Azərbaycan. - 2018.- 30 mart. - ¹ 70. - S. 6.

 

Erməni vandallarının görünməmiş vəhşilikləri

 

Ağacəfər Paşayev,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

1918-ci ilin əvvəllərində Zaqafqaziyada erməni şovinist millətçi qüvvələri özlərinin fitnəkar və məkrli planlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bakıda və Cənubi Qafqazın digər bölgələrində müsəlman qırğını törətmək üçün fitnəkar üsullara əl atırdılar. Daşnaklar ilk növbədə Bakı Sovetinin icraiyyə orqanlarına, şəhər idarələrinə öz nümayəndələrini yerləşdirməyə çalışırdılar.

 

Azərbaycanın milli demokratik ziyalıları, digər qabaqcıl xadimləri gələcək təhlükəni, təbii ki, hiss edirdilər. Mətbuat səhifələrində, mitinqlərdə milli ədavəti qızışdıranları kəskin tənqid atəşinə tuturdular.

1918-ci ilin yanvarından başlayaraq Qafqazın xristian əhalisi məqsədli şəkildə silahlandırılırdı. Eyni zamanda Bakıda və onun ətraf rayonlarında sovet hökumətini müdafiə adı ilə qırmızı qvardiya dəstələri yaradılırdı. Qvardiyanın mərkəzi qərargahı təşkil edildi və onun tərkibinə A. Bağdasarov (sədr, erməni), H. Sultanov (məsul katib), F. Qabışev, F. Pervusin, İ. Vaçek və başqaları daxil oldu. Mərkəzi qərargah rayon qərargahlarını idarə edir, hərbi mütəxəssislər təyin edir və qırmızı qvardiyaçıları silahlandırırdılar. Erməni Milli Şurası özünün silahlı dəstələrini daha sürətlə formalaşdırırdı. Cənubi Qafqazda millətlərarası ədavəti qızışdıran daşnaklar Qafqaz ordusundan tərxis olunan erməni korpusunun zabit və əsgərlərini bura daha çox cəlb edirdilər. 1918-ci ilin mart ayında ermənilərin milli silahlı hissələrində 4 minə qədər əsgər və zabit var idi. “Müsəlmanların ictimai təşkilatları” da özünün silahlı qüvvələrini zəif də olsa təşkil edirdi. Onların bu vaxt tatar süvari alayında 400 nəfərə qədər silahlı qüvvəsi var idi. 1918-ci il mart qırğını ərəfəsində Rus Milli Şurasının Cənubi Qafqazın xristian əhalisinə müraciəti elan edildi. Orada mart ayında 19-25 yaşında olan bütün rus gənclərinin hərbi səfərbərliyə alındığı bildirilirdi. Qafqaz cəbhəsindən geriyə qayıdan rus ordusunun əsgər və zabitləri silahları ruslara və əsasən ermənilərə satırdılar. Rus hərbçilərinin bir hissəsi Rusiyaya qayıtmayıb Bakıda qaldı. Erməni daşnakları S.Şaumyan başda olmaqla həmin hərbçilərdən dinc müsəlman əhaliyə qarşı istifadə edirdilər. Bu zaman Bakı Sovetinin sədri H.Caparidze qırmızı ordunun yaradılması zəruriliyini irəli sürdü. Beləliklə, 1918-ci il martın ortalarında Qafqaz ordusu Hərbi İnqilab Komitəsinin səyləri nəticəsində Bakı Sovetinin 6 min nəfərə yaxın silahlı qüvvəsi var idi.

Bakıda erməni və rus şovinist siyasi qüvvələrinin silahlandığını bilən yerli əhalinin müəyyən hissəsi şəhəri tərk etdi. Müsəlman cəmiyyətləri də təhlükənin qarşısını almaq üçün özünün müdafiə qüvvələrinin yaradılmasını zəruri hesab edirdi. Gəncədə, Bakıda, Lənkəranda müsəlman hərbi hissələri yaradılmağa başlandı. Amma həmin işlər milli-demokratik hərəkatın düşmənlərinin maneəsi nəticəsində çox ləng gedirdi. “Müsavat” partiyası Bakıda və onun ətrafında öz silahlı qüvvələrini yaradırdı. Bu məqsədlə fevralın 24-də 50 nəfər zabit ilə müsavat diviziyası Tiflisdən Bakıya gəlmişdi. Qafqazda xristian əhalisinin silahlandırılmasına Antanta ölkələri də səy göstərirdi.

Erməni daşnakları bolşeviklərin köməyi ilə öz məqsədlərinə çatmağa çalışırdılar. Onlar guya Bakıdakı vəziyyətdən narahat olur və hakimiyyəti ələ almağın zəruriliyini bildirirdilər. Daşnaklar söyləyirlərmiş ki, əgər müsəlmanlar bolşeviklərin əleyhinə çıxsalar, o zaman qoşun hissələri onlara kömək edər və bolşevikləri Bakıdan qovub çıxararlar, bir şərtlə ki, burada müsavat-daşnak koalisiyalı hökumət yaradılsın. Müsəlman və erməni milli şuraları öz aralarında danışıq aparırdılar və daşnaklar müsavatçılara silahlı yardım göstərməyə söz verdilər. Lakin müsavatçılar və daşnaklar arasında gedən danışıqlar sazişlə nəticələnmədi. Daşnaklar əvvəlcə bitərəf qalacaqlarını bildirdilər, sonra isə mövqelərini dəyişib sovet hakimiyyətinin tərəfdarı olduqlarını bildirdilər. S. Şaumyanın razılığı ilə “Daşnaksütyun”un 3 min nəfərlik qoşun hissələri Bakı Sovetinin ixtiyarına keçdi. Onlar mart hadisələri ərəfəsində güclü silahlanmışdılar. Bunu S. Şaumyanın 1918-ci ilin martında yazdığı məktubundan da bilmək olurdu.

Qeyd etmək lazımdır ki, hümmətçi bolşeviklər Bakıda milli qırğının qəti əleyhinə idilər. N. Nərimanov mart hadisələri ərəfəsində azərbaycanlı bolşeviklərin iclasında S. Şaumyan ilə yaranmış vəziyyəti müzakirə etmiş və bildirmişdi ki, indiki vaxtda vətəndaş müharibəsinə başlamaq qorxuludur, çünki o, milli qırğına çevrilə bilər. Həmin günlərdə Bakıda yalnız daşnaklardan ibarət iri erməni hərbi milli dəstələri var idi. S. Şaumyan N. Nərimanov ilə razılaşsa da, bolşevik-erməni koalisiyası Bakıda ilk atəşi açdı (martın 30-u axşam saat 5-də). S. Şaumyan erməni milli qoşun hissələrinin guya sovet hakimiyyətinin müdafiəsinə qalxmasına icazə verdi. Daşnaklar və Erməni Milli Şurası Bakı Sovetini müdafiə etdilər. Onların müsəlman cəmiyyətləri ilə apardıqları danışıqlar saxta bir uzlaşma idi və təxribat xarakteri daşıyırdı. Atışmanın ertəsi günü - martın 31-də saat 12-dən sonra müharibə milli qırğın xarakteri alır. Müsavatın nümayəndə heyəti Nəriman Nərimanovdan milli qırğını dayandırmağı xahiş edir. N. Nərimanov S. Şaumyandan qırğını dayandırmağı təkidlə tələb edir. Lakin daşnaklar heç bir müraciətə, tələbə məhəl qoymur, azğıncasına Bakıda dinc azərbaycanlı əhalini qırmaqda davam edir. Onlar N.Nərimanovun evinə hücum edirlər. Bakıda vəhşiləşmiş daşnakların azğınlığı 3 gün çəkir. Nəticədə əlləri uşaqlı xeyli müsəlman qadın daşnakların əsiri olur. Üç gün davam edən döyüşlərdə 3 mindən artıq adam öldürülür. Sonralar “Bəsirət” qəzeti yazırdı ki, həmin günlərdə (18-20 mart, köhnə tarix ilə) on minlərlə müsəlmanın qanı axıdılmışdı. Mart günlərində daşnakların dinc müsəlman əhaliyə qarşı vəhşilikləri haqqında 1917-ci ildən Bolşeviklər Partiyasının üzvü, hadisələrin şahidi Bilyumin, o vaxt qırmızı drujinaçı Arustamov və başqaları ətraflı yazmışdılar. Döyüşlərin üçüncü günü Mikoyan, Arşak, Manuçarov, Akupov və başqaları Bazar küçəsinin ortasında (H. Hacıyev küçəsi ilə Kommunist küçəsinin tinində, indiki İstiqlal küçəsi) pulemyot qoymuşdular və atəş açaraq silahsız adamları qırdırırdılar.

Mart hadisələrində daşnakların azğınlığı ilk növbədə Şaumyanın xəyanətkar siyasətinin nəticəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyası sədrinin (sədr Ə.Xasməmmədov) məruzəsində göstərilirdi ki, 1918-ci il mart hadisələrindən sonra Bakıda ermənilərlə azərbaycanlılar arasında sülh sazişinə gəlindiyinə baxmayaraq, həmin ilin 15 sentyabrınadək - Bakı azərbaycanlı və türk əsgəri qüvvələr tərəfindən azad edilənə qədər ermənilər müntəzəm olaraq küçələrdə, şəhərdə, ətraf kəndlərə gedən yollarda müsəlmanları vəhşicəsinə qətlə yetirirdilər. Meyitlərin bir hissəsini isə quyulara və ya dənizə atırdılar.

Erməni daşnaklarının törətdikləri Azərbaycan-türk soyqırımı Bakı ilə bərabər, bir çox yerlərdə davam etmişdir. Onlar 1918-ci ilin aprel ayının ilk günlərindən başlayaraq Şamaxı, Quba, Xaçmaz, Kürdəmir, Salyan, Lənkəran, Cənubi Azərbaycan, Qarabağın müxtəlif kəndlərində, Naxçıvanda, İrəvan quberniyasında azərbaycanlılara qarşı əsl soyqırımı həyata keçirmişlər.

1918-ci ilin yazında Şamaxıda hakimiyyət müsavatçıların başçılıq etdikləri yerli milli şuranın ixtiyarında idi. Bakı bolşevik-daşnak soveti Şamaxını özləri üçün böyük təhlükə hesab edirdilər. Ona görə də bolşevik və daşnaklar Azərbaycanın bütün ərazisini ələ keçirmək üçün Şamaxını dağıtmağı planlaşdırmışdılar. Oraya göndərilən bütün silahlı qüvvələrə S. Şaumyanın göstərişi ilə S. Lalayev başçılıq edirdi. Təkcə mart ayında Şamaxının 58 kəndi erməni silahlı birləşmələri tərəfindən dağıdılmış, təxminən 8 mindən çox insan öldürülmüşdü.

1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdu. İki gün ərzində 4 minədək adam öldürülmüşdü. Müsəlmanların dini heysiyyətinə toxunaraq məscidlərə od vuran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar.

Göyçay, Salyan, Kürdəmir və Lənkəran qəzalarında da daşnak erməni dəstələri qırğınlar törətmişdilər. Onlar Kürdəmirə basqın edərək 56 evi, iki məscidi yandırmış, “Quran”ın təfsirinə dair nadir kitablar saxlanılan kitabxananı dağıtmışdılar. Lənkəran və onun ətraf kəndlərində də daşnaklar 40-a yaxın kəndi yandırmış, yüzlərlə günahsız insanı qətlə yetirmişdilər. Erməni Milli Şurasının göstərişi ilə Lənkərana 2 min nəfərlik erməni dəstəsi gəlib yerli əhaliyə amansızcasına divan tutmuşdu.

Ermənilər soyqırımını Cənubi Azərbaycanda da həyata keçirmişlər. Urmiyadakı ermənilər qonşu azərbaycanlıların 500 evini yandırmış, qocaya, uşağa, qadına rəhm etməmişdilər. Ermənilər 1918-ci ildə Urmiya şəhərinin abidələrini rus əsgərləri ilə birlikdə yandırmışdılar. Burada bir gün ərzində öldürülənlərin sayı 10 min nəfərə çatmışdı. 1918-ci ilin may ayında Andronikin 5 min nəfərlik erməni dəstəsi Xoy şəhərinə hücum etmişdi. Səlmas şəhərindən Xoya qaçqın gəlmiş 40 min nəfərdən yalnız 10 mini sağ qalmışdı. Yalnız Osmanlı ordusunun qorxusundan Andronik Araz çayını keçmiş, sonra isə Naxçıvan və Qarabağda qırğınlar törətmişdi. 1918-ci ilin əvvəllərində ermənilər Səlmasa hücum etmiş, qırğın zamanı çoxlu azərbaycanlı öldürülmüşdü.

1918-ci ildə Cəbrayıl qəzasının bir çox kəndləri ermənilər tərəfindən viran qoyulmuşdu. 1918-ci ilin iyun-avqust aylarında Andronikin silahlı quldur dəstələri Naxçıvanın dinc türk-müsəlman əhalisinə qarşı vəhşiliklər törətmişlər.

Bu qırğınları törətməkdə əsas məqsəd Azərbaycanı işğal edib burada erməniləri yerləşdirmək və daşnakların “böyük Ermənistan” yaratmaq planlarını reallaşdırmaq idi. Lakin Azərbaycanın milli-demokratik qüvvələrinin qətiyyəti sayəsində ermənilərin “böyük Ermənistan” yaratmaq planı baş tutmadı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.