İki sahil.- 2018.- 31 mart.- ¹ 61.- S.25.

 

Davam edən qətliam

Qaşqay Ziyəddinoğlu

 

Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri vəhşiliklərin tarixi hələ ötən əsrin əvvəllərinə qədər gedib çıxır. Belə ki, onlardan ən dəhşətliləri 1905-1907-ci və 1918-1921-ci illər arasında baş verən qırğınlardır. 1918-ci ilin martında bu qırğınlar, xüsusilə kütləviliyi ilə seçilib. Mart ayı ərzində, Bakı şəhəri başda olmaqla, Azərbaycanın digər bölgələrində məhz azərbaycanlı, müsəlman olduqlarına görə insanlara qarşı soyqırımı törədilib. Bu tarixi cinayətin miqyasını nəzərə alan Azərbaycanın Ümummili lideri Heydər Əliyev həmin tarixi soyqırımın 80 illiyi ərəfəsində, 26 mart 1998-ci ildə imzaladığı fərmanla 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsini şərtləndirib.

 

İki ayda 50 mindən çox soydaşımız öldürülüb

 

Cəmi 100 il bundan qabaq baş verən hadisələrə nəzər salsaq, məlum olur ki, XX əsrin əvvəlindən başlayan soyqırımı hərəkətləri 1918-ci ildə kulminasiya nöqtəsinə çatıb və ermənilər minlərlə soydaşımızı qəddarlıqla qətlə yetiriblər. Daşnaklara havadarlıq edən bolşevik cildinə girmiş Stepan Şaumyanın rəhbərliyi ilə Bakıda, onun əlaltısı daşnak Lalayanın quldur dəstələri Şamaxıda, digərləri Qubada dinc əhalini qətliama uğradıblar. O vaxtın sənədlərində yer almış faktlara nəzər salanda Bakı, Şamaxı, Quba və digər regionlarda qırğınlar törədən emənilərin vəhşiliyinin ölçüyə gəlməz dərəcədə olduğu anlaşılır. Həmin vaxt daşnak-bolşevik birləşmələri Bakını faktiki iki yerə parçalamışdılar. Bakıdakı qırğınlarla eyni vaxtda erməni quldur dəstələri Şamaxını mühasirəyə almış, şəhəri ələ keçirəndən sonra qarşılarına çıxan hər bir müsəlmanı işgəncələrlə öldürmüşdülər. Görünməmiş vəhşiliklə Şamaxının azərbaycanlılar yaşayan 80 kəndinin əhalisini məhv edən ermənilər 13 məhəllə məscidini və məşhur “Cümə” məscidini də yandırmışdılar.

Bu hadisələrin miqyası o qədər böyük idi ki, o vaxt Bakıdakı əsl bolşeviklər buna etinasız yanamamış, qırğından sonra Şamaxıya gedən komissiyanın rəhbəri Kojenyako başda olmaqla fövqəladə hərbi istintaq komissiyası Lalayevə qarşı ittihamnamə tərtib etmişdi. Kojenyako Lalayevin həbs olunmasını tələb etsə də, Şaumyan işə qarışaraq Kojenyakonun rəhbərlik etdiyi fövqəladə hərbi istintaq komissiyasının ləğvinə nail oldu. Bu da bir vaxtlar Azərbaycanda “qəhrəman” elan olunaraq, şəhərlər bir tərəfə, hər kənddə adına bir küçə verilən Şaumyanın soydaşlarımıza qarşı düşmənçilik mövqeyində olduğunun daha bir faktıdır.

Ümumiyyətlə, daşnak-bolşevik silahlı dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəran bölgəsində 50 mindən çox soydaşımızı qətlə yetirib. Mart ayının üç günü ərzində Bakı şəhərində 30 minə qədər azərbaycanlı vəhşicəsinə öldürülüb. Həmin dövrdə Bakı qırğınıyla yanaşı, azərbaycanlılar yaşayan bütün regionlarda qətliam olub. Belə ki, Şamaxı qəzasının 58 kəndi dağıdılıb, 7 minədək adam, o cümlədən 1653 qadın və 865 uşaq qətlə yetirilib. Quba ərazisində 122, Qarabağda 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qarsda 92 kənd məhv edilib və əhalisi qətliama məruz qalıb.

Bakı qırğınlarında qətlə yetirilənlər indiki Şəhidlər Xiyabanının yerləşdiyi ərazidə salınan Çəmbərəkənd qəbiristanlığında dəfn edilmişdilər. 15 iyul 1918-ci il tarixində Azərbycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası “Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqazın hüdudları daxilində müsəlmanlar və onların əmlakı üzərində törədilmiş zorakılıq hallarının araşdırılması üçün Fövqəladə İstintaq Komissiyasının  yaradılması” haqqında qərar qəbul etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlılara qarşı soyqırımı faktları araşdırılmışdı. Lakin bolşeviklər hakimiyyətə gələndən sonra bu soyqırımının unutdurulması siyasəti aparıldı. Tarixi unutdurmaq üçün Çəmbərəkənd qəbiristanlığını parka çevirdilər. Amma tarix heç nəyi unutmur, çünki həmin hadisə və qırğınlarla bağlı sənədlər Azərbaycan Respublikasının arxivlərində saxlanılırdı.

Həmin tarixi faktlara əsasən, Heydər Əliyevin 26 mart 1998-ci il tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ermənilərin törətdiyi soyqırımına siyasi qiymət verildi, belə ki, Fərmanın giriş hissəsində deyilirdi: “1918-ci ilin mart ayından etibarən “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər...”. Fərmanda o da vurğulanırdı ki, Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib. Sonrakı illərdə bu qırğınlarn əyani sübutları ortaya çıxdı. Quba şəhərində kütləvi məzarlığın aşkar olunması bu qəbildəndir.

 

Ermənilərin azərbaycanlılara qarşı soyqırımının daha bir sübutu kimi tarixə düşən həmin sənəddə Azərbycan Xalq Cümhuriyyətinin qurulmasından sonra Fövqəladə Təhqiqat Komissiyasının yaradılması, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün qurumun yaradılması məsələlərinə toxunulub: “Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirib. Nazirlər Şurası 1918-ci ilin iyul ayının 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-də iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıqdır davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi”.

Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanda o vaxtkı Cümhuriyyətin gördüyü işlər xüsusi dəyərləndirilir. Mövcud işğal durumuna da toxunulan sənəddə o da qeyd edilirdi ki, Azərbaycanın XIX - XX əsrlərdə baş verən bütün faciələri torpaqlarını zəbti ilə müşayiət olunub, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edir.

 

Soyqırımı dünya ictimaiyyətinə daha dolğun çatdırılmalıdır

 

Azərbaycanlılara qarşı soyqırımının anım günü 2003-cü ildən Azərbaycana rəhbərlik edən dövlət başcısı İlham Əliyevin də diqqət mərkəzində olub. 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına 30 mart 2004-cü il tarixli müraciətində də 1918-ci ildə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan nəticəsində on minlərlə dinc insan məhv edildiyi xüsusi qeyd olunub. Həmin müraciətdə ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsinin soyqırım qurbanlarının anma tədbirlərinin keçirilməsinə, beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına təkan verdiyinin əhəmiyyəti vurğulanıb.

Prezident İlham Əliyevin dövlət başçısı olduğu son 15 il ərzində azərbaycanlıların soyqırımının dünya ictimaiyyətinə çatıdırlması yönündə məqsədyönlü fəaliyyətlərin aparılması üçün təşəbbüsləri davamlı və fasiləsiz xarakter daşımışdır. Cənab Prezidentin rəhbərliyi ilə 1918-ci il mart soyqırımının yaddaşlardan silinməməsi üçün hər il bu faciəvi tarixi yad etmək, Azərbaycan xalqına qarşı soyqırmı törədildiyi tarixi faktlarla və sübutlarla dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görülür.

18 yanvar 2018-ci il tarixində Prezident İlham Əliyevin  həmin qətliamın 100 illiyi barədə sərəncam imzalaması da illərdir davamlı olaraq yürüdülən siyasətin tərkib hissəsidir. Sərəncamda bildirilir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Sənəddə bu hadisə - Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri, daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar kimi dəyərləndirilir. Sənəddə o da xüsusi vurğulanır ki, yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Sərəncamla erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin olunması tapşırılır, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir. Prezidentin sərəncamına uyğun olaraq, mart soyqırımının 100 illiyinin qeyd edilməsi istiqamətində bir çox işlər görülmüş və silsilə tədbirlər görülməkdədir.

Ölkə daxilində xalqımıza qarşı törədilən soyqırımının 100 illiyinə həsr olunmuş tədbirlər öz yerində, ermənilərin guya 1915-ci ildə genosidə uğradıqları barədə saxta təbliğata qarşı dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq Azərbaycan xalqının hər bir nümayəndəsi adekvat cavab verməldiri. Bununla yanaşı, hər bir azərbaycanlı ötən əsərin sonunda törədilən Xocalı soyqırımı və torpaqlarımıza qarşı indiki işğalçılıq siyasəti də daxil olmaqla, 1 əsrdən çoxdur davam edən həmin vəhşilikləri dünya ictimaiyyətinə çatdrımaq sahəsində öz töhfəsini verməlidir.