Bakı Xəbər. - 2018.- 29 mart. - ¹ 54. - S. 10.

 

1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımda hay-daşnak quldurlarının kəşfiyyat mənbələri...

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Azərbaycan dövlətçiliyini bütün ictimai-siyasi və hərbi vasitələrdən istifadə edərək hədəfə alan hay kilsəsinin və daşnak quldurlarının məqsədi müxtəlif məqsədlərə istiqamətlənir. Bu sırada  dövlətçiliyin sarsıldılması, parçalanmış sərhədlər  hüdudunda (Azərbaycanın qədim və əzəli torpaqlarında) qondarma dövlər qurumunun  yaradılması, qətliama məruz qalmış yerli xalqların əvəzinə köçürülmüş dindaşlarının məskunlaşdırılması  əsas diqqət çəkən və davamlı məqamlardır.

Hay kilsəsi-hay quldurlarının və icma birliklərinin birgə təcavüzünə xalqımızın güclü müqavimətinə baxmayaraq, onların himayədarları tərəfindən gücləndirilmiş silahlı birləşmələrin törətdiyi qanlı qətliamlar və soyqırımlar getdikcə geniş miqyas alıb.

Bu hal XVI- XVII əsrlərdə, xüsusilə XIX əsrin sonları-XX əsrın əvvəllərində daha da güclənib. Nəticədə, bir əsr ərzində (1905-1907-ci illərində, 1915-1920-ci illərdə və 1988-1993-cü illərdə) qanlı faciələr məhz qeyd edilən qırğın “üçbucaqları”nın mütəşəkkil cinayətlərinin nəticəsi kimi tarixin səhifəsinə yazılıb. Geniş ərazilər və inzibati sərhədlər hüdudunu əhatə etməklə törədilən bu soyqırım cinayətlərinin silahlı quldurlar - peşəkar zabit heyəti tərəfindən idarə olunan nizami döyüşçü dəstələri və hərbi ordu qüvvələri tərəfindən aparılması, təbii ki, əvvəlcədən casus-kəşfiyyat xidmətinin məlumatları ilə təmin edilib. Yaşayış məntəqələrinin coğrafi yerləşməsi, yerli əhalinin məskunlaşma mövqeyi, strateji əhəmiyyətli ictimai-sosial təyinatlı obyektlərin məkanı, nəqliyyat şəbəkəsinin  və infrastruktur hissələrinin yeri, hücum üçün əlverişli coğrafi mövqe, qonşu yaşayış məntəqələrinə çıxış yolu, varlı şəxslərin mülkü, həyətyanı sahələrdə quyu, anbar yerlərinin paylanması, hərbi qüvvələrin və silah-sursatın yerləşdirilməsi imkanları əvvəlcədən kəşfiyyat materialları və məlumatları əsasında dəqiqləşdirilən amillər olub.

Ümumilikdə 1900-1920-ci illərdə Azərbaycan xalqına qarşı yürüdülmüş soyqırımın görünən icraçıları hay silahlı qulıdurları, onları maddi və mənəvi baxımdan dəstəkləyən siyasi və ictimai qüvvələrin döyüşçü dəstələri olsa da, əslində bu milli faciəmizin müəlliflərinin siyahısı xeyli dərəcədə geniş və zəngindir. Bu sırada S. Şaumyan 1917-ci il noyabr ayında Qafqaz üzrə fövqəladə komissar kimi quldur fəaliyyətinə başladıqdan sonra Azərbaycanla bağlı məlumatların toplanması və emal edilməsi sürətlə həyata keçirilib. Məlumatların toplanması və əlaqələndirilməsi hay kilsəsi tərəfindən təşkil edilərək əlaqələndirilib. Bu sırada 1887-ci ildə, 1909-1910-cu illərdə Bakı şəhərində fəaliyyətə başlayan hay kilsələrini, 1869-cu və 1913-cü illərdə tikilmiş Gəncə şəhərinin hay kilsələrini, eyni zamanda Naxçıvanın, Qazax, Daşkəsən, Şabran rayonlarının hay kilsə (quldur) ocaqlarını göstərmək olar.

Hay keşişləri  quldur dəstə üzvlərindən, terrorçu qrupların təbliğatını aparan yaşlılardan ibarət olmaqla yerlərdə ilkin məlumat bazası və mənbəyi rolunu oynayıb. Çünki onların sadə müsəlman-türk  icmaları ilə sıx əlaqə yaratmaq imkanları geniş olub. Bu baxımdan artıq 1905-1907-ci, 1914-1920-ci illərdə Azərbaycan miqyasında hay kilsəsinin əldə etdiyi kəşfiyyat xarakterli məlumatlar S. Şaumyan - A. Mikoyan  cütlüyünün  siyasi-silahlı məqsədlərinin həyata keçirilməsinə əsas olub. Soyqırım faciəsinin başlanğıc nöqtəsi kimi Bakı şəhəri və ətraf kəndlərinin seçilməsi tarixi təsadüf deyildi. Bu məkan hay kilsəsi və ictimai-siyasi-hərbi  qüvvələrinin daha çox məxfi məlumata malik olan ərazisi kimi nəzərə alınıb və “zəif nöqtədən hücuma keçmək” və yaxud “nüvədən kənarlara doğru” taktikası kimi düşmənlərimiz tərəfindən qəbul edilib.

Bu avantürist üçbucağın məqsədi  hay-daşnakların mənfur məqsədinin pərdələnmiş  təbliğatını ucuz işçi qüvvələri  (onları əsasən Qarabağın dağlıq hissəsindən və Cənubi Azərbaycandan xüsusi məqsəd üçün gətirirdilər) tərəfindən sadə müsəlman-türk icma üzvlərinin beyninə yeritmək, haylara  qarşı inam və etibar hissinin yaradılması, guya səmimi dostluq, “canıyananlıq” hissinin formalaşdırılması,  iqtisadi cəhətdən ağır duruma düşmüş (1900-1903-cü illərdə ağır iqtisadi böhran olmuşdur)  yoxsul əhali kütləsinin inam yerinə çevrilməsini təmin etməkdən ibarət idi. Bu işlər hay kilsələri tərəfindən uzun dövr ərzində (yarandığı tarixdən) həyata keçirilib. Hərbi-quldur qüvvələri kimi bu dövrdə ilk illərdə  erməni əsilli   Bakı neft maqnatlarının mühafizə dəstələrindən (onların, demək olar ki, hamısı Tiflisdən gətirilən hay əsillilər idi və onlar muzdlu silahlı dəstə kimi xüsusi sifarişlər yerinə yetirirdi) istifadə olunurdu.

Soyqırım faciəsinin 2-ci mərhələsində (1918-1920-ci illərdə) hərbi-silahlı məqsədlər kimi ingilis hərbi qüvvələrinin A. İ. Denikinə təhvil verilmiş Xəzər hərbi-dəniz donanması, “Cənubi Qafqaz hərbi cəbhəsi”nin canlı qüvvəsi (zabit və rəhbər heyətin əksəriyyəti hay quldurları idi) və silah cəbbəxanasından, eləcə də qondarma “Xəzəryanı hökumətin” silahlı qüvvələrindən istifadə olunub. Bu silah-sursat Azərbaycan ərazisində hay kilsəsi bazasında saxlanırdı və bütün ərazini əhatə edəcək miqyasda paylanmışdı. Bu qüvvələrə hər ehtimala qarşı Don, Kuban və Stavropol kazak dəstələrinin qoşulması da nəzərdə tutulmuşdu. Təsadüfi deyil ki, inqilabçı S. K. Orconikidze (1886-1937) Rusiya Xalq Komissarları Sovetinə, Hərbi-İnqilab Komitəsinə 1919-cu ilin  iyun ayında ünvanladığı məruzədə hayların Denikinlə məxfi hərbi-siyasi müqavilə bağladığını bildirib. Denikinin nümayəndəsi polkovnik Lazarev həmin ildə Azərbaycan hökumətinin başçısı N. Usubbəyova bildirmişdi ki, “Azərbaycan Rusiyanın tərkib hissəsidir”. Həmin dövrdə Azərbaycanın cənubunda silahlı qüvvələrin fəallaşması, dəniz vasitəsilə hayların Lənkəran qəzasına daxil olması, qəzanın ayrı-ayrı kəndlərində qanlı faciələr törətməsi (“Gərmətük qırğını”)  məhz bu qüvvələrin hesabına baş tutub. Əslində bu hərbi qüvvələrin bu dövrdə cənubdan hərəkətə keçməsi Azərbaycanın cənubundan köməyə gələcək qüvvələrin (Ş.M.Xiyabani (1880-1920) hərəkatı) qarşısının alınması və Azərbaycan Cumhuriyyətinin təcrid edilməsi məqsədini  də güdürdü. Ona görə də qəzanın Göytəpə yaşayış məntəqəsində  hay-bolşevik hərbi qərargahının yaradılması  cənub sərhəd zolağının nəzarətdə saxlanmasına xidmət edib.

Azərbaycanda siyasi-hərbi hakimiyyəti bərqərar etmək və genişləndirmək üçün (bu həm də məxfi kəşfiyyat materiallarının toplanmasına xidmət edib)  hay kilsəsinin nəzarətindəki  iqtisadi-təsərrüfat sisteminin formalaşması da XX əsrin əvvəllərində güclənib.

Tarixçi-tədqiqatçı Asif Rüstəmlinin “Zabrat və zabratlılar” kitabında (Bakı, 2007) qeyd olunur ki, 1898-ci ildə Bakı şəhəri ətraf iri  neft-sənaye zonasında (Balaxanı-Sabunçu ərazisi daxilində) 402 fiziki və hüquqi şəxs sənaye məqsədilə torpaq sahəsi alıb. Onlardan hayların nəzarətində olan aşağıdakı iri neft istehsalı, emalı və ixracı ilə məşğul olan qurumları göstərmək olar ki, bunlarda çalışan fəhlələrin əksəriyyəti Qarabağdan, Yaxın Şərq ölkələrindən və Cənubi Azərbaycandan gələn haylar idi, onlar əsas məlumat mənbəyi rolunu oynayırdı: “Bakı yoldaşlıq Rus neft şirkəti”, Montaşovun ərazisi, “Kaspi neft şirkəti, “Poqosov və K-sı”, “Rus neft şirkəti”, K. P. Lalayevin, İ. Markaryanın, A. Poqosovanın, K. Beqleryanın, K. Vartanovun neft mədənləri...

Hay-daşnak ictimai-siyasi qurumlarının kəşfiyyat xarakterli məlumatları müxtəlif mənbələrdən toplansa da, vahid mərkəzdə - hay kilsəsi şəbəkəsində (bu şəbəkə Bakı quberniyasında, Yelizavetpol, Qazax, Naxçıvan, Şamaxı, Lənkəran, Quba qəzalarında mövcud olub) emal edilərək nəticələrinə uyğun strateji plana daxil edilib, şəraitə uyğun taktiki gedişlərini müəyyən edərək silahlı quldur dəstələrə istiqamət verilib.  Nəzərə almaq lazımdır ki, 1909-1910-cu illərdə Alban kilsəsinin (qədim türkdilli xalqların dini-inanc mənbələri)  arxivi Eçmiədzin kilsəsi tərəfindən məhv edilərək bir hissəsi erməniləşdirilib. Məlumatlar altqurumlar (geniş kütlə miqyasında) və üstqurumlar (hakimiyyət, idarəetmə, hüquq-mühafizə orqanları səviyyəsində) halında bir neçə etibarlı mənbədən keçirilərək nəzərə alınırdı. Nəticədə bu cür məlumatların mənbəyini  aşağıdakı kimi qruplaşdırmaq olar:

- siyasi-partiya strukturlarına-idarəetmə sisteminə aid olan məlumatlar formasında (Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının regional və yerli özəklərindən tutmuş bolşeviklərin Hərbi-İnqilab  və Sovetlərin İcraiyyə Komitələrinədək, eləcə də hayların terror qruplaşmalarına kimi geniş spekterə aid, bu işdə xüsusilə S. Şaumyan, A. Mikoyan, B. Avakyan (Bakı şəhərinin komendantı) fərqlənib);

-ictimai-iqtisadi və sosial-təsərrüfat sisteminə malik məlumat bazasının toplanması (Bakı şəhəri və Abşeron yarımadası neft mədənlərindən, Mərkəzi Xəstəxanadan, maliyyə-bank qurumlarından, xarici müəssisələrdən əldə olunanlar);

-hərbi-mühafizə-quldur dəstələrinin özəl kəşfiyyat-məlumat toplusundan (bu sırada I Dünya müharibəsinin  Qafqaz cəbhəsindən geri dönmüş hay zabit heyətinin əlundə olan məxfi xəritə və arxiv materiallarından da istifadə olunub, 2-ci erməni diviziyası ehtiyat qüvvə kimi  saxlanıb).

Bir cəhəti xüsusilə vurğulamaq yerinə düşər ki, altquruma aid kəşfiyyat xarakterli məlumatların əldə edilməsi daha asan olub və  düşmən üçün zəngin bilgilər verib. Bu işdə daha çox azərbaycanlıların haylarla “kirvə münasibəti” böyük rol oynayıb. Çünki milli müntalitetimizdə “evin sirri kirvədən gizlədilməz” yanaşması, “Allahdan keçmək olar, kirvədən keçmək olmaz” nadanlığı sonda haylara istədikləri məqama çatmaq üçün “yaşıl işıq” yandırıb.

Fikrimizi faktlarla dəqiqləşdirmək yerinə düşər:

- 1918-1919-cu illərdə Şuşa qəzasının Quşçular kəndində hay quldurları qırğın etdikdə yerli dinc sakinlər ətraf yerlərə sığınıb. Kənd sakini Abuhəyat Fərəc qızı (1889-1987) evlərinə qayıtdıqda mal-mülkünün qarət olunduğunu görür. Aradan bir xeyli keçəndən sonra haylar yaşayan qonşu Dağdağan kəndinə kirvələrigilə yolu düşür. Nə görsə yaxşıdır? Evinin qarət edilmiş bütün xalça-palazı, yorğan-döşəyi, malı-mülkü hamısı “kirvəsinin” ocağındadır...

Ağdam rayonu, Xındırıstan kənd sakini Miri Camal oğlu (1900-1994) söhbət edib ki, 1918-ci ilin oktyabr-noyabr aylarında Əsgəran qalası istiqamətində ağır döyüşlərin birində türk döyüşçülərinin su ehtiyatı qurtarır. Yaxınlığdakı bulaqdan su gətirməyə isə qalada yuva salmış gavur atəş açmaqla imkan vermir. Türk ərəni atəş nöqtəsini susdurmağı topçuya əmr edir. Fəqət hay quldurunun  atəşi susmur. Paşa şübhələnir və topçunu yoxlatdırır, sən demə...topçu haylardanmış, türk dəstəsinə soxulubmuş...

Xaçmaz rayonu, Hacıəhmədoba kənd sakini Ağaməmməd Şahmurad oğlu Əhmədov (1931) bildirir ki, 1918-ci  ilin yay aylarında Quba qəzasında hay-bolşeviklər  qanlı olaylar törətdikdə dənizsahili ərazilərdə yerləşən kəndlər daha çox faciələrə məruz qalıb. Haylar bu yerləri “ovuc içi kimi” tanıyırmış. XIX əsrin sonu, XX əsrin əvvəllərində yerli tacirlərlə yanaşı hay mənşəli tacirlər də Dərbəndə kimi bütün ərazi ilə tanış olub. Çinartala kənd sakini Buksay Xamməd oğlu Əzizovla müştərək olan hay tacirinin quldur dığası bu kəndlərin yandırılmasında, qarət edilməsində  “quldurbaşı” rolunu icra edib...

XX əsrdə Azərbaycan dövlətçiliyinə və Azərbaycan xalqına qarşı bütün istiqamətlərdə soyqırım siyasətini davamlı olaraq həyata keçirən hay kilsəsi forma və məzmununu dəyişməsə də, əsrin əvvəllərindəki quldur haylar dövlər səviyyəsində terrorçu quruma, geniş şəbəkəyə malik hay maqnatları isə  dünya miqyasında hay diasporu-lobbisi qurumuna çevrilməklə hələ də təhlükə mənbəyi kimi qalmaqda, kəşfiyyat bazası-şəbəkəsi rolunu oynamaqdadır.