İki sahil. - 2018.- 30 mart. - ¹ 60. - S. 26.

 

Xalqımıza qarşı ermənilər tərəfindən törədilən soyqırımı siyasəti

 

İsmayıl Hacıyev,

AMEA Naxçıvan Bölməsinin sədri, akademik

 

 

Erməni millətçilərinin Azərbaycan xalqına qarşı ərazi iddialarının, təcavüzünün və soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. İki əsr ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaqdır.

Prezident İlham Əliyevin 1918-ci ildə azərbaycanlıların məruz qaldıqları soyqırımının 100 illiyi ilə bağlı imzaladığı Sərəncam erməni millətçilərinin müxtəlif illərdə törətdikləri soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması baxımından önəmlidir. Son iki əsrdə daşnakların həyata keçirdikləri soyqırımlarına siyasi qiyməti 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında”  Fərmanı ilə verən ulu öndər Heydər Əliyev bununla da erməni vəhşiliklərinin aşkarlanması imkanlarını artırdı.

1918-ci ildə Bakı şəhərində törədilən Mart soyqırımından 100 il keçir. Mart soyqırımı son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətin ən qanlı nümunələrindən biridir. Bu, millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. 1905-1907-ci il qırğınları ilə məqsədlərinə nail ola bilməyən erməni daşnakları Birinci Dünya müharibəsinin yaratdığı “imkanlardan”, böyük dövlətlərin himayəsindən və köməyindən istifadə edərək 1918-1920-ci illərdə məqsədlərinə nail olmağa çalışmışlar.

Bunun üçün hər cür vasitələrdən - vəhşiliklərdən istifadə etməkdən belə çəkinmirdilər. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı əvvəlki illərdən fərqli olaraq daha geniş miqyas almış və amansız olmuşdur. Özlərini dünya ictimaiyyətinə “yazıq millət”, “əzabkeş xalq” kimi qələmə verərək azərbaycanlılara qarşı kini, vəhşiliyi, soyqırımı Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yerlərdə bolşevik adı ilə pərdələnmiş S.Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası hökumətinin əli ilə həyata keçirdilər. Bakı soyqırımında Y.Korqanov və Petrovla birlikdə azərbaycanlı qanına susamış A.Mikoyanın, Hamazaspın, Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişlər. Bakıda erməni daşnakları dinc əhaliyə üç gün divan tutmuş, 12 min azərbaycanlını qətlə yetirmiş, müsəlman məhəllələrini talayıb-çapmış, “İsmailiyyə” binasını yandırmış, bir neçə qəzet və jurnal redaksiyalarını, “Tağıyev teatrı”nı, “Təzə pir” məscidini dağıtmışlar. A.Mikoyanın “Qızıl Qvardiya”sının vəhşiliyi nəticəsində İçərişəhərdə yaralılar yatan xəstəxanaya od vurulmuş, çoxsaylı xəstə yandırılmış, qaçanlar isə güllələnmişdir. “Bolşevik” Hamazasp, Əmiryan və digər erməni millətçiləri azərbaycanlılara qarşı törətdikləri vəhşilikdə heç də Mikoyandan, S.Şaumyandan geri qalmırdılar.

Bakı şəhərində soyqırımı bolşevizm bayrağı altında həyata keçirildi. Guya bolşeviklər hökumətə qarşı çıxış edən qüvvələrə divan tuturdular. Əslində isə bolşevik adı ilə pərdələnənlərin azərbaycanlılara qarşı törətdikləri milli qırğın idi.

Görkəmli dövlət xadimi Nəriman Nərimanov ermənilərin törətdikləri qırğınlardan dəhşətə gələrək yazırdı: “Müsəlman hətta bolşevik olsaydı belə ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir. Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular... Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdilər. Nəinki kişilərə, hamilə qadınlara da rəhm etmirdilər”.

Silahsız əhaliyə qarşı çox böyük silahlı qüvvə ilə çıxış edən bolşevik daşnakları törətdikləri qırğınlardan həzz alırdılar. S.Şaumyan bolşevizm bayrağı altında qırğınlar törətsə də, baş vermiş qanlı faciələrdən vəcdə gələrək öz daşnak simasını gizlədə bilməyib yazırdı: “Şəhərlərimizin milli tərkibi bizi narahat edirdi. Biz mübarizənin arzuolunmaz xarakter alacağından qorxurduq. Biz hətta erməni polkunun yardımına belə əl atmalı olduq. Biz hətta onun köməyindən imtina etməyi mümkün hesab etmədik. Qələbə isə o qədər böyükdür ki, bu gerçəkliyə az kədər gətirir”.

S.Şaumyanın başçılıq etdiyi erməni-daşnak qüvvələrinin soyqırım törətməkdə əsas məqsədlərindən biri də sözsüz ki, müsəlman əhalinin var-dövlətini qarət etməkdən ibarət idi. Mart soyqırımı zamanı Bakı əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak götürülmüşdü. Heç də təsadüfi deyil ki, Bakı Xalq Komissarları Soveti yıxılandan sonra Bakıdan gəmi ilə qaçarkən həbs olunan S.Şaumyana məxsus yüklərin içindən 80 milyon manata yaxın qızıl pul tapılmışdı.

Bakı ilə yanaşı, ermənilərin Azərbaycanın digər ərazilərində - Qərbi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda, azərbaycanlılar yaşayan başqa bölgələrdə onlara qarşı tarixdə görünməmiş qəddarlıq etmiş, azərbaycanlılara divan tutmuşlar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı həm miqyas etibarı ilə, həm də vəhşiliyi ilə heyrət doğurur. Azərbaycanlıların yaşadıqları elə ərazi yox idi ki, orada erməni vəhşiliyi özünü göstərməsin.

Erməni quldurları Bakıdakı milli qırğınla kifayətlənməyib, 1918-ci ilin yazında Şamaxıda, Quba-Xaçmaz bölgəsində, Salyanda, Lənkəranda və başqa yerlərdə də azərbaycanlılara qarşı soyqırımı törətdilər. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min nəfərdən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı isə öz torpaqlarından didərgin salmışlar.

1918-1920-ci illərdə ermənilər İngiltərə və Rusiyadan hər cür yardım alaraq Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92, İğdır və Eçmiədzin qəzalarında 60, Göyçə quberniyasında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə 84, Şərurda 46, Vedibasarda 118, Dərələyəzdə 74 kəndi yerlə-yeksan etmiş, yandırmış və əhalinin çoxunu qırmışlar. Daşnaklar həmin illərdə Qərbi Azərbaycanda (indiki Ermənistanda) qədim ata-baba yurdlarında yaşayan 565 min azərbaycanlının çoxunu məhv etmiş, qalanları isə ərazidən qaçmış, didərgin həyatı yaşamışlar.

Bu illərdə Azərbaycandan ayrı düşmüş Naxçıvan bölgəsinə yiyələnmək xülyasına düşən daşnaklar yerli azərbaycanlılara qarşı vəhşiliklər törədir, onları öldürür, yaşayış məntəqələrini yandırır və bu ərazini azərbaycanlılardan boşaltmağa çalışırdılar. 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşiliklər törədənlər içərisində “tayqulaq erməni daşnak generalı” Andranik Ozanyan xüsusi yer tutur. Bu qaniçən cəllad təkcə Gilançay və Əlincəçay vadilərində 62 kəndi viran qoymuş, əhalisini isə amansızlıqla qətlə yetirmişdir. Bu gün “milli qəhrəman” kimi İrəvanda heykəli ucaldılan Qaragin Njde Ərəzin, Camaldın, Yaycı, Aşağı Aza, Sabir Dizə, Düylün, Vənənd, Dəstə, Kotam və başqa kəndləri dağıdıb, əhaliyə divan tutmuşdur.

Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərmiş Müsəlman Milli Komitəsinin katibi işləmiş Mirzə Bağır Əliyev hadisələrin, erməni vəhşiliklərinin bilavasitə şahidi olmuş və onları qələmə almışdır. “Qanlı günlərimiz” əsərindən - gündəlik qeydlərindən aydın olur ki, Azərbaycanın bu qədim güşəsi və onun sakinləri də başqa torpaqlarımız kimi erməni millətçilərinin düşmən siyasətinin hədəfinə çevrilmişdi.

Tarixi qaynaqlardan məlum olur ki, 1918-ci ildə Naxçıvan diyarının əhalisi 145 min nəfər olmuşdur. 1918-1921-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 73 mindən çox azərbaycanlı ən vəhşi üsullarla öldürülmüşdür. Təsadüfi deyildir ki, 1921-ci ildə Naxçıvan bölgəsinin əhalisinin sayı 72 min, 1926-cı ildə isə 90 min nəfər olmuşdur.

Ümumiyyətlə, araşdırmalar nəticəsində aydın olmuşdur ki, erməni hərbi birləşmələri 1914-1916-cı illərdə Azərbaycanın cənubunda 150 min, Şərqi Anadoluda, Azərbaycan türklərinin yaşadıqları bölgədə 200 min, 1918-1920-ci illərdə Azərbaycanda 250 min, Qərbi Azərbaycanda132 min azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər.

Bütün bunlarla yanaşı, naxçıvanlılar mərdliklə döyüşmüş, Naxçıvanın erməni işğalına düşməsinə yol verməmişlər. Bununla əlaqədar 20 tabor yaradılmış, onlar silahlandırılmış, III Kalbalıxanın başçılığı ilə 500 nəfərdən ibarət süvari dəstə yaradılmışdır. Onlar erməni daşnaklarına dəfələrlə layiqli cavab vermiş, ərazidən qovmuşlar. Naxçıvan bölgəsinin əhalisinin qəhrəmanlığını Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri ilə yanaşı, düşmən mövqedə dayanan, ərazini işğal etməyə cəhd göstərən erməni rəhbərləri də etiraf etməyə məcbur olmuşlar. Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün öz həyatları və ailələri ilə risq edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. AXC-in IV və V hökumətinin sədri Nəsib bəy Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında bu bölgə ilə bağlı qeyd etmişdir ki, Naxçıvan öz qüvvələri ilə istilaçıları devirərək Azərbaycanla birləşməyə hazır olduğunu bildirmişdi. 1919-cu il dekabrın 22-də N.Yusifbəyli parlamentdəki çıxışında yenidən bu məsələyə qayıdaraq demişdir: “İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll etdilər, onlar həyatlarını, ailələrinin şərəfini və var dövlətlərini riskə qoyaraq doğma torpağa - vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”.

Arxiv sənədlərindən məlum olur ki, Naxçıvan bölgəsində 6 minədək əsgərdən ibarət yarınizami qoşun hissələrimiz olmuşdur. Özlərinin döyüş keyfiyyətlərinə görə, ingilislərin də təsdiq etdiyi kimi, erməni qoşun hissələrindən heç də geri qalmırdı.

Ermənistan Respublikasının birinci baş naziri Ovanes Kaçaznuni 1923-cü ildə etiraf etmişdi ki, “... inzibati tədbirlərlə müsəlman rayonlarında qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın salmağa məcbur olduq və hətta uğursuzluğa uğradıq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub olduq və geri çəkildik”.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirmişlər. XX əsrin 20-30-cu illərində, eləcə də müharibədən sonrakı dövrdə ermənilər azərbaycanlıların həbs edilərək Sibirə göndərilməsində, xalq düşməni adı altında güllələnməsində, din xadimlərinin və görkəmli ziyalıların məhv edilməsində, əsassız represiyaların günahsız insanlara qarşı tətbiq olunmasında çox böyük rol oynamışdır. Azərbaycan xalqının qatı düşmənləri tərəfindən onun ən yaxşı övladlarının siyasi qərəzçiliklə məhv edilməsi belə bir kədərli faktla sübut olunur ki, Azərbaycandakı 51 rayondan 31-də Xalq Daxili İşlər Komissarlığı rayon bölməsinin başında ermənilər durdular.

Rəsmi məlumatlara görə, 1937-ci ildə Azərbaycanda 100 min nəfərdən artıq adam sürgün edilmiş, 3 min kəndli məhv edilmiş, “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya Sibirə sürgün edilmişdir. Hüquq-mühafizə orqanları sistemində ermənilərin çoxluq təşkil etməsi repressiyanın azərbaycanlılara qarşı daha dəhşətli formada həyata keçirilməsi ilə nəticələnmişdi

Müharibə illərində A.Mikoyan İ.Stalini azərbaycanlıların guya xəyanət edə biləcəklərinə inandıra bilmiş və 1942-ci ilin dekabrın 7-də Azərbaycan əhalisinin hamılıqla Orta Asiya və Qazaxıstana sürgün edilməsi haqqında məxfi qərar verilməsinə nail olmuşdular. Lakin respublika rəhbərliyinin göstərdiyi səylər İ.Stalini fikrindən daşındırmış, cinayətin həyata keçirilməsinə imkan verməmişdir.

Xəbis niyyətlərindən əl çəkməyən erməni daşnakları müharibədən sonrakı mərhələlərdə Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olmuşlar. 1948-1953-cü illərdə 144 min 654, 1988-1992-ci illərdə isə 250 min soydaşımız indiki Ermənistan ərazisindən, azərbaycanlıların tarixən yaşadıqları ata-baba yurdundan zorla çıxarılmış, 229 azərbaycanlı isə vəhşicəsinə qətlə yetirilmişdir.

Yaradılanda 10 min kv. km əraziyə malik olmayan Ermənistan Respublikasının Azərbaycan torpaqlarını işğal etməsi hesabına ərazisini 30 min kv. km-ə çatdırmışlar. Buna baxmayaraq, ermənilər “böyük Ermənistan” yaratmaq üçün bu gün də hər cür hiylə və vasitələrə əl atırlar.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.