Xalq qəzeti.- 2018.- 29 mart.- ¹ 69. - S. 10.; 1 aprel.- ¹ 72.- S. 3.

 

Xocalı soyqırımına aparan yola siyasi-tarixi baxış

 

Habil Həmidov,

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun müasir siyasətin fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi

 

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, ­Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir...

 

Heydər Əliyev

Ümummilli lider

 

Keçmişimizdə baş verənlərin real faktlara əsaslanaraq, doğru-düzgün işıqlandırılması problemi bütün bəşəriyyəti düşündürən zəruri məsələlərdəndir. Yəqin ki, ilk baxışdan bəzilərinə sadə görünən bir faktı, hər hansı bir xalqın dövlətçilik mədəniyyəti və mənəviyyat tarixi, əslində, onun ümumi tarixidir desək, səhv etmərik. Bu mənada dünya istər Şərq, istərsə də Qərb tarixini, dövlət quruculuğumuzu, ərazimizə edilən təcavüzləri, xalqımıza qarşı törədilən soyqırımlarını, terrorları, deportasiyaları, bəşəriyyət əleyhinə cinayətləri, düşüncə və məfkurə keçmişimizi öyrənən hər kəs həmin böyük məcraya bu və ya başqa şəkildə baş vurmalıdır ki, araşdırılan problemlərdə reallığı üzə çıxara bilsin. Qeyd etməliyik ki, indiyə qədər tanınmış tarixçilərimiz Vətən tarixinə aid, məxsusi olaraq Qarabağ problemi ilə ilgili elmi-tədqiqat işləri aparmış, samballı əsərlər yazaraq, onları geniş oxucu auditoriyasına təqdim etmişdir.

Lakin bütün bunlara baxmayaraq, ermənilərin zaman-zaman ümumən türklərin, xüsusilə Azərbaycan xalqına qarşı törədilən insanlıq əleyhinə cinayətlərin sayı-hesabı o qədər ölçüyəgəlməzdir ki, onların hamısını, təbii ki, nəşr olunan mənbələrdə tam əhatə etmək mümkün deyildir. Nəticədə belə bir vəziyyətin yaranması, yəni xalqımızın həyatında baş verən digər tarixi faciələrdən hələ də gənc nəslin eləcə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı olmur. Düşünürəm ki, təbii olaraq belə bir zərurət yaranır ki, bu günün ziyalıları, alimləri tarixi fəlakətlərimizi yazmaq, təfsilatı ilə gələcək nəslə çatdırmaq üçün öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Bəllidir ki, sovet dönəmində bu yönümdə elmi-tədqiqat işlərinin aparılması mümkünsüz olmuşdur. Çünki bu rejim hadisələri pərdələməklə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən insanlıq əleyhinə cinayətlər barədə məlumatsızlıq yaradaraq xalqımızın keçmişində baş verənləri üzə çıxarmamaq məqsədi daşımışdır.

Heç vaxt dövləti və dövlətçilik tarixi olmayan, dünyanın müxtəlif bölgələrinə səpələnmiş, köçəri həyat tərzi keçirən ermənilər “Böyük Ermənistan” yaratmaq üçün bəşəriyyət əleyhinə cinayət yolu olan seperatizmi və terrorizmi seçdilər. Buna nail olmaq üçünsə strategiyanın ilkin mərhələdə nəzərdə tutulan gizli fəaliyyət planını reallaşdırmağa başladılar. Məhz həmin gizli fəaliyyətin nəticəsi idi ki, müxtəlif illərdə çoxsaylı erməni təşkilatları yaranmışdır. Bu təşkilatların yaranmasını etiraf edən erməni müəllifi J.Sarkisyan hələ XIX əsrin 60-70-ci illərində xeyli sayda erməni cəmiyyət və təşkilatının yarandığını açıq şəkildə qeyd edir. Gizli erməni cəmiyyətləri aşağıdakı kimi sıralanır: – 1860-ci ildə Kilikiyanın müstəqilləşməsi üçün qurulan “Xeyriyyə cəmiyyəti”, Fədakarlar cəmiyyəti, 1866-cı il 7 mayda İstanbulda “Ser” (sevgi) cəmiyyəti yaradıldı. Bu son lojasının parolu “birlik, sevgi, təhsil, iş, özgürlük” idi. Araratyan (1876, İstanbul), “Məktəb sevərlər” (1870, İstanbul), Şərq (1879, İstanbul), “Kilikiya” (1879, İstanbul);- Bu cəmiyyətlər 1880-cı ildə “Erməni Birləşmiş Cəmiyyəti” adlı adı altında birləşmişdilər. “Silahlanmışlar cəmiyyəti” (1880, Ərzurum), “Qadınlar cəmiyyəti” (1880, Ərzurum), “Qurtuluş üçün birlik” (1872, Van), “Ana Vətən müdafiəçisi” (1881, Ərzurum);

Gizli erməni cəmiyyətləri haqqında qənaətlərimizi bir qədər də genişləndirməyə çalışaq. Onların yaradılmasında əsas məqsədlərə diqqət yetirək. Məsələn, onlardan biri, “Qara Xaç Cəmiyyəti” 1872-ci ildə Vanda təşkil olunmuşdu. Bu cəmiyyətlərin məqsədi milli mənafelərə nail olmaq, gənclərin silahlandırılması və silahlı üsyanların təşkil edilməsi idi.

Məhz həmin prosesin məntiqi davamı kimi 1880-ci ildə Ararat, Şərq, Mühübbi maarif, Kilikiya dərnəkləri “Miyasiyal Anikerutiun Hayotes” adlı cəmiyyətdə birləşdilər. Əsl inqilabçı komitələr 1880-ci illərdən meydana çıxmağa başladı. O vaxt Ərzurumda “Silahlılar dərnəyi” quruldu. Dərnəyin üzvü olan gənclər lazım gəldikdə istifadə etmək üçün silah daşımalıydılar. Lakin bütün təşkilatı məsələlər nə qədər ardıcıllıqla təşkil olunsa da, 1883-cü ildə bir neçə üzvü tutulduğu üçün həmin dərnək dağıldı.

Məxsusi olaraq qeyd etmək lazımdır ki, inqilabçı partiya kimi yaranan ilk təşkilat isə “Armenakan” olmuşdur. Yəni, 1885-ci ildə yaradılmış və “Armeniya” qəzetinin adı ilə adlandırılmış bu cəmiyyət inqilab yolu ilə ermənilərin özünüidarəsinə nail olmağı qarşısına məqsəd qoymuşdu. Partiyanın əsasını Van mənşəli erməni Portağalyan qoymuşdu.

Təbii olaraq həmin prosesi həyata keçirməyin əsas vasitələrindən biri təbliğat idi. Məhz bunu nəzərə alan “Armenakan” məqsədinə çatmaq üçün əhali içərisində geniş millətçi təbliğat aparmağı, hərbi təhsil verməyi, silahlı dəstələr təşkil etməyi, sonra Avropa dövlətlərinin münasibəti əlverişli olardısa, Türkiyə əleyhinə çıxış etməyi lazım bilirdi. Bu partiyanın fəaliyyəti Qafqazdakı Rusiya hakimiyyət orqanları tərəfindən şirnikləndirilirdi. Lakin “Armenakan” erməni əhalisinin geniş dairələrini cəlb edə bilmədi və onun fəaliyyəti yalnız Türkiyənin bir neçə Şərq vilayəti ilə məhdudlaşdı. Daha fəal və daha kütləvi “Hnçak” və “Daşnaksütyun” partiyalarının meydana gəlməsi ilə “Armenakan”ın nüfuzu heçə endi.

İllər keçdikcə, yəni “Hnçak” (Zəng) partiyası 1887-ci ildə Cenevrədə Avetis Nazarbekyan və millətçi erməni tələbə mühacirləri tərəfindən təşkil edilmişdi. Partiyanın lideri A.Nazarbekyan (Lorents) K.V.Plexanovun təsiri altında idi. Partiyanın 1898-ci ildə nəşr edilmiş proqramında sosial-demokrat prinsipləri bəzi gizli məqamlar qorunmaq şərtilə yalnız bəzi “xeyirxah məqsədlərə” bəyan olunurdu. Həmin proqramın məqsədlərindən birinə diqqət yetirməklə bunu aydın şəkildə görmək olar. Məsələn, proqramın bəzi məqsədlərinin tam açıqlanmadığı ikinci bölməsində erməni millətinin vəziyyəti (başlıca olaraq Rusiyada yaşayan ermənilərin) təsvir olunur, partiyanın məqsədinin çevriliş təşkil etmək olduğu göstərilirdi. Məgər bu amil terror vasitəsilə məqsədə çatmağa təhrik deyildirmi? Proqramın üçüncü bölməsində belə bir tezis irəli sürülürdü ki, guya Türkiyə tədricən dağılacaqdır, buna görə də partiyanın inqilabı fəaliyyəti ilk növbədə türk hakimiyyətinə qarşı yönəldilməli, ermənilərin milli müstəqilliklərinə nail olunmalıdır. Daha doğrusu, “Hnçak” yaxın məqsədə çatmağın yolunu üsyanla, yəni zorakılıqla “Türkiyə Ermənistanı”ndakı vəziyyəti dəyişmək, bütün erməniləri üsyana qaldırıb, Türkiyəyə qarşı müharibəyə başlamaqda görürdü. Bu tezisin mahiyyətindən açıq – aydın görünür ki, hakimiyyəti zorla ələ keçirmək üçün terror vasitələrindən istifadə strateji məqsəddir.

Davamlı olaraq bir-birini tamamlayan, planlı şəkildə yaradılan, ermənilərin ən qanlı təşkilatlarından olan “Daşnaksütyun” və ya “Erməni inqilabı cəmiyyətləri federasiyası” isə 1890-cı ildə Qafqazda təşkil edilmişdir. Partiyanın liderləri X.Mikelyan, S.Zavaryan, Rostom (St.Zorin) və başqaları idi. Həmin partiyanın mətbu orqanı isə Cenevrədə çıxan “Droşak” qəzeti idi. Rusiya Daxili İşlər Nazirliyi Polis Departamentinin bir podpolkovniki tərəfindən 1908-ci ildə tərtib edilmiş “daşnaklar” adlı məruzədə sənədlər əsasında partiyanın yaranması, fəaliyyətinin əsas istiqamətləri xarakterizə edilir. Tərtibatçı yazır ki, 1892-ci ildə Cenevrədə “Daşnaksütyun”un I qurultayı keçirilmişdir. Qurultayda “demokratik erməni respublikasını” yaratmaq üçün erməniləri silahlandırmaq və təşkil etmək, terrorçuluq aktlarını həyata keçirmək və hökumət idarələrini dağıtmaq qərara alınmışdır. Bu partiyanin məramı da beləcə bəlli olur.

Beləliklə də Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılması prosesi ilə paralel olaraq separatizmə, terrora, soyqırımlara və təcavüzlərə hazırlıq erməni siyasətinin tərkib hissəsi olmuşdur. Yəni, qeyd olunanlardan aşkar şəkildə görünür ki, xarici qüvvələrin köməkliyi ilə dövləti, dövlətçilik tarixi olmayan ermənilər üçün strateji planlar hazırlanmışdır ki, məhz həmin strategiya zama-zaman həyata keçirilərkən türksoylu xalqlar, məxsusi olaraq Azərbaycan xalqı dəhşətli soyqırımlarına məruz qalmışdır.

Sadalanan reall faktların aşkarlanmasında son dövrlərdə baş verən ictimai-siyasi hadisələrlə əlaqədar Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsinin mühüm rolu olmuşdur. Yəni, 1991-ci il 18 oktyabr tarixində Müstəqillik Haqqında Konstitusiya Aktının qəbulu ilə bağlı xalqımıza qarşı törədilən cinayətlərin öyrənilməsinə imkan və şərait yaranmışdır. Belə bir mühitin yaranmasında təbii olaraq ümummilli liderimiz Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında”, 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı”, “Xocalı soyqırımı” haqqındakı fərmanlarını çox qiymətli və tarixi addım kimi dəyərləndirmək lazımdır.

Adıçəkilən fərmanlarda haqlı olaraq göstərilir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, yəni min illər boyu yaşadıqları öz doğma tarixi etnik torpaqlarından didərgin salınaraq, kütləvi qətl və qırğınlara məruz qalmış, onlara məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Zənnimizcə, bir qədər əvvəlki tarixə müraciət edərək terrora, təcavüzə gələn yola qismən də olsa aydınlıq gətirməyə çalışdıq. Lakin, həmin soyqırımların hansı metodlarla, vəhşiliklərlə həyata keçirilməsinə diqqət yetirə bilmədik. Ona görə də azərbaycanlıların soyqırımı məsələlərinə bir daha aydınlıq gətirməyə çalışaq. Bu, həm soydaşlarımız, həm də dünya ictimaiyyəti üçün problemin öyrənilməsi baxımından önəmli olar. Həmçinin bundan xalqımıza qarşı törədilən həmin cinayətlərin beynəlxalq müzakirələr predmetinə çevrilən məqamlarında əsas dəlil və sübutlar kimi istifadə edilə bilər. Ermənilərin Azərbaycan xalqına qarşı istifadə etdikləri vasitələr separatizm, terror, təcavüz, psixoloji terror və s. vasitələr olmuşdur.

Sadalanan metod və vasitələrdən bəşəriyyət əleyhinə cinayətlər törədən ermənilər zaman-zaman azərbaycanlılara qarşı soyqırımı həyata keçirməklə məqsədlərinə nail olmuşlar. Məsələn, bir erməni terroruna müvafiq şərait yaradan separatçı ideyaların yer aldığı azərbaycanlıların soyqırımının təşkilatçısı S.Şaumyanın 1906-cı il iyunun 7-də dərc etdirdiyi “Son hadisələr” adlı məqaləsində 1905-ci il erməni-müsəlman qırğınlarına istinadən Şuşanın, İrəvanın, Qarsın və Sürməlinin adını çəkərək, guya bu yerlər onun yurduymuş kimi qeyd edir ki, “Bədbəxt diyarımız cəhənnəmə döndərilmişdir və hələ kim bilir, bundan sonra onu nə kimi fəlakətlər gözləyir”.

 

1918-ci ilin mart ayında azərbaycanlıların soyqırımı Bakı, Şamaxı (Ağsu, İsmayıllı, Kürdəmir də daxil olmaqla), Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu barədə M.Ə. Rəsulzadə “Unudulmaz faciə” məqaləsində yazır ki, “Həmin günlərdə daşnaklar canlı insanları divara mıxlayırdı, müsəlman əhalisinə qələmə almaq belə çətin olan işgəncələr verirdilər”.

Nəriman Nərimanov isə azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında belə yazırdı: “Müsəlman hətta bolşevik olsaydı belə ona aman vermirdilər Daşnaklar deyirdilər “Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağı kifayətdir”. Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır xaraba qoyurdular… Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdilər. Nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm etmirdilər”.

Qeyd etmək lazımdır ki, bu qanlı hadisələr barəsində Lenin dəqiq məlumatlandırılsa da, o, bunun fərqinə varmamışdır. Əksinə, Bakıda terrorçuluq yolu ilə törədilən mart soyqırımı hadisəsi Lenin tərəfindən də təqdir olunmuşdur. O, məsələyə münasibət bildirərək S. Şaumyana yazmışdır ki, “Sizin möhkəm və qəti siyasətinizə məftunuq. Bacarıb həmin siyasəti, indiki çox çətin vəziyyətin şəksiz tələb etdiyi çox ehtiyatlı bir diplomatiya ilə birləşdirin”. Məhz bunun nəticəsidir ki, hər zaman özlərinə arxa–dayaq hiss etdikləri havadarlarına güvənərək, təkcə 1918-ci ilin mart-aprel aylarında erməni terroruna məruz qalan 50 mindən artıq azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Tarixi mənbələrə istinadən ilk növbədə onu qeyd etmək lazımdır ki, çoxdankı xülyaların reallaşmasında xarici dövlətlərin dəstəyinə nail olmaq istəyən ermənilər hər vasitə ilə onlara qulluq göstərməyə çalışırdılar. Məsələn, katalikos Nerses altmış minlik erməni qüvvəsi toplayaraq, 1826-1828-ci illər Rusiya-İran müharibəsində iştirak etmiş və rusların tərəfində vuruşmuşdur. J.Malevil yazır ki, sonrakı 90 il ərzində bu ssenari dəyişilmədən oynanılırdı, yalnız zaman keçdikcə rus təbliğatı oz metodlarını təkmilləşdirirdi: rus ordusu əmin idi ki, Türkiyə ərazisində və türk ordusunun arxa cəbhəsinə ümüd edə bilər, yəni silahlı qiyamçı quldur dəstələri arxadan türk ordusunu dağıtmağa çalışırdı. Müvafiq mənbələri araşdırarkən məlum olur ki, Rusiya ermənilərə istiqlaliyyət vermək məqsədi güdmürdü, çox zaman “müstəqillik”, qurtuluş və s. saxta vədlərlə onları aldadaraq, düşmənlərinə qarşı istifadə etmişdir.

Qeyd etmək lazımdır ki, erməni terrorizmi təkcə Azərbaycan türklərinə, türksoylu xalqlara deyil, eyni zamanda, dinindən, etiqadından, milliyyətindən asılı olmayaraq digərlərinə qarşı da yönəlmişdir. Məsələn 5 sentyabr 1972-ci ildə Münxendə erməni terrorçuları tərəfindən İsrail idmançıları terrora məruz qalmış və onlardan xeyli sayda idmançı öldürülmüşdür. Burada istər-istəməz erməni riyakarlığının daha bir siyasi gedişi özünü büruzə verir. Bəllidir ki, Almaniya ilə İsrail arasında genosid problemi mövcuddur.Təbii olaraq belə bir hadisənin törədilməsi İsrail-Almaniya qarşıdurmasına təhrikdir. Zənnimizcə, burada riyakar erməni siyasəti tam çılpaqlığı ilə görünür.

Hesab edirəm ki, soydaşlarımzın soyqırımına, deportasiyasına nail olmaq üçün tətbiq olunan metodlardan biri, göründüyü kimi dünyanın müxtəlif regionlarına səpələnmiş ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması olmuşdur. Köçürülən ermənilər həmin ərazilərdə bir qədər möhkəmləndikdən sonra qabaqcadan hazırlanmış plana uyğun olaraq növbəti fazanın həyata keçirilməsi başlanmışdır. Bu prosesdə də azərbaycanlıların əvvəl soyqırımına, sonra isə deportasiyasına çox məharətlə nail olunmuş, müxtəlif üsul və vasitələrdən istifadə edilmişdir. Məsələn, əvvəl Şaumyanın, sonra isə Mikoyanın rəhbərliyi ilə ardıcıl yerinə yetirilən terrorizm siyasəti nəticəsində yaradılan soyqırımı hadisələrinin insanlarda yaratdığı xof, qorxu ruhu formalaşdırılaraq, yaxud digər terror vasitələrinə istinadən Qərbi Azərbaycanda “Ermənistan”dan XIX əsrin 20-ci illərindən XX əsrin 1989-cu ilinədək Türkiyəyə, İrana, Şərqi Azərbaycana, Gürcüstana, Şimali Qafqaza, Orta Asiyaya, “İran təbəəsi”, “Türk təbəəsi” adı altında, “xalq düşməni”, “şübhəli ünsür” damğası ilə sürgün edilən, 1948-1953 və 1988-89-cu illərdə öz vətənlərindən didərgin salınan azərbaycanlıların sayı milyon yarımdan çox olmuşdur. 1905-1907 və 1918-1920-ci illərdə ermənilər və bu işdə maraqlı olan qüvvələrin törətdikləri qanlı vuruşmalarda yarım milyon azərbaycanlı “Ermənistan” ərazisində qətlə yetirilmişdir ki, bu da deportasiya həyata keçirmək üçün ən güclü təsir vasitələrindən biri idi. Yəni, əhali arasında real vahimə yaratmaq onların gözləri qarşısında vəhşiliklər törədərək, soydaşlarımıza görk olsun, – deyə onları dədə-baba torpaqlarından deportasiya etmək məqsədlərini reallaşdırmaqdan ötrü belə bir qeyri-insani vasitədən istifadə edilirdi. Təbii olaraq bu cür vəhşilikləri görən yerli sakinlər istər-istəməz psixoloji sarsıntı keçirir, şok vəziyyətinə düşür və həmin təsirlərdən doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalırdılar.

Fikrimizcə, yalançı “erməni soyqrımı” mifini gerçəkləşdirməyə çalışan ermənilərin törətdikləri vəhşiliklərdən dəhşətə gələn yunanların yazdıqlarını xatırlamaq da yerinə düşər. Onlar yazırlar: “Türk ordusu qarşısında geri çəkilən silahlı ermənilər ətrafdakı müsəlman kəndlərini yer üzündən silərək, hər bir şeyi atəş və qılıncdan keçirir, təsəvvürəgəlməz bir dəhşət və fəlakət törədirdilər. “Qalib” erməni ordusu qənimətləri, yəni süngü ucuna taxılmış uşaqları keçdikləri yolların ətrafına çılpaq soyundurulmuş müsəlman qadınlarını düzürdülər. Bu cəhənnəm əzabında ağlını itirmiş qadın və uşaqların ürəkparçalayan iniltilərini, qocaların ümüdsüz nalələrini dinləmək üçün adamın qəlbi olmalıdır. 82 kənddən ibarət bir sancaq bu təsvir edilən fəlakətə düçar olmuşdur”.

Yaxud da ingilis mayoru Masson bu barədə qeyd edir ki, “rus qoşunları arasında olan erməni dəstələri və vilayətdə 5000 kürd - kişiləri, qadınları və uşaqları qırdılar; süngü ilə onları sürü kimi yüksək qayaların zirvəsindən uçuruma itələdilər”. Buna bənzər daha dəhşətli hadisələrdən birinin də şahidi fransızlar olmuşlar. 70 azərbaycanlı uşaq Gümrünün uşaq evindən Qazaxa gətirilərkən Spitakda onları diri-diri böyük enkəsikli borulara doldurub ağzını qaynaqlamışdılar. 7 dekabr 1988-ci il zəlzələsində Fransadan gələn xilasedici komanda itinin izi ilə borunun qaynağı açıldı, onlar bu dəhşətli mənzərəni öz gözləri ilə gördülər və heç bir söz demədən geri – Parisə döndülər.

Həmin prosesin növbəti mərhələsi sovet dövrünə düşür ki, burada da xüsusi metodlardan istifadə edilərək azərbaycanlıların deportasiyası kampaniyası riyakar erməni siyasətinin təsiri ilə qanuniləşdirilməyə cəhdlərlə müşayiət olunur. Daha doğrusu, əvvəlcə Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılır. Sonra isə soydaşlarımızın deportasiyası başqa ad altında reallaşdırılmağa başlanır.

Onlardan bir neçəsini yada salaq. Keçmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan ərazisindəki dədə-baba yurd-yuvalarından kütləvi və zorakılıqla sürgün olunmuşlar. İnsan hüquqlarına zidd olan bu qərarların xüsusilə, “azərbaycanlılar Ermənistan SSR-dən Kür-Araz ovalığına köçürülsün” qərarı misli-bərabəri olmayan qəddarlıqla yerinə yetirildi. Həmin qərara əsasən erməni millətçiləri yüz əlli mindən artıq azərbaycanlını Mil-Muğan düzənliklərinə və Ceyrançölə deportasiya etdilər. Onlardan əlli minə yaxını iqlim şəraitinə dözməyib qırıldı, 30 faizə yaxını isə Stalinin ölümündən sonra viran qoyulmuş və xarabazara çevrilmiş yurdlarına qayıtdı. Bu da azərbaycanlıların soyqırımının və deportasiyasının son mərhələsi olmadı. Yəni, son hadisələr zamanı bu proses ermənilər tərəfindən daha amansızlıq və qəddarlıqla başa çatdırıldı.

Zənnimcə, tarixən azərbaycanlıların erməni terroru nəticəsində soyqırıma məruz qalmaları, öz dədə-baba torpaqlarından deportasiya olunması çoxəsrlik qaçqınlıq tariximizin ən ağrılı səhifələri daha dərindən araşdırılıb öyrənilməlidir. Bu faciələrimizin tarixi köklərini, ictimai-siyasi amillərini üzə çıxarıb təbliğ etmək lazımdır ki, onları beynəlxalq müzakirə obyekti səviyyəsinə qaldıra bilək.