İki sahil.-2018.- 27 mart.-¹57.-S.30.

 

Cümhuriyyətimizin mətbuatı

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

Qvami Məhəbbətoğlu

 

1918-ci ilin may ayının 28-də xalqımız bütün müsəlman Şərqində ilk dəfə olaraq demokratik dövlət qurub. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul edib. Qısa zaman kəsiyində Azərbaycan Xalq Cümhuriyyəti mətbuatımızın inkişafı istiqamətində də önəmli addımlar atmağı bacarıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat sahəsində əldə edilən ən böyük uğur yeddigünlük müzakirələrdən sonra - 1919-cu il oktyabrın 30-da qəbul olunmuş 24 maddə və 2 fəsildən ibarət “Mətbuat haqqında Nizamnamə”dir. “Mətbuat haqqında Nizamnamə” qısa müddətdə qüvvədə olsa da, jurnalistikamızın inkişafına sanballı təkan verib və milli mətbuat tariximizdə silinməz izlər qoyub.

Yeri gəlmişkən, “Mətbuat Nizamnaməsi 90: keçmişdən bu günə dəyişən reallıqlar” mövzusunda keçirilmiş “dəyirmi masa”da Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli “Mətbuat haqqında Nizamnamə”ni jurnalistika sahəsində mühüm sənəd kimi qiymətləndirərək bildirib ki, ölkəmiz ikinci dəfə müstəqilliyini əldə etdiyi 1991-ci ildə jurnalistlərimiz məhz ona istinad edərək KİV sahəsindəki mövcud qanunvericilik aktlarını nizamlayıblar. Məlumat üçün bildirək ki, sonradan qardaş Türkiyə Cümhuriyyətinin analoji sənədlərində də Azərbaycan Xalq Cümhuriyyətinin “Mətbuat haqqında Nizamnamə”sindən istifadə olunub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Hökumətin 1918-ci il 9 noyabr tarixli Sərəncamı ilə senzuranın ləğvi ölkəmizdə azad mətbuata yol açmaqla bərabər, mətbuat tariximizə daha bir tarixi hadisə kimi həkk olunub. Azərbaycan mətbuatı yarandığı 1875-ci ildən ta 1998-ci ilə kimi hər zaman senzorun nəzarəti altında olub. Təkcə 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə iki il müddətində mətbuat azad olub. Bundan başqa zamanlarda qəzetlərin hər biri senzorun möhürü olmadan fəaliyyət göstərə bilməyib. 1998-ci il 6 avqustda ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə mətbuat üzərində senzura ləğv edilib”.

Azərbaycan hakimiyyətinin ən gərgin günlərində - Tiflisdən Gəncəyə köçdükdə rəsmi mətbuat orqanının nəşrinə qərar verilib. 1918-ci il iyunun 25-də hökumət qəzetinin nəşrinə dair verilmiş qərarda həmin orqanın smetasını tərtib edilib, hökumətin təsdiqinə vermək və Gəncədəki mətbəəni həmin nəşrin çapı üçün hazırlamaq tapşırılıb. Bir həftədən sonra “Azərbaycan hökumətinin xəbərləri”nin nəşri haqqında qərar verilib. “Hökumət xəbərləri”nin nəşrinə rəhbərlik 27 iyul tarixli qərarla xalq maarif nazirinə tapşırılıb.

Azərbaycan hökumətinin orqanı olan və Gəncədəki qubernator mətbəəsində çap olunan “Azərbaycan” qəzetinin ilk nömrəsi çox əlamətdar günə, sentyabrın 15-nə - Bakının erməni daşnaklarından təmizlənərək Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti altına keçdiyi günə təsadüf edib. Bakıda nəşr olunan 5-ci nömrəsindən etibarən qəzetin loqosunun altında “Gündəlik siyasi ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir” sözləri yazılmağa başlayıb. Qəzetin ilk redaktorları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyov və Üzeyir bəy Hacıbəyli olublar. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı qəbul olunarkən Üzeyir bəy “Azərbaycan” qəzetinin 2 may 1919-cu il, 175-ci sayındakı məqaləsində yazırdı: “...Bayrağımız haqq bayrağıdır. O, bir millətin bəşəri hüquqlarının parçasıdır. Bir millətin ki, onun insan kimi yaşamağa haqqı vardır. Bir millətin ki, daha əsir olmaq istəmir...”

Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər “Azərbaycan”ın 443 nömrəsi işıq üzü görüb (rus dilində isə 438 sayı çap olunub).

“Azərbaycan”ın sonuncu nömrəsi 28 aprel 1920-ci ildə çıxıb. Ölkəmizi işğal edən bolşeviklər aprelin 30-da “Azərbaycan”ın redaksiyasını və mətbəəsini ələ keçiriblər. Bundan sonra bu mətbuat orqanının maddi-texniki bazası əsasında yad ideologiyanı təbliğ edən “Kommunist” qəzetinin nəşrinə başlanılıb.

Bununla da milli müqəddəratımızda önəmli iz qoymuş və 1918-1920-ci illərdə xalqımızın tarixi, ictimai-siyasi həyatını özündə əks etdirən “Azərbaycan” qəzeti arxivlərin ən qaranlıq küncünə atılıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxalif mövqeli mətbuat nümunələri də fəaliyyət göstərib (məlumatlara görə, iki il ərzində Azərbaycan türkcəsində, rus, gürcü, yəhudi, polyak, fars dillərində təxminən 100 adda qəzet və jurnal çap olunub). 1918-1920-i illərdə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı əsasən bolşevik mətbuatı (“Bakinets”, “Bakinskoye slovo”, “Bakinskoye utro”, “İskra” və sairə) çıxış edib. Bu mətbu orqanlar həmin illərdə Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparıblar. Onu da qeyd edək ki, Azərbaycan bolşevikləri Rusiyada qurulmuş sovet hökumətindən təkcə ideoloji deyil, həm də maddi-texniki yardım alırdılar. Məhz bunun nəticəsində onlar geniş mətbuat şəbəkəsi yaratmağa nail olmuşdular.

...Xalqımızın müstəqillik tarixində yeni dövrün başlandığını bəyan edən, azad, müstəqil Azərbaycanın mətbuat qaranquşu sayılan “Azərbaycan” obyektiv salnaməyə çevrilərək bu dövrün tarixini öz səhifələrində həkk edərək əbədiləşdirib.

Hazırda Azərbaycan Milli Məclisinin orqanı kimi nəşr olunan “Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyəti zamanında çıxan “Azərbaycan”ın varisidir. Bu qəzet müstəqillik dövrünün rəsmi mətbuatının funksiyasını məsuliyyətlə həyata keçirməklə yanaşı, öz sələfi olan eyniadlı qəzetin davamlı ənənələrini yaşadır və yeni ideyalarla zənginləşdirir.

Ulu öndər Heydər Əliyev “Azərbaycan”ın 80 illiyi münasibətilə imzaladığı təbrik məktubunda qəzetin fəaliyyətinə yüksək qiymət verib: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış “Azərbaycan” qəzeti yarandığı gündən milli azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran “Azərbaycan” qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir”.

Hazırda dünyanın ən aparıcı informasiya agentlikləri ilə bir sırada duran, gün ərzində 7 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və çin dillərində) dəqiq və operativ informasiyalar hazırlayan ilk milli xəbər agentliyimiz - Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1920-ci il martın 1-də yaradılmış AZƏRTAC Azərbaycan Xalq Cümhuriyyəti dövründə qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi rolunu həmişə şərəflə yerinə yetirib. Ayrı-ayrı illərdə müxtəlif adlar altında fəaliyyət göstərsə də, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra öz tarixinə sadiq qalaraq AZƏRTAC adını geri qaytarıb.

Bütün bunlara əsasən demək olar ki, milli mətbuatımız Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu tarixin təkcə yol yoldaşı olmayıb, ona mübarizlik ruhu verib.

“Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” deyən ulu öndər Heydər Əliyev milli mətbuatımızın inkişafına öz dəyərli töhfələrini verib. Bu gün Azərbaycan Respublikasının Prezident cənab ilham Əliyev tərəfindən də mətbuatımıza yüksək dövlət qayğısı siyasəti uğurla davam etdirilir.