Xalq qəzeti. - 2018.- 27 mart. - ¹ 67. - S. 10.

 

Milli kino sənətimiz AXC dövründə

 

M. Mükərrəmoğlu

 

Bu il respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin 100 və milli kinomuzun 120 illik yubileyləri keçiriləcəkdir. Milli kino sənətimizin iki ilə yaxın bir dövrü məhz AXC hakimiyyəti illərinə təsadüf etmişdir.

 

AXC hakimiyyəti dövrünə qədər Azərbaycan kinematoq­rafiyası ilk addımlarını atmışdı. 1898-ci ildə ilk filmlər – xroni­kal süjetlər ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" və s.) çəkilmişdi. 1915-ci ildə Bakı şəhərində tanınmış neft sənayeçiləri olan Pirone qardaşları tərəfindən kino istehsalı ilə məşğul olan “Filma” Səhmdar Cəmiyyəti yaradılmışdı. Həmin il adıçəkilən cəmiyyətdə neft sənayeçilərinin pulu ilə İbrahim Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filmi çəkilmiş, 1916-cı ildə nümayiş olunmuşdur. Həmin il Bakıda Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilib. Rejissor Boris Svetlo­vun lentə aldığı film operetta müəllifi Üzeyir Hacibəylini qane etməsə də, hər halda kino tariximizdə qalıb. Bundan baş­qa, “Filma” Səhmdar Cəmiyyəti 1915-1918-ci illərdə daha bir neçə tammetrajlı və qısametrajlı film çəkmişdir. Başqa sözlə, bu illərdə Azərbaycan kinosunda müəyyən irəliləyiş vardı.

Cümhuriyyətin hakimiyyətə gəldiyi 1918-ci ildə yaşanan tarixi hadisələr kino istehsalına da təsirsiz ötüşmədi. Yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti incəsənət və xüsusən kino sahəsində layihələrin həyata keçirilməsində maraqlı idi. Lakin görüləcək işlərin çoxluğu, zamanın azlığı, kino sahəsində yerli mütəxəssislərin olmaması da bu sahənin inkişafına mane olurdu.

AXC cəmi 23 ay yaşaması­na baxmayaraq , milli hökumətin mövcud olduğu qısa müddət ərzində milli dövlətçiliyin əsaslarını qurmaqla yanaşı, Azərbaycanda mədəni qurucu­luq– təhsil, milli mədəniyyət, ədəbiyyat və incəsənət, sosial-mədəni sahənin inkişafı ilə bağlı müəyyən işlər gördü. Hökumətin xüsusi sərəncamı ilə kino işçiləri dövlətin himayəsinə götürüldü. Beləliklə, kinematoqrafiya öz inkişafının yeni mərhələsinə daxil oldu.

Cümhuriyyət illərində kinoteatrlarda Azərbaycan Milli Ordusunun yaranmasını və sərhədlərimizin qorunmasını, erməni daşnaklarının özbaşına­lığına son qoymaq üçün xilaskar Türk Ordusunun xalqımızın köməyinə gəlməsini, hökumətin dinc quruculuq işlərini əks etdirən xronikal-sənədli filmlər göstərilirdi.

Bu illərdə çəkilən filmlər əsasən ictimai-siyasi hadisələrin lentə alınması ilə bağlı olmuşdur.Məsələn , “Azərbaycan müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı sənədli filmi 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətinin 1-ci ildönümü gününün bayram edilməsi ilə bağlı hadisələri əks etdirir. Bu film iyunun 13-də Bakının “Ekspress” və “Rekord”, bir qədər sonra isə “Forum” ki­noteatrlarında nümayiş etdirildi.

1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyasının XI ordusu tərəfindən işğal olundu və beləliklə AXC süqut etdi. Milli hökumətin bütün sahələrdə, o cümlədən mədəni quruculuqla bağlı nəzərdə tutduğu böyük işlər yarımçıq qalsa da, sovet dövründə mədəniyyət, eləcə də kino yeni inkişaf mərhələsini yaşadı.

Sovet dövründə çəkilən filmlərdə XX əsrin mənzərəsi canlandırılarkən cümhuriyyət qurucuları mənfi planda təqdim edilir, bolşevizm ideologiyasına xidmət edən dövlət xadimlərinin obrazları isə müsbət istiqamətdə, əsl qəhrəman kimi canlandırılır­dı. “Qatır Məmməd”, “26-lar”, “Səmt küləyi” kimi filmlərdə AXC-nin fəaliyyəti ilə bağlı belə epizodlar əks olunmuşdur.

Bu gün AXC haqqında bədii film yaratmaq məsələsi də nədənsə yubadılır. Bununla bağlı tanınmış kinorejissor Şamil Əliyevə müraciət etdik. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında film çəkilməsi, cümhuriyyət quru­cularının obrazlarının kinoya gətirilməsi vacib məsələdir, an­caq bunun üçün kino sənayemiz daha güclü inkişaf etməlidir:

–Aydın məsələdir ki, Sovet dövründə çəkilən filmlər cümhuriyyətin əleyhinə idi. Müstəqillik illərinin ilk dönəmləri isə kinomuzun ağır dövrünə təsadüf etdi. Hazırda güclü kino sənayesi qurmaq arzusundayıq və buna çalışırıq. Cümhuriyyət dövrünü bədii kinoda canlandırmaq, o böyük şəxsiyyətlərin obrazlarının kino­ya gətirilməsi üçün maliyyənin olması azdır. Bunun üçün güclü maddi-texniki baza olmalıdır. Bu mövzuda film çəkmək üçün “Azərbaycanfilm”in bugünkü maddi-texniki bazası tələblərə cavab vermir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva icraçı prodüser olaraq “Əli və Nino” filmini çəkmək üçün Hollivudun tanınmış simalarını bu işə cəlb etdi. Yəni bu layihə ancaq o səviyyədə həll oluna bilərdi. “Əli və Nino” filmində cümhuriyyət haqqında da danışı­lır və o filmdə Fətəli xan Xoys­kinin də obrazı yaradılıb. Bu filmin çox güclü maddi-texniki bazası vardı və filmin yaradıl­ması üçün xaricdən prodüserlər dəvət olunmuşdu.

Bilirsiniz, indiki halda o dövrü canlandırmaq üçün müəyyən çətinliklərimiz var. Bunun üçün maddi-texniki baza yaratmaq lazımdır. Cümhuriyyət qurucularının obrazlarının müasir kinoya gətirilməməsinin səbəbi ancaq maddi-texniki bazanın zəif olmasıdır. Yəni burada başqa bir səbəb yoxdur. Bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illi­yinin keçirilməsi və 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsi ilə bağlı sərəncamın imzalanma­sı olduqca təqdirəlayiq haldır.