Kaspi. - 2018.- 28 mart. - ¹ 53. - S. 7.

 

Daşnakların törətdiyi kütləvi qırğın

 

Tarixçilərin fikrincə, Bakıda soyqırımı törədilməsinin əsas səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısını almaq idi

 

Alpər Turan

 

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

O dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Həmin vaxtdan etibarən hər ilin 31 mart tarixində soyqırımı qurbanlarının xatirəsi anılır, faciənin miqyasının və günahkarlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm tədbirlər görülür.

Bu işlərin davamı olaraq, Prezident İlham Əliyev 18 yanvar 2018-ci il tarixdə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, ötən 20 il ərzində 31 mart soyqırımı ilə bağlı aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Qeyd olunub ki, üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Bütün bunlar nəzərə alınmaqla, sərəncamda Prezident Administrasiyasına həvalə edilib ki, 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planını hazırlanıb həyata keçirilməsini təmin etsin. Eyni zamanda, Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi barədə tövsiyənin edilməsi də sərəncamda qeyd olunub.

Sadalanan faktlar onu deməyə əsas verir ki, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə ümummilli lider Heydər Əliyevin dövründə olduğu kimi, cənab İlham Əliyevin prezidentliyi müddətində də mühüm qərarlar qəbul olunub və bu proses indi də davam etməkdədir. Mİllət vəkili, tarixçi-alim Fəzail İbrahimli 31 mart gününün tariximizdəki soyqırımı faciələrinin ümumiləşdirilmiş formada mahiyyətini özündə ifadə edən tarix olduğunu bildirib. Qeyd edib ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhdlər edilib: "Həmin vaxt müsəlman korpusunun komandiri general Talışınskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurub. Bundan istifadə edən ermənilər silahlı toqquşmaya cəhd göstəriblər. Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmayıb. Ancaq ermənilər bu məkrli niyyətlərini mart ayında həyata keçirə biliblər. Hətta Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirib ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Mart ayına təsadüf edən toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi olub. Ermənilər şayiə yayıblar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verib. Buna etiraz edən yerli əhali də küçələrə çıxıb zabitlərin tərksilah olunmasına qarşı çıxıblar. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başlayıb”.

Millət vəkili bildirib ki, 1918-ci ilin 30-31 mart tarixlərində təkcə Bakıda 12 mindən artıq insan qətlə yetirilib: "Hər gün 6 min və bundan daha çox insan qətlə yetirilib. Tarixdən bizə Varfolomey gecəsi, "100 illik müharibə” və digər faktlar məlumdur. Bu hadisələr zamanı bir gündə bu qədər insan qətlə yetirilməyib. Amma 1918-ci ilin 30-31 mart tarixlərində Azərbaycanda ermənilər belə bir qətliam həyata keçiriblər. Bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana”, "Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Daşnaklar evləri qarət edib, adamları yandırıb, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetiriblər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının da hamısını yandırıblar. Hətta İçəri şəhərə hücum zamanı Anastas Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni” yandırıb, "Açıq söz”, "Kaspi”, "Baku” qəzetləri redaksiyalarını dağıdıb, "Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik ediblər”.

Millət vəkili, professor Musa Qasımlı isə bu soyqırımın törədilməsi səbəblərindən danışaraq bildirib ki, o vaxt Bakı iqtisadi baxımdan bolşevik Rusiyası üçün böyük əhəmiyyət daşıyıb. Onun fikrincə, dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılıb: "Bunlardan biri Mosul, digəri Bakı neft mənbəyi idi. Heç əbəs deyildir ki, 1918-ci il mart ayının ikinci yarısında Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik Robinsonun "Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir?” sualına,  "Bu, neft, işıq və enerjidir” - deyə cavab verib. Mühüm coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. Bu zaman Cənubi Qafqazda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət imkanı verər, Tiflisdə fəaliyyət göstərən Transqafqaz Seyminin süqutuna kömək edərdi. Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizi və "dünyanın ürəyi” olan Orta Asiyaya gedən yola  nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bolşevik Rusiyası bu yolu heç bir dövlətə verməyi düşünmürdü”.

Tarixçi alim hesab edir ki, qırğınların törədilməsinin digər bir səbəbi Osmanlı dövlətinin, əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək olub: "Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin 3 milyon nəfəri azərbaycanlı idi. Bakıda soyqırımın törədilməsinin səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Azərbaycanlılar fevral inqilabından sonra əvvəlcə muxtariyyət, sonda müstəqillik uğrunda mübarizə aparırdılar. Əvvəlki əsrlərdə isti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra çarizm Cənubi Qafqaza erməniləri yerləşdirməklə təkcə demoqrafik vəziyyəti dəyişdirmədi, eyni zamanda onlardan Şərq siyasətinin həyata keçirilməsində bir vasitə kimi yararlandı. Bu siyasəti çarizm devrildikdən sonra qurulan müvəqqəti hökumət, ondan sonra bolşevik Rusiyası da davam etdirdi”.