Ekspress. - 2018.- 30 mart. - № 55. - S. 10.

 

İran-Azərbaycan əlaqələri ən yüksək zirvədədir

 

Murad Məmmədli

 

 

Əsrlər boyu bərabər yaşayan Azərbaycan və İran xalqlarının münasibətlərinin dərin kökləri var. Hər ikisi islam aləminə mənsub olan bu xalqları elmi, mənəvi, mədəni əlaqələr birləşdirir.

İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir-birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Əkbər Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə əlaqələr yaradıb (wikipedia.org). O, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev İranın dini rəhbəri Seyid Əli Xameyni, prezident Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb.

İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani 26-28 oktyabr 1993-cü ildə Azərbaycanda səfərdə olub. Səfər zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq, iqtisadi, elmi, mədəni tərəfdaşlıq haqqında müqavilələr imzalanıb.

29 iyun-2 iyul 1994-cü ildə İrana cavab səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Haşimi Rəfsəncani ilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıb. Həmin səfər nəticəsində Azərbaycan-İran arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan növbəti müqavilələr bağlanıb. Prezident Heydər Əliyev Haşimi Rəfsəncani ilə söhbətində İran İslam Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi məsələsinin aydınlaşdırılmasını, bunun tərəflər arasında qəbul ediləcək bəyanatda göstərilməsini istəyib. Xarici işlər naziri Vilayəti ilə danışıqlardan sonra Ermənistanın təcavüzünü ittiham edən bəyanat imzalanıb.

1996-cı lilin mayında Heydər Əliyev Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılışında iştirak üçün İrana səfər edib. Bu səfər zamanı İran-Azərbaycan arasında iqtisadi sahədə razılaşmalar əldə edilib. Prezident Heydər Əliyevlə görüşündə Prezident Haşimi Rəfsəncani İranın azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərməyə davam edəcəyini deyib. Heydər Əliyev 1997-ci ildə Azərbaycan tərəfi İranla neft istismarı sahəsində əməkdaşlıq niyyətinin göstəricisi olaraq bu ölkənin neft şirkətini "Şahdəniz" yatağının istismarını nəzərdə tutan müqavilədə iştiraka dəvət edib.

1997-ci ilin dekabrında İslam Konfransı Təşkilatının Tehranda keçirilən dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün İrana səfər edən Heydər Əliyev İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə görüşərkən bildirib: "Azərbaycanlı qaçqınlara etdiyi humanitar yardıma görə İran İslam Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirməklə, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında qeyri-konstruktiv mövqeyindən əl çəkməyən Ermənistana bir çox dövlətlərin siyasi və iqtisadi dəstək verməsindən təəssüfləndiyimi bildirirəm".

İranın o zaman yeni seçilmiş prezidenti Məhəmməd Xatəmi ilə görüşən Heydər Əliyev Azərbaycanın İranla istər ikitərəfli, istərsə də İKT çərçivəsində əməkdaşlığı inkişaf etdirəcəyini bildirib.

İKT-nin Məhəmməd Xatəminin sədrlik etdiyi Tehran konfransında Ermənistanın Azərbaycana təcavüzünü açıq ittiham edən qətnamə qəbul olunub.

Prezident Heydər Əliyevin 2002-ci ilin mayında İrana növbəti səfəri olub. Səfərdə əsas müzakirə obyekti olan Xəzərin statusu ilə bağlı konkret razılıq əldə olunmasa da, Heydər Əliyev bu səfəri dost ölkəyə səfər kimi qiymətləndirilib.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev İranla dostluq və əməkdaşlıq siyasətini davam etdirib. 2004-cü ilin avqustunda İran prezidenti Məhəmməd Xatəmi Azərbaycana səfərə gəlib. O, bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İranın Azərbaycanı müdafiə etdiyini bildirən bəyanat verib. Xatəminin səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin bağlanması ilə yanaşı, Azərbaycan Respublikasının İranın Təbriz şəhərində Baş Konsulluğunun açılması məsələsi də həll edilib.

2005-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana səfər edib. Səfər zamanı tərəflər arasında sərhəd, maliyyə, mədəniyyət, hidroenergetika və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilələr bağlanıb. 2005-ci ilin dekabrında İran prezidenti Mahmud Əhmədinejad İrandan Naxçıvana çəkilmiş qaz kəmərinin açılışında iştirak etmək üçün muxtar respublikaya gəlib. Burada Əhmədinejad və Əliyev tərəfindən enerji əməkdaşlığına dair bəyannamə imzalanıb. Daha sonra onlar 2006-cı ilin iyununda İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən zirvə toplantısında görüşüblər. Bu görüşlərdə hər iki prezident iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bəyan ediblər.

Prezident İlham Əliyev 2005-ci ilin sonu və 2006-cı il ərzində beynəlxalq miqyasda kəskinləşən nüvə enerjisi məsələsi ilə bağlı müsahibələrində İrana qarşı sanksiya tətbiq edilməsinin əleyhinə çıxdığını bildirib. O, Azərbaycan ərazisindən heç bir dövlətə qarşı istifadəyə yol verilməyəcəyini bildirib. İlham Əliyev bu məsələnin danışıqlar və qarşılıqlı razılıq əsasında həllinə tərəfdar olduğunu söyləyib.

2007-ci il avqustun 21-də İran Prezidenti Mahmud Əhmədinejad növbəti dəfə Azərbaycanda səfərdə olub. Prezident İlham Əliyevlə söhbətində dövlət başçıları bu səfərin əhəmiyyətli olduğunu vurğulayıblar.

2007-ci il oktyabrın 16-da isə Prezident İlham Əliyev Xəzəryanı dövlət başçılarının ikinci zirvə toplantısında iştirak etmək üçün İrana gedib. İki dövlətin başçısı arasında görüş olub. Prezidentlər siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hər iki tərəfin mənafeyinə uyğun şəkildə uğurla inkişaf etdiyini bildiriblər.

10 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana rəsmi səfər edib. Prezident İlham Əliyev və Prezident Mahmud Əhmədinejadın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Səfər zamanı Prezident İlham Əliyev və İranın ali dini rəhbəri Seyid Əli Xamneyi ilə görüşüb. Görüşdə iki ölkə arasında qonşuluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan-İran münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Prezident İlham Əliyev Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşündə iştirak edib. Zirvə görüşünün yekunlarına dair Tehran Bəyannaməsi qəbul olunub.

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran Prezidenti Mahmud Əhmədinejad 17 noyabr 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdür. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsinin vurğulandığı bu görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyi bildirilmişdir. Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğulamış, ikitərəfli və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparmışlar. Səfərin nəticəsi olaraq Azərbaycanla İran arasında enerji və nəqliyyat sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani 2014-cü il yanvarın 23-də İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində görüşmüşlər. Görüşdə ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına üçüncü rəsmi səfəri 9 aprel 2014-cü il tarixdə olub. Prezident İlham Əliyev və iranlı həmkarı Həsən Ruhani arasında təkbətək görüş keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin İrana daha bir səfəri ötən ilin martında reallaşıb.

İki gün əvvəlsə İİR Prezidenti Həsən Ruhani ölkəmizdə rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında bir neçə sənəd imzalanıb.

İran-Azərbaycan dostluğunun, qardaşlıq əlaqələrinin bu gün ən yüksək zirvədə olduğunu deyən Azərbaycan Respublikasının Prezident İlham Əliyev bunu iranlı həmkarı ilə keçirdiyi danışıqların, aparılan müzakirələrin də sübut etdiyini bildirib. "Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Biz Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində biz on bir dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir. Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün böyük sürətlə inkişaf etməsi bizi çox sevindirir".

İ.Əliyev vurğulayıb ki, bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün, dünya üçün böyük əhəmiyyətə malikdir. "Çünki bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır".

"Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır" deyən İran Prezidenti Həsən Ruhani də xalqlarımızın dini, tarixi və adət-ənənələr baxımından olduqca bir-birinə yaxın olduğunu bildirərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın, həmçinin, müştərək fəaliyyətin bütün regionun xeyrinə olduğunu vurğulayıb ("report.az"). Ruhani ölkələrimiz arasındakı əlaqələrin bütün region və dünya üçün faydalı olduğunu deyərək bu səfərin tarixi qərarların qəbul edilməsi ilə nəticələndiyini, bütün bunların xalqlarımızın rifahına xidmət edəcəyini, Xəzərdə müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumun əhəmiyyətindən danışıb, Xəzər dənizinin əməkdaşlıq, təhlükəsizlik və dostluq dənizi olduğunu bildirib.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini və bir-birinin yanında olduğunu deyən Ruhani Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayaraq bu layihə ilə bağlı görülən işlərin səmərə verəcəyini əminliyini ifadə edib.

Ölkələrimiz arasında istifadə olunmayan potensialın Azərbaycan və İran prezidentlərinin şəxsi təşəbbüsləri və xidmətləri sayəsində artıq aktivləşdirildiyini deyən Həsən Ruhani müştərək iqtisadi əlaqələrin xalqlarımızın rifah halının yaxşılaşdırılmasına yönəldilməsinin vacibliyindən danışıb. Səhiyyə, əczaçılıq, bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, elektrik enerjisi, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib.

İran Prezidenti ölkələrimizin turizm potensialından istifadə edilməsinin əhəmiyyətini vurğulayıb, xalqlarımız arasında gediş-gəlişin intensivləşdirilməsi, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.