Ədalət.- 2018.- 29 mart.- 54.- S.7.; 30 mart.- 55.- S.7.; 31 mart.- 56.- S.4.

 

Gəncə quberniyasında soyqırımı

 

Babək Əbülfətoğlu

 

Rusiya imperiyası Cənubi Qafqaz torpaqlarını işğal etmək və gələcəkdə burada öz mövqeyini möhkəmləndirmək üçün İran (1804-1813 və 1826-1828-ci illərdə) və Osmanlı imperiyası ilə (1806-1812 və 1828-1829-cu illərdə) müharibələr aparmışdır. Bu müharibələrdə qələbə əldə edən Rusiya Cənubi Qafqazda xristianların sayını artırmaq üçün erməniləri İran və Türkiyə ərazisindən kütləvi surətdə Qarabağ, Naxçıvan, İrəvan və Azərbaycanın başqa ərazilərinə köçürmüşdür.

Sonrakı dövrlərdə Rusiya dövləti Azərbaycan torpaqlarında xristian məskənlərinin yaradılmasına, oraya rusların və ermənilərin köçürülməsi siyasətini davam etdirmişdi. Bu zaman yerli müsəlman əhalisinin - azərbaycanlıların əzəli torpaqlarından qovulmasına və onların sıxışdırılmasına başlanmışdı.

N.N.Şavrovun yazdığı kimi, XX əsrin əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln. 300 min ermənidən bir milyon nəfərdən çoxu diyarın yerli sakinlərinə mənsub deyildilər və bizim tərəfimizdən burada məskunlaşdırılmışdı (Şavrov N.N. Novaə uqroza russkomu delu v Zakavkazğe: predstoəhaə rasprodaja Muqani inorodüam. Baku: Glm, 1990, 160 s. s.184).

Erməniləri Cənubi Qafqazda məskunlaşdırmaqla, gələcəkdə aborigen Azərbaycan əhalisini həmin torpaqlardan sıxışdırıb çıxarmaq və sonradan bu əraziləri də Rusiyanın torpaqlarına qatmaq məqsədi güdülmüşdü. Ermənilər isə bu siyasətdən istifadə edərək azərbaycanlıların əzəli yaşadığı torpaqlarda qətl-qarətlər törədərək, özlərinə dövlət qurmağa başlamışdılar. Bu strategiyanın icrasında rus çarizmi, sonra isə bolşevik-sovet diktaturası və onun bugünkü varisləri ermənilərin hamisi olmuş və hamisi olaraq qalırlar.

Erməni qəzeti "Mşak" yazırdı ki, indiyədək bizim ictimai əxlaqi yönümümüz elə olmuşdur ki, həmişə müsəlman qonşularımızla qapalı davranmışıq, ayrı yaşamışıq, onlarla xeyirxah dostluq münasibətləri yaratmağa çalışmamışıq. Ziyalılarımız, xüsusən də, milli siyasətimizin başında duranlar dəridən-qabıqdan çıxıblar ki, xalqımızda, demokratiyamızda türklərə, müsəlman millətlərinə qarşı düşmənçilik münasibəti aşılasınlar, onlara qarşı mürtəce siyasət yeritsinlər (Qaz. "Azerbaydjan", 4, 1918).

Bu cümlələr ermənilərin türk-müsəlmanlara qarşı məkrli planını ifşa edən tutarlı faktlardı.

Tarixi sənədlər sübut edir ki, ermənilər 1915-1920-ci illərdə Qars, Qarabağ, İrəvan, Zəngəzur, Bakı, Şamaxı, Quba, Kürdəmir və Azərbaycanın başqa bölgələrində dinc insanlara - azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmiş, onların mal-mülkünü qarət etmiş və evlərini yandırmışlar.

Ermənilərin Gəncə quberniyasının Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında törətdikləri vəhşiliklər Fövqəladə Təhqiqat Komissiyası tərəfindən geniş təhqiq olunmuşdur. Bununla əlaqədar çoxsaylı şahid ifadələri, dindirilmə protokolları, məruzələr eyni zamanda polis idarələrində tərtib olunmuş rəsmi sənədlərdə faktiki materiallar toplanmışdır. 1919-cu il may ayının 9-da Gəncə quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəza kəndlərinin əhalisi üzərində ermənilər tərəfindən törədilmiş soyqırımlar, talanlar və digər zorakılıq hərəkətləri haqqında təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlayaraq komissiyaya təqdim edilmişdir.

Təhqiqat işlərinə məlum səbəblərdən Lənkəran qəzasında, Zəngəzur qəzasının əksər hissəsində, ümumiyyətlə, Gəncə quberniyasının dağlıq zonası ərazisində başlamaq mümkün olmamışdır.

Komissiya üzvləri Gəncə qəzası üzrə - 1, Zəngəzur qəzası üzrə - 55, Cavanşir qəzası üzrə - 1, Cəbrayıl qəzası üzrə - 10, Şuşa qəzası üzrə - 11 qərar layihəsi hazırlamışdır.

1919-cu il avqustun 27-də fövqəladə təhqiqat komissiyasının üzvü Ç. Klassovski tərəfindən komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib edilmiş arayışda göstərilirdi ki, komissiya tərəfindən toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarətdir. Bakı şəhəri və ətrafında törədilmiş zorakılıq hadisələrini əks etdirən materiallar 6 cild 740 vərəqdir. Bu materiallar Göyçay qəzasının Kürdəmir və başqa kəndləri üzrə 4 cild 340 vərəq, Şamaxı şəhəri və Şamaxı qəzası üzrə 7 cild 925 vərəq, Zəngəzur qəzasının dağıdılmış kəndləri üzrə 2 cild 80 vərəq, Quba şəhəri və Quba qəzası üzrə 3 cild 451 vərəq və s. idi.

Azərbaycanlılara qarşı törədilmiş cinayət hərəkətlərinin təşkilatçıları və iştirakçıları olan şəxslər barəsində cinayət işi qaldırmaq haqqında hazırlanmış qərarlarda 194 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırılmışdı.

Təxminən 20 ay fəaliyyət göstərən bu komissiya, böyük çətinliklərlə qarşılaşsa da, ermənilərin xalqımızın başına açdığı müsibətlər haqqında çoxlu faktiki materiallar toplamağa müvəffəq olmuş və bu gün bizə həmin faktlar, xalqımızın tarixindəki qaranlıq səhifələri yenidən işıqlandırmaq üçün böyük köməklik göstərməkdədir.

Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunmuşdu. Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş (cəmi 7729 nəfər öldürülmüşdür), 1060 kişi, 794 qadın və 485 uşaq (cəmi 2339 nəfər yaralanmışdır) yaralanması göstərilmişdi (ermənilər tərəfindən öldürülən və yaralanan azərbaycanlılar, cəmi 10068).

1918-ci ilin iyun-avqust aylarında Naxçıvan bölgəsində, may-avqust ayında isə Zəngəzurun Sisyan bölgəsində Andranikin və digərlərinin başçılıq etdikləri silahlı qüvvələr Azərbaycan torpaqlarını ələ keçirmək və həmin ərazilərdə etnik təmizləmə aparmaqla məşğul olmuşdular.

Sisyanda aparılan etnik təmizləmə tədbirləri Qafan rayonunda da həyata keçirilmişdi. Bu rayonun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdilər.

Andranikin silahlı dəstələri Göyçəni dağıtdıqdan sonra Naxçıvanı işğal etmiş, oradan da Zəngəzur qəzasına daxil olmuş, Görus nahiyəsini və Şuşa yolunu ələ keçirmişdilər. Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan hökumətinə etiraz notası göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz kimi qiymətləndirmiş, erməni qoşunlarının Azərbaycanın ərazisindən çıxarılmasına qarşı tədbir görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistan hökumətinin üzərinə düşəcəyini kəskinliklə bildirmişdi.

Lakin ermənilər öz ərazilərini genişləndirmək üçün müsəlmanlara heç bir rəhm etmirdilər. Hətta, könüllü öz evini tərk edən insanların evlərini yandırır, kəndləri dağıdır, mal-qaranı aparırdılar.

Zəngəzur Qəza rəisinin vaxtaşırı verdiyi məlumata görə, Sisyan mahalının 1, 2, 3, 4 və 5-ci polis sahələrinin müsəlman kəndləri məhv edilmişdi. Bir çox kəndlər isə demək olar ki, yer üzündən silinmiş və bu kəndlərin 50.000 müsəlman qaçqını 4-cü polis sahəsi və Cəbrayil qəzası üzrə yayılmışdı.

Şahidlərin ifadələrinə və rəsmi sənədlərə görə, Zəngəzur qəzasının Vağudi kəndində 400 nəfər müsəlman qətl-qarətdən yaxa qutarmaq üçün məscidə sığınmış, ermənilər isə əvvəlcə məscidin içinə partlayıcı atmış, sonra isə onu yandırmışdılar.

Zəngəzur qəza rəisinin 20 oktyabr 1918-ci il raportunda, 1917-ci ilin dekabrından 1918-ci ilin avqustunadək, erməni quldurlarının silahlı təcavüzünə məruz qalmış 1-ci sahənin aşağıdakı kəndlərinin siyahısı verilir:

1) Kürdlər kəndi 1917-ci ilin dekabrında dağıdılmışdır: 150 min manat zərər vurulmuşdur.

2) Ərəmis (Ərəfsə) yenə dekabr ayında dağıdılmışdır: 6 nəfər öldürülmüş, 180 min manat zərər vurulmuşdur.

3) Bəhrili kəndi yenə həmin dövrdə dağıdılmışdır: 9 nəfər öldürülmüş, 100 min manat zərər vurulmuşdu.

4) Dulus kəndi yenə həmin dövrdə dağıdılmışdır: 90 min manat zərər vurulmuşdu.

5) Qarakilsə yanvar ayında (1918) dağıdılmışdı: 165 nəfər öldürülmüş, 300 min manat zərər vurulmuşdur.

6) Pulkənd kəndi həmin dövrdə dağıdılmışdı: 19 nəfər öldürülmüş, 160 min manat zərər vurulmuşdur.

7) Ərikli kəndi həmin ilin aprel ayında dağıdılmışdır: 25 nəfər öldürülmüş, 128 min manat zərər vurulmuşdur.

8) Dəstəkert kəndi həmin ilin aprel ayında dağıdılmışdır: 100 min manat zərər vurulmuşdur.

9) Şıxlar kəndi həmin ilin iyun ayında dağıdılmışdır: 95 nəfər öldürülmüş, 500 min manat zərər vurulmuşdur.

10) Zabalzadur kəndi həmin dövrdə dağıdılmışdır: 90 min manat zərər vurulmuşdur.

11) Şəki kəndi avqust ayında dağıdılmışdır: 95 nəfər öldürülmüş, 16 milyon manat zərər vurulmuşdur.

12) Yaqublu kəndi həmin ilin avqust ayında dağıdılmışdır: 28 nəfər öldürülmüş, 6 milyon manat zərər vurulmuşdur.

13) Qızılcıq kəndi həmin ilin avqustunda dağıdılmışdır: 27 nəfər öldürülmüş, 5 milyon manat zərər vurulmuşdur.

14) Vağudi kəndi həmin ilin avqust ayında dağıdılmışdır: 96 nəfər öldürülmüş, 13 milyon manat zərər vurulmuşdur.

15) Sisyan kəndi həmin ilin sentyabrında dağıdılmışdır: 60 adam öldürülmüş, 800 min manat zərər vurulmuşdur.

Bu sənədlərdən göründüyü kimi Ermənistanın indiki inzibati ərazisinə daxil olan təkcə Sisyan rayonunda 9 ay müddətində dağıdılan 15 kənddə 625 nəfər öldürülmüş, 51.390.000 manat zərər vurulmuşdu.

Zəngəzur qəza rəisinin 1918-ci il 12 sentyabrın tarixli məlumatına görə, Andranikin rəhbərliyi altında ermənilər Rut, Darabas, Ağadi, Vağudi, Ərikli, Şükürlü, Məlikli, Pulkənd, Şəki, Qizilciğ, Qara-Kilsə, İrlik, Paxlilu, Darabas, Kürtlər, Xotanan, Sisyan və Zabalzadur kəndlərini dağıtmış və yandırmışdılar. Həmin kəndlərdə 500 nəfər kişi, qadın və uşaq qətlə yetirilmişdi.

Zəngəzur Qəza rəisinin 26 noyabr 1918-ci il, 655 saylı teleqramında qeyd olunurdu ki, Sisyan mahalını məhv etdikdən sonra erməni silahlı dəstələri Mehri dərəsində müsəlman kəndləri olan Lehvaz - 70 ev, Tey (Acılı) - 75 ev, Mülk - 30 ev, Gül - 10 ev, Bənövşə-Puş - 5 ev, Tağamir - 25 ev, Vartanizor-I - 100 ev və Vartanizor-II-də - 60 ev dağıdmışdılar. Bu kəndlər üzrə 200 nəfəri amansızlıqla qətlə yetirmişdilər.

Gənc qubernatorunun ünvanına göndərilən 6 yanvar 1919-cu il, 152/10 saylı teleqramda isə Gorusa İngilis-fransız diplomatik heyətinin gəlməsinə baxmayaraq, ermənilərin qonşu müsəlman kəndlərinə hücumunun davam etdirildiyi göstərilirdi. Ermənilər dinc müsəlmanları qətlə yetirmiş, əmlaklarını qarət etmiş, evlərini yandırmışdı. Razdərə, Əsgərli, Vələlər kəndləri qarət olunmuş və yandırılmışdır.

Zəngəzur Qəza rəisinin Gəncə Qubernatoruna göndərdiyi 15 dekabr 1918-ci il tarixli, 745 saylı teleqramında verdiyi məlumatına görə, ermənilər tərəfindən qonşu müsəlman kəndləri - Əlidərə, Mərziğit, Tuğut kəndləri dağıdılmış, yandırılmışdı. Eyni zamanda Nüvədi və Eynazor mühasirə edilmiş və atəşə tutulmuşdur.

Gəncə Qubernatorunun adına göndərilmiş 14 fevral 1919-cu il tarixli 394 saylı teleqramda deyilirdi: Zağalı kəndinin (Göyçə mahalı) 311 müsəlman əhalisinin adından bildirilirdi ki, 28 yanvar 1919-cu il tarixdə onların kəndləri erməni qoşun birləşmələri tərəfindən dağıdılmış, kəndin 15 müsəlman sakini öldürülmüş qalanları isə Azərbaycana qaçmışlar.

Gəncə quberniyasının qubernatoru Vəkilovun Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ünvanladığı çoxsaylı teleqramlarında Zəngəzur, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarının azərbaycanlıların yaşadığı kəndlərdə ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat verir və hökumətin təcili və ciddi tədbirlər görməsini xahiş edirdi.

1918-1920-ci illərdə ermənilərin ən çox vəhşiliklər törətdiyi Azərbaycan ərazilərindən biri də Qarabağ bölgəsi olmuşdur. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər silahlanıb Andranikin qüvvələri ilə birləşərək, Qarabağla Ermənistan arasındakı müsəlman kəndlərinin əhalisini silah gücünə qovaraq Qarabağı Ermənistana birləşdirmək fikrində idilər. Lakin onların məkrli planı azərbaycanlıların güclü müqaviməti nəticəsində baş tutmamışdır.

Əlimərdan bəy Topçubaşov "Azərbaycanın təşəkkülü" əsərində Andranikin Şuşa, Cavad, Cəbrayıl və Zəngəzur ərazilərində azərbaycanlıları qovub onların yerinə İrandan, ələxüsus da, Türkiyədən gəlmə ermənilərin köçürməsindən yazmış və qeyd etmişdi ki, onun fikri Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməkdir.

Fövqəladə Təhqiqat Komissiyası Cavanşir qəzası üzrə bir qərar layihəsi hazırlamışdı. Ermənilərin hərbi təcavüzü nəticəsində Cavanşir qəzasının Kolanı kənd icmasına daxil olan kəndlərin əhalisi öz doğma yerlərini tərk etməyə məcbur olurlar. Lakin əhalinin çoxu, xüsusilə qadınlar və uşaqlar soyuqdan və acından yollarda məhv olurlar. Qaçqınların çoxu erməni quldur dəstələri tərəfindən amansızcasına qətlə yetirirdilər. Kəndlərdən qaça bilməyən xəstələrə və qocalara belə aman verməyən ermənilər onları son nəfərinə qədər qəddarcasına güllələmiş və ya xəncərlə doğramışlar.

Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi erməni təqiblərindən yaxa qurtarmaq üçün payız aylarında Murov dağın çətin və keçilməz yollarından böyük tələfatlarla aşaraq Cavanşir qəzasının aran kəndlərinə gəlir və həmin qəzanın müxtəlif kəndlərində özlərinə sığınacaq tapırdılar.

1918-ci ilin yaz və yay aylarında Cavanşir qəzasının düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da dağıdıcı basqınlar edirdilər. Aran kəndlərinin əhalisi 1918-ci ilin yayında öz mal-heyvanlarını yaylaqlara apara bilmədikləri üçün çoxu tələf olurdu.

N. Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərirdi ki, Cavanşir qəzasındakı ermənilər qəzada yaşayan azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmirlər və əvvəlki kimi öz zorakılıq hərəkətlərini davam etdirirlər. N. Mixaylovun məruzəsində göstərilirdi ki, Cavanşir qəzasında 12 azərbaycanlı kəndi (Dəmirlər, İmarət-Qərvənd, Çarəktar, Umudlı, Qaralar, Şırxəvənd, Sırxavənd, Bruc, Əli-Ağalı, Xaçın-Dorvatlı, Çıraxlı, Hacı) tamamilə dağıtmaqla yanaşı, erməni quldur dəstələri tərəfindən ətrafdakı digər azərbaycanlı kəndlərinə də basqınlar edilir, adamlar qarət olunur və qətlə yetirilirlər. Azərbaycanlıların iribuynuzlu və xırdabuynuzlu mal-heyvan sürülərini zorla sürüb aparırlar.

Cavanşir qəzası ərazisində ermənilər yaşına, cinsinə fərq qoymadan uşaqlara, qadınlara, qocalara və hətta şikəstlərə belə aman vermədən azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törətmişdilər. Məsələn, Umudlu kəndində Süleyman Qazax Aslan oğlu, Məhəmməd Məşədi Paşa oğlu və Kazım Atam oğlu ermənilər tərəfindən qəddarlıqla qətlə yetirmiş, sonra isə onların cəsədlərini doğrayaraq hər hissəsini bir yerdən asmışlar.

Hacı Qərvənd kəndində qətlə yetirilmiş Zeynəb Şirin qızının döşləri kəsilmişdir. Dovşanlı kəndinin bir hissəsi olan Korakor kəndinin sakinləri Ramazan Novruz oğlu, Qönçə Ocaqqulu qızı və şikəst Süleyman Həsənəli oğlu qəddarlıqla qətlə yetirilmiş və meyitləri yandırılmışdır. Sırxavənd-Ballıqaya kəndinin sakini Soltan Əli İmam oğlu Qazançı kəndi yaxınlığında saxlanılmış, vəhşiliklə öldürülmüş və yandırılmışdı. Güneyqala-Sırxavənd kəndinin skinləri Şərit İsmayıl oğlu və Rəcəb Novruzəli oğlunun meyidləri tapılarkən ermənilər tərəfindən başlarının kəsildiyinin şahidi olmuşlar.

Şahidlərin ifadələri əsasında Fövqəladə Təhqiqat Komissiyası Cavanşir qəzasında azəbaycanlılara qarşı vəhşiliklər törədilməsinə rəhbərlik etmiş ermənilərin bir qrupunun adları da müəyyənləşdirilmişdi.

Bunlar Yuxarı Qarxun kəndində torpaq sahibi mühəndis Konstantin Abramov, Avan Yüzbaşyevin malikanəsini idarə edən Baqrat bəy Məlik-Şahnazarov, Marağalı kənd icmasının kəndxudası Nerses Manukov, Gülyataq kəndinin sakini İvan bəy Mirzəbəyov, Dovşanlı kəndindən Artyom və Muku Sukiasovlar, Yevrem və Nikolay Şahbaqovlar, Bazarkənddən Nikolay Saruxanov, Vank kəndindən Tiqran Asan Cəlalov, Yuxarı və Aşağı Çaylı kəndlərindən Şamir Ağabekov, Setrak Usubbekov, Talış kəndindən Tyuni Atambekov, Ağdərə kəndindən Karapet Anastasov, Talış kəndindən İsaak və Minas Ter-Danielov qardaşları, həmin kənddən Rüstəm Babayev, Çardaxlı kəndindən Baxış Avanesov, Aşağı Çaylı kəndindən Akopcan Masesov, Nikolay Sokratov, Ağdərəli Markos bəy Ter-Astsaturov, Marqoşavan kəndindən Atakişi Xaçaturov və başqaları idi. Bu ermənilər Cavanşir qəzasında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərin yalnız rəhbərləri deyil, həm də şəxsən onların öldürülməsində, onlara işgəncə və əzablar verilməsində iştirakçıları idilər.

Komissiya Cəbrayıl qəzası üzrə 10 qərar layihəsi hazırlamışdır. 1918-1919-cu illərdə erməni silahlı quldurları Cəbrayıl qəzasında törətdikləri vəhşilikləri haqqında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Mixaylovun məruzəsində geniş məlumatlar verilir.

Məruzədə 1918-1919-cu illərdə ermənilərin hərbi təcavüzü nəticəsində ziyan çəkmiş Cəbrayıl qəzasının kəndlərinin (26 kənd) siyahısı verilir: Düdükçü, Edilli, Ağbulağ, Qoqa, Çirakuz, Axullu, Arış, Qaragöllü, Doşulin, Toqo, Əfəndilər, Aşıq Məlikli, Xolaflı, Tatar, Şıxlar, Sirik, Ağcakənd, Dələnlər, Mülkədarlı, Qərvənd, Qaradağlı, Zərgər, Boliant, Eyvazlı, Əvətli, Məzrə.

Cəbrayıl qəzasında azərbaycanlı kəndlərinin qarət edilməsi və yandırılması həm də dinc insanların qətlə yetirilməsi və yaralanmaları ilə müşayiət olunurdu. Bununla bağlı həmin dövrdə Cəbrayıl qəza rəisinin, eləcə də qəzanın ayrı-ayrı sahə nəzarətçilərinin Cümhuriyyət rəhbərlərinə ardıcıl göndərdikləri geniş məlumatlar arxiv sənədlərində öz əksini tapıb. Onlardan bəzilərini nəzərdən keçirək.

1918-ci il dekabrın 7-də Cəbrayıl qəzasının Arış kəndinə erməni silahlı quldur dəstələri basqın etmiş, əhalinin qoyun sürülərini sürüb aparmışlar. Dekabrın 5-də isə silahlı ermənilər Qaragöllü kəndinə hücum edərək qoyun sürülərini aparmışlar. Dekabrın 2-də erməni silahlı quldur dəstələri Aşıq Məlikli kəndinə hücum edərək əmlaklarını talan etmiş, evlərini yandırmış, mal-heyvanlarını isə sürüb aparmışlar. Bu kənddə bir kişi öldürülmüşdür. Dekabrın 2-də ermənilər Xoflu, Tatar, Şıxlar kəndlərini talan etmiş, yandırmış, mal-heyvanlarının bir hissəsini məhv etmiş, bir hissəsini isə sürüb aparmışlar. 1919-cu il fevralın 27-də Ağcakənd Dələnlər və Mülkədarlı kəndlərinin erməniləri yenidən Sirik kəndinə hücum edərək yenə də bu kəndin bir hissəsini yandırmış, 11 kişi, 10 qadın, 14 uşaq qətlə yetirilmiş (cəmi 35 nəfər- V.Ş.) və 2 kişi yaralanmışdı. Axullu kəndinin qarət və yandırılması zamanı iki kişi, üç qadın və bir uşaq öldürülmüş (6 nəfər - V.Ş.), bir kişi yaralanmışdır. Məzrə kəndinə hücum zamanı altı kişi öldürülmüşdü (6 nəfər öldürülmüşdü - V.Ş.).

Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu il 20 sentyabr tarixli iclasında Cəbrayıl qəzasının Düdükçü kəndinin ermənilər tərəfindən dağıdılması haqqında verilən hesabata uyğun olaraq qərar qəbul etmişdir. 1920-ci il yanvar aynın 21-də Cəbrayıl qəzasının 3-cü sahə pristavı Cəmilbəyov Azərbaycan Respublikası Parlamentinə göndərdiyi teleqramda Qəzanın 8 kəndinin erməni hərbi hissələri tərəfindən məhv edilməsi haqqında məlumat verirdi.

Komissiya Şuşa qəzası üzrə - 11 qərar layihəsi hazırlamışdır. Gəncə quberniyasının ən çox ziyan çəkən qəzasının biri də Şuşadır. Komissiyanın məruzəsində şahidlərin ifadələri əsasında ermənilərin Şuşa qəzasında törətdikləri cinayətlər 27 maddədə sadalanırdı. Şahidlərin ifadələrinə görə, 1918-ci ilin dekabrında ermənilər 2-ci polis sahəsinə daxil olan Qoqa kəndinin azərbaycanlılar yaşayan 55 evdən ibarət malikanələr dağıdılaraq yandırılır. Mülkədar Cavanşirin malikanəsi də dağıdılıb yandırılmış, ailə başçısı Əsəd Ağa Cavanşiri, onun oğlu Soltan ağanı, qızı İranə Bəyimi, qardaşı qızı Fatma Bəyim Cavanşiri, ev qulluqçusu İncə İbad qızını, nökərləri Allahverdi Əziz oğlunu, İsa Abış oğlunu və Vəli Kərbalayı Ələsgər oğlunu öldürmüş (8 nəfər - V.Ş.), ölüləri təhqir edərək onları soyundurub sonra da xəncərlə doğramışlar. 1919-cu ilin may ayına qədər Tuğ mülkədarı Ağa bəy Məlik-Aslanovun üzərinə hücum edən ermənilər onu öldürüb, əmlakını müsadirə edirlər. Tuğ sakini Güldəstə xanım Nəcəf bəy qızını da döyə-döyə öldürürlər. Tuğ yolunda ermənilər Novruz Qasım oğlunu və mülkədar Səlim bəy Məlik-Aslanovu qarət edir və sonra isə döyərək öldürürlər (Tuğ kəndinin 4 nəfər sakini öldürülür - V.Ş.). 1919-cu il martın 9-da ermənilər Şuşa şəhərinə yaxın şose yolunda 4 nəfər azərbaycanlı əsgəri soyunduraraq güllələmiş və 3 nəfərin ölüsünü isə gizlətmişlər (7 nəfər öldürülmüş - V.Ş.).

FTK şahid ifadələrini əsaslanaraq qeyd edirdi ki, yalnız Şuşa qəzasında dağıdılmış, yandırılmış, talan edilmiş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 nəfərdən çox idi. Öldürülənlər üzərində ağılagəlməz vəhşiliklər edilmişdir. Onlar süngülərlə dəlik-deşik edilir, başları kəsilir, kiçik yaşlı uşaqlar süngülərə taxılaraq vəhşiliklə öldürülür, qadınların döşü, kişilərin burun, qulaq və cinsiyyət üzvləri kəsilirdi. Ölüləri doğrayır, yandırır və hər cür təhqirlərə məruz qoyurdular.

Fövqəladə Təhqiqat Komissiyasının üzvi M.Mixaylovun məruzəsində Şuşa qəzası üzrə Abdal və Gülablı, Ətyeməzli, Xıdırlı, Quzanlı, Divonəmirqor, Qoqa, Kovşatlı, Koybaşkənd, Mərzəli-Muğanlı, Salakətin kəndlərinin (13 kənd) (bu kəndin vəziyyətilə bağlı məlumat FTK-in üzvi A.Novatsikinin məruzəsində yer alıb) ermənilər tərəfindən dağıdılması, əmlakların qarət olunması və dinc müsəlman əhalisinə qarşı törədilmiş vəhşiliklər haqqında geniş məlumat verilir. Həmin məlumatlar Dövlət Arxivinin 1061-ci fondunda saxlanılmaqdadır.

Gəncə quberniyası üzrə cəmi: 166 Azərbaycan kəndi dağıdılmış, qarət olunmuş, evlər yandırılmış və erməni silahlıları tərəfindən həmin kəndlərin əhalisinə qarşı insanlığa sığmayan zorakılıqlar törətmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu ilin yanvarında Azərbaycanın mübahisəsiz ayrılmaz hissəsi olan Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları ərazisində müvəqqəti general-qubernator yaradır. Yanvarın 29-da Xosrov bəy Sultanov oraya general-qubernator təyin edilir. Yalnız bundan sonra Azərbaycan ordusunun nəzarəti altında olan yerlərdə erməni vəhşiliklərinin qarşısını qismən almaq olur. Cümhuriyyət dövründə Gəncə quberniyasına daxil olan Zəngəzur, Cavanşir Cəbrayıl və Şuşa qəzaları Azərbaycanın ayrılmaz hissəsi olaraq qalırdı. Lakin Sovet ordusu Azərbaycanı işğal etdikdən sonra Sovet hökuməti Zəngəzuru ermənilərə verdi, Qarabağı iki hissəyə parçalayaraq (dağlıq və aran Qarabağ), gələcəkdə ermənilərə vermək üçün, onun dağlıq hissəsində erməni əhalisinin sayı süni olaraq artırıldı. Bu da sonralar Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına və 1988-1994-cü illərdə isə rus ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmasına gətirib çıxartdı.

Beləliklə, tarixin müəyyən vaxtlarında Rusiyanın maddi, siyasi və hərbi yardımına arxalanaraq xalqımıza qarşı dəhşətli qırğınlar törədən, onları doğma torpaqlarından didərgin salan, onların əmlaklarını qarət edən, mədəniyyətini məhv edən ermənilər, öz məkrli siyasətlərindən bu gün də əl çəkməmişlər.

Hazırda Rusiyanın yaxından köməyi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyon qaçqının acınacaqlı vəziyyətdə yaşamaları və bütün bu hadisələrə ABŞ və Qərb dövlətlərinin göz yummaları, yaxud xristian təəssübkeşliyi ilə erməni mövqeyinin müdafiə etmələri, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874, 884) ermənilər tərəfindən yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bir daha onu göstərir ki, dünyada xristian həmrəyliyi hələ də qalmaqda və Cənubi Qafqazda xristian Erməni dövləti haqsız olaraq müdafiə olunmaqdadır. Azərbaycan xalqı bu tarixi dərslərdən nəticə çıxartmalı, dostunu-düşmənini tanımalı və parçalanmış torpağının müdafiəsini gücləndirməli, şərait yetişən kimi işğal olunmuş ərazilərini azad etməlidir.

Xalqımız məkirli düşmənin və onların havadarlarının planlarını puça çıxartmaq üçün ayıq olmalı və gələcəkdə baş verə biləcək fəciələrin qarşısını almaq məqsədilə qüvvələrini birləşdirməlidir.