırmızı ordunu çağırdım. Mən hərbi işi bilən, geniş hərbi akademiya təhsilli şəxs kimi Sizə lazım ola bilərəm, xidmət göstərə bilərəm, təki məni ləyaqətlə işləməyə dəvət etsinlər, yoxsa general olduğum üçün həbs etməsinlər. Mənim başqa günahım yoxdur. Bildirirəm ki, mən kommunist deyiləm, bitərəfəm, ancaq xalqın rifahı üçün xidmət göstərən təmiz adamam. Ətraflı şəkildə yol. Nərimanova və İldırıma iki məktub yazmışam. Mən Sizin üçün necə işçi ola bilərəm, hamı deyər. Əgər mənə Naxçıvanda hərbi gücləri təşkil etmək həvalə olunsa, onda mən bütün qüvvəmlə çalışaram. Sizin doğru münasibətinizə ümidlə, Sizə hörmətlə Baş Qərargahdan keçmiş general Səlimov. 7 avqust Naxçıvan şəhəri".

Növbəti məktublardan birini isə Həbib bəy Xüsusi Şöbənin rəisi Pankratova həbsə alındıqdan 3 ay yarım keçdikdən sonra yazdı: "Artıq 3 ay yarımdan çoxdur ki, mən həbs altında saxlanıram və belə düşünməyə haqlıyam ki, ilk təşkilat tərəfindən Naxçıvanda mənə qarşı ədalətsiz surətdə irəli sürülən ittiham məni həbsdə bu qədər uzun müddətdə saxlamağa əsas verə bilməz... Aprelin əvvəllərində Denikin ordusunun qalıqları darmadağın edildi və Qızıl ordu Dağıstanı tutaraq Azərbaycan sərhədinə yaxınlaşdı, mən bu vaxt Azərbaycan ordusunun başında Qarabağda məşhur Dronun komandanlığı altında martın 21-dən 22-nə keçən gecə vəhşicəsinə hücuma keçən daşnaklara qarşı mübarizə aparırdım... Mən Bakıdan 29 mayda getdim və sonrakı marşrutum belə oldu: mayın 31-də Kürü Səlyan yaxınlığındakı Cavad qəzasının Ərəbtalan kəndindən keçdim və iyunun 1-də Biləsuvar yaxınlığından sərhədi keçdim. Nəcəfqulu xanın qonağı oldum (Şahsevən xanı L.Ş.). Orada iyunun 10-na qədər qonaq qaldım, sonra o, öz adamları ilə məni Ərdəbilə yola saldı. Oraya mən 12 iyunda çatdım. Oradan qubernator yerli demokratik partiyanın sədrinə Hacı Şaban Əli ilə məni Təbrizə, bütün Şimali İranın demokratik hökumətinin başçısı Şeyx Məhəmməd Xiyabaninin (demokratik partiyanın sədri, Azərbaycanın azadlığı uğrunda böyük mübariz, İranda milli Azərbaycan dövlətinin qurucusu Şeyx Məhəmməd Xiyabani - L.Ş.) yanına göndərdi. Bu o vaxt idi ki, ingilislər bütün İran azərbaycanından qovulmuşdular və sonuncu özünü Azəristan adı ilə azad elan etmişdi. Təbrizə mən 21 iyunda gəldim və orada 5 gün qalıb oradan Naxçıvan şəhərinə getdim. Təbrizdə mən Şeyx Məhəmmədlə, Hacı İsmayılla, görkəmli sosialistlə görüşdüm. Hazırda onların ikisi də ingilislərin tərəfdarları tərəfindən öldürülüb. Təkrar edirəm ki, hər yerdə yol boyu məni sovet hökumətinin agenti hesab edirdilər. Təbrizdə də belə oldu. Xiyabani mənimlə sovet hakimiyyəti ilə bağlı onu maraqlandıran məsələlər barədə fikir mübadiləsindən sonra mənə təklif etdi ki, Azərbaycanın hər iki vilayətinin birləşdirilməsinə və Azəristanda sovet hakimiyyətinin qurulmasına çalışım. Mən Naxçıvanda olarkən bu istiqamətdə çox çalışdım və bunu çoxlu şahidlər təsdiq edə bilərlər. Onlardan birini mənimlə Şeyx Məhəmməd arasında əlaqədə əsas vasitəçini Naxçıvan şəhər sakini Hacı Mir Bəşir ağanı göstərə bilərəm. Ətraflı yazmaq istəmirəm, çünki sizi maraqlandırmayacağından qorxuram, ancaq əgər siz Şimali İran barədə ətraflı öyrənmək istəsəniz, ordakı əhalinin ovqatı, onların məişəti, adətləri, cəhdləri, bir sözlə, hər kəndin olmasa da, hər qəzanın nə ilə yaşadığı, nəfəs aldığı barədə ətraflı və hərtərəfli cavab verə bilərəm. Bütün Gilan, Qəzvin, Həmadan və Zəncanı yaxşı tanıyıram, Ərdəbili, Təbrizi, Mərəndi və Xoyu əla tanıyıram, oradan bu yay keçmişəm. Cəsarətlə deyə bilərəm ki, hərbçilər arasında İranı mənim qədər tanıyan yoxdur, üstəlik, mən onların dilində danışır və yazıram. 28 iyunda Naxçıvana gəlib mən oraya Bakıdan qaçmış Bəhyəddinin başçılığı ilə Türkiyənin avantürüstlərilə Naxçıvana gəlmiş Nuru paşaya və Zeynalova yazdım. Zeynalovdan mən Qarabağ üsyanı barəsində ətraflı öyrəndim və soruşanda ki, onun dəstəsinin qalıqları haradadır, o, cavab verdi ki, onlar Xudafərin körpüsündən İranın Əhər şəhərinə hərəkət edirlər, oradan Təbrizə və Zəncəna ingilislərlə birləşmək üçün gedəcəklər. Mən təcili zəruri tədbirlər gördüm. Bir tərəfdən Təbrizə hərəkət edən dəstənin rəisi Sofiyevə Naxçıvana gəlmək barədə xahiş etdim. Digər tərəfdən 11-ci türk diviziyasının rəisi Cavad bəydən xahiş etdim ki, Nuru paşanı, Zeynalovu və türk avantüristlərini təcili Naxçıvandan çıxarsın. Hər iki fikrim baş tutdu, çünki Azərbaycan qoşunları mənə böyük etibar göstərirdi, türklər isə mənim şəxsimdə keçmiş Azərbaycan ordusunun qərargah rəisini görürdülər. Bu vaxt daşnakların Naxçıvanın rayonu Şərura hücumu başladı. Əhali bundan qorxuya düşmüşdü və onlar məni siyasi və hərbi işlərə rəhbər seçdilər. Naxçıvanda onda ermənilərlə barışıq tərəfdarları vardı, hətta İrəvana nümayəndələr göndərilmişdi, onların başında əsasən xanlar dururdu. Ancaq xalqın əksəriyyəti mənim tərəfimdə idi və mən Gorusdakı qırmızı dəstənin komandirinə məktub yazdım və ona bütün vəziyyəti göstərdim, Kamalçılarla qırmızı ordunun arasında birləşdirici həlqə və Təbrizə hərəkət etməyin mümkün olduğu Naxçıvan qəzasının böyük əhəmiyyətini qeyd etdim... İyulun 15-dən 26-na qədər mənim yaratdığım 7 minlik milislə daşnaklarla, nəyin bahasına olur-olsun Naxçıvanı tutmaq istəyən Dronun dəstəsi ilə müharibə apardım. Birinci süvari alayının Naxçıvana gəlməsindən sonra da mən Naxçıvan-Şərur rayonunun milis ordusuna komandanlıq etməkdə davam etdim və onlarla birlikdə daşnaklarla döyüşdüm. Avqust ayında Dronun Gorusa hücumu vaxtı mən öz milislərimlə onların arxasına keçdim ki, qırmızı əsgərlərin onları dağıtmasına kömək edim.

... Kasıb poçt məmurunun oğlu (bəzi mənbələrdə onun atasının quberniyada məhkəmə iclasçısı işlədiyi göstərilib - L.Ş) mən çətinliklə özümə yol açmışam və bu mənə ziyanmı gətirməlidir. İş verib, yoxlayın, əgər yararsız olsam, onda məni heç nəyə yaramayan alaq otu kimi birdəfəlik həyatdan məhrum edin. İndisə mən şərqin (İran, Türkiyə) əla bilicisi kimi bu istiqamətlərdə iş xahiş edirəm. Mən Gürcüstanı və Ermənistanı da əla tanıyıram. Mən Baş qərargah işçisi kimi əvvəl olduğutək mühazirələr oxuya bilərəm. Bir sözlə, istənilən hərbi istiqamətdə işləyə bilərəm. Əgər hansı fikirlərə görəsə məni burada, yerdə işə təyin etmək olmazsa, yaxud İran və Türkiyədə, onda çox xahiş edirəm məni keçmiş generallar Mehmandarov və Şıxlinski kimi mərkəzin sərancamına göndərəsiniz. Güman edirəm ki, orada mən Rusiyanın ümumi quruculuğuna öz payımı verə bilərəm. Hər halda mənə qarşı yazığınız gəlməsini istəmirəm, çünki mən özümü heç nədə günahkar saymıram, mənim işim üzrə məqsədəuyğun və təcili qərar çıxarmazdan əvvəl, mənə işə vərdiş etmiş şəxs kimi yanaşasınız, 3 ay yarım ərzində bu edilməyib. Həbib Səlimov".

Az.FK isə onun barəsində məlumatlar toplamaqda yenə də bütün kanallarından istifadə etməkdə idi. Məqsəd yalnız general Səlimovla əlaqədar nəzərdə tutulan qərarın çıxarılması deyil, həm də o dövrün təbirincə desək, onun rəhbərlik etdiyi əksinqilabçılar şəbəkəsinin müəyyənləşdirilib tamamilə ləğv olunması idi. "25 oktyabr 1920-ci ilə aid məlumat. Bir qrup müsəlman Nuri Paşanın və general Səlimovun rəhbərliyi altında işləyir. Mərkəzi Komitə Temirxan Şurada yerləşir. Hazırda keçmiş yunker zabitləri Temirxan Şuraya göndərirlər. Agentlər Rəşt, Ənzəli şəhərlərində yerləşir, tək-tək Hacıqabulda, Lənkəranda var və ümid edirlər ki, hər yerdə təşkilatları var".

Keçmiş genaral Səlimov Həbib Yusif oğluna qarşı şağıdakı ittihamlar irəli sürülür:

1. Müsavat ordusunu Bakı möhkəmləndirilmiş rayonunda döyüş hazırlığı vəziyyətinə gətirməklə sovet hakimiyyəti əleyhinə ona komandanlıq etməkdə.

2. Gəncədə üsyan zamanı sovet Azərbaycanından qaçmaqla Muğanda İran tərəfdən qırmızı ordu ilə mübarizə üçün üsyançı dəstələrin hazırlanması.

3.1919-cu ildə Muğanın inqilabçı kəndlilərinin tərksilah edilməsi (istintaq onu əhalinin soyulması hesab etmişdir).

Qərara alınır: "İrəli sürülən ittiham, Səlimovun sovet hökumətinə qarşı digər cinayətkar hərəkətləri kimi təsdiq olunmuşdur. Qərara alındı: Səlimov Həbib Yusif oğlu güllələnsin. Ondan müsadirə olunan şeylər Respublikanın gəlirinə müsadirə olunsun. Akt işlə bərabər arxivə verilsin. Əsli 11-ci ordunun xş rəisi Pankratov və böyük müstəntiq Qubin tərəfindən imzalanmışdır".

Beləliklə, Azərbaycanın görkəmli generallarından biri - Həbib bəy Səlimov bolşevik cəza maşınının qanlı pəncəsində ölümə məhkum edildi. Vətəni canından əziz tutan fədakar general 1920-ci il dekabrın 30-da saat 10.30-da milli xəyanət yolu tutmuş bolşeviklərin 11-ci ordunun tərkibində Azərbaycana gəlmiş havadarları tərəfindən güllələndi.