İki sahil.- 2018.- 31 mart.- ¹ 61.- S.29.

 

Azərbaycan Xalq Cümhuriyyətinin liderləri: Xudadat bəy Rəfibəyov

 

Vəli İlyasov

 

Xalqımızın milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biri  olan görkəmli dövlət xadimi Xudadat bəy Rəfibəyli 100 illiyini təntənə ilə qeyd etdiyimiz  Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində böyük  xidmətlər göstərib.

Xudadat bəy  Ələkbər bəy oğlu Rəfibəyov 1877-ci ildə Gəncədə dünyaya gəlib. Böyük bir nəslin nümayəndəsi olan Xudadat bəyin təhsilinə valideynləri xüsusi  qayğı ilə yanaşıblar. Atası Ələkbər bəy  onun ziyalı kimi yetişməsinə çalışırdı.

Ələkbər bəyin həyatı, ömür yolu oğlu üçün gözəl nümunə idi. O, Gəncə mahalının sayılıb-seçilən ağsaqqallarından idi. Azərbaycan xalqının milli istiqlal hərəkatında onun  mühüm  xidmətləri olub. Müxtəlif vəzifələrdə çalışıb, maarifçi və xeyriyyəçi kimi də fəaliyyət göstərib. Gəncədə ilk teatr tamaşasının təşəbbüskarı olub.  İsmayıl Qaspıralının “Tərcüman” qəzetində vaxtaşırı yazıları çap olunub. Ələkbər bəy Azərbaycanın ilk siyasi partiyasının - Bakıda Əhməd bəy Ağayev tərəfindən əsası qoyulan “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri idi.

Xudadat bəy Rəfibəyli ilk təhsilini Gəncə şəhər  gimnaziyasında alıb. Sonra Xarkov İmperator Universitetinin tibb fakültəsinə daxil olub. 1904-cü ildə həmin universiteti bitirib. Xarkov İmperator  Universitetinin hospital-klinikasının cərrahiyyə şöbəsində üç il ordinator işləyib. Xarkovda tələbə dostları ilə azərbaycanlılardan ibarət “Zemlyaçestvo” (“Həmyerlilər”) dərnəyini yaradıb.

1907-ci ildə Azərbaycanın ilk ali təhsilli cərrahlarından biri kimi Gəncəyə qayıdıb. Qubernatorun əmri ilə şəhər xəstəxanasının baş həkimi  vəzifəsinə təyin edilib. Bu vəzifədə 17 il işləməklə bərabər, eyni zamanda Gəncə Həkimlər Cəmiyyətinin sədri olub.

1912-1913-cü tədris ilində Sankt-Peterburqdakı İmperator Klinik İnstitutunda 12 ixtisas üzrə dinləyici kimi iştirak edib.  Fəaliyyətinə görə Xudadat bəy Rəfibəyli titulyar müşavir , kollej asessoru , saray müşaviri  rütbələrinə layiq görülüb, 1909-1916-cı illərdə Gəncə Mahal Məhkəməsində  barışıq hakimi  işləyib. 1915-ci il noyabrın 18-də kollej müşaviri rütbəsinə irəli çəkilib. Çar hökuməti  1916-cı ildə onu  III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edib.

Xudadat bəy Rəfibəyli 1914-cü ildə Həsən bəy Ağayevlə Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyətini - “Gəncə Tibb Cəmiyyəti”ni yaradıb. Cəmiyyətin üzvləri  yoxsullara pulsuz tibbi yardım göstərir, yoluxucu xəstəliklərin qarşısını almağa çalışırdılar.

1917-ci ilin martında Xudadat bəy Gəncədə yaranan Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir.

O, heç bir partiyanın, heç bir qrupun üzvü deyildi. Ömrünün sonunadək bitərəf qalıb. Ancaq Azərbaycanın müqəddəratı həll olunduğu dövrdə millətini, yurdunu dərin məhəbbətlə sevən bu vətənpərvər insan ictimai-siyasi hadisələrdən kənarda qala bilməyib.

Fəal milli mövqeyinə görə çar hökumətinin məxfi nəzarətində olan Xudadat bəyin atası Ələkbər bəy də 1917-ci ilin fevral inqilabından sonra Gəncə Milli Komitəsinin üzvü kimi daha geniş fəaliyyət göstərməyə başlayır. 1918-ci ildə Qafqaz Türk-İslam Ordusunun başında Gəncəyə gələn Nuru paşanı sevinclə qarşılayanlar sırasında Ələkbər bəylə Xudadat bəy Rəfibəylilər də vardı.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən səhiyyə sahəsində  tədbirlər həyata keçirib. 1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil edilən ikinci hökumət kabinetində Xalq Səhiyyə və Himayədarlıq Nazirliyi yaradılıb. Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk səhiyyə və himayədarlıq naziri təyin olunub. 1918-ci ilin sentyabrında yeni hökumət Bakıya köçürüləndə bu nazirlik əsasında Xalq Səhiyyə Nazirliyi və Himayədarlıq və Dini Etiqad İşləri Nazirliyi təsis edilib. Həmin il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci hökumətdə dəyişikliklər edilib. Xudadat bəy Rəfibəyli yenə də xalq səhiyyə naziri kimi fəaliyyət göstərməyə başlayıb. O, yeni hökumətin səhiyyə sisteminin qurulmasında fəal rol oynayıb. Xudadat bəyin rəhbərliyi ilə Azərbaycanda yeni xəstəxanalar, ambulatoriyalar, həkim və feldşer məntəqələri yaradılır, dövlət hesabına pulsuz müalicəxanalar, ekspertizalar üçün laboratoriyalar  açılıb, yoluxucu xəstəliklərlə mübarizə genişləndirilib. Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya təşkil olunub.  Amma 1918-ci ilin dekabrında Xoyskinin hökuməti istefa verir və Xudadat bəy də səhiyyə naziri vəzifəsini tərk edib.

Lakin bu xeyirxah, ədalətli, nüfuzlu insanı Azərbaycan hökuməti diqqətdən kənarda qoymayıb.  O, 1919-cu ilin mayında Gəncə quberniyasına qubernator  vəzifəsinə təyin edilib. Xudadat bəy bundan sonra da həkimlik sənətindən uzaqlaşmayıb. O, günün birinci yarısında xəstələri müalicə edib, qalan vaxtda quberniyanın işləri ilə məşğul olub.

 

Həmin vaxtlar Gəncə quberniyasında vəziyyət mürəkkəb idi. Xudadat bəy Rəfibəyli quberniyanın ərazisində Andronikin başçılıq etdiyi erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımların qarşısını almaq, hərc-mərcliyə, qarətlərə son qoymaq, sabitlik yaratmaq üçün ciddi işlər görüb. Bir il sonra sovet hökuməti tərəfindən həbs edilən Xudadat bəy istintaq zamanı deyib: “Quberniyanı idarə etməyə başlayarkən məndən tələb olunmuşdu ki, əmin-amanlıq yaradım. Görülən tədbirlər nəticəsində quberniyadan quldur dəstələri təmizləndi və ləğv olundu, onların bəzi başçıları ayaqları ilə gəldilər, məhkəmə tədqiqatına və istintaqa qədər pulla zaminə buraxıldılar. Nəticədə xeyli sakitlik yaranmağa başladı”.

Azərbaycan milli istiqlalının beşiyi sayılan Gəncədə əmin-amanlığı bərpa etmək qubernator üçün asan olmamışdı. Bolşevik əlaltıları, erməni daşnakları müstəqil dövlətimizin məhvinə çalışırdılar. Yerli satqınlar da cümhuriyyətimizə zərbə vururdular.

1920-ci il aprelin  28-də  bolşeviklər Azərbaycanı işğal etdilər. Aprelin 29-da isə qırmızı ordu hissələri Gəncəyə doğru irəliləyib. Qırmızı ordu əsgərlərinə şəhərdə kütləvi qırğınlar törətməyə bəhanə verməmək üçün Xudadat bəy aprelin 30-da tutduğu vəzifədən istefaya gedib. Gəncənin sonuncu qubernatoru bir yerdə çalışdığı insanlara müraciət edib: “Bir ilə yaxın Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin qulluqçuları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayiş, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də qubernator vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri zəhmətə və qeyrətlə işlədiklərinə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm və ümidvaram ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi naminə öz vəzifələrini indən belə də vicdanla və səylə yerinə yetirəcəklər.   Gəncə qubernatoru  Rəfibəyov”. Xudadat bəy şəhərdə qalıb həkimlik fəaliyyətini davam etdirmək fikrində idi. Lakin Qırmızı ordu hissələrinin gəlişi ilə şəhərdəki ermənilər fəallaşıblar. Onlar azərbaycanlıların və milli ordu hissələrinin yeni hökumətə qarşı təxribata hazırlaşdığını, bu işin başında Xudadat bəy Rəfibəylinin dayandığını, onun general-qubernator olanda da bolşeviklərə  qarşı sərt tədbirlər həyata keçirdiyini, erməni qırğınında iştirak etdiyi barədə yanlış məlumatlar yaymağa başlayıblar. Bu donoslar  Xudadat bəyin həbsini istəyən Gəncədəki qırmızı ordu komandanlığı üçün bəhanə olub. 1920-ci il mayın 12-də bolşeviklər Xudadat bəyi həbs ediblər. Onun silahlı əsgərlərin nəzarəti altında Bakıya aparılacağı xəbərini eşidən gəncəlilər dəmiryol stansiyasına toplaşıblar. Xudadat bəy üç nəfər silahlı əsgərin müşayiəti ilə gəlirdi. Həmişəki kimi vüqarlı idi. Qürurla addımlayırdı. Bir nəfər Xudadat bəyə onu azad etməkdə gəncəlilərə kömək üçün Şəmkirdən 500 nəfər silahlı süvari dəstə gəldiyini deyib. Ancaq  Xudadat bəy soyuqqanlılıqla və təmkinlə cavab verib: “Qan tökməyin, bu bizim nəslin üstündə ləkə kimi qalar. Mən bütün həyatımı vicdanla yaşamışam və heç bir günahım yoxdur. Məni heç nədə təqsirləndirə bilməzlər”.

Mühafizəçilərə ermənilərin silahlı dəstələri də qoşuldu.  Onlar etirazşı gəncəlilərin qarşısını kəsib saxladılar. Qatar Bakıya yollandı.

Xudadat bəy bir neçə maddə ilə mühakimə olunub. Əsas ittiham ermənilərin yazdığı donoslara əsaslanıb.  Xudadat bəy Rəfibəylinin istintaqını bolşevik cildinə girmiş daşnak müstəntiqi M.Səfikyan aparırdı. Xudadat bəy müstəntiqə belə bir ifadə verib: “Mənim erməniləri qətlə yetirməyim haqqında ittiham ermənilərin özlərinin uydurmasıdır. Mən nə Qaçaq Məmmədqasıma, nə də Sarı Ələkbərə ermənilərin qətl edilməsi barədə göstəriş verməmişəm. Mən Gəncədə yaşayan ermənilərlə bir neçə dəfə görüşüb, onları qanunlara riayət etməyə çağırmışam. Lakin ermənilər hər dəfə mənim tələblərimə riayət etməyiblər və Gəncədə ermənilər yaşayan məhəllədə insanları silahlandırıblar. Mənim həbs edilməyim də onların istəyi ilə həyata keçirilib”.

Səfikyanın cəhdlərinə baxmayaraq, Xudadat bəy verdiyi ifadələrdən axıradək imtina etməyib. O deyib: “Barəmdə irəli sürülmüş ittihamda özümü təqsirkar hesab etmirəm. Mənə imkan verilsəydi, mövcud olan sənədləri üzə çıxarıb heç bir günahım olmadığını sübut edərdim”.

Ancaq ona son sözü demək fürsəti belə verilməyib. İyunun 1-də Xudadat bəyi tələsik və gizli surətdə Nargin adasına aparıblar və  orada güllələyiblər.

Həyat yoldaşı Cəvahir xanım, üç övladı - 11 yaşlı Kamil bəy, 9 yaşlı Rəşid bəy və 7 yaşlı Nigar xanım həyatın sərt sınaqları ilə üz-üzə qalıblar. Xudadat bəydən sonra başları çox bəlalar çəkib. Ancaq onlar istiqlal mücahidinin adına layiq ömür sürüblər. Rəfibəylilərin bir çoxu kimi Kamil bəylə Rəşid bəy də doğma Azərbaycanı tərk etmək məcburiyyətində qalıblar. Kamil bəy Türkiyədə, Rəşid bəy Rusiyada yaşayıb. Biri həkim, digəri geoloq olub.  Nigar xanım Rəfibəyli isə Azərbaycanın Xalq şairi kimi tanınıb. İndi dünyanın bir neçə ölkəsində yaşayan və fəaliyyət göstərən  Rəfibəylilər həm öz nəsil şəcərəsinə, həm də xalqımıza şərəf gətirirlər.