İki sahil.- 2018.- 29 mart.- ¹ 59.- S. 31.

 

Erməni vandalizminin silinməyən izləri

 

Taleh Turqut

 

Ötən əsrdə xalqımızın tarixinə yazılan faciəvi hadisələrin bir çoxu məhz ermənilər tərəfindən törədilib. 1915-ci il hadisələrini saxta soyqırımı kimi dünyaya sırımağa çalışan, özlərini hamıya “əzilən xalq” obrazında tanıtmaq istəyən ermənilər dəfələrlə Azərbaycan xalqına qarşı ən vəhşi üsullarla soyqırımı törətmişlər.

Ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi 1905 və 1918-ci illər qətliamları ilə başlayır, 1948-53-cü illərin zorakı deportasiyası və 1988-ci ildən başlayan proseslərlə, 1992-ci il Xocalı qətliamı ilə davam edib.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlar sırasında özünün kütləviliyi və yayılma miqyasına görə 1918-ci ilin 31 mart soyqırımı ən dəhşətli hadisələrdən biri kimi tarixə düşüb. Əlbəttə, dünyanın bir çox xalqları müxtəlif dövrlərdə bu və digər dərəcədə qətliamlarla qarşılaşmaq acısını yaşayıblar. Lakin bu qətliamlar ya hansısa hakimiyyət tərəfindən siyasi məqsədlərlə törədilib, ya da böyük müharibələrin acı nəticələri kimi tarixə düşüb. Ancaq ermənilərin törətdikləri vəhşiliklər deməyə əsas verir ki, onlar soyqırımı cinayətlərində bir xalq olaraq iştirak ediblər. Dünyada ikinci belə bir xalq tapmaq mümkün deyil.

Mart soyqırımının həm geniş mənada ictimailəşməsi, həm də tarixşünaslığımızda daha ətraflı araşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. 1998-ci il martın 26-da imzaladığı Fərmanla Ulu Öndər mart hadisələrinin əsl tarixi qiymətini vermişdir. Adıçəkilən Fərmanla “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” kimi tarixiləşdirilmiş, bütün dünyanın diqqəti bu faciəyə yönəldilmişdir. Əlbəttə, 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti bu günləri “Milli Matəm Günü” kimi qeyd etmişdir. Lakin qətliamın “soyqırımı” adlandırılması və bu faciəyə siyasi qiymətin verilməsi Ulu Öndərin sözügedən Fərmanı ilə həyata keçirilmişdir.

Bu il 31 Mart soyqırımının 100 ili tamam olur. Prezident İlham Əliyevin göstərişi ilə faciənin yüz illiyi ilə bağlı ölkədə və onun hüdudlarından kənarda genişmiqyaslı tədbirlər keçirilir.

Qeyd edək ki, 1918-ci il mart soyqırımından bəhs edərkən proseslərin kökünü bir az əvvəldə-1905-ci il hadisələrində axtarmaq lazım gəlir. Əslində, ermənilər qətliamın bünövrəsini, planlarını 1905-ci ildə qoymuşdular. 1918-ci il soyqırımı bu planın davamı və bir mərhələsi idi. 1905-ci il hadisələrindən sonra da ermənilər yeni qətliamlar törətmək planlarını həyata keçirmək üçün fürsət gözləyirdilər. Belə fürsət 1917-ci ilin sonunda Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə yarandı...

1917-ci il oktyabr çevrilişi və kommunistlərin  hakimiyyətə gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların birləşdikləri “Daşnaksütyun” partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər təşkil etməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açmaqla hadisələrin qızışmasının əsasını qoydu. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri Bakının azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrinə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər planlarına rusları da alət etməyi bacarmışdılar. Erməni quldurları heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk olduğu üçün dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A. Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyalarını dağıtmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.

Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərirdilər.

Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsini ermənilər hələ 1918-ci ilin yanvarında planlaşdırırdılar. Həmin vaxt müsəlman korpusunun komandiri, general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb yaratmışdı. Bu gərginlikdən istifadə edən ermənilər silahlı toqquşmalar yaratmağa cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Ermənilər bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Prosesin əsas təşkilatçılarından olan Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 müsəlman hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə edən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Bu qərara etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımına başlandı.

Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa, “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamları belə təsvir edir: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”.

Bu, müsəlmanlara, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi mənbələrə görə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış İstintaq Komissiyasının hesabatında bu hadisələr zamanı təkcə Bakıda ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.

Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A. Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri yalnız Bakı ilə məhdudlaşmır. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı cinayətlərini davam etdirmişdilər. S. Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.

Quba qəzasında da hadisələr eyni müstəvidə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirirdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”.

Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar, yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırımı zamanı 30 minə yaxın adam öldürüldü.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Həmin dövrdə ermənilərin geniş planı bütün Azərbaycanı işğal etmək idi. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması ermənilərin bütün planlarını alt-üst etdi.

Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın siyasəti idi. Bu qırğının əsas təşkilatçısı olan S. Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf edir: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”.

Bu və digər faktlar sübut edir ki, ermənilər qətliam cinayətlərini törətməklə kifayətlənməyib, rəsmi tarixi sənədlərdə belə onu etiraf etməkdən utanıb çəkinməyiblər.

Bütün bunları ümumiləşdirərək, qeyd etmək lazımdır ki, ermənilərin xalqımıza qarşı törətdikləri bütün qətliam hadisələri öyrənilməklə yanaşı, bütöv bir soyqırımı kimi dünyaya tanıdılmalıdır. İstər 1905, istər 1918-ci il hadisələri, istərsə də Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı kimi bütöv bir proses halında dünya ictimaiyyətinə çatdırılmalıdır.