525-ci qəzet.- 2018.- 17 mart.- ¹ 51.- S.18-19.; 31 mart.- ¹ 56.- S.18-19.

 

Azərbaycan siyasi mühacirətinin ilk böyük itkisi - YAXUD PARİSDƏ DƏFN

 

Vilayət Quliyev

 

75 il bundan əvvəl, 1934-cü il noyabrın 5-də Paris ətrafındakı ucqar Sent Klu rayonunda, özünün kasıb, sadə mənzilində XX əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Əlimərdan bəy Topçubaşov (1863-1934) dünyaya gözlərini yummuşdu.

Azadlığına qovuşmuş vətənində, qurucularından biri olduğu müstəqil Azərbaycan Cümhuriyyətində o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula, oradan isə Parisə yollanmış, dünyanın yeni siyasi xəritəsini cızan Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə rəhbərlik etmişdi.  Birinci Respublikanın  sülh konfransının Ali Şurası  tərəfindən de-fakto tanınması və beynəlxalq hüququn subyektinə çevrilməsində şəxsən Ə.Topçubaşovun və rəhbərlik etdiyi nümayəndə heyətinin müstəsna xidməti vardı. Onlar Azərbaycan adlı dövlətin fiziki və siyasi mövcudluğunu fakta çevirdilər. Dünyanın həmin faktı tanıması, qəbul etməsi yolunda ilk və mühüm addım atdılar. Bu, artıq elə bir reallıq idi ki, işğalçılıq iştahalarının intəhasızlığına baxmayaraq, bolşeviklər də onunla barışmalı oldular. Cümhuriyyətin sərhədlərini qayçılasalar da, bu coğrafiyada Azərbaycan SSR yaratmaq məcburiyyətində qaldılar.

Cümhuriyyətin süqutundan sonra Fransa paytaxtında maddi və mənəvi sıxıntılarla dolu siyasi mühacir həyatı keçirdiyi sonrakı 14 il ərzində də Əlimərdan bəyin bütün qayəsi, məqsəd və məramı öz ölkəsinin tapdanmış haqlarının bərpa edilməsi, yenidən  azadlıq və müstəqilliyə qovuşması olmuşdu.

Yalnız Azərbaycanın deyil, Qafqaz regionunun, bütünlükdə türk-müsəlman dünyasının görkəmli siyasi liderlərindən biri kimi tanınan Ə.Topçubaşovun vəfatı və dəfni müxtəlif ölkələrdə, müxtəlif dillərdə çıxan mühacir mətbuatında geniş işıqlandırılmışdı. Xüsusən onun Fransa paytaxtındakı izdihamlı dəfn mərasimi mühüm ciddi manifestasiyaya, Azərbaycan xalqının siyasi iradəsinin və əyilməzliyinin  nümayişinə çevrilmişdi.  Qafqaz mühacirətinin Parisdə  fransız dilində nəşr olunan “Prometey” dərgisi ilə bir sırada Varşavada türk-Azərbaycan və rus dillərində çıxan “Şimali Kafkasya-Severnıy Kavkaz”  jurnalı da 1934-cü il noyabr sayının böyük bir hissəsini Əlimərdan bəy Topçubaşova, onun həyatına, mübarizəsinə, bir çox mühacir təşkilatları və liderlərinin iştirakı ilə keçirilən izdihamlı dəfn mərasiminə həsr etmişdi. Hər iki jurnalın noyabr sayının üz qabığında azərbaycanlı siyasi xadimin portretinin yerləşdirməsi də ayrıca qeyd olunmalıdır.

Aşağıda “Şimali Kafkasya -Severnıy Kavkaz”da dərc olunan və əsas etibarı ilə 1934-cü il noyabrın 8-də Əlimərdan bəyin Parisin Sent Klu qəbristanlığında  dəfn mərasimini, məzarı başında söylənmiş vida nitqlərini, həyat yolu ilə bağlı bioqrafik səciyyəli yazılardan ibarət materialları rus dilindən tərcümədə “525-ci qəzet”in oxucularına təqdim edirəm. Jurnalda Azərbaycan türkcəsindəki “Əli Mərdan bəy Topçubaşi” adlı nekroloq olduğu kimi verilmişdir.

 

Ə.M.Topçubaşovun ölümü münasibəti ilə

 

Uzun sürən əzablı xəstəlikdən sonra biz Əlimərdan bəyi itirdik. Onun ölümü ilə təkcə Azərbaycanın deyil, bütün müsəlman Yaxın Şərqinin siyasi xadimləri arasında  ən böyük şəxsiyyətlərdən biri əbədiyyətə qovuşdu.

Bu alovlu və nəcib vətənpərvərin həyatı xalqa xidmətə sərf olunmuşdu. Azərbaycanın, Rusiya müsəlman əhalisi tarixinin müxtəlif dönüş nöqtələrində, həmişə və hər yerdə Əlimərdan bəy  öncül mövqedə dayanmışdı.

O, Rusiya müsəlmanlarının bütün qurultaylarının iştirakçısı və sədri olmuş, I Dövlət Dumasına üzv seçilmişdi. Vıborq Bəyannaməsini imzaladığına görə həbs cəzasına məhkum edilmişdi.

Azərbaycan milli partiyasının rəhbəri və Versal Sülh konfransında Azərbaycan Nümayəndə heyətinin sədri kimi özünün bütün bacarıq və enerjisini Vətənin taleyinə laqeyd qalmaq istəməyənlərin səfərbər olunmasına yönəltmişdi.

Bu möhtəşəm və möhtərəm insanın adı və xatirəsi tanıyanların hamısının yaddaşında əbədi yaşayacaq, onu həmişə xoş hisslərlə yad edəcəklər. Onunla ünsiyyətdə olanlar Əlimərdan bəyin işıqlı zəkasını, xeyirxahlığını, atəşin vətənpərvərliyini, səmimiyyət və qüdrətini heç zaman unutmayacaqlar.

Azərbaycanın  böyük oğlunun fəaliyyəti, Vətən qarşısındakı zəhmətləri barədə ayrıca danışmağa ehtiyac var. Əlimərdan bəydən söz açmaq-Rusiya müsəlmanları və Azərbaycan haqda, son 50 ildə bu ölkənin digər Qafqaz xalqları ilə əməkdaşlığı haqda danışmaq deməkdir. Əlimərdan bəyin siyasi fəaliyyəti tariximizin böyük bir dövrünü əhatə edir. Həmin dövr çərçivəsində isə onun şəxsiyyəti çox mühüm yer tutur. XIX əsrin sonu Azərbaycan tarixinin ən uğursuz dövrlərindən biridir. Çarizm rejiminin doğurduğu bədbin əhvali-ruhiyyə, aramsız təqib və təzyiqlər xalqda azadlıq və xoşbəxt gələcəklə bağlı bütün ümidləri öldürmüşdü. Siyasi həyat sükunətə qərq olmuşdu. Çar Rusiyasının işğalından sonra ölkə sanki məzarlığı xatırladırdı. Gözlənilmədən bu sükuta dalmış vulkanın dərinliklərində  hərəkət başlandı. Öz çağırışı ilə yatmış aləmi oyadan, çalxalandıran, hərəkətə gətirən şəxsiyyət meydana çıxdı. Onun xalq sevgisi, enerjisi və vətənpərvərlik ruhu milli hərəkata təkan verdi. Milli ideologiya uğrunda mübarizə aparan cəmiyyətin formalaşması prosesi başlandı. Lakin bu şəxsiyyət təkcə mənsub olduğu millət haqqında düşünmürdü, digərlərinin də maraq və mənafelərini müdafiə edirdi. “Özün yaşa, başqalarına da yaşamağa imkan ver!”- Əlimərdan bəyin şüarı belə idi. O, həmişə Qafqaz xalqları arasında qarşılıqlı anlaşma mühiti yaratmağa səy göstərirdi. Bilirdi ki, Qafqazın digər xalqları ilə yaxınlıq mənsub olduğu millətə də yararlıdır. Ona görə var gücü ilə çalışır, meydana çıxan anlaşılmazlıqları aradan qaldırmaq üçün qüvvə və enerjisini sərf edirdi.

 

Əlimərdan bəyin dəfn günü müxtəlif Qafqaz millətlərindən olan natiqlər Qafqaz xaqları ittifaqının yaranmasında onun fəaliyyətinin əhəmiyyətini qeyd etdilər.

 

Mərhumun son vəsiyyətlərini xatırlayarkən vurğulamaq lazımdır ki, o, ilk növbədə Qafqazı azad və müstəqil görmək istəyirdi. Qonşularımız dəfn günü Qafqaz Konfederasiyası Paktının imzalanmasına imkan yaradan şəraiti, Əlimərdan bəyin bölgənin vəhdəti uğrunda göstərdiyi səyləri yada saldılar. Həqiqətən də onun son gördüyü iş-Qafqaz xalqlarının birliyi paktının imzalanması idi. Zamanı yalnız buna çatdı. İmzalanmadan sonra özünün ən böyük arzusuna yetişmiş insan kimi gözlərini fani dünyaya həmişəlik qapadı. Əslində isə bu  son iş millətlərin azadlıq yolundakı mübarizəsinin yeni  başlanğıcı idi.

 

Əlimərdan bəy Topçubaşovun dəfni

 

Azərbaycan Parlamentinin keçmiş sədri, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Şurasının üzvü, Azərbaycanın Konstantinopoldakı keçmiş Fövqəladə və Səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun dəfn mərasimi noyabrın 8-də keçirilmişdir. Cənazə Paris məscidinin imamı Seyid Əli Yəhyayinin oxuduğu dualarla yerdən qaldırılmışdır. Mərhum Sent Klu qəbristanlığında, çoxsaylı yaxınlarının və dostlarının iştirakı ilə torpağa tapşırılmışdır. Cənazə mərasiminin önündə mərhumun oğulları-Ələkbər bəy və Ənvər bəy Topçubaşov, dul qadını Pəri xanım Topçubaşova (Məlik-Zərdabi), qızları Sara xanım Sultanoğlu və Sevər xanım Topçubaşova, onların ardınca isə Azərbaycan Nümayəndə heyətinin və Azərbaycan Milli Şurasının üzvləri gedirdilər. Azərbaycan ənənəsinə uyğun olaraq mərhumun nəşi qoyulmuş və güllərlə bəzədilmiş mafə oğullarının və yaxın adamlarının çiyinlərində evdən çıxarılaraq qəbristanlığa gətirilmişdi. Burada isə Əlimərdan bəyin nəşi dostları və yaxınları tərəfindən mollanın oxuduğu Quran ayələrinin sədaları altında torpağa tapşırılmışdı. Mərhumun qohumları və yaxınları təzə qəbrin üzərinə çiçək dəstələri düzmüşlər. Əlimərdan bəyin ruhuna dua oxunandan sonra nitqlər söylənmişdir. Onun doğmaları, dostları, həmvətənlər, azərbaycanlılar və Azərbaycan milli təşkilatları adından cənab Məhəmməd Əmin Rəsulzadə, gürcü xalqı, Gürcüstan dövləti və gürcü milli təşkilatları adından cənab Akaki Çxenkeli, Qafqaz Dağlılarının Xalq Partiyası adından cənab Tausultan Çakman, Ukrayna milli təşkilatları adından cənab Venseslav Prokopoviç,  Türküstan milli ittifaqı və “Gənc Türküstan” jurnalının redaksiyası adından cənab Mustafa Çokayoğlu, Ermənistan Nümayəndə heyəti adından cənab Aleksandr Xatisyan, kazak və kalmıkların milli təşkilatı adından Şamba Balinov nitq söyləmişlər.

 

Müxtəlif milli təşkilatların və Azərbaycan icmasının nümayəndələri dəfn mərasiminə qatılmışlar.

 

Ukrayna dərnəyinin sədri, nazir Qabriel Ferrand, Fransa-Şərq komitəsinin qurucusu Abdon-Besson, Beynəlxalq Antibolşevik komitəsi sədrinin müavini T.Krivez, cənab Repike və xanımı, xanım Vozen, cənab Məmməd Girey Sunç, cənab Tausultan Çakman və xanımı, cənab İbrahim Çulik, Qafqaz Dağlıları Xalq Partiyasının Mərkəzi Komitə üzvləri knyaz Bekoviç-Çerkasski, general Ediq Xandoq, doktor Çakov, cənab Çermoev və xanımı; Gürcüstanın keçmiş prezidenti cənab M.N.Jordaniya, səlahiyyətli nazir A.Çxenkeli və xanımı, keçmiş xarici işlər naziri cənab E.Gegeçkori, keçmiş maliyyə naziri cənab M.Kandelaki, general Kvintadze və xanımı, Gürcüstan Paris Ofisinin rəhbəri cənab Asatiani, knyaz Vaçnadze,  Gürcüstanın Konstantinopoldakı keçmiş səfiri cənab Q. Qvazava, Parisdəki gürcü icmasının rəhbəri cənab Abduçelli və xanımı, knyaz və knyaginya  Dadianilər, keçmiş deputatlar cənab Dobedçiya və cənab Mqeladze; Ermənistan nümayəndə heyətinin sədri cənab A.Xatisyan, Ermənistanın keçmiş naziri cənab Vratizyan, xanım Minkeviç, cənab Cançiev, cənab Avnamatov; “Gənc Türküstan” jurnalının redaktoru cənab Mustafa Çokayoğlu, Ukrayna Nazirlər Şurasının sədri cənab Prokopoviç və xanımı, Ukrayna hökumətinin naziri cənab Kuliqin və xanımı, knyaz və knyaginya Tokarilər, Fransadakı Ukrayna Federasiyasının baş katibi cənab Nikityuk və xanımı,  Keçmiş Ukrayna Döyüşçüləri İttifaqının sədri general Udovitçenko və baş katib  cənab Kovalski, Fransadakı Ukrayna missiyasının sədri cənab Kosçenko və katibi cənab Latotski, Parisdəki Ukrayna icmasının rəhbəri cənab Yeremeyev; Kalmık qəzetinin baş redaktoru və Kalmık Komitəsinin sədri cənab Balinov, “Azad kazaklar” qəzetinin baş redaktoru cənab Bilgi, Kazak Dirçəlişi Liqasının sədri cənab Karev və başqaları mərasim iştirakçıları sırasında idilər.

 

Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nitqi

 

Xanımlar və cənablar!

 

Bu gün millətimizin yetirdiyi ən böyük şəxsiyyətlərdən birinə “Əlvida!” deyirik. Parlamentimizin ilk sədrini, Azərbaycan Nümayəndə heyətinin möhtərəm  başçısını Fransa torpağına əmanət veririk. Təəssüf ki, biz onu ana vətənində dəfn edə bilmirik.

Yalnız Parlament sədri, Nümayəndə heyətinin rəhbəri, Milli Şura üzvü kimi vəzifələrinin sadalanması onun bütün xidmətlərini əhatə etmək anlamına gəlməməlidir. Millətin rifahı və tərəqqisi naminə Əlimərdan bəyin çəkdiyi zəhmətlərin sözlə ifadəsi imkan xaricindədir. O, başdan-başa zəhmətlə dolu 64 illik (yanlışlığa yol verilib, əslində, Ə.M.Topçubaş 71 yaşında vəfat etmişdi-V.Q.) ömür yaşadı. Və bu ömrün 50 ili millətə xidmətə, siyasi və ictimai ideyalara həsr olundu. 50 il! Həyatının tam yarısı! (mətndə belə getmişdir. Çox ehtimal ki, natiq “Tam yarım əsr!”- ifadəsini işlədib, sadəcə rus dilinə tərcümədə fikri təhrif olunub-V.Q.). Bu-bütöv bir dövrdür. Bəli! Biz Əlimərdan bəyin şəxsində bütöv bir epoxanın təcəssümünü itirdik. İctimai və siyasi həyatımızda özündə bütöv bir nəslin mübarizəsini birləşdirən şəxsiyyəti qeyb elədik.

Əlimərdan bəy siyasi və ictimai sahədə fəaliyyətə başlayanda hər şey demək olar ki, tükdən asılı vəziyyətdə idi. Lakin hətta belə təhlükəli anda da Rusiya türkləri və müsəlmanları çəkdiyi zəhmətlər sonda öz layiqli bəhrəsini verən bir şəxsiyyət tərəfindən istiqamətləndirilirdilər.

O, hüquqşünas idi. Bütün həyatını millətin hüquqlarının qorunmasına həsr etmişdi. O, Rusiya türklərinin, xüsusən də Azərbaycanın siyasi həyatında görünəndə milli inkişaf tarixində yeni dövr başlanırdı. Mirzə Fətəli Axundzadə, Həsən bəy Məlik-Zərdabi, İsmayıl bəy Qasprinski kimi şəxsiyyətlərin beşiyi başında dayandıqları milli hərəkat ciddi inkişaf yolu keçərək siyasi hüquqlar uğrunda mübarizəyə çevrilirdi. Əlimərdan bəy bütün istedad və qabiliyyətini sözləri, əməlləri və tükənməz enerjisi ilə xalqın siyasi hüquqlarının müdafiəsinə yönəltdi. O, həyatının son dəqiqəsinə qədər xalqının, millətinin maraqlarının səmimi və yorulmaz müdafiəçisi olaraq qaldı. 1905-ci ildə, müsəlmanların ilk qurultayına rəhbərlik etdiyi dövrdə Əlimərdan bəy artıq “İttifaqi-müslimin” siyasi partiyasının lideri və Dövlət Dumasındakı Müsəlman fraksiyasının sədri idi (Çıxışın mətnində belədir - V.Q.). Milli mənafe uğrunda mübarizə yolunda o, Vıborq Bəyannaməsini imzalamaqdan da çəkinmədi, bu yolda hətta məhbəsə düşdü, siyasi hüquqları əlindən alındı.

Burada biz sadəcə onun ictimai-siyasi həyatının ən vacib məqamlarına toxunuruq. Çünki mərhumun bütün xidmətlərini sadalamaq imkan xaricindədir. Onun  həyatı başdan-başa milli maraqlara xidmətdən ibarət idi. Məhz o, “Kaspi” qəzetinin redaktoru oldu,  “Həyat” qəzetinin yaradılmasında yaxından iştirak etdi.

Zaman yetişdi. Çarizm süquta uğradı. Milli hərəkat geniş vüsət aldı. Azərbaycan xalqı itirilmiş siyasi hüquqlarını özünə qaytardı. Tədricən yeni həyatın bünövrəsi qoyuldu. Milli müstəqillik elan olundu, milli hökumət yaradıldı. İndi artıq beynəlxalq güclər qarşısında bu milli müstəqilliyi müdafiə etmək lazım idi.

Kim Azərbaycanın maraqlarının müdafiəçisi ola bilərdi? Bütün nəzərlər Əlimərdan bəyə zillənmişdi. Milli maraqların müdafiəsi həqiqi vətənpərvərin əlində idi. Lakin həmin dövrdə tam müstəqilliyə nail olmaq qeyri-mümkün idi. Bunun səbəblərini hamımız yaxşı bilirik. Əgər həmin o çətin anda Qafqaz dövlətləri birləşə bilsəydilər, qələbə bizimlə olardı. Hər birimiz ayrılıqda azadlıq uğrunda bunca qurbanlar verməzdik. Sürgünlərə göndərilməzdik, Ana Vətənin çəkdiyi əzab və iztirablara baxıb ürəklərimiz şan-şan olmazdı!

Əlimərdan bəy bir-birlərini müdafiə etmədikləri təqdirdə Qafqazın Azərbaycan, Gürcüstan, Şimali Qafqaz və Ermənistan kimi ölkələrinin asanlıqla pərakəndə salınacaqlarını, milli istiqlallarını qoruya bilməyəcəklərini yaxşı başa düşən siyasətçilərindən idi. O, Qafqaz birliyi ideyasına  böyük önəm verirdi. Hələ 1914-cü ildə, gürcü şairi Akaki Seretelinin dəfn mərasimində söylədiyi nitqdə  həmin ciddi mətləbə toxunmuşdu. Gürcü şairinin məzarı başında dediyi sözlər uzun müddət Qafqaz mətbuatının gündəliyində qalmışdı. “Özün yaşa və başqalarına da yaşamağa imkan ver!” - böyük vətənpərvərin dönmədən əməl etdiyi həyat prinsipi belə idi.

Daha sonra İstanbulda, Mudros anlaşması günlərində, Azərbaycan Nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə o, zəngin məzmuna malik kiçik broşüra hazırlamışdı. Əlimərdan bəy burada da Qafqazın problemlərindən söz açmış, xalqlar arasındakı müttəfiqliyi alqışlayan müdrik Azərbaycan siyasətçisi kimi böyük ağıl və uzaqgörənlik nümayiş etdirmişdi.

Tale ona Vətənə dönmək imkanı verməsə də, gələcək azadlığın yollarını göstərmişdi. Azərbaycanın qanuni təmsilçisi olan Əlimərdan bəy sonda  istəyinə nail oldu. O, Qafqaz Konfederasiyası Paktına imza atdı. Bu sənədin imzalanmasından və yayılmasından böyük mənəvi zövq duydu. Onun gözləri önündə gələcəyə-ittifaq münasibətlərinə doğru addımlayan Qafqaz canlandı. Mən həmin anlarda mərhumun keçirdiyi sevinc və məmnunluq hissinin şahidi olmuşam. Lakin təəssüf ki, ağır xəstəlik başlanan işi  sona çatdırmağa imkan vermədi.

 

O, həyatının son anına qədər hər şeylə maraqlanır və  Qafqazla bağlı bütün məsələlər haqqında ətraflı məlumat əldə etmək istəyirdi. Daim ümumi maraq və mənafelər naminə yaşayırdı. Onun simasında Qafqaz federalistləri xalq mənafeyinin ən güclü müdafiəçisini itirdilər.

Mənim əziz həmvətənlərim! Biz azərbaycanlılar Əlimərdan bəyi, zəmanəmizin böyük nümayəndəsini, böyük dövlət xadimini, hamının hörmət bəslədiyi şəxsiyyəti, müstəqil Azərbaycanın qəhrəmanını itirmişik. Əziz qonşular, Əlimərdan bəyin vəfatı ilə özünü Qafqaz birliyi ideyasına həsr etmiş fədakar siyasətçini və insanı itirmişik. Siz, onun ailə üzvləri, atanızı, başınızın böyüyünü, çox möhtərəm bir insanı itirmisiniz. Hamımıza dərin hüznlə başsağlığı verirəm.

 

Gürcüstanın Parisdəki keçmiş səfiri Akaki Çxeidzenin nitqi

 

Parisin köhnə ucqarlarından biri olan Sent Kludakı bu təpə üzərində, dəmir yolundan və səs-küydən uzaq tənha guşədə Əlimərdan bəyin  yer üzərindəki mövcudluğuna kədərli şəkildə son qoyuldu.

Xalqının tərəqqisi ilə bağlı arzularının həyata keçirilməsi yolunda o, nə qədər ümidlər bəsləmişdi, nə qədər qüvvə sərf etmişdi!

Azərbaycanın ən böyük siyasi xadimlərindən birinin nəsibi tənha və kədərli mühacir həyatı olmuşdu. Mərhumun qonşuları dəfn günü onun qapısında müxtəlif dillərdə danışan çoxsaylı qələbəliyi görüb təəccüblənmişdilər. Orada azərbaycanlılar, ukraynalılar, ermənilər, Türküstan və Şimali Qafqaz sakinləri vardı. Bizim gürcülər də  az deyildilər. Əlimərdan bəylə vidalaşmağa gələnlər arasında frankofonlar, fransız cəmiyyətinin nümayəndələri də yetərincə çox idi.

Hamı Əlimərdan bəyi yalnız siyasətçi kimi deyil, həm də öz ölkəsinin dirçəldilməsi, xalqının azadlığa qovuşması naminə hər əzaba, məhrumiyyətə hazır olan fədakar insan kimi tanıyırdı. Tale onu Parisə, Azərbaycan Nümayəndə heyətinin rəhbəri vəzifəsinə gətirmişdi. Sonrakı həyatı Parislə bağlanmışdı.

Çarizm zamanında Əlimərdan bəy heç nədən qorxub çəkinməmişdi. Rusiya imperiyasındakı bütün müsəlmanların ideya rəhbəri kimi o, yalnız doğma xalqının deyil, bütün Qafqaz xalqlarının haqq işi uğrunda mübarizə aparmışdı. Qafqaz Konfederasiyası təsis edilərkən o, sona qədər əzmkarlığını və dönməzliyini qoruyub saxlamışdı. Bunun bariz nümunəsi ağır xəstə olan Əlimərdan bəyin həmin Paktı imzalamaq üçün özündə güc tapması idi. O, Qafqaz Paktını bizim üçün yeni yolun başlanğıcı sayırdı. Biz bu yolla gedəcək və həmişə Əlimərdan bəyin nəcub xatirəsini sevgi və minnətdarlıq hissi ilə yad edəcəyik.

 

Ukrayna Nazirlər Şurasının keçmiş sədri Venseslav Prokopoviçin nitqi

 

Biz ukraynalılar heç zaman Əlimərdan bəyin ən böyük dostlarımızdan biri olduğunu unutmamalıyıq. Hələ gənclik illərindən professor Mixail Qruşevitski (Ukrayna liderlərindən biri, Ə.Topçubaşovun gimnaziya yoldaşı-V.Q.) ilə dostlaşan Əlimərdan bəy Ukrayna milli hərəkatı haqqında geniş məlumat almış, onun ideyalarını qəbul etmiş və inanmışdı. O, qəti əmin idi ki, müstəqil Ukrayna olmadan müstəqil Qafqazın da mövcudluğu mümkün deyildir. Ona görə də Ukrayna ilə Qafqaz arasında anlaşmanın zəruriliyi üzərində daim israr edirdi. Əgər uzun müddətli tərəddüdlərdən sonra indi biz Qafqazla ümumi istiqamətdə hərəkət edə biliriksə, bunun üçün həm də Əlimərdan bəyə minnətdar olmalıyıq.

Mən Topçubaşovla vəzifə borclarımın icrası ilə əlaqədar bir yerdə olmuşam. Onunla yolüstü 1919-cu ildə İstanbulda, sonra isə Parisdə, Versal konfransındakı görüşlərimiz yaxşı yadımdadır. 1920-ci ildə biz birlikdə Millətlər Liqasında Azərbaycanın və Ukraynanın namizədliyini müdafiə edirdik. Azərbaycan, Gürcüstan və Ukraynanın bu cəmiyyətə qəbul olunmasına “yox” deyiləndə yanaşı oturmuşduq. Bu “yox” cavabı bizi ürəyimizin dərinliklərinə qədər sarsıtdı. Bəzən kədər insanı sevincdən daha çox yaxınlaşdırır və həmin anda bu yaxınlığı hiss etdik. Daha sonra, Ukrayna ilə Qafqaz arasında münasibətlər səmimi xarakter alanda, bizim nümayəndələr bir yerdə toplaşanda Əlimərdan bəylə, onun xarakteri və ideyaları ilə daha yaxından tanış olmaq imkanı qazandım.  Sadəcə deyə bilərəm ki, bu insanın böyük ağlına heyran qalmamaq mümkün deyildi.

Mühacirətdə insanlar həm maddi, həm də mənəvi çətinliklərlə üzləşirlər. Xüsusən siyasi həyatın gərgin məqamlarında uzun müddətli əziyyətlərin heçə gedəndə adamın əli işdən soyuyub yanına düşür. Lakin mən Əlimərdan bəyin yaxın dostlarından belə məqamlarda da onun qətiyyən ruhdan düşmədiyini, heç zaman şikayətlənmədiyini dönə-dönə eşitmişəm. O, taleyin bütün zərbələrinə mətanətlə sinə gərir, qəribə bir dözüm nümayiş etdirirdi. Hətta məğlubiyyət anlarında da ağlı aydın və işıqlı idi. Yaşın, xəstəliklərin, çətinliklərin psixikaya sarsıdıcı təsirinə baxmayaraq, o, həmişə güclü və dönməz qalmış,  ideyalarına sədaqətini qoruyub saxlamışdı. O, tarixə Azərbaycanın müstəqilliyi uğrunda Moskvanın zülmünə qarşı mübarizə aparan  qəhrəman şəxsiyyət kimi düşmüşdür.

Əlimərdan bəyin vəfatı bizi çox sarsıtmışdır. Ukrayna öz dərin təəssüfünü izhar edir, mərhumun ailəsinə, Azərbaycan xalqına səmimi başsağlığını çatdırır.

 

Böyük vətənpərvər, öz millətini ürəkdən sevən, eyni zamanda, Ukraynanın da dostu olan bir şəxs  artıq aramızda yoxdur, lakin onun əsas ideyası-öz ölkəsinin müstəqilliyi, qonşu xalqlar, habelə Ukrayna ilə əməkdaşlıq qayəsi həmişə yaşayacaqdır. Ukrayna dövlətinin başçısı adından, həmkarlarım və həmvətənlərim adından, bütün Ukrayna xalqı adından mərhumun müqəddəs ruhuna öz böyük ehtiramımı bildirir, həqiqi dost itkisindən doğan təəssüf və kədərimi burada, hamınızın qarşısında dilə gətirmək istəyirəm. 

 

Qafqaz Dağlıları Xalq Partiyasının nümayəndəsi Tausultan Çakmanın nitqi

 

Öz vətəninin fəxri, Qafqazın  vətəndaşı və vətənpərvəri, yalnız Rusiyada deyil, bütün dünyada müsəlmanların maraq və mənafelərinin müdafiəçisi Əlimərdan bəy Topçubaşov daha sıralarımızda yoxdur.

O, bütün həyatını Vətəninin maddi və mənəvi tərəqqisinə, Qafqaz xalqlarının həmrəyliyinə həsr etmişdi.

Qırx il ərzində yorulmaq bilmədən çalışmışdı. Fəaliyyətinin nəticəsi biri-birinin ardınca siyasi mübarizədə və hüquqların əldə edilməsində qazanılan qələbələrdə özünü göstərmişdir.

1894-cü ildə (mətndə belədir, əslində, 1898-ci il olmalıdır-V.Q.) o, artıq “Kaspi” qəzetini idarə edirdi, Vətəninin mədəni və iqtisadi imkanlarını artırmaq üzərində işləyirdi, siyasi və sosial maraqların müdafiəsində uğurlar qazanırdı.

O, rus imperializminin təhrikçi, qızışdırıcı siyasətindən  əziyyət çəkən Azərbaycan və Ermənistan arasında yaxşı qonşuluq münasibətlərinin bərpa olunmasına mühüm diqqət yetirirdi.

Mərhum 1905-1906-cı illər Birinci rus inqilabı dövründə Nijni-Novqorod və Peterburq şəhərlərində toplanan Rusiya Müsəlmanları İttifaqının qurucularından və ən fəal üzvlərindən biri idi.

O, Azərbaycandan I Dövlət dumasına üzv seçilmişdi. Dumanın 26 deputatdan ibarət Müsəlman fraksiyasının işinə rəhbərlik edirdi.

Hətta Vıborq Bəyannaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunanda da fəaliyyətini dayandırmamışdı.

O, müsəlmanların ruslar tərəfindən dini və digər sahələrdə diskriminasiya edilməsinə qarşı mübarizə aparırdı.

öyük müharibə (Birinci Dünya müharibəsi nəzərdə tutulur-V.Q.) zamanı Əlimərdan bəy xəyanətdə suçlanan arxasız, köməksiz acarları müdafiə etməyə çalışmışdı. O, Qafqazda zemstvoların təşkili ilə məşğul olan xüsusi şuranın yaradılmasında fəal iştirak etmişdi. Əlimərdan bəy həmin şurada gürcü deputatlarla tam qarşılıqlı anlaşma şəraitində işləyir, Azərbaycan, Gürcüstan və Şimali Qafqaz birliyinin ardıcıl müdafiəçisi kimi tanınırdı.

1917-ci ilin aprelində Əlimərdan bəy Bakıda Qafqaz müsəlmanlarının qurultayına rəhbərlik etmiş, burada təkcə müsəlmanların deyil, bütün Qafqaz xalqlarının birliyi təşəbbüsünü irəli sürmüşdü.

Qafqaz müsəlmanlarının qurultayından sonra o, Tiflisə qayıtmış, Transqafqaz Komitəsinin xüsusi milli şurasının sədri olmuşdu. 1917-ci ilin mayında Əlimərdan bəy Topçubaşov Moskvada Rusiya müsəlmanlarının qurultayında Transqafqaz Komitəsinin nümayəndəsi kimi iştirak və çıxış etmişdi. O zaman Türkiyə sərhəddində çoxsaylı rus əsgərlərinin olması səbəbindən vəziyyət xeyli mürəkkəbləşmiş, böyük  narahatlıq yaranmışdı. Vəziyyət elə gərgin hal almışdı ki, yerli əhali ilə rus əsgərləri  hər an üz-üzə gələ  bilərdilər. Dinc vətəndaşlarla hərbçilər arasında meydana çıxa biləcək toqquşmanın qarşısını almaq üçün Əlimərdan bəy dərhal Peterburqa qayıtmış, Rusiya hərbçilərini bölgədən çıxarmaq yollarını aramağa başlamışdı. O, I Dövlət dumasında həmkarı olan və rus ordusuna müəyyən təsir göstərə bilən knyaz Lvovla görüşmüşdü. 1918-ci ilin payızında (mətndə belədir, əslində, avqust ayında-V.Q.) Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri kimi xaricə gedənə qədər Əlimərdan bəy özünü bütünlüklə Qafqazda milli siyasətin işlənib hazırlanmasına və etibarlı müdafiə sisteminin yaradılmasına həsr etmişdi. Hətta xaricdə olduğu müddətdə də bu sahədə fəaliyyətini dayandırmamışdı. Daim Qafqazdakı siyasi hərəkatın özünəməxsusluqları və yaranmış çətinlikləri aradan qaldırmaq yolları üzərində düşünmüşdü.

Həmişə Qafqaz xalqlarına böyük hörmət hissi ilə yanaşan Əlimərdan bəy onların arasında müqəddəs bir ittifaq yaratmaq arzusu ilə yaşayırdı. O, özünün böyük məsuliyyət dolu vəzifə borclarını yüksək ləyaqətlə həyata keçirərək xalqının inam və rəğbətini qazanmışdı. Lakin təəssüf ki, Qafqazda yaranan vəziyyət ona istək və ümidlərini gerçəkləşdirməyə, Azərbaycan və digər Qafqaz xalqları üçün siyasi hüquqlar uğrundakı mübarizəsini sona çatdırmağa imkan verməmişdi.

 

Qırmızı işğal rejimi Qafqaz xalqlarını daha da sıx birləşdirmişdir.

 

Sarsılmaz ittifaq!- Əlimərdan bəyin son vəsiyyəti belə idi. Onun bu arzusu 14 iyun aktında öz əksini tapdı.

Gələcəkdə Qafqaz tarixindən yazanlar burada mənim sadaladığım məsələlərin hər birinə bütöv səhifələr həsr edəcəklər.

 

Burada adından danışdığım Qafqaz Dağlılarının Xalq Partiyası Azərbaycan xalqına və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qoy, Böyük Allah Qafqaza və Azərbaycana rifah, tərəqqi göndərsin. Çünki bu, Əlimərdan bəyin ən böyük arzusu idi və onun əbədi rahatlığa qovuşan vücudu üçün də bizim ən gözəl arzumuz ola bilər.

1934-cü il noyabrın 5-də Paris ətrafındakı ucqar Sent Klu rayonunda, özünün kasıb, sadə mənzilində XX əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Əlimərdan bəy Topçubaşov (1863-1934) dünyaya gözlərini yummuşdu.

Azadlığına qovuşmuş vətənində, qurucularından biri olduğu müstəqil Azərbaycan Cümhuriyyətində o, cəmisi üç aya yaxın yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də dövlətinin Fövqəladə və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən İstanbula, oradan isə Parisə yollanmış, dünyanın yeni siyasi xəritəsini cızan Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə rəhbərlik etmişdi.  Birinci Respublikanın  sülh konfransının Ali Şurası  tərəfindən de-fakto tanınması və beynəlxalq hüququn subyektinə çevrilməsində şəxsən Ə.Topçubaşovun və rəhbərlik etdiyi nümayəndə heyətinin müstəsna xidməti vardı. Onlar Azərbaycan adlı dövlətin fiziki və siyasi mövcudluğunu fakta çevirdilər. Dünyanın həmin faktı tanıması, qəbul etməsi yolunda ilk və mühüm addım atdılar. Bu, artıq elə bir reallıq idi ki, işğalçılıq iştahalarının intəhasızlığına baxmayaraq, bolşeviklər də onunla barışmalı oldular. Cümhuriyyətin sərhədlərini qayçılasalar da, bu coğrafiyada Azərbaycan SSR yaratmaq məcburiyyətində qaldılar.

Cümhuriyyətin süqutundan sonra Fransa paytaxtında maddi və mənəvi sıxıntılarla dolu siyasi mühacir həyatı keçirdiyi sonrakı 14 il ərzində də Əlimərdan bəyin bütün qayəsi, məqsəd və məramı öz ölkəsinin tapdanmış haqlarının bərpa edilməsi, yenidən  azadlıq və müstəqilliyə qovuşması olmuşdu.

Yalnız Azərbaycanın deyil, Qafqaz regionunun, bütünlükdə türk-müsəlman dünyasının görkəmli siyasi liderlərindən biri kimi tanınan Ə.Topçubaşovun vəfatı və dəfni müxtəlif ölkələrdə, müxtəlif dillərdə çıxan mühacir mətbuatında geniş işıqlandırılmışdı. Xüsusən onun Fransa paytaxtındakı izdihamlı dəfn mərasimi mühüm ciddi manifestasiyaya, Azərbaycan xalqının siyasi iradəsinin və əyilməzliyinin nümayişinə çevrilmişdi.  Qafqaz mühacirətinin Parisdə  fransız dilində nəşr olunan “Prometey” dərgisi ilə bir sırada Varşavada türk-Azərbaycan və rus dillərində çıxan “Şimali Kafkasya-Severnıy Kavkaz”  jurnalı da 1934-cü il noyabr sayının böyük bir hissəsini Əlimərdan bəy Topçubaşova, onun həyatına, mübarizəsinə, bir çox mühacir təşkilatları və liderlərinin iştirakı ilə keçirilən izdihamlı dəfn mərasiminə həsr etmişdi. Hər iki jurnalın noyabr sayının üz qabığında azərbaycanlı siyasi xadimin portretini yerləşdirməsi də ayrıca qeyd olunmalıdır.

Aşağıda “Şimali Kafkasya-Severnıy Kavkaz”da dərc olunan və əsas etibarı ilə 1934-cü il noyabrın 8-də Əlimərdan bəyin Parisin Sent Klu qəbristanlığında  dəfn mərasimini, məzarı başında söylənmiş vida nitqlərini, həyat yolu ilə bağlı bioqrafik səciyyəli yazılardan ibarət materialları rus dilindən tərcümədə “525-ci qəzet”in oxucularına təqdim edirəm. Jurnalda Azərbaycan türkcəsindəki “Əli Mərdan bəy Topçubaşi” adlı nekroloq olduğu kimi verilmişdir.

 

Ermənistan Nümayəndə heyətinin rəhbəri Aleksandr Xatisyanın nitqi

 

Ermənistan Respublikasının nümayəndə heyəti hörmətli Əlimərdan bəyin ailəsinə və Azərbaycan Nümayəndə heyətinə öz dərin başsağlığını çatdırır. Məndən əvvəl çıxış edən natiqlər mərhumun fədakar, hətta özünü qurban vermək dərəcəsinə çatan mübarizələrlə dolu həyatı haqqında danışdılar. Onun doğma Vətəninin həyatını yenidən qurmaq yolunda sərf etdiyi enerjisindən, qüvvə və bacarığından söz açdılar.

Mən Əlimərdan bəyin fəaliyyətinin iki aspekti üzərində dayanmaq istərdim.  İlk növbədə isə Rusiya müsəlmanlarının fəaliyyətini təşkil etmək, bir araya gətirmək, qüvvətləndirmək və vahid istiqamətə yönəltmək uğrunda  onun tükənməz səylərindən söz açmaq istərdim. Hətta inqilab ərəfəsində də o, kollektiv iş metoduna üstünlük verirdi, yaxınlarını sevməyə və qorumağa çağırırdı. Onun sayəsində bu ruh bütün Azərbaycana yayılmışdı.

Vəkil, publisist, qurultay təşkilatçısı, Dövlət dumasının üzvü, daha sonra isə Azərbaycan Parlamentinin sədri və Azərbaycan Nümayəndə heyətinin rəhbəri kimi ən müxtəlif rollarda, vəzifələrdə Əlimərdan bəy həmişə milli şüurun ilhamvericisi, qurucusu və yönəldicisi kimi ön mövqedə dayanmışdı. Onun uzun illər boyu həyata keçirdiyi nəcib fəaliyyət Azərbaycan Respublikasının tarixində həmişə yaşayacaqdır.

İndi mübarizəsinin ikinci aspektinə keçək. Əsl qafqazlı və Qafqaz federasiyasının qızğın tərəfdarı olan Əlimərdan bəy 1921-ci ildə dörd respublika arasında saziş imzalanmasına nail olmaqla  böyük arzularından birini gerçəkləşdirdi.

Bir gün onun siyasi ideyaları mütləq reallığa çevriləcək və biz hamımız həmin gün Qafqaz  torpağında bir araya gələrək öz  həyatını qardaşlarının işi uğrunda mübarizəyə həsr etmiş bu böyük insanı minnətdarlıqla yad edəcəyik.

Mən bir daha onun xatirəsi qarşısında baş əyir və ailəsinə səmimi başsağlığı sözlərimi çatdırıram.

Türküstan milli ittifaqının və “Gənc Türküstan” jurnalı redaksiyasının nümayəndəsi Mustafa Çokayoğlunun nitqi

 

Rusiya türklərinin bütöv bir ictimai-siyasi epoxası Əlimərdan bəyin adı ilə bağlıdır. Onun fəaliyyətə başladığı dövr indikindən kəskin şəkildə fərqlənirdi. O zaman milli mübarizənin sıraları belə sıx, sərhədləri bu qədər geniş deyildi. Azadlıq və müstəqillik uğrunda bütün mübarizə sadəcə Rusiyanın ucqarlarında da ölkənin mərkəzi əyalətlərindəkinə bənzər şəraitin yaradılması tələbindən ibarət idi. Bu baxımdan Əlimərdan bəyin və onun həmfikirlərinin siyasi fəaliyyət meydanındakı zəhmətləri çətinlik və sarsıntılarla müşaiət olunmuşdu.

Onlar Rusiya türklərnə də digər ölkələrdə olduğu kimi, bərabər hüquqlar verilməsini xahiş və tələb edirdilər. Onlar öz fikirlərini panislamçılıq və pantürkçülük ideyası kimi kifayət qədər aydın şəkildə nəzərə çatdırırdılar. Lakin rus dövləti üçün bu kəlmələr hər hansı inqilabi hərəkatdan daha təhlükəli idi. Çünki onlar hər şeydən öncə özlərində milli şüur ünsürləri daşıyırdılar. Panislamçılar və pantürkçülər arasında İsmayıl bəy Qasprinski ilə bir sırada Əlimərdan bəy Topçubaşov da vardı. 1905-ci il inqilabı zamanı Rusiya türklərinin çar imperiyasına qarşı mübarizəsi böyük vüsət aldı. Rusiya türkləri özlərinə də milli müqəddəratı təyin etmə hüququ verilməsini, indiyə qədər cəmiyyət həyatının bütün sahələrinə hakim kəsilmiş ayrıseçkiliklərin aradan qaldırılmasını tələb edirdilər.

Bu tələbi irəli sürənlərin ön sırasında Əlimərdan bəy gedirdi.

Birinci Dövlət duması yaradıldı. Rusiya türkləri nümayəndələrini bu qanunverici orqana seçdilər. Əlimərdan bəy Topçubaşovun da namizədliyi irəli sürüldü və o, Dövlət dumasının üzvü oldu. Lakin  xalqın mənafeyi naminə cəmisi 72 gün işləyə bildi. Dumanın bağlanması ilə çar hökumətinin təqiblərinə məruz qaldı.

Müxalif fikirli deputatlar Finlandiyanın Vıborq şəhərində toplaşdılar. Orada “Vıborq bəyannaməsi” adlı sənəd işlənib hazırlandı. Azadlıq uğrunda mübarizənin sonrakı mərhələlərində həmin bəyannamənin mühüm rolu oldu. Bu inqilabi sənəddə biz Əlimərdan bəyin də imzasını görürük. Əqidə dostları kimi Əlimərdan bəyi də məhbəsə atmış və siyasi hüquqlardan məhrum etmişdilər. 1917-ci ilin böyük inqilabı rus çarizminin hakimiyyətinə son qoydu. Dəyişikliklərə ümid bəsləyənlərin qarşısında milli azadlıq yolu açıldı. Həmişə olduğu kimi, Əlimərdan bəy yenə də  hərəkatın önündə gedir, ilk növbədə azərbaycanlıların, habelə qafqazlıların və türklərin azadlığı uğrunda çarpışırdı. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndə Əlimərdan bəy ilk Parlamentin sədri seçildi, sonra isə Azərbaycan Respublikasının Avropaya göndərdiyi Nümayəndə heyətinə rəhbərlik etməyə başladı. Əlimərdan bəyi bu yüksək vəzifələrə irəli çəkməklə həmvətənləri ona olan ehtiramlarını ifadə edir, fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirirdilər. Tale onun üzünə həmişə xoş baxmamışdı. Azərbaycan qırmızı imperializm tərəfindən devrildi. Əlimərdan bəy Fransaya müstəqil Azərbaycanın nümayəndəsi kimi gəlmişdi, bundan sonra isə siyasi mühacir kimi yaşamağa məcbur oldu.

Həyatının son günlərində Əlimərdan bəy taleyin bütün zərbələri ilə barışmışdı, lakin Azərbaycanı və Qafqazı azad görməyə bəslədiyi ümidləri heç zaman itirmirdi. Fəaliyyəti ilə bağlı olan sonuncu siyasi addım Qafqaz Konfederasiyası Paktının imzalanması idi. İnanırıq ki, Qafqazın gələcək inkişafında bu Pakt öz mühüm rolunu oynayacaq. Əlimərdan bəy sanki həyatının ən böyük işini görərək bu lazımlı sənədin imzalanmasından sonra haqq dünyasına qovuşdu.

Biz Türküstan türkləri də başqa yerlərdə yaşayan türklər kimi böyük insan və vətənpərvər olan Əlimərdan bəyin şəxsiyyətini yüksək qiymətləndiririk. Bütün türklər bu adla fəxr edə bilərlər. O, həmişə azad Türküstan arzusunda idi. O, həmişə Krım və Kazan türklərinin, ilk növbədə isə həmvətənlərinin azadlığa çıxmasını, müstəqilliyə qovuşmasını istəyirdi. Siz, azərbaycanlı qardaşlar, azad Azərbaycanın ilk Parlamentinin sədri  öz böyük rəhbərinizlə fəxr edə bilərsiniz.

 

Qafqazlılar onun şəxsində Qafqaz birliyinin qurucusunu görürlər. Biz bu birliyin gələcəyinə inanırıq. Baxın, bu insanın şəxsiyyəti nə qədər hərtərəfli və güclü olmuşdur! Onun adı qafqazlıların və türklərin dilində həmişə uğur rəhni kimi səslənəcəkdir. Azərbaycanlı qardaşlar və Qafqazın dostları, bizim milli istiqlalımızın dostları, gəlin Əlimərdan bəyin ruhuna dualar oxuyaq, ona böyük ehtiramımızı bir daha ifadə edək, ailəsinə hüznlü və səmimi başsağlığı sözlərimizi çatdıraq.

Biz Qafqazın və Türk irqinin bu böyük oğlunu heç zaman unutmayacağıq!

 

Kazak və kalmıkların milli təşkilatının nümayəndəsi Şamba Balinovun nitqi

 

Kazak milliyyətçiləri və “Kalmık Tanqatçin-Tuk” kommunist təşkilatı adından öz böyük vətənpərvərini itirmiş Azərbaycan xalqına və Əlimərdan bəyin ailəsinə səmimi başsağlığı sözlərimi çatdırıram.

Mərhuma dərin ehtiramımı ifadə edərək onun kiçik və əhalisi günü-gündən azalan Kalmikyanın böyük dostu olduğunu xüsusi vurğulamaq istəyirəm.

Əlimərdan bəy həyatının ən çətin anlarında da özünün siyasi və ictimai baxışlarına sadiq qalaraq yorulmadan çalışırdı.

Milli zülmün və cəhalətin at oynatdığı dövrdə o, həyatını xalqının rifah və tərəqqisindən kənarda təsəvvür edə bilməzdi.

Əlimərdan bəy inqilabi ekstemizm yolu seçməmişdi. Sadəcə qələbəyə inamı  zəif olan soydaşlarında məhəbbət və ümid hissi oyatmağa, onların gələcək uğrunda mübarizəsini doğru səmtə yönəltməyə çalışmışdı.

O, ardıcıl şəkildə xalqının ictimai-mədəni ənənələrinin keşiyində dayanır, milli ruhlu insanların yetişdirilməsinə diqqət verirdi. Azərbaycan xalqı Əlimərdan bəyi Parlamentin ilk sədri seçməklə bu inama necə yüksək qiymət verdiyini nümayiş etdirdi. Onun həyat idealı həmişə azad və müstəqil xalq olmuşdu. Lakin təəssüf ki, təntənə dövrü uzun çəkmədi. Şəraitin təsiri altında hadisələr başqa məcraya yönəldi. Azərbaycanlıların və digər xalqların azadlıq arzusu baş tutmadı. Onlar müstəqil yaşamaq hüququndan yararlana bilmədilər.

Lakin ən maraqlı cəhət hətta ağır mühacirət illərində də Əlimərdan bəyin ruhdan düşməməsi, azərbaycanlıların və başqa xalqların azadlığı uğrunda çoxillik mübarizəsini yenə əvvəlki əzmlə davam etdirməsi idi.İndi Azərbaycan xalqının nəcib oğlu son zəfərə daxili bir inam hissi ilə bizi həmişəlik tərk etmişdir. Şübhəsiz, bu ölüm mövqelərimizi zəiflətmişdir.

Əlimərdan bəyin ölümü yalnız soydaşları deyil, bütün Qafqaz xalqları üçün ağır itkidir. O, Qafqazın böyük oğlu idi, bu diyarı sevirdi, onun sakinlərini dostları, yoldaşları sayırdı. Çətin anlarımızda Əlimərdan bəy bizim ən yaxşı müttəfiqimiz, yolgöstərənimiz idi. Qoy, onun həyat yolu soydaşları üçün nümunə olsun. Qoy, onlar fikir və ideyalarının həqiqətə çevrilməsində Əlimərdan bəy kimi qətiyyətli olsunlar.

 

Torpağı nurla dolsun!

 

Əlimərdan bəy Topçubaşı

 

Azərbaycan Heyəti-Mürəxxəsi rəhbəri və bundan başqa qardaş məmləkətdə bir çox vəzifələrdə bulunmuş Əli Mərdan bəy Topçubaşı Birinci Qanunun (noyabrın) 5-də səkteyi-qəlbdən (infarktdan) vəfat etmişdir.

Əli Mərdan bəyin həyat və fəaliyyəti, heç şübhəsiz, Rusiya məhkumu müsəlman xalqları arasından sükutla keçilə bilməz. Zira mərhum bu xalqların kəndi qurtuluşları üçün yapdıqları mücadilə tarixində çox dərin izlər buraxmışdır.

Əli Mərdan bəy daha gənc yaşında ikən rus təzyiqi ilə mücadilənin ancaq müştərək qüvvələrin bir araya gəlməsi ilə qəbuluna inanmış və bu prinsipi 50 sənəni bulan siyasi-ictimai fəaliyyəti müddətində müdafiəyə və həyata tətbiqə çalışmışdır.

Sabiq Rusiya daxilində Əli Mərdan bəyin iştirak etmədiyi bir müştərək müsəlman konqresi, bir müştərək müsəlman təşkilatı yoxdur.

Müsəlman xalqlarının müqəddəratını iyiləşdirmək yolunda yapılan təşəbbüslərdə, onların ehtiyacları ətrafında tərtib edilən görüşmələrdə Əli Mərdan bəy daim hazır bulunmuş, məqul (qəbul olunan) çarələr bulmuşdur.

Əli Mərdan bəy Rusiya ilə mücadilənin müvəffəqiyyətini yalnız müsəlman xalqların müştərək hərəkətlərində görmüş deyildi. Bu mücadilədə o, Rusiya məhkumu millətlərin, ilk növbədə Qafqaziya millətlərinin birlikdə olmaları işinə daha çox əhəmiyyət vermiş və bu işdə çoxlu əmək sərf etmişdir.

Daha (hələ) 1905-1906-cı illərdə, ilk rus ixtilallarının çıxdığı sırada Azərbaycanın mərkəzi Bakını təmsilən əzası bulunduğu Dövlət dumasında Əli Mərdan bəy rus olmayan məbusların müştərəkən hərəkət etmələri fikrini tərvic etmiş (yaymış, rəvac vermiş) və Rusiya məhkumu millətlərə mənsub məruf (tanınmiş, məşhur) siyasət adamlarının birləşdiyi “Müxratiyyətçilər İttihadı” təşkilatının (Birinci Dövlət dumasında yaradılan “Coyuz Avtonomistov” deputat fraksiyası nəzərdə tutulur -V.Q.) rəis müavinliyində bulunmuşdu.

Qafqaziya istiqlalı təhəqqüq etdikdən (həqiqətə çevrildikdən) sonra dəxi Əli Mərdan bəy Qafqaziya millətlərini mümkün mərtəbə daha fazla yaxınlaşdırmağa və aralarında bir ittifaq yapmağa dəvət edənlər sırasında bulunurdu. Məlum olduğu üzrə bu ittihad vücud bulmadı və nəticədə Qafqaziya cümhuriyyətləri biri-birinin arxasınca düşmənin işğalına uğradılar.

Əli Mərdan bəy mühacirətdə dəxi müştərək Qafqaziya birliyinin və Rusiya məhkumu millətlərin birliyi fikrinin tərvicinə çalışmış və bu xeyirli işin hərarətli tərəfdarı olmaqdan geri durmamışdı. Bu hissini o, imkan bulduğu ümumi çıxışlarında daima izhar etməkdə bulunuyordu.

Nəhayət, ölümündən bir müddət əvvəl əski arzusunu təhəqqüq etdirənlərdən biri olmaq səadətinə nail oldu. Qafqaziya millətlərinin digər müməssilləri ilə bərabər 14 Təmmuzda (iyulda) yapılan Qafqaziya Konfederasyonu Mİsaqini imza etdi.

Maaləsəf, Qafqaziya istiqlalı və qafqaziyalılarla bərabər əsarətin ağırlığı altında inləyən digər qardaş millətlərin qurtuluşu fikrinin son qəti zəfərini görmək Əli Mərdan bəyə nəsib olmadı.

Fəqət zəfər günü gəldiyi zaman müştərək bir sevinc duyacaq qurtulmuş  olan millətlərin Əli Mərdan bəyin xatirəsini təziz edəcəklərinə (əziz tutacaqlarına) şübhə yoxdur. Çünki o, uzun sürən fəaliyyəti dövründə bu sevinc gününün bir an əvvəl gəlməsi üçün çox çalışmışdı.

Mərhumun ailəsinə və qardaş Azərbaycan xalqına təziyətlərimizi sunarkən buradan səslənirik:

Böyük vətənpərvər və yorulmaz işçi! Sənin xatirən heç zaman könlümüzdən silinməyəcək və ələləbəd  (əbədiyyətə qədər) yaşayacaqdır!

Jurnaldakı bu mətn orijinalın dilində, olduğu kimi verilmişdir. (V.Q.)

 

Əlimərdan bəy Topçubaşi

 

Noyabrın 5-də Parisdə Azərbaycanın xaricdəki nümayəndə heyətinin sədri,  keçmiş xarici işlər naziri, yalnız vətənində deyil, Rusiyanın müsəlman xalqları arasında yaxşı tanınan ictimai-siyasi xadim Əli Mərdan bəy Topçubaşi vəfat etmişdir.

Əli Mərdan bəy 1862-ci il mayın 4-də Tiflis şəhərində doğulmuşdu. Onun eyni ilə Əli Mərdan bəy adlanan ulu babası sonuncu gürcü çarlarının yanında bütün artilleriyanın rəhbəri və qala komendantı kimi mühüm vəzifə tutmuşdu. Şərq dillərinin mahir bilicisi olan babası Mirzə Cəfər Topçubaşi isə Peterburq Universitetinə dəvət olunmuş, əvvəlcə müəllim, sonra isə professor kimi 1819-cu ildən 1849-cu ilə qədər bu dilləri tədris etmişdi.

Əli Mərdan bəy kiçik yaşlarında valideynlərini itirdiyindən nənəsinin himayəsində böyümüşdü. Güclü mənəvi keyfiyyətlərə malik olan bu qadın eyni hissləri öz nəvəsinə də aşılaya bilmişdi.

Əli Mərdan bəy ilk təhsilini özəl müsəlman məktəbində aldıqdan sonra  Birinci Tiflis Gimnaziyasına daxil olmuşdu. 1884-cü ildə bu tədris müəssisəsini əla qiymətlərlə bitirərək təhsilini davam etdirmək üçün hökumət təqaüdünə layiq görülmüşdü. Gimnaziyanın pedaqoji şurasının verdiyi məktubda Əli Mərdan bəyin tarix və ədəbiyyat sahəsindəki yüksək bilikləri xüsusi nəzərə çarpdırılırdı. Məhz bu da onun Sankt-Peterburq Universitetinin tarix-filologiya fakültəsini seçməsinə zəmin yaratmışdı. Əli Mərdan bəyin rəsmi Rusiya ilə ilk qarşılaşması da Universitet divarları arasında baş vermişdi. Məlum olduğu kimi, Rusiya universitetlərinin tarix-filologiya fakültələrində əsas diqqət slavyan dillərinə və ədəbiyyatlarına yönəldilirdi. Bu isə güclü milli-mədəni ənənələrə malik ailədə böyümüş müsəlman gənci təmin edə bilməzdi. Nəticədə, Əli Mərdan bəy hətta birinci kursun məşğələlərini başa vurmadan eyni universitetin hüquq fakültəsinə keçmiş, lakin bu “özbaşınalığına” görə dövlət təqaüdündən məhrum olmuşdu.

1888-ci ildə Əli Mərdan bəy hüquq fakültəsini bitirdi. Fakültə şurası onun mülki hüquq sahəsində ixtisasını artıraraq professorluğa hazırlanması üçün universitetdə saxlanması qərarı qəbul etmişdi. Lakin iki il əvvəl qüvvəyə minən universitet nizamnaməsi buna imkan vermirdi. Həmin nizamnaməyə görə, xristian dininə mənsub olmayan şəxs universitet kürsüsü tuta bilməzdi.

Tiflisə qayıtdıqdan sonra Əli Mərdan bəy məhkəmə sistemində xidmətə başlamış, biri-birinin ardınca dairə məhkəməsinin katibi, müstəntiq, nəhayət, hakim vəzifələrində çalışmışdı. Eyni zamanda, o, Tiflisdəki yerölçmə məktəbində dövlət hüququna və mülki hüquqa dair mühazirələr oxumuş, Qafqaz Hüquqşünaslar Cəmiyyətinin kitabxanaçısı və katibi vəzifələrini icra etmişdi.

Həmin dövr Rusiya imperiyasının qanunlarına görə andlı iclasçı adı almaq üçün məhkəmə sistemində beş illik xidmət dövrünü başa vurduqdan sonra Əli Mərdan bəy sərbəst vəkillik fəaliyyətini seçərək 1894-cü ildə Bakıya köçmüşdü. Bakı  o illərdə Cənubi Qafqazın siyasi və mədəni həyatında mühüm rol oynamağa başlamışdı.

Bakıya gəliş Əli Mərdan bəyin həyatında yeni mərhələ açmışdı. Burada, Azərbaycanın baş şəhərində o, ictimai işlərin  fəal təşkilatçısı kimi özünün bütün parlaq qabiliyyətlərini tam gücü ilə aşkara çıxarmışdı. Tezliklə biz onu şəhər Dumasının qlasnıları sırasında görürük. Burada  şəhər özünüidarəsinin müxtəlif sahələrdəki fəaliyyətində soydaşlarının maraq və mənafelərini qorxmadan müdafiə edirdi. Təxminən eyni dövrdə Əli Mərdan bəy həm də fəal publisist kimi fəaliyyətə başlamışdı, müsəlmanların sərəncamındakı yeganə rusdilli mətbuat orqanını-gündəlik “Kaspi” qəzetini redaktə edirdi. Keçmiş Rusiya imperiyasının bütün müsəlman əhalisinin mənafeləri keşiyində dayanan bu qəzet çox geniş coğrafiyada yayılırdı. O, hökumətin nəzərində həm də “panislamistlərin” əsas təbliğat orqanı sayılırdı. Nəticədə Əli Mərdan bəy dəfələrlə jandarm idarəsinə çağrılmışdı. Yerli vitse-qubernatorun simasında Bakı senzurası dəfələrlə çapa hazır olan materialları qəzetin səhifələrindən çıxarmışdı.

Beləliklə, keçmiş Rusiya xalqları arasında milli-azadlıq hərəkatının qüvvətlənməsinə təkan verən 1905-ci il gəlib çatdı. Təəssüf ki, həmin dövr Qafqazda yerli rus hakimiyyətinin hər vasitə ilə körüklədiyi erməni-azərbaycanlı qarşıdurması ilə səciyyəvi idi. Belə şəraitdə də Əli Mərdan bəy özünəməxsus nəciblik və siyasi takt nümayiş etdirmişdi. O, ümumqafqaz işi üçün məhvedici xarakterə malik qarşıdurmanın nizama salınmasının əsas  təşəbbüskarlarından biri olmuşdu.

1905-ci ilin aprelində Əli Mərdan bəy Bakı şəhər Dumasının nümayəndəsi kimi Peterburqa yola düşmüşdü. Səfərdən əsas məqsəd o zaman hələ layihə halında olan Dövlət dumasında Bakı təmsilçilərinə ən azı üç yer ayrılmasını təmin etmək idi. Əli Mərdan bəy bu yolla şəhərin üç əsas milli qrupunun Dumada təmsil olunmasına çalışırdı. Həmin il may ayında isə Əli Mərdan bəy Qafqaz müsəlmanlarının digər nümayəndələri ilə birlikdə rus hökumətinə müsəlmanların ehtiyacları haqqında xüsusi məruzə hazırlayıb təqdim etmişdi. Eyni vaxtda Əli Mərdan bəy və İsmayıl Mİrzə Qasprinski keçmiş Rusiya imperiyasının müsəlman xalqlarının nümayəndələrini Peterburqa, ümumi hərəkat proqramı işləyib hazırlamağa dəvət etmişdilər. Əli Mərdan bəy ali hakimiyyət dairələrindən həm də milli şüurun inkişafında müstəsna rol oynayan Azərbaycan-türk dilində gündəlik qəzetin nəşrina icazə almağa nail olmuşdu. Yeni açılan “Həyat” adlı qəzet onun ideya dostları Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadənin redaktorluğu ilə çıxırdı.

1905-ci ildən etibarən Əli Mərdan bəy özünü bütünlüklə siyasətə həsr etmiş, müsəlman xalqların mütləqiyyətə qarşı mübarizəsinin təşkilini fəaliyyətinin başlıca məqsədinə çevirmişdi. 1905-ci ilin avqustunda o, müsəlman xadimlərin Nijni-Novqorodda keçirilən I qurultayına rəhbərlik etmişdi. 1906-cı ilin yanvarında Peterburqda baş tutan II qurultay da Əli Mərdan bəyi sədrliyə seçmişdi. 1906-cı ildə o, artıq Dövlət dumasının deputatı idi. Ətrafında başçılıq etdiyi 26 nəfərdən ibarət müsəlman deputat fraksiyası toplanmışdı. Peterburqda müxtəlif millətlərin nümayəndələrindən ibarət Muxtariyyətçilər İttifaqında da Əli Mərdan bəy aparıcı rollardan birini oynayırdı. O, həmin İttifaqın sədr müavini seçilmişdi.

Məlum olduğu kimi, I Dövlət dumasının ömrü cəmisi 72 gün çəkmişdi. Duma buraxıldıqdan sonra Əli Mərdan bəy “Vıborq Bəyannaməsini” imzalayan deputatlar sırasında yer almışdı. Nəticədə o da Bəyannaməyə imza atan digər Duma üzvləri ilə birlikdə təqib və təzyiqlərə məruz qalmış, 3 aylıq həbs cəzasına məhkum olunmuş, bütün siyasi hüquqlarını itirmişdi. Hökm qüvvəyə mindikdən sonra Əli Mərdan bəy nəinki qurucularından biri olduğu “Kaspi” qəzetini redaktə edə bilmiş, hətta özəl mətbəə saxlamaq hüququndan da məhrum edilmişdi.

1906-cı ilin avqustunda Nijni-Novqorodda müsəlmanların daha bir qurultayı keçirilmişdi. Həmin qurultayda “İttifaqi-müslümin” adlı ümummüsəlman partiyası yaratmaq qərara alınmışdı. Partiyanın Mərkəzi Komitə rəhbərliyinə Əli Mərdan bəy gətirilmişdi. Bununla da ölkənin müsəlman cəmiyyəti rus məhkəməsinin qərarını mənəvi şəkildə də olsa heçə çıxartmış və öz liderinə inandığını nümayiş etdirmişdi.

1906-1910-cu illər arasında Əli Mərdan bəy Dumanın Müsəlman fraksiyasına yardım məqsədi ilə yaradılan xüsusi Büronun rəhbəri idi. 1908-ci ildə o, “Vıborq Bəyannaməsini” imzaladığına görə haqqında çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar üç ay Peterburqun məşhur Krestı həbsxanasında həbs cəzası çəkmişdi.

1910-cu ildə Rusiyada irticanın güclənməsi nəticəsində Əli Mərdan bəy Qafqaza qayıtmış, burada əsla zəifləmək bilməyən enerji ilə rus idarəçiliyinə qarşı mübarizəsini davam etdirmişdi. O, çəkinmədən soydaşlarının və həmvətənlərinin taleyini yüngülləşdirmək üçün bütün mümkün vasitələrdən istifadə edirdi.

1917-ci il inqilabının başlanması Əli Mərdan bəyi Azərbaycanda milli maraqlar uğrunda mübarizə aparan ictimai-siyasi xadimlərin ön sırasına çıxarmışdı.

1917-ci ilin aprelində o, Bakıda Qafqaz müsəlmanlarının I qurultayına sədrlik etmişdi. May ayında isə Ümumqafqaz müsəlmanları Mərkəzi Komitəsinin nümayəndəsi sifətində Moskvada, Rusiya müsəlmanlarının qurultayına qatılmışdı.

1917-ci ilin iyunundan həmin ilin sonuna qədər Əli Mərdan bəy Azərbaycan Milli Şurasının rəhbəri kimi fəaliyyət göstərmiş, Moskvadakı Dövlət Müşavirəsi adlı toplantıda iştirak etmiş və burada Rusiya müsəlmanları adından nitq söyləmişdi.

Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra Əli Mərdan bəy yeni dövlətin ilk xarici işlər naziri (Azərbaycan Cümhuriyyətinin ilk xarici işlər naziri Məmməd Həsən Hacınski olmuşdu-V.Q.) təyin edilmişdi. Gənc respublikanın dövlət aparatında bir sıra məsul vəzifələr (Türkiyə və Gürcüstanda Fövqəladə və Səlahiyyətli nazir,  Parlament sədri) tutan Əli Mərdan bəy 1918-ci ilin sonunda Xarici heyətin (Paris Sülh konfransına göndərilən nümayəndə heyəti -V.Q.) rəhbəri seçilmişdi. Bu heyətin üzərinə dünya ictimai fikrini və aparıcı dövlətlərin hökumətlərini Azərbaycanla yaxından tanış etmək və onun müstəqilliyinin tanınmasına nail olmaq kimi məsul bir vəzifə qoyulmuşdu.

Nümayəndə heyəti 1919-cu ilin yanvarında səfərə yollanmış və növbəti il yanvarın 12-də Azərbaycanın müstəqilliyinin əvvəlcə Ali Şura, sonra isə Sülh Konfransı tərəfindən tanınmasına nail olmuşdu. Sülh Konfransına Azərbaycanla bağlı müvafiq izahlar verən Əli Mərdan bəy Şimali Qafqaz Respublikasının müstəqilliyinin tanınmasının  zəruriliyi fikrini də diqqətə çatdırmışdı.

Qırmızı Rusiyanın Azərbaycan üzərinə xaincəsinə hücumundan sonra Əli Mərdan bəy yorulmadan həm Azərbaycanın, həm də Rusiya əsarətinə düşmüş digər xalqları nümayəndələri ilə birlikdə bu xalqların maraqlarını müdafiə etmişdi.

Həyatının son illərində bütün qüvvə və enerjisi bu işə sərf olunmuşdu. Tale onun qurbanlarla dolu 50 illik fəaliyyətinin gözəl və uğurlu akkordla sona çatmasına yar oldu. Bu ilin iyul ayında Əli Mərdan bəy Qafqaz xalqlarının həyatındakı ən diqqətəlayiq hadisədə iştirak etdi. Çoxillik mübarizə və səylərinin bəhrəsi olan Qafqaz Konfederasiyası Paktına imza atdı.

Lakin Qafqaz birliyi ideyasının zəfərini görmək Əli Mərdan bəyə qismət olmadı. Noyabrın 5-də, bazar ertəsi onun ürəyi döyünməkdən dayandı. Noyabrın 8-də isə cənazəsi yad torpaqlara tapşırıldı. Qəbri üzərində həyatını, mübarizələrini, vəsiyyətlərini əziz tutan insanların gətirdiyi güllərdən böyük bir dağ yarandı.

Allah bu alovlu vətənpərvərə və yorulmaz mübarizə rəhmət eləsin.

Pəri xanım Topçubaşının məktubu

 

Mərhəmətli cənab,

Hörmətli baş redaktor!

 

İcazə verin Sizin jurnalınız vasitəsi ilə mərhum ərim Əli Mərdan bəy Topçubaşinin xatirəsini yad edən bütün dağlılara öz minnətdarlığımı bildirim.

 

Sizə bəslədiyim dərin ehtirama inanmağınızı istərdim.

 

Hörmətlə

 

Pəri xanım Topçubaşı.

“Şimali Kafkasya-Severnıy Kavkaz”, 1934, sayı 7

 

lll

 

P.S. Jurnal mətnlərində adların və vəzifələrin yazılışındakı fərqliliklər olduğu kimi saxlanmışdır. Digər mühüm cəhət Əlimərdan bəyin soyadı ilə bağlıdır. 1922-ci ildə o, rəsmən “ov” sonluğu ilə bitən soy adından imtina etmiş və ailə ənənəsini davam etdirərək Topçubaşı kimi qalmaq arzusunda olduğunu bildirmişdi. Lakin istər o zaman, istərsə də bizim günlərdə Əlimərdan bəyin bu iradəsinə ardıcıllıqla əməl olunmamışdır.

 

V.Q.