Azərbaycan.- 2018.- 1 aprel.- ¹ 72.- S.14.

 

Tariximizin qanla yazılmış səhifəsi

 

Seyran Cavadov

 

Hər il tarixə düşür, xalqın yaddaşında yaşayır. Onların içində sevincli anlar da var, təəssüf ki, kədərliləri də. Mart ayı bu cəhətdən seçilir. Yüz il əvvəl mənfur qonşularımız - erməni daşnakları bolşevik cildinə girərək xalqımıza divan tutdular, respublikamızın ayrı-ayrı bölgələrində qətliamlar törətdilər. Sovet hakimiyyəti qurulduqdan sonra “beynəlmiləlçilik” pərdəsi altında bunları azərbaycanlılara unutdurmağa çalışdılar. Bu barədə yazmağa, danışmağa qadağa qoydular. Tarix kitablarında bu hadisələr əksini tapmadı. Lakin hiyləgər, həmişə güclü dövlətlərin qoltuğuna sığınan ermənilər, xüsusilə onların xaricdə yaşayan lobbiləri türklərin 1915-ci ildə guya onlara qarşı soyqırımı etdiklərini, torpaqlarını əllərindən aldıqlarını, Dağlıq Qarabağın guya qədim erməni torpağı olduğunu dünya ictimaiyyətinə sırımaq üçün hər cür çirkin əməllərə əl atdılar. Hətta sosializm dövründə belə, onlar xəritələr, kitablar çap edib, yayır, məzlum erməni obrazı yaradaraq dünya ictimaiyyətinin fikrini çaşdırırdılar. Sovetlər birliyi dağılandan sonra yaranan boşluqdan, hakimiyyətsizlikdən istifadə edərək torpaqlarımızın 20 faizini işğal etdilər, 1 milyondan çox soydaşımızı dədə-baba yurdlarından qovub çıxartdılar, Xocalıda dəhşətli soyqırımı törətdilər. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, bir çox ölkələrin parlamentləri yaxın tariximizdə baş vermiş erməni təcavüzünə, lap elə Xocalı faciəsinə siyasi qiymət vermək əvəzinə, ermənilərin keçən əsrin əvvəllərində türklər tərəfindən soyqırımına məruz qaldıqları barədə uydurduqlarını müdafiə edirlər. Ancaq “yalan ayaq tutar, yeriməz” - deyiblər. Zaman keçdikcə ermənilərin iç üzü dünya xalqlarına bəlli olur. Bu, hər şeydən əvvəl, dövlətimizin apardığı düzgün siyasət nəticəsindədir. Yüz il əvvəl Lənkəran, Salyan, Neftçala və Hacıqabulda törədilən qətllərlə bağlı həmin rayonların ziyalılarının bir neçəsi ilə görüşüb söhbət etdik.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov:

- Bolşevik-daşnak birləşmələrinin vəhşilikləri təkcə Bakı ilə məhdudlaşmamışdır. Şamaxı, Quba, Salyan, Lənkəran və digər qəzalarda da azərbaycanlılara qarşı soyqırımı törədilmişdir.

S. Şaumyanın əmri ilə 1918-ci il mart ayının 14-də Salyan, Hacıqabul, Muğan və Lənkəran bölgələrinə silahlı bolşevik dəstələri yeridilib. Onun tərkibində isə erməni daşnakları çoxluq təşkil ediblər. Tədqiqatçı-alimlər professor Xaqani Məmmədovun və professor Nuru Məmmədovun, tarixçi-alim Anar İsgəndərovun yazdıqlarından bilirik ki, 1918-ci ildə Bakı qırğınından sonra Lənkəran və qonşu rayonlarda 40-dək kənd, neçə-neçə ev yandırılıb, talan edilib, yüzlərlə günahsız insan qətlə yetirilib. Bu dövrdə iqtisadiyyata görünməmiş ziyan vurulub. Erməni daşnakları evlərə girib bütün ailəni məhv edirdilər. Hamilə qadınlara, uşaqlara, qocalara belə rəhm edilmirdi. Gərmətük kəndində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndinin Ləkər körpüsündə 10-dək günahsız insan faciənin qurbanı olub.

Lənkəranda Hərbi İnqilab Komitəsinin yaranmasından on gün sonra, 1918-ci il aprelin 26-da Gərmətük kəndində qırğınlar törədildi.

Bir dəfə isə kəndin çayqırağı qəbiristanlığında qaçaqlar denikinçi əsgərlərdən birini güllə ilə vurub öldürürlər. Mirzə Məlikovun məlumatına görə, öldürülən denikinçi əsgəri gizlədirlər. Bu, toqquşma üçün bir bəhanə olur. Ermənipərəst Şıvkunovun Velədidəki nümayəndəsi vasitəsi ilə ölünün yeri öyrənilir. Şıvkunov o vaxt Lənkəranın Alekseyevka (indiki Bürcəli) kəndində yaşayırdı və hər gün faytonla şəhərə gedib-gəlirdi. Yol Gərmətükün içindən keçirdi. Bu vaxt ermənilərdən ibarət silahlı dəstələr kəndi top atəşinə tuturlar. Top güllələrindən biri qəbiristanlığa düşür. Çalanın eni iki metrdən çox idi. Sonra erməni-daşnak qüvvələri kəndə girərək qırğınlar törədirlər. Bu, 1918-ci il aprelin 25-də baş vermişdir. Buna oxşar bir hadisə 1917-ci ildə Sütəmurdov kəndində olmuşdur. Şıvkunovun dəstəsindən iki əsgər qaçaqlar tərəfindən vurulur. Şıvkunov buna görə kəndə divan tutur, 13 nəfər el ağsaqqalını qılıncdan keçirir.

Həmin günləri xatırlayan qabaqcıl maarif xadimi, 70 ilədək kənd müəllimi işləmiş Əbülqasım Qasımov (1911-2001) danışardı:

- Bir əsgərin öldürülməsi kəndə basqın üçün bəhanə oldu. Gərmətük dəniz tərəfdən top atəşinə tutuldu. Mərmilərdən biri Gərmətük məscidinin damının qərb tərəfdəki tinini apardı. Kəndin başqa tərəfinə də mərmilər düşmüşdü. Mərmi qəlpəsi birinin başına dəymiş, o, oradaca keçinmişdi. Top atəşindən sonra ermənipərəst əsgərlər Böyükağanın bələdçiliyi ilə kəndə girərək əhaliyə divan tuturlar. Velədili Mirsalam Gərmətük məscidinin qabağına gələrək əhaliyə xəbər verir ki, denikinçi rus əsgərləri kəndə gəlirlər, ehtiyatlı olsunlar. Vahiməyə düşən adamlar rayonun dağ kəndlərinə - o cümlədən Yuxarı Nüvədi, Sefidor, Lüvəsər, Rvo və digər yerlərə üz tuturlar.

Dənizkənarı kəndlər, o cümlədən Sütəmurdov, Aşağı Nüvədi və rayonun Boradigah istiqamətində yerləşən Girdəni, Veravul, Vilvan, Cil kəndləri də top atəşinə məruz qalmışdır. Mərmilərdən biri qonşu Aşağı Nüvədi kəndindəki bicarlığa, yumşaq yerə düşdüyünə görə partlamamış, 1974-cü ildə aşkar edilmişdir. Həmin yerdə kəndin sakini Şöhüb Salman oğlu Məmmədov yaşayış evi tikmişdi. Ev sahibəsi top gülləsini dəmir bilib ocaq yeri düzəldir. İstilik nəticəsində partlayış baş verir, əkiz qız uşaqlarından biri mərmi gülləsinin qurbanı olur. Evə də ziyan dəyir.

Dəhşətli faciələr Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gəldiyi günədək davam etmişdir. Lənkəran qəzasına gələn dəstəyə Camal paşa rəhbərlik edirdi.

Qəzanın dağlıq-meşə hissəsi ilə Astaraya gələn türk sərkərdəsi Camal paşa silahsız camaatın köməyinə qalxır. Onun qərargahı Gərmətük kəndində Güləli Cabbar oğlunun evində yerləşirmiş.

Hələ o dövrdə Lənkəranda yaradılmış Fövqəladə və İstintaq Komissiyası baş vermiş qanlı faciəni araşdırmağa çalışsa da, mövcud hakimiyyət buna imkan verməmişdir. Biz yalnız tarixi ədalətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik.

Salyan Rayon Ziyalılar Cəmiyyətinin üzvü Fəxrəddin Fərzəliyev :

- Bütün dövrlərdə yeri-yurdu olmayan ermənilərin onlara xeyirxahlıq edərək məskunlaşmağa imkan yaratmış azərbaycanlılara qarşı törətdikləri qətliamların həddi-hüdudu yoxdur. Son 100 ildə ermənilərin xalqımıza qarşı törətdikləri çoxsaylı qırğınlar, qətliamlar orta əsr barbarlarının vandalizmindən də betərdir. Bu faciələrin ən dəhşətlisi 1918-ci ilin martında baş vermişdir. Həmin dövrdə Rusiya və Osmanlı imperiyalarının ordularının tərkibində Birinci Dünya müharibəsində iştirak etmiş ermənilərin nizami qoşun hissələri Bakıdan İrəvana, Qubadan Lənkərana kimi bütün bölgələrdə dinc əhaliyə qarşı qətliamlar törətmişlər. Bu, sözün əsl mənasında, bir xalqa, bir millətə qarşı yönəlmiş soyqırımı idi. Çünki minlərlə insan azərbaycanlı olduğuna görə qətlə yetirilirdi, özü də bu qətliamlar ağlasığmaz, insanlığa yaraşmayan xüsusi bir qəddarlıqla, amansızlıqla həyata keçirilirdi. Nə uşağa, nə qocaya, nə də qadına rəhm edilirdi. Hətta əlillərə, hamilə qadınlara belə aman verilmirdi. Adamlar diri-diri yandırılır, gözləri çıxarılır, ayaqları, qolları kəsilir, kürəklərinə qaynar samovar bağlanılır və digər işgəncələrdən istifadə edilirdi.

Ümummilli lider Heydər Əliyevin 1918-ci ilin 31 martını soyqırımı günü kimi qeyd edilməsi barədə sərəncam imzalaması olduqca müdrik bir qərardır. Əgər bu soyqırımına hələ sovet imperiyası dövründə düzgün siyasi qiymət verilsəydi, xalqımıza qarşı sonrakı faciələr də baş verməzdi. Ermənipərəst mövqedə olan sovet hökuməti bunu etmədi. Bu tarixi missiyanı da ulu öndər yerinə yetirdi.

Tarixi mənbələrdə göstərilir ki, erməni daşnak silahlı quldurları rus dənizçiləri və əsgərləri ilə birlikdə “Krasnovodsk”, “Yelets”, “İraqets”, “Bakinets”, “Salyanets” və “Demosfen” gəmiləri 1918-ci ildə Bakıdan Xəzər dənizi ilə Kür çayına daxil olmuş, çayın sağ və sol sahilindəki kəndləri talan etmiş, əhalisini amansızcasına qırmışlar. Salyana gələn

6 gəmidə 2 min nəfərə yaxın silahlı var idi. Onların 200 nəfəri rus dənizçisi, 300-ü İran təəbəsi, qalanları isə erməni idi. Təbiidir ki, Qafqaz İslam Ordusu bu quldurları dayandırmaq üçün təcili tədbirlər gördü. Çar ordusunda xidmət etmiş azərbaycanlı mayor Nazim Ramazanovun tabeliyində olan 1 piyada rotası, 1 pulemyotçu qrup, 140 süvaridən ibarət dəstə Salyanda yerləşdirildi. Bundan başqa, görkəmli türk sərkərdəsi Nuru paşa Salyanın müdafiəsinə 100 nəfər əsgər və zabit, 2 top göndərmişdi. Hər iki tərəf Kürün sağ və sol sahilində səngərlər qazmış, iki həftədən çox burada qanlı döyüşlər getmişdir. Quldur dəstəsinin başçısı Zalesski yazmışdı ki, ixtiyarımızda 4 çaplı top, 14 ədəd pulemyot, 1000 nəfərdən çox üçatılanlı, beşatılanlı əsgərimiz olduğu halda, 400-dən az müsəlman qoşununun qarşısında məğlub olduq. Ermənilər gecələr səngərdə qalmaqdan imtina etmiş, döyüşə girməkdən çəkinmişlər. Onlar ancaq qəflətən yaxın kəndlərə basqınlar edərək dinc əhalini qəddarlıqla öldürmüş, talançılıq etmişlər.

Altı gəmi ilə Kürqaraqaşlı kəndinə qədər gəlib çıxan quldurların “Demosfen” gəmisi vurularaq sıradan çıxarılır, gəmilərdən 3-ü ağır, 2-si isə yüngül zədələnərək geriyə - Bakıya qayıdarkən ermənilər imkan tapıb Dirovdağda gizlənən qocaları, qadınları, uşaqları amansızlıqla qətlə yetirmişlər.

Bu döyüşlərdə şəhid olan 12 türk əsgər və zabiti Salyanda dəfn olunmuşdur. Hər il rayon ictimaiyyəti Salyan şəhərinin avtovağzal massivində yerləşən soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış kompleksin, 1918-ci ildə Salyanın erməni quldurlarından qorunmasında qəhrəmancasına həlak olmuş türk əsgər və zabitlərinin xatirəsinə inşa edilmiş memorialın önünə tər gül-çiçək dəstələri düzür, onların unudulmaz xatirələrini dərin ehtiramla yad edirlər.

Qubalı-Baloğlan kənd bələdiyyəsinin sədri Mircəfər Əsgərov:

- 31 mart, 1-2 aprel Bakı qırğınları zamanı erməni quldur dəstələri üç istiqamətə bölünərək Azərbaycanın bütün bölgələrinə səpələnmiş, kütləvi qırğınlar törətmişlər. Həmin dövrdə Hacıqabulun ərazisində yerləşən 17 kənddə də qırğınlar törədilmişdir. Rayonun Navahı kəndində 955 nəfər, Qubalı-Baloğlan kəndində 535 nəfər, Rəncbər kəndində 137 nəfər, Padar kəndində 120 nəfər, Abdulabad kəndində 90 nəfər, Şorbaçı kəndində 50 nəfər, Meyniman kəndində 45 nəfər, Paşalı kəndində 40 nəfər, Xilə kəndində 11 nəfər insan ən qəddar üsullarla qətlə yetirilmiş, evləri talan olunaraq yandırılmış, mal-qarası qarət edilib aparılmışdır.

Böyük itkilərə, dağıntılara məruz qalan kəndlərdən biri də bizim Qubalı-Baloğlan kəndi olub. Kəndin 250-si kişi, 150-si qadın, 135-i uşaq olmaqla 535 sakini qətlə yetirilmişdir. Qubalı-Baloğlan kəndində gedən döyüşlərdə azərbaycanlılara köməyə gəlmiş Qafqaz İslam Ordusunun 12 əsgəri də şəhid olub. Onlardan 6 nəfəri bu kənddə torpağa tapşırılmışdır. Kənd sakini Kərbəlayı Hənifə yaxşı tanıdığı bu əsgərləri öz həyətində dəfn etmiş və uzun illər bu sirri çoxlarından gizlətməli olmuşdur. Sonralar qızı Nigar Hənifəyeva məzarlığı bu günümüzə kimi qoruyub saxlamışdır.

2016-cı ilin sonlarında Türkiyə səfirliyinin maliyyə dəstəyi ilə Nigar xanımın həyətindəki məzarların üstündə möhtəşəm abidə ucaldıldı. 2017-ci ilin mart ayının 31-də abidənin açılış mərasimi keçirildi. Mərasimdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral, səfirliyin əməkdaşları, hərbi müşavirlər, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Neftçala şəhər sakini, əmək veteranı Əlövsət Əliyev:

- Salyan-Neftçala zonasında baş verən hadisələrlə bağlı həmyerlimiz - filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan 1990-cı illərin əvvəllərində araşdırma apararaq bu barədə kitab yazıb. Bu kitabı oxuyandan sonra bilmişəm ki, 1918-ci il aprelin 21-də Cavad qəzasının Salyan şəhərində də sovet hakimiyyəti elan olundu.

İyun ayında erməni-rus hərbi birləşmələri bura 12 pulemyot, 6 top, 2 hərbi və 1 nəqliyyat gəmisi ilə daha 2000 nəfərlik hərbi qüvvə yeritdi. Bundan əlavə, yerli qeyri-azərbaycanlı əhali arasında səfərbərlik aparıldı, əsgərlərin ümumi sayı 6000 nəfərə çatdırıldı. Buradakı ordunun tərkibi 200 nəfər gəlmə rusdan, 300 nəfər iranlıdan (tarixi mənbələrdə onlar iranlı, xalqın yaddaşında şahsevənər, türk mənbələrində isə əcəmlər kimi qalıb), 1500 nəfər ermənidən, 4000 nəfər yerli ruslardan və hümmətçilərdən ibarət idi. Daşnak-bolşeviklər strateji məqsədlərini həyata keçirmək üçün Xəzər dənizindən Kür çayına keçərək Azərbaycanın içərilərinə doğru irəliləmək, Yevlax körpüsünü məhv etmək, Gəncə ilə Bakının əlaqəsini kəsmək, Muğanın bol taxıl ehtiyatı ilə daşnak-bolşevik əsgərlərini çörəklə təmin etmək istəyirdilər.

Kür çayına daxil olan erməni hərbi birləşmələri Bankədən, Seyidlərdən, Uzunbabalıdan, Tatarməhlədən, Xıllıdan, Abasallıdan, Qaralı-Qəzvinlidən, Qarabucaqdan, Surradan, Ərəbbəbirxanlıdan, Cəngəndən keçib Salyanın yaşayış məntəqəsinə - Qaraqaşlıya doğru hərəkət etmişdilər. Salyan və Neftçala ətrafında erməni daşnaklarının və rus bolşeviklərinin törətdikləri qırğına Qırmızı qvardiyanın III və V taborları rəhbərlik edirdi. Salyandakı taborun başında Ter-Avakimov, Neftçaladakı V taborun isə başında Danilyan dayanırdı.

1918-ci ilin 27-28 iyununda Surra ilə Qarabucaq arasındakı ərazidə çox şiddətli döyüşlər baş vermişdi. Qeyri-bərabər qüvvələrin təmsil olunduğu həmin döyüşdə türk-Azərbaycan hərbi birləşməsi geri çəkilməyə məcbur olmuşdu. Bu döyüşdə erməniləri Kür çayından hərbi gəmilər də müşayiət edirdi. Surra-Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr, bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topu da cəlb olundu. Qaraqaşlıda mövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən, 2 Maksim pulemyotundan və 2 topdan ibarət idi. Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılmasını məqsədə müvafiq bilmişdilər. Türk-Azərbaycan hərbi birləşmələri Bankədəki döyüşdə 11 nəfər itki vermişdi. İndi Seyidlər qəbiristanlığında adları məlum olmayan bu qəhrəman türk şəhidlərinin, türk zabitlərinin məzarı üzərində ay-ulduzlu möhtəşəm bir abidə ucalır.

Həmin abidənin maraqlı tarixçəsi var. Sovet dövründə burada şəhid türk əsgərlərinin məzarı üzərində nəinki möhtəşəm abidənin ucaldılması, adi bir nişangahın özünün belə qoyulması qeyri-mümkün idi, buna cəhd edənləri ciddi təhlükə gözləyirdi. Buna baxmayaraq, xalq bu yeri uzun illər ərzində heç vaxt unutmayıb, yaddan çıxarmayıb, həmişə dərin minnətdarlıq hissi ilə xatırlayıb, yaddaşında, hafizəsində saxlayıb, nəsillərdən-nəsillərə ötürüb, ən təhlükəli dövrlərdə belə ora nişangah kimi araba çarxı, başqa diqqəti cəlb etməyən əşya qoyaraq, bu nişangah haqqında yalnız etibar edilə biləcək adamlara məlumat verilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həmin yer müqəddəs ziyarətgahlarımızdan birinə çevrilib.

Bəd əməllərindən utanmaq, nəticə çıxarmaq əvəzinə, Ermənistan dövlətinin başında duranlar, havadarlarına - xaricdəki erməni lobbilərinə arxalanaraq öz çirkin niyyətlərindən əl çəkmirlər.