Azərbaycan.-2018.-14 yanvar.-9.-S.4.

 

Gənclik və istila

 

Şirməmməd Hüseynov

 

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir daha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhvolmadan xilas etməsəydi!

Uzun əsrlərdən sonra qazanılan və yaşadılan, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!

Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamı ilə bu il təntənə ilə qeyd edəcəyik.

Şərəfli yubileyə hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbu orqanlarda gedən məqalələrin kiçik bir qismini qəzetimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

 

Millətlərin həyatında dönüm nöqtələrini təşkil edən tarixi günlər milli həyatda bir taqım qiymətlərin intiha tarixi olduğu kibi digər bir taqım fəaliyyətlərində məbdə tarixini təşkil edər. İştə bu qəbildən 27 nisan da (aprel də) ən başda olmaq üzərə 28 Mayıs Azəri gəncliginin istiqlal uğrunda yürütdügü mücadilənin başlanğıc tarixi ədd oluna bilir.

Kəndini bulmuş, yaşamının fəlsəfi mənasını idrak etmiş millətlərdə günlər qədər, bəlkə daha ziyadə, böyük fəlakətli günlər də həyati həmlələri ehzar edər. Bu etibarla da 27 nisan faciəsi Azəri gəncliginin mücadilələrində ən həqiqi müəllim və ən dəgərli komandan mövqeini işğal etmiş bulunuyor.

İştə buna məbnidir ki, 27 nisanı xatırlarkən ilk başda bu mübariz gəncligin çox dərin və şümullu mücadiləsindən bəhs etmək ehtiyacını hiss etməkdəyiz.

Bən 11 sənədən bəri yürüdülən və ruhi mahiyyəti maddi hüdudun qat-qat fövqündə bulunan bu mücadilənin səfahətinə aid bəzi nöqtələri müxtəsərən təsbit edəcəgəm.

Bu mücadilə həyatın hər sahəsinə münhəsirdir. Yapdıqları mücadilə ilə vətən və millətimizin istiqlalını qayə ittixaz edən bu gənclik eyni zamanda müstəqbəl həyatı ənasirinin də məfkurəvi bir şəkildə yetişməsində böyük rollar oynamaqdadır. Yəni mücahid Azəri gəncligi yalnız məfkurəsinin saysız qurbanlarını verməklə qalmıyor. Eyni zamanda məmləkətin iqtisadi, içtimai, fikri, ədəbi və müstəqbəl nəslin tərbiyəsində də mühüm vəzifələr ifasına qadir oluyor.

İstiladan 1923-ə qədər qeyri-müsavi şərait daxilində yer yer davam edən və müstövli qüvvət tərəfindən basdırılan üsyanlardan və yapılan qatil, edam və sürgünlərdən sonra bolşeviklər istiqlalçı Azəri nəslini tükətdiklərini zənn və bunu nümayişkaranə elan etdilər. Halbuki, nə gənclik tükənmişdi, nə də mücadilə durmuşdu. Yalnız mücadilə daha həyati və daha metodik bir tərzdə davam ediyordu. Nitəkim eyni sənənin sonlarında gəncligin istiqlal mətbəəsilə nəşr etdigi qəzetə nüsxələrinin meydana çıxdığına Azərbaycan komunistləri şəhadət etdilər.

Fəqət bolşeviklər həyat və həqiqət üzərində təsiri olacağını zənn etdikləri bu propağandadan vaz keçmədilər. Onlar bu yalançı elanlarını hər sənə, hər ay, hətta hər gün yapdıqları edam və sürgünlərdən və basdırdıqları üsyanlardan sonra daima təkrarlayıb durdular. Fəqət insaf ilə qeyd edəlim ki, bu təkrarlama əməliyyəsi də çox sürmədi. Gəncligin bilxassə vətən daxilində mütəşəkkil bir qüvvət olduğu hiss edildi. Gizli mətbəə və nəşriyyat kəşf olunarkən Çeka rəisi Bağırov mətbəədə yaxalanan bir gəncə qəzetə nüsxəsini uzadaraq bu nədir? - deyə sorduğu vaxt o, sadəcə: Sizin qanlı taxtınızı partladacaq bir Azəri bombasıdır - deyə cavab vermişdi.

Bu sözlər mücahidin mənsub olduğu nəslin məfkurə uğrundakı qüvvət və çəlikdən mətanətinin çox bəliğ bir ifadəsidir. Sözlərin əfkari ümumiyyə üzərindəki təsirinin səbəbi isə məşəri vicdandan mülhəm oluşu və hər kəlməsilə milli mədəni mətalibata tərcüman olduğu üçün bu qədər gur və sehirli olmasından başqa nə ilə izah edilə bilir?

1928 sənəsində açılan Azərbaycan müəllimlər qurultayında məktəb gənclərinin milli ruh və tərbiyədə yetişdikləri şərh və izah edildi. Buna səbəb olaraq məktəblərdə vaxtilə tükətdiklərini nümayişkaranə elan etdikləri gəncligin fəaliyyəti olduğu təsbit edildi. Qurultayın bu təsbitlərindən bir qismi atidəki 2 maddə ilə təsbit edilmişdir. Komunist, 2446...

1- Müsavatçılar (28 Mayıs gəncligi) və onların tərəfdarı olan ufaq burjuva sinfi gənc nəsli tərəflərinə çəkmək milli ruhda tərbiyə vermək üçün var qüvvətlərilə çalışıyorlar.

2- Bir qism müəllimlərimiz hətda maarif təşkilatlarımız bu məsələdə son dərəcə bitərəfanə bir vəziyyət almaqla milli təsirlər üçün məktəblərimizin qapılarını müsavatçılar üçün açıq buraxıyorlar.

Qurultay buna çarə olaraq bütün milliyyətçi müəllimlərin məktəblərdən çıxarılmasına və tələbə içərisində komsomol təşkilatının təqviyə edilməsinə qərar verdi.

Bunu səbirsizliklə bəkləyən o zamanın maarif komisarı Ruhullah Axundov həmən Azərbaycan münəvvərlərinə tarixi səfər açdı. Dəyərli müəllim və tələbələr məktəblərdən çıxarıldı. Nəticədə bütün məktəblər ilə bərabər maarif təşkilatları da məəttəl qalınca məktəblərin qurultay tərəfindən təsbit edilən bir qisim müəllim və tələbələri degil külliyyən milliyyətpərvər əlində olduğu meydana çıxdı.

1928 sənəsi eylülündə vuqu bulan gənc komunistlər konqresi gənc Azəri komunistlərinin istilaya qarşı bir nümayiş səhnəsi olmuşdu. Bu münasibətlə yapılan təsviyə nəticəsində gənc komunistlərin əksəriyyəti milliyyətçilikdə ittiham edilərək təşkilatdan ixrac edildi. Eyni vəziyyət kəndisini ədəbiyyat vadisində dəxi göstərməkdə gecikmədi. Milli ədəbiyyata qarşı süni surətdə vücuda gətirilmək istənən proletar hars və ədəbiyyatının da milliyyətçilər əlində olduğu və milli istiqlal davasını tərənnüm etdigi rəsmi konqrescə təsbit edildi. Bununla da iktifa ediləmiyərək proletar ədəbiyyatına ön ayaq olan bir çox zəvatı Moskva əleyhdarlığı ilə ittiham etdilər.

Bu surətlə komunizm və rusçuluğun gəncligə aşılanması üçün yapılan təşəbbüslərin hər sahədə gəncligin mətin müqavimətilə qarşılandığını görməkdəyiz. İştə pək qüvvətli milli bir hars və məfkurədən qüvvət və ilham alan 28 Mayıs gəncliginin 27 nisan bolşevik istilasına qarşı fikri, hissi, siyasi mücadiləsi ki, istila zəncirindən qurtulmasının ən böyük ziməmini təşkil edər.

 

A.Arazlı

Odlu-Yurd, 27 nisan

(aprel) 1931, 2(27)

 

Quy - istiqamət

Məbdə - başlanğıc

Ehzar - hüzura gətirmə

Məbni - bina edilmiş

Şümul - şamil olma, dəlalət etmə

Səfahət - səfehlik

Müstövli - işğalçı

Məşər - cəmiyyət, xalq

Mətalib - mətləblər

Təsbit - qeyd etmə

Təsviyə - ləğv etmə

Ziməm - vəzifələr