Ekspress.- 2018.- 4 aprel.- 58.- S.10.

 

Azərbaycan-Türkiyə əlaqələri

 

Vasif Cəfərov

 

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. 1991-ci ilin noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci ilin yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr qurulub.

Türkiyənin ölkəmizdəki səfirliyi, o cümlədən Naxçıvan şəhərindəki Baş Konsulluğu 1992-ci ilin yanvarında yaradılıb. Azərbaycanın Türkiyədəki səfirliyi isə 1992-ci ilin avqust ayından fəaliyyətə başlayıb. 1993-cü ildə Azərbaycanın İstanbulda Baş Konsulluğu, 2004-cü ildə Qarsda Baş Konsulluğu açılıb.

2010-cu il iyulun 15-dən Türkiyənin Gəncədə Baş Konsulluğu da fəaliyyət göstərir.

Azərbaycanla Türkiyənin münasibətləri hər baxımdan böyük önəm kəsb edir. İki dövlətin uzlaşa bilmədiyi, razılıq əldə etmədiyi məsələ yoxdur. Azərbaycan və Türkiyənin maraqlarının uyğun olması, ən önəmlisi isə hər iki dövlətin vətəndaşlarının böyük hissəsinin eyni etnik qrupa sahib olması, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr iki qardaş ölkənin bir mövqedən çıxış etməyə, bir-birilə sıx əlaqələr qurmağa vadar edir.

Buna görə də xalqımız dövlət müstəqilliyin bərpa etdikdən sonra ona siyasi, iqtisadi, hərbi sahədə ilk güclü dəstəyi Türkiyə verdi. Azərbaycanın dövlət müstəqilliyini ilk

Türkiyənin tanıması, ölkəmizdə səfirliyini açan ilk ölkənin Türkiyə olması bunun ən bariz nümunəsidir.

Müasir Azərbaycan dövlətinin sələfi olan Azərbaycan Demokratik Respublikasının da formalaşmasında, Bakının dövlətimizin paytaxtı olmasında Türkiyənin əvəzsiz yardımları olub, türklər burada yüzlərlə şəhid verib. Həmçinin Naxçıvanın Azərbaycanın ərazisi kimi qalmasında da Türkiyənin tutduğu mövqenin önəmi böyük olub.

Azərbaycan da öz növbəsində Türkiyənin çətin vaxtlarında öz imkanları daxilində köməyini əsirgəməyib. XX əsrin əvvəlində Türkiyənin bir hissəsi işğal ediləndə Azərbaycandan bir neçə min insan torpaqların işğaldan azad edilməsi üçün aparılan döyüşlərdə iştirak edib, onlardan təxminən 3 min nəfəri şəhid olub. Bundan başqa aparılan döyüşlər zamanı Türkiyə çətin maliyyə vəziyyəti ilə üzləşdikdə Nəriman Nərimanovun qərarı ilə qardaş ölkəyə 500 kq qızıl, 100 min puddan çox neft göndərilib.

İki ölkə arasında rəsmi münasibətlər Azərbaycan Sovet İttifaqının tərkibində olarkən də mövcud idi. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynayıb (lib.aliyev-heritage.org).

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə bu əlaqələr daha da inkişaf etdi və yeni müstəviyə keçdi. Hazırda Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən (Rusiya və İranla birgə) biridir.

Türkiyənin Qafqazda mövqeyi əsasən Azərbaycanın və Azərbaycanla müttəfiqliyə, sıx münasibətlər qurmağa ehtiyacı olan Gürcüstanın hesabına təmin olunur. Azərbaycanla demək olar ki, birbaşa quru əlaqəsi olmayan (təcrid edilmiş Naxçıvanla əlaqə istisna olmaqla) Türkiyə yalnız Gürcüstan, Rusiya və İran vasitəsilə Azərbaycana və Orta Asiyaya daxil olmaq, onlarla hərtərəfli inteqrasiyaya girmək imkanına malikdir.

Azərbaycan Türkiyə üçün Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə üçün mühüm vasitə rolunu oynayır.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı zəruridir.

İki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində təmasların olması çox böyük fayda verib. Türkiyə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci ilin 1-3 may tarixli səfəri və səfər zamanı imzalanan Birgə Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivini müəyyən etdi. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərirdi.

Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd edirdi ki, 1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı: "Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir."

Heydər Əliyev Azərbaycan Prezidenti kimi Türkiyəyə 3 rəsmi, 2 qeyri-rəsmi, 15 işgüzar səfər etməsi ümummilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateci birliyin çox fərqli olduğunun göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Səfər dövründə Türkiyə Prezidenti, Baş nazir və parlamentin rəhbəri ilə görüşən Heydər Əliyev Türkiyə Böyük Millət Məclisində çıxış edərək iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin düşüncələri haqqında məlumat verib. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşlıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər imzalandı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyənin "Dövlət nişanı", 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən "İlin adamı" seçilməsi, bu ölkənin bir çox universitetinin Fəxri doktoru seçilməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinin göstəricisidir.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb. Ötən dövr ərzində Prezident İlham Əliyev Türkiyəyə 4 rəsmi, 22 işgüzar səfər edib.

13-15 aprel 2004-cü il tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə ilk rəsmi səfəri olub. Səfər zamanı Prezidenti İ.Əliyev Türkiyə Prezidenti Ə.N.Sezərlə, Baş Naziri R.T.Ərdoğanla, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi H.Ozköklə, xarici işlər naziri A.Güllə görüşüb. İ.Əliyev Böyük Millət Məclisində olub, onun sədri ilə təkbətək görüşüb, Məclisdə cıxış edib.

Səfər zamanı Azərbaycan və Türkiyə arasında birgə bəyanat, mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlığa dair protokollor və digər vacib sənədlər imzalanıb.

İki ölkə arasında münasibətlərin xarakterindən danışarkən bir məsələyə də diqqət yetirmək istərdik. Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları artıq ənənəyə çevrilib.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr də güclüdür. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"ndə "Türk petrolları" şirkətinin xarici neft şirkətləri konsorsiumunda təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateci əməkdaşlığın inkişafının real təzahürü idi.
Azərbaycanın neft-qaz sektoru ilə bağlı hazırlanan layihələrdə Türkiyənin payı var. Bakı-Tbilisi-Ceyhan layihəsində, "Azəri"-"Çıraq"-"Günəşli" layihəsində, "Şahdəniz", "Kürdaşı", "Araz"-"Alov"-"Şərq" layihələrində Türkiyə şirkətlərinə pay verilib.

13 iyul 2006-cı il tarixində Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri işə salınıb və bununla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə həyata keçirilib.

1999-cu ildə nəhəng Şahdəniz qaz-kondensat yatağı aşkar edilməsi ilə Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması üçün zəmin yaradıldı. 2001-ci il martın 12-də Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalandı.

2007-ci ilin yanvar ayında Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi.

2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında imzalanan müqavilə Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışını artıq reallaşdırır.

2020-ci illə qədər tamamlanması nəzərdə tutulan TANAP və TAP layihələri isə Şahdənizdən hasil ediləcək iri həcmli qazın Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli başqa layihələr də həyata keçirilir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin tamamlanmasıdır.