525-ci qəzet.- 2018.- 30 mart.- ¹ 55.- S.7.

 

Mir Cəlalın milli tərəqqi idealları

 

Nizami Cəfərov

 

Hər bir millətin tərəqqisinin (və nəticə etibarilə, dünya millətləri içərisində bu və ya digər dərəcədə nüfuz qazanmasının) ilk mənbəyi həmin millətin ziyalılarının, mütəfəkkirlərinin milli ideallarıdır.

Milli ideallar milləti səfərbər edir, onun hisslərini, düşüncələrini hərəkətə gətirir, qarşıya çıxan müxtəlif xarakterli iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni  problemləri həll etmək üçün etibarlı (və perspektivli) yol göstərir.

Böyük sələfləri Mirzə Fətəli, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Sabir kimi  Mir Cəlal da heç bir şübhə etmir ki,  Azərbaycan xalqı fitrətən istedadlı,  dünyagörüşlü, ünsiyyətcil və yaradıcı xalqdır. Lakin yeni tarixdə baş vermiş bir sıra ictimai-siyasi hadisələr, xüsusilə bu xalqın əsrlər boyu mövcud olmuş dövlətçilik ənənələrindən məhrum edilərək ikiyə parçalanması, əsarət altına düşməsi onun bir millət olaraq tərəqqi imkanlarını son dərəcədə məhdudlaşdırmışdı.

Və təbii ki, millətin mənəvi köləlikdən qurtarması üçün ən mühüm şərt savadlanması, öz dilində məktəbləri, mətbuatı,  elm-təhsil müəssisələri olmasıdır ki, hər kəs oxuyub öyrənsin, dünya işlərindən baş çıxarsın, xeyir-şərini anlasın. Cəsarətlə demək olar ki, avamlığa qarşı mübarizə özünün ən müxtəlif təzahürlərində Mir Cəlalın əsas amallarından biri, hətta birincisi olmuşdur. Böyük sələfləri kimi o da yaxşı bilirdi ki, avam bir cəmiyyət özünü dərk edib tərəqqi, inkişaf yolunu tapa bilməz, irəli getmiş cəmiyyətlərin əlində əsir-yesir qalar... Və ilk gənclik illərindən müəllimlik sənətini seçməsi, həm yazıçılığında, həm də alimliyində  ilk növbədə böyük bir müəllim olması təsadüfi deyildi.

Ancaq Mir Cəlalın (eləcə də onunla yaşıd ziyalıların) bir fərqi vardı ki, mübarizələrini "inqilablar dövrü"ndə aparırdılar. Və bu inqilablar nə qədər  xaricdən idxal edilmiş olsa da, Azərbaycan şəraiti üçün də ümumən müsbət rol oynayır,  bütün siyasi-ideoloji konyukturlarına,  xüsusilə sinfi ziddiyyətlər amilini aşırı dərəcədə qabardıb çox hallarda süni şəkildə vətəndaş müharibəsi effekti yaratmasına baxmayaraq, ictimai şüuru silkələyir, insanların gözlərini açır, şüurlarını hərəkətə gətirirdi.

Özünü fəqir-füqəra hökuməti elan etmiş şura hakimiyyəti, əslində, həmin funksiyanı kifayət  qədər dəqiq (və operativ) yerinə yetirirdi. Lakin həyatda inqilab, məişətdə inqilab, şüurlarda inqilab... (Cəfər Cabbarlı) elə bir start almışdı ki, çox zaman vasitə hüdudlarını aşıb məqsədə  çevrilirdi. Ona görə də Mir Cəlal kimi dərin düşüncəli  Azərbaycan ziyalılarının, həqiqətən, tarixi sayılacaq bir vəzifəsi də inqilabi hərəkatın köhnə  dövrün avamlarından daha təhlükəli olan yeni dövrün avamlarının əlinə keçməməsi idi. Çünki yeni dövrün avamları inqilabi dəyişikliklərin mahiyyətini başa düşmədikləri, yaxud ondan öz  şəxsi mənafeləri naminə istifadə etmək məqsədi güddüklərindən ziddiyyət olmayan yerdə də ziddiyyət yaradır, insanları üz-üzə qoyur, siyasi nüfuz qazanmağa çalışır, əsl inqilabçı olduqlarını  göstərməkdən ötrü xalqın yüzillər boyu mövcud olmuş (və bundan sonra da mövcud olacağı heç bir şübhə doğurmayan) mənəvi dəyərlərinə belə qarşı çıxırdılar... Təsadüfi deyildi ki, həmin illərdə Səməd Vurğun "Azərbaycan"ı, Mir Cəlal  "Füzulinin poetik xüsusiyyətləri"ni, Mikayıl Müşfiq "Oxu, tar"ı... yazmışdı. Və bu əsərlərin meydana çıxması o demək idi ki, gənc Azərbaycan ziyalıları inqilabın fəlsəfəsini kifayət qədər dərindən dərk etməklə onun avamlar əlində intihar silahına çevrilməsinə qarşı çıxırlar.

Əlbəttə, inqilab özünün bütün  təzadları, ağrıları, fəciələrilə birlikdə Azərbaycan  xalqının həyatına çoxdan gözlənən mütərəqqi yeniliklər gətirdi. Bu yeniliklərin (və  onu müşayiət edən təzadların, ağrıların, faciələrin...) nədən ibarət olduğunu "Bir gəncin manifesti" sosial-psixoloji həssaslıqla əks etdirir. Məsələn, romanın qəhrəmanı Mərdan  kənddə rəncbərlərin keçmiş ağalarının artıq  onlara verilmiş torpaqlarına yiyə durmaqdan,  onu əkib-biçməkdən imtina etdiyini görəndə  yeni öyrəndiyi siyasi ifadələrlə onları başa salmağa çalışır ki, torpaq varlıların əlinə məhz rəncbərlərin istismarı  hesabına keçib. Ancaq başqasının əmlakını mənimsəməyi haram sayan rəncbərlər etiraz edirlər. Və təcrübəsiz (eləcə də bisavad) inqilabçı pis vəziyyətdə qalır...  Həmin iclasda iştirak edən, şəhərdən gəlmiş (və ziyalı) artistlər Mərdanı başa salırlar ki,  sən gərək camaatla o dildə yox, Sabirin dili ilə danışıb böyük şairin sözlərini misal gətirəydin:

 

İş rəncbərin, güc öküzün,

yer özününkü,

Bəyzadələri, xanları neylərdin,

İlahi?!

 

Əgər belə desəydin, camaat səni başa düşər,  dediklərinə inanardı. Çünki xalq Sabiri (yəni inqilabın şüarlarını yox!)  daha yaxşı anlayır.

 

Mir Cəlal heç vaxt ateist olmamışdır, ancaq xürafatı, mövhumatı da qəbul etməmiş, dini fanatizmin istər bir insan, istərsə də bütöv bir xalq miqyasında törətdiyi  faciələri kəskin tənqiddən çəkinməmişdir. Hələ gənclik illərində Gəncədə  qələmə aldığı "Məhərrəmlik mövhumatı kimin əsəridir?" ("Yeni fikir" qəzeti, 7 iyul 1926-cı il) məqaləsində məhərrəmliyin tarixi  barədə müfəssəl məlumat verərək mərasimin hansısa mənəvi tələbatdan yox, məhz siyasi nüfuz, maddi gəlir üçün düşünülmüş konyuktur məqsədlərdən irəli gəldiyini göstərir...

"...Şiələr hər sənə məhərrəm və ərbəin zamanı yüzlərlə  Kərbəlaya ziyarətə gedir və bunlardan İraq çarvadar və hətta ticarətçiləri lazımi mənfəətbərdar olur idilər. Qaibən meydana çıxan bu böyük gəlir mənbəyini mühafizə etmək və bəlkə, daha da genişlətmək üçün İraqın gərək vəüma, gərəksə adi camaatı var qüvvələrilə çalışmağa başlayır və məhərrəmlik mövhumatına bir qaç yeni "bidətlər" daha əlavə  edirlər...

Kəndi mənfəətləri üçün məhərrəmliyin ilərləməsi uğrunda ağıla gələn hər növ təzvir və hiylələrə müraciət edən iraqlılar birinci növbədə cürbəcür uydurma mərsiyələr və Kərbəla vaqiəsinə aid müstöfriq (qeyri-təbii) hekayələr yazıb, bu yazıların fars və türk lisanına keçməsinə də artıq çalışırlar ki, az zamanda bu təsir farslara keçib. Onlarda da bir çox mərsiyə və növhə yazan "nazim"lər yetirdisə də, fəqət türklərə ən çox zamanlar (17- 18-ci əsr) keçib, Dərbəndli Qumri, Dəxil, Raci və Dilsuz kibi nazimlər meydana çıxardı".

"Gəncədə bəhai fəaliyyəti" ("Zəhmət" qəzeti, 4 aprel 1927-ci il) məqaləsində isə gənc publisist bəhai təbliğatının güclənməsindən narahatlığını bildirərək yazır:

"Riyakar mübəlliğlərin dəvəti üzərinə bəhailərə qarışan bədbəxt avam kütlə bu kəsafət yükünü omuzlarına alaraq tarix gedişinə qarşı olan "təriq"ə bəmeyl edirlər. Həftədə bir dəfə laf- kəraf yığıncağının  qurulması mədəniyyətdən bixəbər olan  binəvaları öz kəsbü karından qoyaraq onları  tiryək nəşəsindən ərş-əlaya ərvac edənlər kibi "səadət" xülyaları və "cənnət" sövdaları ilə qanadlandırır".

Və məlum olur ki, bu narahatlığın başqa bir səbəbi də vardır:

"Qəribə burasıdır ki, avam camaatdan bəziləri bəhai təriqətinin hökumətimiz proğramına uyğun olduğunu zənn edirlər. Bu yanlışlıqların da  səbəbi İslam dinində mövcud olub da bəhai təriqətçiləri tərəfindən qaldırılan (?) bəzi bidətlərin hökumətimiz təşəbbüsü ilə də qaldırılmaq  istənilən bidətlərə uyğun olmasıdır. Məsələn: evlənmək, hicab və başqa bu cür qaydaları hökumətimiz rədd edir. Bəhailər və avamlar buradan hökumət proğramı ilə bəhailərin dediyini  bir-birinə müvafiq hesab edirlər. Halbuki burada məsələ başqadır".

Mir Cəlal gənc yaşlarından başlayaraq, demək olar ki, bütün mülahizələrində, mühakimələrində, prinsip etibarilə, səmimi bir analitik olmuşdur. Ona görə "səmimi" deyirik ki, sosial- siyasi proseslərə aid çoxsaylı təhlillərində həmişə  çalışmışdır ki, hansısa ideoloji mövqe naminə həyatın əbədi qanunlarına, bəşərin təbii inkişaf  qanunauyğunluqlarına əks müddəlar söyləməsin. Bu cür səmimiyyətə (və analitizmə!) 30-cu, 40-cı, 50-ci illərdə sonacan riayət etmək nə qədər çətin idisə, həmin cəhdlərin hansı məhrumiyyətlər hesabına başa gəldiyini təsəvvür etmək də bu gün o qədər  çətindir. Və bunun bir mühüm təzahürü də odur ki, Mir Cəlal bütün yaradıcılığı (və həyatı!) boyu mütəvaze (və fəlsəfi!) təmkinlə konyuktur ictimai-siyasi proseslərin "fövqündə" dayanmağı bacarmış,  məşhur təbirlə desək, mükafatını vicdanından almağa üstünlük vermişdir.

Millətin tərəqqisi uğrunda mübarizə ideallarına  Mir Cəlal 60-cı, 70-ci illərdə də  sadiq qalmış, guya hər şeyin qaydaya düşdüyü, sovet-sosialist həyat tərzinin hökm-fərma olduğu, tənqidə yer qalmadığı illərdə də milli tərəqqi üçün təhlükə təşkil edən halları nəzərə çarpdırıb kəskin (lakin yenə də analitik, humanist) mövqedən (və cəsarətlə) tənqid etməkdən çəkinməmiş, öz ideallarına sadiq qalmaqla millətinə, xalqına sonacan mütəvaze bir məsuliyyətlə xidmət etmişdir.