Səs.-2018.-31 mart.-¹ 61.-S.13.

 

1918-ci ilin 31 martı: türk müsəlman soyqırımı

 

Məmmədov Xəqani Məmməd oğlu,

tarix üzrə elmlər doktoru, professor

 

Giriş: Əsrlər boyu Azərbaycan torpaqlarına göz dikən erməni millətçiləri monoetnik və “türksüz Ermənistan” yaratmaq uğrunda gizli və leqal müharibələr aparmış, “Dənizdən-dənizə böyük Ermənistan ” yaratmaq üçün türk xalqlarına qarşı soyqırımı siyasəti yeritmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamında deyilir: ”Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl-1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhərlərdə və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilmişdir.”

XX əsr Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan mart faciəsi ilə bağlı müəyyən tədqiqatlar aparılmışdır. Çox təəssüf ki, bu dəhşətli hadisə sovet tarixşünaslığı tərəfindən saxtalaşdırılmış, mili qırğın vətəndaş müharibəsi, sinfi mübarizə adı ilə uzun müddət xalqa yanlış şəkildə təqdim olunmuşdur. Hətta hadisələrin cərəyan etdiyi dövrdə belə “Naş qolos’’ qəzetindən başqa Azərbaycanın bütün bolşevik təmayüllü mətbuatı mart qırğınını “vətəndaş müharibəsi” kimi qiymətləndirdi. “Naş qolos” qəzeti bu hadisəyə erməni-türk xalqlarının milli ədavəti kimi qiymət verdi. Bakıda və Azərbaycanın digər bölgələrində baş verən 1918-ci ilin mart-aprel hadisələrini obyektiv tədqiq edən Amerika tarixçisi R. Syuni “Bakı Kommunası”, “1917-1918-ci illər Rus inqilabında sinif və millət” adlı monumental tədqiqatında qeyd etmişdir ki, Zaqafqaziyada, xüsusilə Bakıda inqilabi mübarizə sinfi mahiyyət daşımamış, millətlərarası müharibə zəminində baş vermişdir.

S.E. Sef mart hadisələrində ayrı-ayrı partiyaların fəaliyyətini və bolşeviklərin hakimiyyət uğrunda apardığı mübarizənin xronologiyasını izləyərək bu nəticəyə gəlir ki, mart hadisələrini heç cür Bakı Oktyabrı adlandırmaq olmaz.

Son illərdə Azərbaycan tarixçiləri tərəfindən bu sahədə mühüm elmi tədqiqatlar aparılmış, yalnız dini və etnik mənsubiyyətə görə azərbaycanlıların bolşevik-daşnak hərbi dəstələri tərəfindən vəhşicəsinə və xüsusi amansızlıqla qətlə yetirilməsi çoxsaylı arxiv sənədləri və materialları əsasında sübuta yetirilmişdir.

Oktyabr inqilabından sonra Qafqazın sovetləşdirilməsi problemi Rusiya bolşeviklərinin qarşısında duran aktual məsələlərdən idi. 1917-ci il dekabr ayında Petroqrad Xalq Komissarları Soveti öz iclasını “Qafqazda vəziyyət haqqında” məsələyə həsr etmiş və Bakı Sovetinin sədri S. Şaumyan “Qafqaz və Qərbi Ermənistan üzrə fövqəladə komissar” təyin olunmuşdur. Bunun ardınca Bakı Soveti rəhbərliyi şəhərdə Qızıl Ordu hissələri adı ilə erməni qoşun birləşmələrini yaratmağa başladılar. Bu iş erməni siyasi və hərbi xadimlərinin nəzarəti altında icra olunurdu. Daşnak Z. Avetisyan Qızıl Ordunun qərargah rəisi, Hamazasp üçüncü briqadanın komandiri, polkovnik Qazarov isə korpus komandiri vəzifələrini icra edirdilər.

1918-ci ilin yanvar ayında müsəlman korpusunun qərargahı başda general M.K. Talışinski olmaqla Bakıya gəldi. Qərargahın rus zabitləri arasında əvvəllər jandarmeriyada xidmət etmiş şəxslərin olması bəhanəsilə müsəlman korpusunun qərargah üzvlərinin əksəriyyəti başda general M.K. Talışinski olmaqla əksəriyyəti erməni əsgərlərindən ibarət bolşeviklər tərəfindən həbs edildi. Müsəlman korpusunun qərargahının həbs edilməsindən istifadə edən erməni millətçiləri azərbaycanlıları bolşeviklərə qarşı silahlı üsyana təhrik edirdilər. Lakin azərbaycanlılar bu təxribata getmədilər. Bu qarşıdurmadan istifadə etmək marağında olan erməni daşnakları şəhərin türk-müsəlman əhalisi ilə ermənilər və bolşeviklər arasında silahlı toqquşma yaratmaq istədilər. Lakin Azərbaycanın ziyalı və siyasi xadimlərinin ciddi səyi nəticəsində bu toqquşmanın qarşısı alındı. Mitinq və yığıncaqlarda çıxış edən M.Ə. Rəsulzadə, N. Nərimanov, N. Yusifbəyli və başqa siyasi şəxsiyyətlərin bu istiqamətdəki fəaliyyəti səmərəsiz qalmadı. Lakin erməni millətçiləri rus-xristian əsgər və matrosları arasında türk-müsəlman icmasına qarşı nifrət ruhunda təbliğat aparır, hər vasitə ilə sülhə, barışığa mane olmağa çalışırdılar. Artıq 1918-ci ilin ilk aylarında Bakıda 8 mindən artıq erməni qoşun birləşmələri yaradılmışdır. Hətta İrandan və Qafqaz cəbhəsindən Rusiyaya qayıdan rus əsgərlərinin müəyyən hissəsi də bu dəstəyə qoşulmuşdu. Qırğın ərəfəsində erməni silahlı qüvvələrinin sayı 20 min nəfərdən artıq idi. Bundan əlavə rus ordusu inqilab ərəfəsində Qafqazdan çəkilən zaman ordunun bütün silah və təchizatı erməni daşnaklarının əlinə keçmişdir.

Tarixi fakt və sənədlərin araşdırılması mart qırğınının qabaqcadan düşünülmüş, planlı surətdə hazırlanmış və həyata keçirilmiş bir soyqırım olduğunu sübut edir. Qanlı hadisənin başlanmasından bir qədər əvvəl Bakı Sovetinin iclaslarında və digər yığıncaqlarında S. Şaumyan, M.Ə. Rəsulzadə və A. Kazımzadəni təhlükəli şəxslər kimi qiymətləndirir, onlara məxsus silahlı qüvvələrin Türkiyə sultanına arxalandığı fikrini təbliğ edirdi.

1918-ci il mart ayının 15-də S. Şaumyan Bakı Sovetinin iclasında çəkinmədən: “Bakı Soveti Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir”, - deyə bəyan etmişdi. Bir gün əvvəl mart ayının 14-də S. Şaumyanın əmri ilə erməni Əmirovun komandanlığı altında Şamaxı şəhərinə bolşevik silahlı birləşmələri göndərildi. Salyan, Hacıqabul, Muğan və Lənkəran bölgələrinə silahlı bolşevik dəstələri yeridildi. Toqquşmanı başlamaq üçün bəhanə bu ərəfədə məşhur Azərbaycan milyonçusu və messenatı H.Z. Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 nəfər hərbiçinin döyüş dostlarının dəfn mərasimində iştirak etmək üçün Bakı şəhərinə gəlişi oldu. Dəfndən sonra zabitlər həmin gəmi ilə geri qayıtmalı idilər. Erməni daşnakları əsgər və motroslar, eser və menşevik partiyaları, rus milli şurası arasında şaiyə yaydılar ki, “Evelina”dakı zabitlər Muğandakı molokan kəndlərini dağıtmaq üçün Müsəlman Milli Şurasından xüsusi göstəriş almışlar. Erməni daşnaklarının əli ilə şəhərin müxtəlif yerlərində azərbaycanlılar əleyhinə mitinq və yığıncaqlar keçirilməyə başlandı. Bakıda yerləşən bütün qeyri-türk siyasi birlikləri və hərbi qüvvələri “Evelina” gəmisinin tərksilah edilməsi tələbini irəli sürdülər. Paraxodun körpüdən aralanmağına az qalmış silahlı erməni bolşevikləri müsəlman divizionundan tərksilah olunmağı tələb etdilər. Divizion rədd cavabı verdikdə, ermənilər gəmiyə pulemyotlardan və tüfənglərdən atəş açmağa başladılar. Erməni əsgərləri gəmini ələ keçirib, oradakı azərbaycanlı hərbçiləri həbs etdilər, gəmidəki silahları və hərbi sursatı müsadirə etdilər.

Mart ayının 30-da döyüşlərə rəhbərlik üçün S. Şaumyan, A. Caparidze, Q. Korqanov, İ. Suxartsev, S. Saakyan və M. Yolçiyan daxil olmaqla Bakı Soveti yanında inqilabi müdafiə komitəsi yaradıldı.

Həmin gün saat 5-də erməni daşnakı Saatsadbekovun süvari dəstəsinin erməni kilsəsi yanında mitinqdə iştirak edən azərbaycanlılara tərəf açdıqları ilk atəş Azərbaycan türklərinin üzləşdiyi soyqırımının başlanğıcı oldu. Yaxşı silahlanmış və təlim görmüş erməni əsgərləri pulemyotların atəşi altında əhalisi tamamilə azərbaycanlılardan ibarət olan “Məmmədli” və “Zibilli dərə” deyilən yerlərdə azərbaycanlıların evlərinə soxulur, sakinləri süngü və xəncər ilə doğrayır, körpə uşaqları yanan evlərin içərisinə atır, üç-dörd günlük körpələri süngülərin ucuna keçirirdilər. Azərbaycanlıları görünməmiş bir amansızlıqla qətlə yetirir, onların evlərini qarət edir, sonra isə od vurub yandırırdılar. Azərbaycanlı qadınları öldürür, çalalara dolduraraq üzərlərini torpaqlayırdılar. Sonralar təkcə bir çaladan burun və qulaqları kəsilmiş, qarınları yırtılmış, cinsi orqanları doğranmış 57 müsəlman qadınının meyiti tapılmışdır.

Şəhərin azərbaycanlılar yaşayan digər hissələrində də hücuma keçən erməni daşnaklar nə cinsə, nə də yaşa əhəmiyyət vermirdilər. Məsələn, Hacı Əmir Əliyevin evinə soxulan ermənilər onu - 80 yaşlı qocanı, 60 və 70 yaşlı arvadlarını öldürüb, üç azyaşlı uşağı doğramış, onun 25 yaşlı gəlinini diri-diri divara mıxlamışdılar.

Nikolay küçəsi (indiki İstiqlal küçəsi) ilə hücuma keçən ermənilərə, əsasən, erməni ziyalıları rəhbərlik edirdilər. Belə dəstələrdən biri bir evə girib 8 qadın və uşağı güllələmişdilər. Başqa bir dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək 9 nəfər azərbaycanlı ziyalını kilsə meydanında güllələmişlər.

Əcnəbi jurnalist olan M. Kulqe həmin dəhşətli soyqırımını belə şərh edirdi: “Kimsəyə rəhm edilmirdi. Cocuqlara rəhm edilmədiyi kimi, ixtiyarlara da aman yoxdu. Bir yığın qızlı-erkəkli çocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu yavruları gəmirir. Çılpaq bir qadın yerə sərilmiş, ölmüş, bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir... 31 martın xatirələri yalnız bunla deyildir. Mən hələ on minlərlə azəri qız və qadınlarının əsir sürüsü halında götürüldüyünü, “Rekord” teatrosunun o gün məhşəri andıran mənzərələrini, əsir bazarında azəri qızlarının satıldıqlarını... demirəm.”

Həmin dövrün canlı şahidi və fəal iştirakçisi, erməni bolşeviki H. Əsiryans qeyd edir ki, “1918-ci ilin fevralında T. Əmirov bizi yığıb bildirdi ki, S. Şaumyan və A. Caparidzenin tapşırıqlarını yerinə yetirməliyik. S. Şaumyan: əvvəlcədən bizə xəbər vermişdi ki, gecə saat 1-də siqnal olacaq, bu xəbərdaredici siqnaldan sonra biz hücum edib “Musavat’ın qərargahını tutmalı idik və belə də oldu”.

Ermənilərə və bolşeviklərə qarşı bərabər olmayan döyüşdə kütləvi qırğına məruz qalan türk-müsəlman əhalisi martın 31-də müqavimət göstərməyi dayandırdı. Həmin gün cürbəcür səbəblərlə danışıqların müsbət nəticələnməsinə mane olan İnqilabi Müdafiə Komitəsi istədiyinə nail olduqdan sonra ultimatum verdi. Ultimatumda inqilabi Müdafiə Komitəsinin tələblərinin gündüz saat 3-ə kimi yerinə yetirilməyəcəyi təqdirdə döyüşlər davam etdirəcəkləri qeyd olunurdu. Həmin gün saat 4-də A. Aşurov, Ə. Topçubaşov Molla Hacı Mirmöhsün, Hacı Hüseyn Tağıyev, Əbdül Kazımzadənin təmsil olunduğu milli partiya və cəmiyyətlərin nümayəndələr “Astra” otelində danışıqlara başladılar, İ. Fioletov, Dudin, Suxartsev, İranın Bakıdakı konsulu Həbibulla xan, Erməni Milli Şurasının üzvləri - L. Atabəyov, Ter-Mikasyanın da iştirak etdiyi iclasa A. Caparidze sədrlik edirdi Ə. Kazımzadə törədilən faciələrdə “Musavat” təqsirləndirənlərə qəti etirazlarını bildirdi və bu hadisələr üçün bütün məsuliyyətin bolşevik-daşnak hərbi birləşmələrinin üzərinə düşdüyünü qeyd etdi.

Lakin uzun müzakirə və mübahisələrdə; sonra inqilabi Müdafiə Komitəsinin ultimatumu qəbul olundu. Başdan-başa bolşevik hakimiyyətinin möhkəmləndirilməsinə yönəldilmiş ultimatumda deyilirdi:

1. “Bakı fəhlə, əsgər və matros deputatları sovetinin hakimiyyəti qəbul edilir.

2. Əksinqilabi “vəhşi diviziya” Bakı və onun rayonlarından çıxarılır, yerdə qalan başqa müsəlman əsgəri hissələri, habelə erməni milli qoşun hissələri ya Bakıdan çıxarılir, ya da tamamilə fəhlə, əsgər və matros deputatları sovetinə tabe edilir, əhalinin bütün silahlanma işi Bakı Sovetinin nəzarətinə keçirilir.

3. Bakıdan Tiflisə və Petrovska dəmir yolunun açılması üçün təcili tədbirlər görülür”.

İnqilabi Müdafiə Komitəsi döyüşlərin da yandırılması barədə göstəriş versə də, bu göstəriş yalnız kağız üzərində qaldı. Erməni birləşmələri müqavimət göstərməyə qabil olmayan türk-müsəlman əhalisinə divan tutmağa başladılar. Şəhərin Məhəmmədli və Poxludərə məhəllələrinin əhalisi demək ola ki, son nəfəsinə qədər qılıncdan keçirildi Qoşunlar Azərbaycan əhalisinə məxsus bütün ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını dağıtdılar. “Kaspi mətbəəsi”, “Açıq söz” qəzeti redaksiyası, “Müsəlman xeyriyyə cəmiyyəti”nin yerləşdiyi “İsmailiyyə” binası vəhşicəsinə yandırılmışdı. “Təzə pir” məscidinin minarələri mərmilərlə dəlik-deşik oldu Bir sıra yerlərdə döyüşən əsgərlərə erməni ziyalılarının rəhbərlik etməsi faciənin mili zəmin üzərində qurulduğunu qəti sübut edir.