Kaspi.- 2018.- 31 mart - 2 aprel.- ¹ 56.- S.7.

 

Texnika elmləri sahəsində ilk azərbaycanlı professor

 

O, həm də Cümhuriyyətimizin qurucularından olub

 

Qərənfil Dünyamin qızı,

əməkdar jurnalist

 

"İndinin kökü keçmişdədir və keçmiş gələcəyin iynəsidir” deyib ulularımız. Onda o tariximizi, keçmişimizi elə öyrənək və ondan elə dərs götürək ki, daha işıqlı sabahlara yol açaq. Yüz il bundan əvvəlki Cümhuriyyətimizin qurucuları kimi! Onlar yüz il bundan əvvəl "böhranlı, məsuliyyətli” günlər yaşayaraq xalqının nicat yolunu bulmaq üçün "əsirlik və həqarətdən azad olmaq” uğrunda mübarizəyə qalxdılar. Böyük itkilər və qanlar-qadalar bahasına, 1918-ci il mayın 28-də Tiflisdə İstiqlal Bəyannaməsini elan edərək Azərbaycan tarixinin ən əlamətdar günlərindən birincisini tarixə həkk etdilər. İstiqlal, azadlıq sevgisini bizə yaşadan oğullarımız tariximizin və taleyimizin ən çətin anlarında buna nail olmaqla, Azərbaycanı "bölüb-bölüşdürmək planı”nı hazırlayanların arzularını ürəklərində qoydular. Onlar təzyiqlərə, hədələrə baxmayaraq Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv olmağa qoymayaraq, parlamentli respublika yaratmaqla Azərbaycan tarixində parlament mədəniyyətinin də əsasını qoydular. Bu fədailər arasında ilk Müvəqqəti Hökumətin tərkibində Yollar və poçt-teleqraf naziri vəzifəsini icra edən Xudadat bəy Məlik-Aslanov da var idi.

Bilmirəm bu bir təsadüfdür, ya yox, bundan əvvəlki yazımda Xudadat bəyin həmkəndlisi, Cümhuriyyətin qurucularından olan Cavad bəy haqqında bəhs etmişdim. Bu gün isə onunla eyni amal, məslək yolçusu olan Xudadat bəyin mübarizə dolu həyatından danışmaq istərdim. Xudadat bəy Məlik-Aslanov 1879-cu ildə bir yaz axşamı Şuşanın Tuğ kəndində anadan olub. Atası Ağa bəy Qarabağda erməni təcavüzünə qarşı vuruşan igid bəylərdən olub. Cavad bəylə Xudadat bəyin arasında cəmi bir yaş fərq olub. Hər ikisi ilk olaraq mədrəsə təhsil alıb, sonra vətənin, xalqının azadlığı yolunda hər çətinliyə sinə gəriblər. Təbii, bunun üçün ilk olaraq mükəmməl təhsilə sahib olublar. Xudadat bəy 1898-ci ildə Şuşa realnı məktəbində təhsilini başa vurub, 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Sankt-Peterburqa yola düşüb. O, burada Yol Mühəndisliyi İnstitutuna daxil olub və təhsilini birinci dərəcəli diplomla başa vuraraq, təyinata əsasən altı ay Sankt-Peterburqda Voloqda-Petrozavodsk dəmiryolunun çəkilişi idarəsində işləyib.

Xudadat bəy hələ tələbə olarkən 1901-04-cü illərdə Rusiya Sosial Demokratik Fəhlə Partiyasının üzv yazılır. Sonra nədənsə nə Rusiyada, nə də Azərbaycanda heç bir partiyaya üzv olmayan və ömrünün sonuna kimi bitərəf qalan Xudadat bəy, amma siyasi proseslərdən kənarda da qalmır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, Parlamentin üzvü Xudadat bəy görkəmli dövlət xadimi kimi bu gün də, sabah da qədir bilən xalqı tərəfindən layiqincə yad edilir.

1905-ci ilin əvvəllərində Xudadat bəy Sankt-Peterburqdan Tiflisə köçür və ilk olaraq Zaqafqaziya dəmiryol nəqliyyatı sistemində işləməyə başlayır. İşgüzarlığı və səriştəsi nəticəsində az vaxtda yol xidməti rəisinin köməkçisi və rəisi vəzifələrinə qədər yüksəlir. Xudadat bəy həmin illərdə öz peşəsi ilə bağlı Peterburqda çap edilən elmi jurnallarda məqalələr dərcp etdirir. Həmin məqalələrdə irəli sürdüyü yeni ixtiraları diqqəti cəlb edir və onu elm aləmində məşhurlaşdırır. Hətta 1918-ci ildə Xudadat bəy rus dilində Tiflis dəmir yolu nəqliyyatı tarixindən bəhs edən kitab çap etdirir. Xudadat bəylə bağlı materiallarla tanış olarkən aydın olur ki, peşəsinin vurğunu olan alim, onun sirlərinə həm elmi, həm nəzəri cəhətdən yaxşı bələd olub. İşə adi stansiya mühəndisliyindən başlayan Xudadat bəy 1917-ci ilin martında Müvəqqəti hökumətin sərəncamı ilə Xüsusi Zaqafqaziya Komitəsində Zaqafqaziya dəmir yolu üzrə müvəkkil təyin olunur və 1917-ci ilin noyabrından 1918-ci ilin mayına kimi Zaqafqaziya Komissarlığının, Zaqafqaziya Federativ Respublikasının dəmiryol nəqliyyatı komissarı və naziri vəzifələrini icra edib.

1917-ci ilin əvvəllərindən Xudadat bəy Tiflisdə mütəmadi olaraq Cümhuriyyətin qurucuları ilə sıx əlaqə saxlayıb. 1918-ci ildə Zaqafqaziya seyminin və Azərbaycan Milli Şurasının üzvü kimi keçirilən bütün iclaslarda yaxından iştirak edib, maraqlı, dəyərli təkliflər irəli sürüb. Məhz mayın 28-də Azərbaycan Milli Şurası üzvlərinin imza atdığı İstiqlal bəyannaməsində Xudadat bəyin də imzası var. O, bəyannamə ki, millətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən aslı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi və vətəndaşlıq hüquqları verib”.

X. Məlik-Aslanov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci və 2-ci hökumət kabinələrində yollar və poçt-teleqraf naziri, 3, 4 və 5-ci kabinələrdə yollar naziri idi. 5-ci hökumət kabinəsində 1920-ci il fevralın 18-dək həm də ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini yerinə yetirib.

Xudadat bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir necə məsuliyyətli müqavilə və sazişlərə də imza atıb. O, 1918-ci il iyulun 14-də Osmanlı hərbi dəmir yolları və limanları baş idarəsi ilə və 1919-cu il martın 8-də Gürcüstan Respublikası dəmir yollarından istifadəyə dair müqavilə və saziş, 1920-ci il fevralın 5-də isə Gürcüstan dövləti ilə tranzit müqaviləsini imzalayıb. Parlamentin üzvü olan Xudadat bəy həm də 1919-cu ilin iyununda yaradılan Dövlət Müdafiə Komitəsi sədrinin birinci müavini təyin edilib. Məhz həmin il onun təşəbbüsü ilə Bakıda ilk dəfə ana dilində dərs keçirilən dəmiryolu məktəbi açılır. Bu işin Azərbaycanda qurulması və inkişafı üçün onun həm nəzəri, həm elmi baxımdan çox böyük əməyi olub.

1920-ci ilin aprel işğalından sonra Xudadat bəy vətəni tərk etmir. Onun kübar görkəmi yeni "hökumət”in xoşuna gəlməsə də, amma savadına, işgüzarlığına ehtiyac olduğu üçün "qayğı” ilə yanaşır və Azərbaycan Dövlət Tikinti Komitəsində şöbə müdiri, sonra komitə sədri vəzifələrinə təyin edirlər. 1923-25-ci illərdə Xudadat bəy Azərbaycan Dövlət Plan Komitəsində sənaye-nəqliyyat tikinti bölməsinin müdiri və rəyasət heyətinin üzvü olub. Xudadat bəy həmin dövrdə Azərbaycanda texnika elmləri sahəsində ilk azərbaycanlı alim kimi Azərbaycan Politexnik İnstitutunda çalışıb. O, bir müddət inşaat fakültəsinə və instituta rəhbərlik də edib. Həmin illərdə Xudadat bəyi yaxından tanıyan və bu hadisələrin canlı şahidi olan görkəmli yazıçımız Manaf Süleymanlı "Son bahara çatdıq...” adlı əsərində yazırdı: "O dövrdə ali təhsil sistemində tez-tez dəyişiklik baş verərdi. N.Nərimanovun təkidi ilə Bakı texniki məktəbi Politexnik İnstitutuna çevrildi və professor Xudadat bəy Məlikaslanov Nəriman Nərimanovun təkidi ilə direktor təyin edildi. Məşhur mütəxəssis, dövlət xadimi az müddətdə institutu qurdu, Rusiya və Ukraynadan adlı-sanlı mütəxəssisləri dəvət etdi, lazımı şərait yaratdı. Lakin Nərimanov Bakıdan Moskvaya köçürüləndən sonra mikoyanlar, mirzoyanlar və onların azəri həmkarları Məlikaslanovu direktorluqdan uzaqlaşdırıb Yesmanı təyin etdilər”. Vəzifədən uzaqlaşdırılan Xudadat bəy həmin illərdə daha çox elmlə məşğul olur. O, dəmir yolu texnikasına aid iki kitab yazaraq çap etdirir. 1929-cu ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna həqiqi üzv seçilir və Azərbaycan Neft İnstitutunun nəqliyyat fakültəsinə rəhbərlik edir. Azərbaycanda magistral dəmir yol şəbəkəsinin inkişaf planının işlənib həyata keçirilməsi və şəhərdaxili nəqliyyat məsələlərinə dair çoxsaylı elmi məqalələrin, dəmir yolu nəqliyyatına dair üç monoqrafiyanın müəllifi olan Xudadat bəyin bu "sakit” həyatı 1930-cu ilin əvvəllərinə kimi davam edir. Onu Azərbaycan SSR Daxili İşlər Komissarlığı Dövlət Siyasi İdarəsi tərəfindən "Azərbaycan Milli Mərkəzinin işi” üzrə ittiham edərək, həbs edirlər. Arxivlərdəki istintaq materiallarından aydın olur ki, "Azərbaycan Milli Mərkəzi”nin işini Dövlət Siyasi İdarəsinin gizli-siyasi şöbəsinin rəisləri, azərbaycanlı ziyalılara qənim kəsilən Qoryaçev və Qulbis aparıb. Onlar həbs etdikləri ziyalıları "millətçi” əhval-ruhiyyəli ziyalılar adlandıraraq, sovet hakimiyyətinə qarşı mübarizə aparmaqda günahlandırırdılar. Onu da qeyd etmək yerinə düşərdi ki, "Azərbaycan Milli Mərkəzi”nin işi üzrə hazırlanmış ittihamnamədə Mərkəzin 53 nəfər üzvünə qarşı ittiham irəli sürülürdü. Lakin onların arasında adı daha çox hallanan "Azərbaycan Milli Mərkəzi”nin Mərkəzi Komitə rəhbərliyinin tərkibinə daxil olan Məmməd Həsən Hacınski, Xudaddat bəy Məlikaslanov, Əhməd bəy Pepinov, Firuz bəy Ordubadski, Rza Şabanov, Çingiz İldırım, Məhəmməd Xəlilov, Məhəmməd Mullayev, Zeynal Tağıyev, Ələsgər bəy Bəylərbəyov və Mirzə Lətif Mirzəyev idi. Dövlət Siyasi İdarəsində onları daha təhlükəli əksinqilabçılar adlandıraraq, dəhşətli işgəncələrlə "sındırmaq” üsuluna əl atdılar. Uzun-uzadı sorğu-suallar, işgəncələr Xudadat bəyi əldən salsa da, ona qarşı irəli sürülən ittihamları qəti olaraq rədd edir. Onu 1933-cü ildə azad edirlər. Amma "qırmızı şeytanın” əməkdaşları onu bir an belə gözdən qoymur. Sən demə Xudadat bəyi daha amansız həbs gözləyirmiş. O, 1934-cü ilin avqustunda "yenidən əksinqilabi fəaliyyətini bərpa etdiyinə görə” həbs edilir. Bu dəfə Xudadat bəyi gedər-gəlməzə yola salırlar. Həbsdə verilən ağır işgəncələr Xudadat bəyin səhhətində böyük problemlər yaradır. O, 1935-ci ilin isti yay günündə həbsxanada dünyasını dəyişir.

1920-ci ilin apreli məmləkətimizə isti bir bahar günəşi doğmadı. Əksinə "son bahara çatdıq”, uzun illər bu bahar çovğunlu, tufanlı bir qış yaşatdı xalqımıza. Elə bir sərt qış ki, uzun illər keçsə belə, onun dondurduğu buzları əritmək mümkünsüzləşdi. Azərbaycana "xoşbəxtlik baharı” bəxş edən aprel inqilabı Azərbaycan ziyasının söndürülməsinə doğru "yürüş”ə qalxdı. Çox, lap çox təəssüf ki, bu "yürüş”ə dəstək olanlarımız da olub. Onların sayəsində kübar görkəmli, əsl şəxsiyyət olan Xudadat bəylərimizi itirib, onların əvəzinə Manaf müəllim demişkən, Şaumyana heykəl ucaldılmasını təklif və tələb edənlər tapmışıq.