Ədəbiyyat qəzeti.- 2018.- 17 mart.- ¹ 10.- S. 22.

 

Mir Cəlal nəsrinə metodoloji yanaşmanın yeni aspektləri

 

Himalay Qasımov,

professor

 

Azərbaycan nəsrini yeni bədii düşüncə axarında inkişaf etdirərək ona yaşarılıq və başarılıq keyfiyyətləri aşılayan, elmi ədəbiyyatşünaslığı bir məktəb olaraq reallaşdırıb ucaldan professor Mir Cəlal Paşayev xaraktercə bütöv, müstəqil düşünən kamil bir şəxsiyyət idi.

C. Məmmədquluzadə və Ə. Haqverdiyev hekayə yaradıcılığı ilə formalaşan poetik ənənələri yeni şəraitdə davam və inkişaf etdirən ən böyük ustad sənətkar, əlbəttə ki, Mir Cəlaldır. Sovet gerçəkliyinin ideolji basqılara rəvac verib sənəti siyasət atının yedəyinə aldığı şəraitdə hekayə kimi çevik bir janrı çağın ədəbi prosesinin aparıcı forması olaraq gündəmdə saxlamaq kifayət qədər müşkül məsələ olsa da, məhz mütəfəkkir yazıçı Mir Cəlalın sənətkar cəsarəti, əzmi və iradəsi sayəsində bu janr mövzu dairəsini genişləndirdi, poetik-struktur imkanlarını qədərincə artırdı.

Mir Cəlal Azərbaycan ədəbiyyatında miniatür romanlar müəllifi kimi də şöhrət qazanmışdır. "Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər", "Yolumuz hayanadır" əsərləri isbat etdi ki, roman kimi epik vüsətli bir janrda da sənətkar sözlərin meydanını daraltmaqla bədii fikrin təsir imkanlarını hədsiz dərəcədə artıra bilər. Mir Cəlal sözü gedən əsərlərin süjetini lirik-psixoloji axara salmaqla ümumən roman janrına daxili nəfəs genişliyi gətirmiş oldu.

 

***

 

Mir Cəlal haqqında çox yazılmışdır. Aparılan tədqiqatlarda böyük sənətkarın yaradıcılığının mövzu, ideya və sənətkarlıq xüsusiyyətləri haqqında bu gün də öz müasirliyini saxlayan dəyərli fikirlər söylənmişdir. Mir Cəlalın bədii yaradıcılığı polifonik məzmuna və dərin məna potensiallarına malikdir. Təsadüfi deyil ki, müstəqillik dövrünün tədqiqatçıları da onun ədəbi-bədii irsinə çox həvəslə nüfuz edir, yaradıcılığının yeni-yeni sirlərini elmi təhlil müstəvisinə gətirirlər. Təyyar Salamoğlunun "Mir Cəlal nəsri və müasirlik (metodoloji münasibət kontekstində)" araşdırması məhz bu baxımdan diqqəti çəkir və ciddi elmi əhəmiyyət kəsb edir.

Təyyar Salamoğlu imzası elmi-ədəbi ictimaiyyətə və geniş oxucu kütləsinə yaxşı tanışdır. Professor T. Salamoğlu tənqid və ədəbiyyatşünaslıq istiqamətində məhsuldar  bir yaradıcılıq yolu keçmişdir. Ədəbi-elmi ictimaiyyət onu nəsr tənqidçisi və roman tədqiqatçısı kimi daha yaxşı tanıyır və qəbul edir.

T. Salamoğlu intellektual və orijinal düşüncə tərzinə malik bir ədəbiyyatşünas-tənqidçidir. Bu cəhət onun estetik zövqündə, bədii dünya duyumunda və təhlil üslubunda özünü aydın göstərir. Alimin faktı, tarixi-bədii sərvətləri mahiyyət müstəvisinə yönəldib konsepsiya yaratmaq istedadı təqdirəlayiqdir. Belə ki, tədqiq etdiyi çoxsaylı ədəbiyyatşünaslıq problemləri haqqında mülahizələri (əslində konseptual mövqeyi) belə bir fikir formalaşdırır ki, o, bu problemləri araşdırmaq yolunda sərt dönüm və döngələri keçməyə iqtidarlı bir ədəbiyyatşünasdır. Bədii sərvətləri inamlı təfəkkür gəzişmələri və tipoloji-struktur təhlil prinsipi əsasında incələməsi onun fikir və mülahizələrini sənətin həqiqətinə yönəltmək imkanı verir.

Azərbaycan ədəbi-nəzəri fikrində "sovet" işarəsi ilə işarələndirilmiş bütün ədəbiyyatın yeganə dəyərləndirmə meyarı"nın "bədii mətnin özü" olması haqqında T. Salamoğlunun konsepsiya gerçəkləşdirməsi ədəbiyyatşünaslığımızda elmi həqiqət kimi artıq etiraf olunmaqdadır. "Mir Cəlalın bədii nəsri və müasirlik (metodoloji münasibət kontekstində)" adlı monoqrafik tədqiqat da bu konsepsiyanın gerçəkləşdirilməsi istiqamətində uğurlu bir addımdır. "Yenidən oxu" konseptini istər bədii, istərsə də ədəbi mətnlərə münasibətdə əsas yanaşma metoduna, dəyərləndirmə üsuluna çevirən Salamoğlu" (S. Rzasoy) Mir Cəlalın roman yaradıcılığını, xüsusən onun ilk üç romanını yeni metodoloji müstəvidə oxuyub, elmi təhlil obyektinə çevirə bilmişdir.

Tədqiqatçı postmodernist estetikaya dair bir nəzəri prinsipi önə çəkir: "Bədii əsərin öz strukturu etibarı ilə bitib-tükənməz məna potensialına malik olması böyük əhəmiyyət kəsb edir". Bu nəzəri postulatdan çıxış edərək Salamoğlu məsələni belə qoyur: "Bəlkə biz "Bir gəncin manifesti"nə "bitib-tükənməz məna potensialı" prizmasından yanaşaq? Sovet hakimiyyəti uğrunda gedən mübarizəni də uzaqbaşı bu məna potensiallarından biri hesab edək?... Bəlkə, romanın materialını "mətn hesab edərək onu yenidən "oxu"yaq? Sovet tənqidinin üstündən sükutla keçdiyi, qabartmaq lazım bilmədiyi milli və bəşəri məzmunu önə çəkək?"  Maraqlı və ən təqdir olunan cəhət budur ki, tədqiqatçı "Bir gəncin manifesti"ndə sovet hökuməti uğrunda mübarizəni tam arxa plana keçirən milli və bəşəri məzmunun ifadəsini kəşf edib ortalığa çıxara, bizi öz təhlillərində və məntiqində haqlı olduğuna inandıra bilir.

Tədqiqatçı "Bir gəncin manifesti"ni bizə öz şərti - metoforik məzmununda, pritçalar romanı kimi tədqim edir. Romanda altıncı və səkkizinci fəsillər kimi yer alan "Gecənin hökmü" və "İtə ataram, yada satmaram" adlı hissələri T.Salamoğlu bir-birinin məntiqi davamı olan və eyni zamanda tam müstəqil pritcalar kimi oxuyur. Məhz bu "oxu" prosesində romanda əks olunan tarixi dövrə - 1918-1919-cu illərdə doqquz aylıq zaman kəsiyində ingilislərin Azərbaycana müstəmləkəçi mudaxiləsini əks etdirən tarixi proseslərə yazıçının vətəndaş münasibəti aydınlaşır. T.Salamoğlu tarixi proseslərlə roman mətnini müqayisəli təhlilə cəlb edərək əsərdəki ingilis obrazlarının müstəmləkəçi rejimi simvollaşdırması məsələsini qoyur, hər iki pritçada ingilis- Sona qarşıdurmasını milli varlığın müstəmləkəçi rejimə müqavimət hərəkatını simvollaşdıran təsvirlər kimi izah edir. "İtə ataram, yada satmaram" pritçasında Sonanın milli varlığı müdafiə mövqeyinə hesablanmış hərəkətlərində ümumxalq dəstəyi və sevgisinin ifadəsi isə bütövlükdə xalqın müstəmləkə rejiminə qarşı mübarizə əzminin ifadəsi kimi dəyərləndirilir.

Mir Cəlalın qələmində milli şüura yeridilən işğalçılığa barışmaz münasibət ideyası vətən övladını yeni bir mücadilə meydanı açmağa, "ağ ayı" ilə mübarizəyə səfərbər edirdi. "Bir gəncin manifesti" bir də bitib-tükənməyən bu mübarizə pafosu ilə müasirdir".

Mir Cəlalın romanları arasında ən çox mübahisələrə səbəb olanı, büsbütün zidd mövqelərdən qiymətləndiriləni "Açıq kitab" olmuşdur. Romanın yazıldığı zamanda onun haqqında ən uzaqgörən və obyektiv fikri M.C.Cəfərov söyləmişdir. Tədqiqatda oxuyuruq: "... 1945-ci ildə yazdığı "Açıq kitab"  adlı məqaləsində M.C.Cəfərovun romanı "həqiqətin üzünə dik baxan" əsərlər sırasında görməsi və bunu xüsusi ahənglə qeyd etməsi görkəmli tənqidçinin zamanına görə açıqlaya bilmədiyi çox mətləblərdən xəbər verir". O, məsələni belə qoyur: "M.C.Cəfərovun "Açıq kitab" məqaləsində dilə gətirdiyi həqiqətləri daha da inkişaf etdirməyə, demədiyi, deyə bilmədiyi həqiqətləri açıb ortalığa qoymağa bizə nə mane olur?"

Kitabda yer alan "Bizim də zoşşenkolarımız olubmu? və "Açıq kitabın açılmamış sirləri" yazılarında romanın "zamanına görə açıqlana bilməyən" mətləblərindən danışılır.

Tədqiqatçı "Açıq kitab"ı "zamanını qabaqlayan roman" adlandırır: "Məsələ burasındadır ki, təsvir predmetinə çevirdiyi həyat hadisələrinin obyektiv inikası və insan talelərinin önə çəkilməsi, başqa sözlə, humanist pafosu və idealı ilə "Açıq kitab" onunla eyni dövrdə yazılan romanlarla yox, ondan xeyli sonra yazılmış "Yanar ürək", "Yeraltı çaylar dənizə axır" və s. tipli digər əsərlərlə birləşir. Bu mənada "Açıq kitab" zamanı qabaqlayan bir romandır".

Tədqiqatçı Gəldiyev obrazının, "gəldiyevçiliy"in tam fərqli - şərti-metaforik məzmununu açır: "Açıq kitab" romanının satirik qəhrəmanı bu mühitdən (sovet rejimi mühitindən - H.Q.) güc alan və onun xarakterini ifadə edən bir obraz kimi yaradılmışdır... Mir Cəlal Kərim Gəldiyevi fərdi xarakterin ümumiləşdirilmiş obrazı kimi yaratmayıb. Onun simasında siyasi rejimin "mənəvi dünyası"nı əks etdirib. Kərim Gəldiyev şərti-metaforik obrazdır. Zamanın xisləti Kərim Gəldiyevin üzərinə köçürülüb". Bu mülahizələrdən sonra T.Salamoğlu Zamanın Kərim Gəldiyevin üzərinə köçürülən xislətinin əlamətdar keyfiyyətlərini sıralayır. Bu sıralanmada sovet rejiminin milli varlığa münasibətinin müstəmləkəçi xarakteri bütünlükdə əks olunur. T.Salamoğlu iddia edir ki, sovet rejiminə kəskin tənqidi münasibətlərin tarixi 50-ci illərin ortalarından yox, elə 30-40-cı illərdən başlayır. Bu isə o deməkdir ki, alim belə bir mövqe üzərində israr edir ki, 20-ci illərdən 50-ci illərin ortalarına qədərki milli ədəbiyyatı büsbütün "sosrealizm çevrəsində" təsəvvür etmək heç də özünü doğrultmur.

Ədəbiyyatşünaslığımız müasir Azərbaycan ədəbiyyatında yeni keyfiyyət mərhələsinə keçidin başlanğıcını 50-ci illərin ortalarına aid edir. Bu zaman keçidi şərtləndirən əsas əlamətlər sırasında ədəbiyyatımızda insan amilinin, şəxsiyyət başlanğıcının önə keçməsi əsas götürülür. Heç şübhəsiz ki, burada böyük həqiqət var. Bu tipoloji təsnifatın ictimai-siyasi proseslərlə və dünya ədəbiyyatında baş verən hadisələrlə, bu hadisələrin milli ədəbi mühitdəki əsas əks-sədası ilə şərtlənməsinə də şübhə etmirik . Lakin T.Salamoğlunun Mir Cəlalla bağlı tədqiqatları 20-50-ci illərin ədəbiyyatını insan amilindən, şəxsiyyət başlanğıcından sərt-nəzər etmək fikrinə tənqidi yanaşma təlqin edir. Onun "Dirilən adam"la bağlı araşdırmaları ədəbiyyatımızda hətta repressiya dövrünün ərəfəsində belə insan amilinin, insana humanist münasibətin konseptual qoyuluşundan xəbər verir.

Tədqiqatçı O.Balzakın "Polkovnik Şaber" və Mir Cəlalın "Dirilən adam" əsərlərini müqayisəli təhlilə cəlb edərək belə qənaətə gəlir ki, "hansı zamanda və şəraitdə yaşamasından asılı olmayaraq ölməmiş insanın öz sağlığını sübut edə bilməməsinin təsviri  insana qeyri-humanist münasibəti tənqid kontekstini önə çıxarır". Salamoğlu düşünür ki, XIX əsrin dahi tənqidi realistinin də, XX əsrin sosrealistinin də "dirilən adam" süjetinə verdiyi bədii həll insana qeyri-insani münasibətinə görə ictimai mühiti, sosial - siyasi şəraiti kəskin tənqidə istiqamətlənir. Mir Cəlalın "Dirilən adam" mövzusuna verdiyi bədii həll onu Balzak realizminin varisinə çevirməklə, sənətkarı sosrealizm çevrəsindən çıxaran əsas metodoloji keyfiyyət statusu qazanır. Tədqiqatçıya görə, Mir Cəlalın yaradıcılığının sonrakı mərhələlərində də, xüsusən "Bir gəncin manifesti" və "Açıq kitab"da bədii əksetdirmədə insan amilini davamlı keyfiyyətə çevirməsi  bu romanların hər üçünü "İnsanlığın manifesti kimi yaşayan romanlar" kimi xarakterizə etməyə imkan verməklə onun yazıçı üslubunun dominantı kimi çıxış edir.

Prof. T.Salamoğlunun "Mir Cəlal nəsri və müasirlik (metodoloji münasibət kontekstində)" adlı bu əsəri anadan  olmasının 110 illiyi ərəfəsində böyük yazıçının yaradıcılığına münasibətin tam yeni elmi və metodoloji aspektlərini üzə çıxaran tədqiqat kimi mühüm dəyərə malikdir. Düşünürük ki, bu monoqrafik araşdırma ədəbi-elmi ictimaiyyətin dərin marağına səbəb olacaqdır.