İki sahil.-2018.- 25 mart.-¹56.-S.22.

 

Azərbaycan Xalq Cümhuriyyətinin liderləri: Əlimərdan bəy Topçubaşov

 

Vəli İlyasov

 

1863-cü ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Anası Sevər xanım Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundan idi. İlk təhsilini I Tiflis şəhər gimnaziyasında almış və 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmiş və 1888-ci ildə oram müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə. Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi verilməsi haqqında qərar qəbul etmişdi. Lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etməkdən imtina etdi və çar xristian olmayan Ə. Topçubaşova müvafiq vəzifəni tutmağa icazə vermədi. O, bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə vəkil vəzifəsində çalışmış, Tiflis geodeziya məktəbində hüquqdan dərs demişdir.

1896-cı ildə Bakıya köçən Ə. Topçubaşov vəkilliklə məşğul olmuş və bir sıra mürəkkəb məhkəmə proseslərini udmuşdur. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırmışdır. O, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi “Kaspi” qəzetinin yaradıcılarından və redaktorlarından biri olmuşdur. Bu illərdə onun yüzlərlə məqalələri dərc edilmişdir. Həmin məqalələrdə Ə. Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti barədə mövzularda publisistik məqalələrlə çıxış etmişdir.

1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın bir çox ziyalısı, o cümlədən Ə. Topçubaşov xalqın azadlıq mübarizəsinə qoşulmuşdur. O bu dövrdə çar hökumətinə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra petisiyalar yazmış, iclaslarda, yığıncaqlarda, mitinqlərdə çıxış etmişdir. Əvvəl Bakı şəhər Dumasının üzvü, sonralar sədri olmuş, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının - “İttifaqi-əl-Müslimin” yaradılması və fəaliyyətində iştirak etmiş, onun proqram sənədlərini tərtib etmiş, Nijni-Novqorodda, Sankt-Peterburqda I-IV qurultaylar onun sədrliyi ilə keçmişdir. Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə qüvvətləndiyindən qorxan çarizm 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi.

Azərbaycandan I Dövlət Dumasına İ. Ziyadxanov, M. Əliyev, Ə. Xasməmmədov və Ə. Topçubaşov da seçilmişdir. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda keçirilən I Dövlət Dumasının iclasında Ə. Topçubaşov bir sıra məsələlərin müzakirəsində fəal iştirak etmiş, hökumətin aqrar və köçürmə siyasətini pisləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olmuşdur.

Ə. Topçubaşovun siyasi və ictimai fəaliyyəti 1917-ci illər Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da genişlənmiş və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmuşdur.

1917-ci il aprelin 15-dən 20-dək Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay Ə. Topçubaşovun sədrliyi altında keçdi. O, sədr kimi ilk çıxışında çar hökumətinin xalqlara qarşı apardığı siyasəti pisləyərək demişdi ki, rus hökumətinin qeyri-rus xalqlara münasibətdə yeritdiyi siyasət parçalamaq siyasəti olmuşdur, bu, vaxtilə ermənilər və müsəlmanlar arasında özünü göstərmişdir.

1917-ci il sentyabrın 5-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Ə. Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildilər.

Ə. Topçubaşov 1918-ci il mart qətliamında Bakıda bolşevik və daşnakların sovet hakimiyyətini müdafiə bayrağı altında azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğının tezliklə yatırılmasına çalışanlardan, aprelin 1-də P. Caparidzenin başçılıq etdiyi “sülh konfransı”nın iştirakçılarından biri olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Ə. Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II kabinetdə portfelsiz nazir, oktyabrında isə xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsi ilə çalışmışdır.

Azərbaycan hökuməti Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Ə. Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir. F. Xoyskinin o dövrdə İstanbulda olan Azərbaycan nümayəndəliyinin sədri Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi teleqramda yazılmışdı: “Hökumətin 1918-ci il 20 avqust qərarı ilə Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov Osmanlı imperator hökumətinə Azərbaycan Respublikasının mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir”.

Ə. Topçubaşov Türkiyəyə gəldikdən sonra qısa müddətdə, yəni 1918-ci ilin oktyabr-noyabr aylarında Osmanlı sultanı, bir neçə nazir və diplomatla görüşmüş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Mudros müqaviləsinin Azərbaycana aid hissəsi ilə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası vermişdir. O, göstərirdi ki, müqavilə “Azərbaycanın işğalını asanlaşdırır və bu, ölkəni təhlükə qarşısında qoyur... Azərbaycan Respublikasına məxsus olan dəmiryollarının xarici dövlətə güzəştə gedilməsi beynəlxalq hüquqla bir araya sığmır”.

1918-ci il dekabrın 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan Parlamenti fəaliyyətə başladı. Milli Şuranın və Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə Parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. Eyni zamanda M. Rəsulzadə Parlamentin sədrinin və müavinin seçilməsini təklif etdi. İstanbulda olmasına baxmayaraq, Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanmış Ə. Topçubaşov yekdilliklə Azərbaycanın ilk Parlamentinin sədri seçilmişdir. Dekabrın 28-də isə Parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Ə. Topçubaşov (sədr), M. Hacınski (sədr müavini), Ə. Şeyxülislamov, Ə. Ağayev, M. Məhərrəmov, C. Hacıbəyli və M. Mehdiyev daxil oldu.

1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Bu zaman Ə. Topçubaşov Türkiyə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir. Parisə təkcə Azərbaycan nümayəndələri deyil, Don, Kuban, Dağlılar İttifaqının, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Onlar da İstanbulda idi. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Ə. Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı, admiral Vebbə təqdim etdilər. Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Ə. Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Bu bir ay ərzində Ə. Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi, ABŞ prezidenti Vudro Vilsonla görüşü olmuşdur.

1919-cu il mayın 28-də ABŞ prezidenti V. Vilson Ə. Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndələrini qəbul etdi. Ə. Topçubaşov ABŞ prezidentinə Azərbaycanın, o cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti, azərbaycanlılar haqqında ətraflı məlumat, Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verdi. Görüşdə Azərbaycan nümayəndələri istəklərinə nail olmasalar da, V. Vilson onları əmin etdi ki, “...bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq... işində böyük Amerikanın köməyini və yardımını alacaqdır”. Ə. Topçubaşovun bilavasitə iştirakı ilə hazırlanmış “Qafqaz Azərbaycanı Respublikasının nümayəndələrinin Paris sülh memorandumu” sülh konfransının katibliyinə təqdim edildi. Bu sənəd 14 bölmədən ibarət idi. Burada konfrans nümayəndələrinə Azərbaycanın tarixi-etnoqrafik, iqtisadi və siyasi vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi. Azərbaycan nümayəndə heyəti Ə. Topçubaşovun rəhbərliyi ilə öz fəaliyyətlərini genişləndirirdi. Gürcüstan, Latviya, Estoniya, Şimali Qafqaz, Belarusiya, Ukrayna nümayəndələri ilə birlikdə 1919-cu il iyunun 13-də, iyulun 7-də, oktyabrın 8-də Paris sülh konfransı sədrinə etiraz notası, bəyannamə və məktub göndərdi.

1920-ci il yanvarın 15-də Azərbaycan nümayəndələrindən Ə. Topçubaşov və M. Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ. Sereteli və Z. Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Ə. Topçubaşova Paris sülh konfransının rəsmi sənədini verdi. Ə. Topçubaşov Azərbaycanın siyasi vəziyyəti haqqında qısa məlumat verib böyük dövlətlər tərəfindən tanınma üçün təşəkkürünü bildirdi. Eyni zamanda bildirdi ki, Azərbaycan Demokratik Respublikası böyük dövlətlər tərəfindən həm kömək, həm də müstəqilliyinin de-yure tanınmasını gözləyir. Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Ə. Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi.

Lakin Fransada olarkən Ə. Topçubaşov Azərbaycanın XI qırmızı ordu tərəfindən işğal edildiyini eşidərək geri dönməmiş, 1920-1934-cü illərdə Parisdə yaşamış, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnal məqalələri yazmışdır. Siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Ə. Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə etmişdir. 0,1920-ci il iyulun 5- 16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-nə kimi keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel- may aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və s. iştirak etmişdir. Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbristanlığında dəfn olunmuşdur. Onun məzarı Fransaya gedən azərbaycanlıların müqəddəs ziyarətgahıdır.