Hərbi and.-2018.-30 mart.-¹12.-S.6.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Qazax Müəllimlər Seminariyasının milli təhsil tariximizdəki yeri və rolu

 

Rafiq Səfərov,

Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi

 

Qori Müəllimlər Seminariyasının (Zaqafqaziya Müəllimlər Seminariyasının) Azərbaycan şöbəsinin 1879-cu ildə Qori şəhərində açılması təhsil tariximizdə xüsusi bir mərhələdir. Bu seminariya XIX əsrdə (1918-ci ilədək) müəllim kadrların hazırlanmasında mühüm işlər görüb. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürülməsi isə tarixi bir hadisəyə çevrilib. Firudin bəy Köçərlinin tarixi xidməti sayəsində Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazax şəhərində müstəqil müəllimlər seminariyası kimi fəaliyyətə başlayıb.

1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyini elan edib. Azərbaycan xalqı özünün çoxəsrlik tarixində müstəqil dövlətini yaradıb, ictimai-siyasi quruluşun müvafiq modelini qurub. Həmin dövrdə təhsil sisteminin dağılmasının qarşısının alınmasına, onun kökündən dəyişdirilərək milli mənafelərə uyğun milli köklər üzərində yenidən qurulmasına, məktəb islahatlarının aparılmasına yönəlmiş tədbirlərin görülməsi məqsədilə AXC-nin parlamenti və hökuməti tərəfindən müvafiq qanun və qərarlar qəbul edilib, həmin qanun və qərarlara uyğun olaraq Xalq Maarifi Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Cümhuriyyət dövründə Xalq Maarif Nazirliyinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Gürcüstanın Qori şəhərindən Azərbaycanın Qazax şəhərinə köçürülərək müstəqil seminariyaya çevrilməsi olub. Yenicə istiqlala qovuşmuş AXC hökumətinin qarşısında duran ən vacib məsələlərdən biri xalq maarifi və təhsilinin inkişafına, savadsızlığın və geriliyin aradan qaldırılmasına, məktəb-təhsil işinin geniş yayılmasına nail olmaq idi. Lakin ölkədəki kəskin müəllim qıtlığı problemini həll etmədən təhsilin və maarifin yayılması, məktəb-tədris işinin milli mənafelərə uyğun yenidən qurulması üzrə qarşıda duran mühüm vəzifələri yerinə yetirmək mümkün deyildi. AXC hökuməti ölkədə yaşanan kəskin müəllim qıtlığı problemini qismən də olsa həll etməkdən ötrü qısamüddətli pedaqoji kursların açılması və Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Gürcüstanın Qori şəhərindən Azərbaycanın Qazax şəhərinə köçürülməsi haqqında qərarlar qəbul edib. Hökumətin qəbul etdiyi həmin qərarlar ölkəmizdə aparılan yeni məktəb quruculuğu işində olduqca əhəmiyyətli idi.

Qazaxa köçürülmüş Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) bölməsi əsasında yaradılmış müstəqil Qazax Müəllimlər Seminariyası xalqımızın mənəvi geriliyinin aradan qaldırılması yolunda mühüm amillərindən birinə çevrildi. Cümhuriyyət hökumətinin və Xalq Maarif Nazirliyinin respublikamızda ciddi səylə həyata keçirdiyi yeni məktəb quruculuğu işində, eləcə də ölkəmizdə pedaqoji kadrların hazırlanmasında Azərbaycanın görkəmli ziyalısı, maarifçi-pedaqoq, ictimai xadim Firidun bəy Köçərlinin rəhbərlik etdiyi Qazax Müəllimlər Seminariyası əhəmiyyətli rol oynadı. Həmin dövrdə Qazax Müəllimlər Seminariyası ölkəmizdə milli müəllim və pedaqoji kadrlar hazırlayan ilk milli tədris ocağına çevrildi. Qazax Müəllimlər Seminariyasının ölkəmizdə savadsızlığın aradan qaldırılması, maarif, mədəniyyət və təhsilin inkişaf etdirilməsi sahəsindəki xidmətləri danılmazdır. Milli təhsil tariximizdə Qazax Müəllimlər Seminariyasının mühüm yeri və rolunu nəzərə alaraq, arxiv sənəd və materiallarına, eləcə də digər tarixi mənbələrə əsaslanaraq Qazax Müəllimlər Seminariyasının yaradılmasına aparan tarixi yola nəzər yetirək.

İlk növbədə, qeyd edək ki, Rusiya imperatoru II Aleksandr Zaqafqaziya Müəllimlər Seminariyasının təsis edilməsi haqqında 1875-ci il aprelin 8-də fərman imzalayıb. Həmin fərmanla seminariyanın əsasnaməsi də təsdiqlənib. Bu əsasnamənin birinci bəndində qeyd edilirdi: “Zaqafqaziya Müəllimlər Seminariyasının məqsədi özünü ibtidai məktəblərdə müəllimlik fəaliyyətinə həsr etmək istəyən gənclərə pedaqoji təhsil verməkdir”. Əsasnamənin birinci bəndinin qeyd hissəsində isə bildirilirdi: “Müsəlmanlar üçün xüsusi məktəb açılanadək onlara Zaqafqaziya Müəllimlər Seminariyasına və onun nəzdindəki ibtidai məktəblərə daxil olmağa icazə verilir”. Fərman imzalandıqdan sonra seminariyanı qısa müddətdə açmaq mümkün olmayıb. Bu təhsil ocağı yalnız 1876-cı ilin sentyabrından etibarən fəaliyyətə başlayıb.

Zaqafqaziya Müəllimlər Seminariyası Rusiyanın qabaqcıl təhsil müəssisələrindən biri sayılırdı. Seminariyada və onun nəzdində yaradılmış üç ibtidai məktəbdə - rus, gürcü və erməni məktəblərində təhsilin rus dilində aparılması və həmin məktəblərdə Azərbaycan dilini bilən müəllimlərin yoxluğu müsəlman-azərbaycanlı uşaqların böyük əksəriyyətinin rus məktəblərinə cəlb olunması işini ləngidirdi. Ana dilində savada yiyələnmək istəyi müsəlman-azərbaycanlı uşaqlarını ənənəvi məktəblərə cəlb edirdi. Azərbaycanda getdikcə genişlənməkdə olan milli dünyəvi məktəb uğrunda hərəkat çarizmin maarif sahəsində yeritdiyi ruslaşdırma siyasətinə qarşı çevrilmişdi. Bu hərəkatın mahiyyətini anadilli məktəblərin yaradılması, yenilikçilik və müasirlik uğrunda mübarizə təşkil edirdi. Həmin mübarizənin nəticəsi idi ki, Qafqaz canişini ilk dəfə Zaqafqaziyanın müsəlman əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan) bölməsinin yaradılmasına razılıq verdi və həmin şöbə 1879-cu ilin sentyabrından etibarən Qori şəhərində fəaliyyətə başlayıb. Xeyli müddət sonra Rusiya imperatoru II Aleksandrın 1880-ci il mayın 13-də imzaladığı növbəti fərmanla Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində tatar (Azərbaycan) bölməsinin fəaliyyəti rəsmən qanuniləşdirilib.

Şamaxıda kasıb rus ailəsində doğulub boya-başa çatmış Aleksey Çernyayevski Azərbaycan bölməsinə inspektor təyin edilib. Azərbaycan bölməsinin açılmasına baxmayaraq, ilk vaxtlarda orada oxumaq üçün ərizə verənlərin sayı çox az olub və bu, şöbənin gələcək fəaliyyətini şübhə altına alıb. Bölmənin fəaliyyətini təmin etmək məqsədilə A. Çernyayevski savad almaq istəyən azərbaycanlı uşaqların axtarışına çıxıb. O, belə axtarışları İrəvan, Naxçıvan, Gəncə, Şuşa, Şamaxı, Quba və Dərbənddə aparıb, kəndbəkənd gəzib qəza məktəblərində seminariyaya uşaq toplayıb. A. Çernyayevski uşaqların valideynlərinə təhsilin, maarifin nə demək olduğunu izah edərkən məqsədinin Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaq olduğunu bildirir və tövsiyə edir ki, onlar balalarını bu işığı yandırmaqdan məhrum etməsinlər.

A. Çernyayevskinin axtarışları nəticəsiz qalmır və onun bu yolda çəkdiyi zəhmət özünü doğruldur. Belə ki, Qori seminariyasına təhsil almağa gələn azərbaycanlı uşaqların sayı ildən-ilə artmağa başlayır. Çox keçmir ki, Şuşadan Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Mahmudbəyov, Qazaxdan İsmayıl ağa Vəkilov, Məmmədağa Şıxlinski, Şəkidən Rəşid bəy Əfəndiyev A. Çernyayevskinin ümidlərini doğruldular. Firudin bəy Köçərli hələ tələbə ikən yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş “Təlimati-Sokrat” əsərini, sonralar isə A. Puşkin, M. Lermontov, A. Koltsov və A. Seretelinin bəzi əsərlərini Azərbaycan dilinə, M.F. Axundovun “Aldanmış kəvakib” əsərini rus dilinə tərcümə etmişdi. O, həmçinin Saleh bəy Zöhrabbəyovla birlikdə “Təlimati-lisani-türki” dərsliyini tərtib etmişdi. Rus, fars və ərəb dillərini yaxşı bilən tələbə Səfərəli bəy Vəlibəyov isə “Xəzineyi-əxbar” adlı ensiklopedik kitab tərtib etmişdi. Təhsilini ilk buraxılışda əla qiymətlərlə başa vurmuş Səfərəli bəy Vəlibəyovu 1881-ci ildə seminariyada ana dilindən dərs demək üçün saxlayıblar. Seminariyanın Azərbaycan bölməsini bitirmiş məzunların böyük əksəriyyəti ucqar qəzalara, kəndlərə gedib orada pedaqoji fəaliyyət göstərir, xalq kütlələri arasında maarifi yayır, onları cəhalətin, geriliyin əlindən qurtarmağa çalışırdılar. Bölmənin çar hakimiyyəti tərəfindən mürtəce məqsədlə açılmasına baxmayaraq, Qori seminariyası Azərbaycanda xalq məktəbinin, təhsil və mədəniyyətin inkişafında müstəsna rol oynayıb. Qeyd etmək kifayətdir ki, bu təhsil ocağının Azərbaycana verdiyi kadrları çar Rusiyası dövründə heç bir məktəb verməyib.

Qori seminariyasının məzunu, böyük ziyalı Firidun bəy Köçərli sonralar yazırdı: “Qori seminariyasının Azərbaycan bölməsində yaxşı və diqqətəlayiq nə vardısa, hamısı Çernyayevskinin adı ilə bağlıdır... Çernyayevskinin “Vətən dili” bizim məktəblərdə yeni bir dövr açdı”.

Yarandığı ilk gündən AXC xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirib. Çünki əvvəlki dövrlərdə çarizm xalqın oyanmaqda olan milli mənlik və siyasi şüurunun qarşısını almaq məqsədilə burada uzun illər xalq maarifi işini məhdud çərçivədə saxlayıb, zorla ruslaşdırma siyasəti yeridib, təhsil əsasən rus dilində aparılaraq milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllər törədib ki, bu da öz növbəsində geniş müsəlman əhalisində hökumət məktəblərinə qarşı inamsız münasibət yaratmışdı. Yürüdülmüş bu cür siyasət müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdu. Dövrün tanınmış maarif xadimi Rəşid bəy Əfəndiyevin qardaşı pedaqoji təhsilli Abdulla bəy Əfəndiyev Parlamentin 1918-ci il dekabrın 26-da keçirilən beşinci iclasındakı çıxışında mövcud vəziyyəti belə qiymətləndirmişdi: “...Azərbaycan Cümhuriyyətinin maarifə olan ehtiyacı başqa ehtiyacatın fövqindədir. Ümumi fəlakətlərin birinci səbəbi maarif yoxluğudur... Şimdiki məktəblər mümkün olduqca tez bir zamanda milliləşdirilməlidir...”. Azərbaycan dilinin dövlət dili qəbul edilməsi, eləcə də məktəblərin milliləşdirilməsi və məktəb islahatlarının aparılması bir vəzifə olaraq hökumətin qarşısında dayanırdı. Bununla bağlı Azərbaycan dilində dərs deyə biləcək müəllim qıtlığı problemi də həll edilməli və bacarıqlı müəllim kadrlarının sayı artırılmalı idi. Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi vacib bir məsələ kimi hökumətin qarşısında dururdu. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) bölməsinin Qazaxa köçürülməsi məqsədilə Azərbaycan hökumətinin 1918-ci il 22 iyun tarixli qərarı ilə bölmənin keçmiş inspektoru F. Köçərlinin sərəncamına beş min rubl pul vəsaiti ayrılıb.