İki sahil.- 2018.- 3 aprel.- ¹ 62.- S.29.

 

Cümhuriyyətimizin iqtisadi addımları

 

Qvami Məhəbbətoğlu

 

1917-ci ildə Rusiyada hakimiyyət bolşeviklər tərəfindən ələ keçirildikdən sonra imperiyanın tərkibinə daxil edilmiş milli regionlar öz xalqlarını  və ərazilərini hərc-mərclikdən qorumaqdan ötrü bir-birinin ardınca müstəqilliklərini elan etməyə başladılar.

Onlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti oldu. Müstəqillik yolunda ilk  addımlarını atan  Azərbaycan Xalq Cümhuriyyəti dövrün mürəkkəb problemlərinə baxmayaraq, bolşevik-daşnak talanları nəticəsində dağılmış iqtisadiyyatı da bərpa etməyə başladı. Belə ki, müstəqilliyin ilk aylarından etibarən ərzaq  təhlükəsizliyinin  qorunması, qonşu ölkə və vilayətlərlə həyata keçirilən əmtəə mübadiləsini nizam salmaq məqsədilə bir sıra mühüm qərarlar qəbul edildi. Bununla bağlı 1918-ci il iyunun 27-də hökumət taxıl, mal-qara və digər ərzaq məhsullarının ölkədən kənara çıxarılmasını qadağan edən qərar qəbul etdi. Başqa bir qərarla respublika ərazisində azad ticarətə icazə verildi. Hökumət 5 oktyabr 1918-ci il tarixli Fərmanla Bakı Xalq Komissarları Sovetinin milliləşdirilmə haqqında dekretlərini ləğv edərək bütün neft mədənlərini, fabrik-zavodlari, ticarət gəmilərini əvvəlki sahiblərinə qaytardı. Xarici ölkələrə əmtəə mallarının ixrac edilməsi üzrə qaydalar hazırlanaraq Azərbaycan Xalq Cümhuriyyətinin Ticarət və Sənaye Nazirliyinin 16  mart  1919-cu il tarixli qərarı ilə təsdiq edildi. Həmin qaydalara uyğun olaraq xaricə ixrac  olunan  əmtəə mallarının  siyahısı  tərtib  edildi.

Azərbaycan Xalq Cümhuriyyəti əmtəə mübadiləsi məqsədilə öz nümayəndələrini Şimali Qafqaza, Qara dəniz quberniyalarına və Kuban vilayətinə göndərdi. Öz növbəsində onların nümayəndələri də özlərinə lazım olan məhsulları əldə etmək üçün ölkəmizə gəldilər.

Cümhuriyyət hökumətinin 1919-cu il mayın 4-də Qərbi Avropa  dövlətləri ilə ticarət əlaqələrinin yaradılması haqqında və 1919-cu il iyunun 23-də Kubanla əmtəə mübadiləsi haqqında qəbul  etdiyi qərarlarla əmtəə mübadiləsində iştirak etmək üçün təşəbbüs, yerli şəxsi sənaye və ticarət cəmiyyətlərinə verildi. Qeyd edək ki, bütünlükdə Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və iqtisadi əlaqələrində barter üsulundan istifadə edilirdi: gətirilən malların əvəzinə neft, pambıq, yun, ipək, gön verilirdi. Onu da qeyd edək ki, Rusiya bazarı itirildiyindən Azərbaycan neftinin qonşu ölkələrə və Batumi limanı vasitəsilə Qərbi Avropaya ixracı qaydaya salındı. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə hasil edilmiş 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edildi. Neftin Avropaya göndərilməsi yalnız 1919-cu ilin martında 3 milyon ton neftin ötürülməsini təmin edə bilən Bakı-Batumi neft boru kəmərinin bərpasından, eləcə də Bakı-Culfa dəmir yolunun tikintisinin sürətləndirilməsindən sonra mümkün oldu.

Xarici ölkə və vilayətlərlə əmtəə mübadiləsinin həyata keçirilməsində yerli sahibkar və tacirlər, ticarət-sənaye müəssisələri xüsusilə fəal iştirak edirdilər. Yəni bu kimi məsələlərdə Azərbaycanın tanınmış milyonçuları  öz köməklərini yeni qurulmuş Cümhuriyyətdən əsirgəmədilər. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətini “doğma Vətənimizin üzərində parlayan müstəqillik günəşi” adlandıran, “Azad sahibkarlar dövlətin... dostu və dayağıdır” deyən tanınmış milyonçumuz, mesenat Hacı Zeynalabdin Tağıyev özünün bütün iqtisadi və maliyyə imkanlarını Cümhuriyyətin inkişafına yönəltdi. Daha doğrusu, H.Z. Tağıyevin bütün ticarət nöqtələri Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi bazasına çevrildi.  Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrin maddi təminatını da Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdü.

Azərbaycan Xalq Cümhuriyyətinin mühüm iqtisadi tənzimləmə aləti mütərəqqi gəlir vergisi hesab olunurdu. Bu vergi müəssisə və təşkilatlarda yaradılan mənfəətin 30 faizini təşkil edirdi. Qeyd edək ki, 1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manatdan ibarət idi. Onun əsas hissəsi neft satışı və gəlirə görə vergilər hesabına artırdı, o illər üçün bu göstərici 30% idi. Büdcənin digər gəlir mənbəyi şərab, tütün və əlbəttə ki, neft üçün olan aksiz vergiləri idi.

Xatırladaq ki, 1918-ci ildə Cənubi Qafqazda üç valyutadan istifadə edilirdi: çar rublu, kerenk (müvəqqəti hökumət tərəfindən buraxılmış rubl) və Zaqafqaziya hökumətinin Tiflisdə çap etdirdiyi bon. Daha sonra dördüncü Azərbaycan Xalq Cümhuriyyətinin valyutası sayılan Azərbaycan bonları və ya manatı meydana gəldi. Məlumata görə, bu pullar Bakıda çap edilirdi. Belə çətin şəraitdə milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı. Cümhuriyyət dövründə pul vahidləri ilə yanaşı, qısa müddətdə qiymətli kağızların (istiqraz) buraxılması da həyata keçirildi. Bu istiqamətdə görülmüş bütün tədbirlər, o cümlədən Azərbaycan Dövlət Bankının (1919-cu il sentyabrın 30-da Azərbaycan Dövlət Bankının təntənəli açılışı olub) təsis edilməsi dövlət quruculuğunun mühüm tərkib hissələrindən idi. Respublikada özəl bankçılıq sektorunun inkişafına da dəstək verildi. O zaman ölkəmizdə Bakı tacir bankı, Bakı İran bankı, Tiflis tacir və Birləşmiş bankların filialları fəaliyyət göstərirdi.

 

Kəndlilərə torpaq vermək, əkin-biçin işlərini birlikdə yoluna qoymaq üçün 29 maddədən ibarət torpaq islahatı haqqında Qanun layihəsi hazırlanaraq 1920-ci il fevralın 21-də ümumxalq müzakirəsi üçün dərc olundu. Həmin Qanun layihəsinə görə, bütün torpaqlar əvəzsiz olaraq kəndlilərə verilməli idi. Məlum səbəblər ucbatından onu həyata  keçirmək mümkün olmadı. Belə ki, 1920-ci il yanvarın 16-da Paris Sülh Konfransında qəbul edilmiş qətnamə Azərbaycan Xalq Cümhuriyyətinin bir çox xarici dövlətlərlə, o cümlədən Rusiya ilə qarşılıqlı əhəmiyyət kəsb edən iqtisadi-ticarət əlaqələrinə yaxşı zəmin yarada  bilərdi. Lakin bolşeviklərin ölkəmizi işğal etməsi nəticəsində hadisələr tamamilə başqa istiqamətdə cərəyan etdi...