525ci qəzet.  2018. 20 mart.  ¹ 52.  S. 7.

 

Mir Cəlal nəsri müstəqillik dövrünün elmi-nəzəri düşüncəsində

 

Himalay Qasımov,

ADPUnun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor

 

Azərbaycan nəsrini yeni bədii düşüncə axarında inkişaf etdirərək ona yaşarılıq və başarılıq keyfiyyətləri aşılayan, elmi ədəbiyyatşünaslığı bir məktəb olaraq reallaşdırıb ucaldan professor Mir Cəlal Paşayev xaraktercə bütöv, müstəqil düşünən kamil bir şəxsiyyət idi.

Çox böyük yaradıcı insan olduğuna görə daim vicdanın sədasını dinləmiş, qəlbinin istəyinə əməl etmiş, varlanan dünyanın ahənginə uymamış, onun təzələnən rənginə heç vaxt aldanmamışdır.

Yazıçıvətəndaş Mir Cəlal tanrısından güc alan, mənəvi təmkini uca tutan batin sima, XX əsr ictimaitarixi gerçəklər dönəmində ilkinliyini və özəlliyini qoruyub saxlayan fövqəl insan idi. Mir Cəlalın keçdiyi taleyolu, yazdığı ömür kitabı bir daha təsdiq etdi ki, "qadir Tanrı verməyincə kişi varlanmaz". Mir Cəlal qadir Allahın varlandırdığı və barlandırdığı ər kişilərdən idi. Bu baxımdan Azərbaycan xalqının milli mənəviyyat, təfəkkür və intellekt təntənəsinin öz əksini XX əsrin təkrarsız bədiielmi fenomeni olan Mir Cəlal yaradıcılığında tapması təbii və qanunauyğundur. Bunu belə yorumlamaq olar ki, düha və istedad təbiət tərəfindən verilir, işıq və hərarət odun xassələri olduğu kimi, düha və istedadda insan təbiətinin öz xassəsidir. Bu həqiqət oxucunu Mir Cəlalın yaradıcılıq bioqrafiyasının hansı amillərdən qaynaqlanıb güc aldığı, nə kimi ilkinlikdən təkanlanıb yaşarlılıq kəsbetməsi barədə konkret düşüncə axarı ilə irəliləməyə səsləyir.

Mir Cəlal dahi Azərbaycan şairi Məhəmməd Füzuli, böyük Mirzə Cəlil və Sabirlə düha qohumluğunu fundamental elmi və son dərəcə orijinal təhlil üslubu əsasında gerçəkləşən elmi və bədii örnəkləri ilə isbat etdi. O, 1940cı ildə yazdığı "Füzulinin poetik xüsusiyyətləri" monoqrafiyasına görə filologiya elmləri namizədi, 1947ci ildə tamamlayıb ortaya qoyduğu "Azərbaycanda ədəbi məktəblər (19051917)" adlı dərin elminəzəri və ədəbitarixi düşüncəni qlobal çevrədə sərgiləyən araşdırmasına görə isə filologiya elmləri doktoru adına layiq görülmüşdür. Məlum olduğu kimi, "Füzulinin poetik xüsusiyyətləri" əsəri və onun bir qədər də zənginləşdirilərək 1958ci ildə "Füzuli sənətkarlığı" adı altında nəşr olunan halhazırkı mətni bu gün də və əminik ki, gələcəkdə də böyük poeziya dahisi haqqında ən dəyərli elmi-nəzəri tədqiqat əsəri kimi istinad obyekti olacaqdır. Füzulinin bədii söz sənəti tarixinə gətirdiyi yenilikləri poetikasının inkişafı ilə bir araya gətirən Mir Cəlalın araşdırmasının misilsiz tədqiqat əsəri olaraq Füzulişünaslığı daim rövnəqləndirəcəyi şəksizdir. Çünki burada Füzuli şeiri özündən əvvəlki ədəbitarixi proseslə, məxsusi olaraq Nizami poetik ənənələri ilə ilgili tədqiq olunur. Nizami və Füzuli "Leyli və Məcnun"unun müqayisəli təhlilini tipoloji düşüncə müstəvisində incələyən Mir Cəlal bununla Azərbaycan ədəbiyyatşünaslığına yeni elmi düşüncə axarı gətirmiş oldu. "Azərbaycanda ədəbi məktəblər (19051917)" monoqrafiyası ilə isbat olundu ki, Mir Cəlal araşdırma üsulunun elmi ədəbiyyatşünaslıqda yeni, orijinal və təkrarsız tədqiqat üsulu olaraq yorumlanması təbiidir. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev kimi böyük sənətkarların əsərlərindəki bədii gerçəkliyi XX əsr Azərbaycan ədəbiyyatının inkişaf kontekstində araşdırmaq Mir Cəlalın tədqiqatlarında daim məhz keçilməmiş yollardan keçərək irəlilədiyindən soraq verir. O, istər "Klassiklər və müasirlər", "Gülüş bədii silah kimi", "C.Məmmədquluzadə realizmi haqqında" əsərlərində, istərsə də prof P.Xəlilovla birgə yazdığı "Ədəbiyyatşünaslığın əsasları", prof. F.Hüseynovla birgə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliklərində yaradıcılıq kredosuna sadiq qaldığını nümayiş etdirmişdir.

Bədii yaradıcılığa 1928ci ildə şeirlə başlayan Mir Cəlal ilk hekayə və oçerklərini 1930cu ildə çap etdirmişdir. 1932ci ildə "Sağlam yollarda" adı altında oçerklər kitabını nəşr etdirən Mir Cəlalın yaradıcılığında bədii nəsrin hekayə və roman kimi janrları önəm kəsb etmişdir. Hekayənin mahir ustası olan ədib Azərbaycan ədəbiyyatında bu janrın inkişafına mühüm töhfələr vermişdir. "Həkim Cinayətov", "Mərkəz Adamı", "Təzə toyun nəzakət qaydaları", "Bostan oğrusu", "Kəmtərovlar ailəsi", "Mirzə", "Anket Anketov" hekayələri ilə Mir Cəlal 30cu illərdə tənqid oxunu çəkinmədən, son dərəcə cəsarətlə hədəfə qarşı yönəldə bilmişdir. Bu hekayələrdə yer alan bədii gülüşlə ədib insanda sağlam duyğular oyadır, gerçəkliyə baxışda ayıqlıq hissi aşılayır, haqsızlığa, mənfiliyə qarşı dözümsüzlük ovqatı təlqin edirdi.

Bu hekayələr də savadsız mirzələr, cinayətkar həkimlər, "mərkəz adamı" Əntərzadələr, arvad alıb boşamaqla varlanan Balaxanlar, mənəviyyatca cılızlaşıb düşkünləşən Səadət xanımlar, "nəzakət" pərdəsi altında çirkin simalarını gizlətməyə çalışanlar ədibin özünəməxsus realist qələminə tuş gəlirlər.

C.Məmmədquluzadə və Ə.Haqverdiyev hekayə yaradıcılığı ilə formalaşan poetik ənənələri yeni şəraitdə davam və inkişaf etdirən ən böyük ustad sənətkar, əlbəttə ki, Mir Cəlaldır. Sovet gerçəkliyinin ideoloji basqılara rəvac verib sənəti siyasət atının yedəyinə aldığı şəraitdə hekayə kimi çevik bir janrı çağın ədəbi prosesinin aparıcı forması olaraq gündəmdə saxlamaq kifayət qədər müşkül məsələ olsa da, məhz mütəfəkkir yazıçı Mir Cəlalın sənətkar cəsarəti, əzmi və iradəsi sayəsində bu janr mövzu dairəsini genişləndirdi, poetikstruktur imkanlarını qədərincə artırdı. Hekayələrində zahiri effektə deyil, daxili mənaya, səciyyəvi əlamətlərin bədii inikasına önəm verildiyindəndir ki, "Qonaqpərəst", "Dost görüşü", "Vicdan əzabı", "Müalicə" kimi "Həkim hekayələri" (19381939) silsiləsinə daxil olan satirik əsərlərdə lirikyumoristik məqamlar məxsusi yer alaraq janrda subyektiv başlanğıcın fəallığına zəmin yaradılır. Müəllif lirik ifadələri elə ustalıqla işlədir ki, oxucuda tənqid obyektinə qarşı qəzəb və nifrət hissi daha da artır. Bu zaman lirik fonda canlandırılan mənfi tip daha şiddətli gülüş doğurur və lirik leksikanın ironik ağırlığına davam gətirmək iqtidarında olmayan tiplər sıxılıb əzilirlər. Yazıçı tipləri, xarakter, düşüncə tərzi, ictimaisosial və məişət ədaları baxımından fərqləndirir, müxtəlif nəsillərə, ayrı-ayrı zümrə və təbəqələrə mənsub olanları tənqid müstəvisi üzərində ustalıqla bir araya gətirir. Mir Cəlalın satirik hekayə ustalığının mühüm dəyəri həm də ondadır ki, o, lakonik təsvirlər vasitəsilə gülüş hədəflərinin daxili aləmi, psixolojimənəvi durumu, ictimaisosial mövqeyi, iç dünyasında cərəyan edən neqativ proseslər barədə bitkin və dolğun informasiya verə bilir. Bu kimi məziyyətlər Mir Cəlalın satirik hekayə yaradıcılığının əsas məğzini, başlıca məzmununu təşkil edir.

Mir Cəlal Azərbaycan ədəbiyyatında miniatür romanlar müəllifi kimi də şöhrət qazanmışdır. "Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər", "Yolumuz hayanadır" əsərləri isbat etdi ki, roman kimi epik vüsətli bir janrda da sənətkar sözlərin meydanını daraltmaqla bədii fikrin təsir imkanlarını hədsiz dərəcədə artıra bilər. Mir Cəlal sözügedən əsərlərin süjetini lirikpsixoloji axara salmaqla ümumən roman janrına daxili nəfəs genişliyi gətirmiş oldu.

Mir Cəlal haqqında çox yazılmışdır. Aparılan tədqiqatlarda böyük sənətkarın yaradıcılığının mövzu, ideya və sənətkarlıq xüsusiyyətləri haqqında bu gün də öz müasirliyini saxlayan dəyərli fikirlər söylənmişdir. Mir Cəlalın bədii yaradıcılığı polifonik məzmuna və dərin məna potensiallarına malikdir. Təsadüfi deyil ki, müstəqillik dövrünün tədqiqatçıları da onun ədəbi-bədii irsinə çox həvəslə nüfuz edir, yaradıcılığının yeni-yeni sirlərini elmi təhlil müstəvisinə gətirirlər. Təyyar Salamoğlunun "Mir Cəlal nəsri və müasirlik (metodoloji münasibət kontekstində)" araşdırması məhz bu baxımdan diqqəti çəkir və ciddi elmi əhəmiyyət kəsb edir.

Təyyar Salamoğlu imzası elmi-ədəbi ictimaiyyətə və geniş oxucu kütləsinə yaxşı tanışdır. Professor T. Salamoğlu tənqid və ədəbiyyatşünaslıq istiqamətində məhsuldar bir yaradıcılıq yolu keçmişdir. Ədəbi-elmi ictimaiyyət onu nəsr tənqidçisi və roman tədqiqatçısı kimi daha yaxşı tanıyır və qəbul edir.

T.Salamoğlu intellektual və orijinal düşüncə tərzinə malik bir ədəbiyyatşünas-tənqidçidir. Bu cəhət onun estetik zövqündə, bədii dünya duyumunda və təhlil üslubunda özünü aydın göstərir. Alimin faktı, tarixi-bədii sərvətləri mahiyyət müstəvisinə yönəldib konsepsiya yaratmaq istedadı təqdirəlayiqdir. Belə ki, tədqiq etdiyi çoxsaylı ədəbiyyatşünaslıq problemləri haqqında mülahizələri (əslində, konseptual mövqeyi) belə bir fikir formalaşdırır ki, o, bu problemləri araşdırmaq yolunda sərt dönüm və döngələri keçməyə iqtidarlı bir ədəbiyyatşünasdır. Bədii sərvətləri inamlı təfəkkür gəzişmələri və tipolojistruktur təhlil prinsipi əsasında incələməsi onun fikir və mülahizələrini sənətin həqiqətinə yönəltmək imkanı verir.

Azərbaycan ədəbi-nəzəri fikrində "sovet" işarəsi ilə işarələndirilmiş bütün ədəbiyyatın yeganə dəyərləndirmə meyarının "bədii mətnin özü" olması haqqında T.Salamoğlunun konsepsiya gerçəkləşdirməsi ədəbiyyatşünaslığımızda elmi həqiqət kimi artıq etiraf olunmaqdadır. "Mir Cəlalın bədii nəsri və müasirlik (metodoloji münasibət kontekstində)" adlı monoqrafik tədqiqat da bu konsepsiyanın gerçəkləşdirilməsi istiqamətində uğurlu bir addımdır. "Yenidən oxu" konseptini istər bədii, istərsə də ədəbi mətnlərə münasibətdə əsas yanaşma metoduna, dəyərləndirmə üsuluna çevirən Salamoğlu" (S.Rzasoy) Mir Cəlalın roman yaradıcılığını, xüsusən onun ilk üç romanını yeni metodoloji müstəvidə oxuyub, elmi təhlil obyektinə çevirə bilmişdir.

T.Salamoğlunun irəli sürdüyü əsas tezislərdən biri budur ki, Mir Cəlalın romanları zamanın axarında yazılmayıb, ona görə də zamanın axarında yazılmış romanlar kimi dəyərləndirilə bilməz. T.Salamoğluna görə nə "Dirilən adam", nə "Bir gəncin manifesti", nə də "Açıq kitab" romanları inqilab uğrunda mübarizədən, sovet həyat tərzinin üstünlüklərindən bəhs edən əsərlər kimi qəbul edilməməlidir.

Tədqiqatçı "Bizim də zoşşenkolarımız olubmu?" adlı yazısında 3040cı illərdə ümumittifaq miqyasında gedən ədəbi prosesə nəzər salır, siyasi rejimin ədəbiyyat siyasətini, xüsusən UİK(b)P MKnın məşhur 19461948ci il qərarlarını geniş təhlil müstəvisinə çəkir və sübut edir ki, sözügedən illərdə SSRİ məkanında yaranan ədəbiyyatı birmənalı şəkildə ancaq sovet ideologiyasını əks etdirən əsərlər kimi qiymətləndirmək olmaz. Başqa sözlə, bu illərin ədəbiyyatı büsbütün sos-realizm çevrəsində olmayıb. Partiya qərarlarında adıçəkilən yazıçıların kəskin tənqid olunmasının səbəbi heç də onların əsərlərinin ideya-bədii zəifliyi olmayıb. Bu əsərlər ona görə tənqid olunub ki, sovet rejimini təbliğ etməyib, bədii inikasda milli və bəşəri dəyərləri əsas götürüblər, ədəbiyyatın immanent qanunlarına sədaqət nümayiş etdiriblər. T.Salamoğlu sübut edir ki, partiya qərarlarından sonra Mir Cəlalın yaradıcılığının kəskin tənqid hədəfinə çevrilməsi onun əsərlərinin antisovet ruhu ilə bağlı olub; "Bir gəncin manifesti"nin, "Açıq kitab"ın milli varlığın müstəmləkə rejiminə qarşı mübarizəsindən bəhs edən əsərlər kimi yazılması səbəb olub; "Dirilən adam"da milli məzmunun, bəşəri ideyanın "inqilab uğrunda mübarizə"nin fövqündə dayanması olub.

 

Təsadüfi deyil ki, müstəqillik dövrünün tədqiqatlarında (akademik İ.Həbibbəylinin son metodoloji araşdırmalarında) sovet dövrü Azərbaycan ədəbiyyatı tipoloji cəhətdən iki istiqamətə ayrılıb:

1. Azərbaycan sovet ədəbiyyatı, yəni sovet ideologiyası əsasında yaranmış Azərbaycan ədəbiyyatı;

2. Sovet dövrü Azərbaycan ədəbiyyatı, yəni sovet dövründə yazılan, lakin Azərbaycan gerçəkliyini əks etdirməyə üstünlük verən Azərbaycan ədəbiyyatı.

T.Salamoğlunun kitabda özünə yer almış növbəti yazılarında  "Balzak realizmi ilə sos-realizm arasında "Dirilən adam", "Bir gəncin manifesti"  pritçalar romanı", "Açıq kitab"ın açılmamış sirləri" adlı konseptual araşdırmalarında çox əsaslı sübut və dəlillərlə, elmi məntiqlə, başlıcası isə bilavasitə bədii mətnə istinadla sübut edilir ki, Mir Cəlalın yaradıcılığı yuxarıdakı tipoloji bölgünün ikinci istiqamətinə daxildir.

Tədqiqatçı post-modernist estetikaya dair bir nəzəri prinsipi önə çəkir: "Bədii əsərin öz strukturu etibarı ilə bitibtükənməz məna potensialına malik olması böyük əhəmiyyət kəsb edir". Bu nəzəri postulatdan çıxış edərək Salamoğlu məsələni belə qoyur: "Bəlkə biz "Bir gəncin manifesti"nə "bitib-tükənməz məna potensialı" prizmasından yanaşaq? Sovet hakimiyyəti uğrunda gedən mübarizəni də uzaqbaşı bu məna potensiallarından biri hesab edək?.. Bəlkə, romanın materialını "mətn hesab edərək onu yenidən "oxu"yaq? Sovet tənqidinin üstündən sükutla keçdiyi, qabartmaq lazım bilmədiyi milli və bəşəri məzmunu önə çəkək?" Maraqlı və ən təqdir olunan cəhət budur ki, tədqiqatçı "Bir gəncin manifesti"ndə sovet hökuməti uğrunda mübarizəni tam arxa plana keçirən milli və bəşəri məzmunun ifadəsini kəşf edib ortalığa çıxara, bizi öz təhlillərində və məntiqində haqlı olduğuna inandıra bilir.

Tədqiqatçı "Bir gəncin manifesti"ni bizə öz şərti  metoforik məzmununda, pritçalar romanı kimi təqdim edir. Romanda altıncı və səkkizinci fəsillər kimi yer alan "Gecənin hökmü" və "İtə ataram, yada satmaram" adlı hissələri T.Salamoğlu birbirinin məntiqi davamı olan və eyni zamanda, tam müstəqil pritçalar kimi oxuyur. Məhz bu "oxu" prosesində romanda əks olunan tarixi dövrə  19181919cu illərdə doqquz aylıq zaman kəsiyində ingilislərin Azərbaycana müstəmləkəçi müdaxiləsini əks etdirən tarixi proseslərə yazıçının vətəndaş münasibəti aydınlaşır. T.Salamoğlu tarixi proseslərlə roman mətnini müqayisəli təhlilə cəlb edərək əsərdəki ingilis obrazlarının müstəmləkəçi rejimi simvollaşdırması məsələsini qoyur, hər iki pritçada ingilis Sona qarşıdurmasını milli varlığın müstəmləkəçi rejimə müqavimət hərəkatını simvollaşdıran təsvirlər kimi izah edir. "İtə ataram, yada satmaram" pritçasında Sonanın milli varlığı müdafiə mövqeyinə hesablanmış hərəkətlərində ümumxalq dəstəyi və sevgisinin ifadəsi isə bütövlükdə xalqın müstəmləkə rejiminə qarşı mübarizə əzminin ifadəsi kimi dəyərləndirilir. Hər iki pritçanın əhatəli tədqiqi, Sonanın "mən Sona deyiləm, əgər bu ceyrana ingilis əli dəyə" andının, eyni zamanda, onun "itə ataram, yada satmaram" sözlərində ifadə olunan iradəsinin metodik məzmununun təfsilatlı açılışı, Sona obrazı ilə Ç.Aytmatovun Naymanana obrazları arasında aparılan paralellər, Baharın acınacaqlı taleyinə humanist münasibətin ifadəsi və s. məsələlərə dair əsaslı təhlillər bizi tədqiqatçının roman haqqında son qənaətinə büsbütün şərik olmağa səsləyir: "Bir estetik kateqoriya olaraq biz tarixiliyin gücünü onun müasirliyində axtarırıq. İngilis işğalçı rejiminə milli varlığın müqavimət hərəkatını bütün incəliklərinə qədər bədii təhlilin mərkəzinə çəkəndə vətəndaş yazıçının Vətəni başqa bir işğalçı rejim altında idi. "Boz şeytan"ı "ağ ayı" əvəz etmişdi.

Mir Cəlalın qələmində milli şüura yeridilən işğalçılığa barışmaz münasibət ideyası vətən övladını yeni bir mücadilə meydanı açmağa, "ağ ayı" ilə mübarizəyə səfərbər edirdi. "Bir gəncin manifesti" bir də bitibtükənməyən bu mübarizə pafosu ilə müasirdir".

Mir Cəlalın romanları arasında ən çox mübahisələrə səbəb olanı, büsbütün zidd mövqelərdən qiymətləndiriləni "Açıq kitab" olmuşdur. Romanın yazıldığı zamanda onun haqqında ən uzaqgörən və obyektiv fikri M.C.Cəfərov söyləmişdir. Tədqiqatda oxuyuruq: "... 1945ci ildə yazdığı "Açıq kitab"  adlı məqaləsində M.C.Cəfərovun romanı "həqiqətin üzünə dik baxan" əsərlər sırasında görməsi və bunu xüsusi ahənglə qeyd etməsi görkəmli tənqidçinin zamanına görə açıqlaya bilmədiyi çox mətləblərdən xəbər verir". O, məsələni belə qoyur: "M.C.Cəfərovun "Açıq kitab" məqaləsində dilə gətirdiyi həqiqətləri daha da inkişaf etdirməyə, demədiyi, deyə bilmədiyi həqiqətləri açıb ortalığa qoymağa bizə nə mane olur?"

Kitabda yer alan "Bizim də zoşşenkolarımız olubmu?" və "Açıq kitabın açılmamış sirləri" yazılarında romanın "zamanına görə açıqlana bilməyən" mətləblərindən danışılır.

Tədqiqatçı "Açıq kitab"ı "zamanını qabaqlayan roman" adlandırır: "Məsələ burasındadır ki, təsvir predmetinə çevirdiyi həyat hadisələrinin obyektiv inikası və insan talelərinin önə çəkilməsi, başqa sözlə, humanist pafosu və idealı ilə "Açıq kitab" onunla eyni dövrdə yazılan romanlarla yox, ondan xeyli sonra yazılmış "Yanar ürək", "Yeraltı çaylar dənizə axır" və b. tipli digər əsərlərlə birləşir. Bu mənada "Açıq kitab" zamanı qabaqlayan bir romandır". T.Salamoğlu bu mövqeyini  "Açıq kitab"ı ondan 1520 il sonra, siyasi yumşalma dövründə yazılan romanlarla eyni ideya mövqeyinə gətirməsini necə əsaslandırır?

"Yanar ürək", "Yeraltı çaylar dənizə axır" və bu tipli digər romanlar siyasi yumşalma dövrünün imkanlarından istifadə edib sovet rejiminə məxsus eybəcərlikləri təhlil müstəvisinə çəkə bilmişdilər. T.Salamoğlu əsaslandırır ki, İ.Hüseynov, M.Hüseyn və b. siyasi yumşalma dövründə ortaya qoyduqları estetik mövqeyi Mir Cəlal "Açıq kitab"da 1941ci ildə gerçəkləşdirmişdi. T.Salamoğlu iddia edir ki, Mir Cəlal "Açıq kitab"da Kərim Gəldiyevi xalqımızın "xoşbəxt həyatını öz dar, şəxsi mənfəətləri xatirinə içəridən zəhərləməyə çalışan" (M.C.Cəfərov) antipod obrazı səviyyəsində yaratmayıb.

Tədqiqatçı Gəldiyev obrazının, "gəldiyevçilik"in tam fərqli  şərti-metoforik məzmununu açır: "Açıq kitab" romanının satirik qəhrəmanı bu mühitdən (sovet rejimi mühitindən  H.Q.) güc alan və onun xarakterini ifadə edən bir obraz kimi yaradılmışdır... Mir Cəlal Kərim Gəldiyevi fərdi xarakterin ümumiləşdirilmiş obrazı kimi yaratmayıb. Onun simasında siyasi rejimin "mənəvi dünyası"nı əks etdirib. Kərim Gəldiyev şərti-metoforik obrazdır. Zamanın xisləti Kərim Gəldiyevin üzərinə köçürülüb". Bu mülahizələrdən sonra T.Salamoğlu Zamanın Kərim Gəldiyevin üzərinə köçürülən xislətinin əlamətdar keyfiyyətlərini sıralayır. Bu sıralanmada sovet rejiminin milli varlığa münasibətinin müstəmləkəçi xarakteri bütünlükdə əks olunur. T.Salamoğlu iddia edir ki, sovet rejiminə kəskin tənqidi münasibətlərin tarixi 50ci illərin ortalarından yox, elə 3040cı illərdən başlayır. Bu isə o deməkdir ki, alim belə bir mövqe üzərində israr edir ki, 20ci illərdən 50ci illərin ortalarına qədərki milli ədəbiyyatı büsbütün "sos-realizm çevrəsində" təsəvvür etmək heç də özünü doğrultmur.

T.Salamoğlu irəli atdığı fikri, müdafiə etdiyi konsepsiyanı axıra qədər əsaslandırmağı bacaran və təhlillərində mübahisə üçün yer qoymamağa çalışan bir tədqiqatçıdır. Onun "Açıq kitab"ın bədii konflikti ilə bağlı irəli sürdüyü mülahizələr də bu baxımdan olduqca səciyyəvidir. Bu mülahizələr ədəbiyyatşünaslığımız üçün tamamilə yenidir. Tədqiqatçı belə bir mövqedədir ki, "romanın konflikti Vahid-Rübabə cütlüyü ilə Kərim Gəldiyevin arasındakı ziddiyyətlər əsasında inkişaf edir". Yəni Gəldiyevi sovet rejimini metoforalaşdıran obraz kimi təsəvvür edən tədqiqatçı Vahid-Rübabə cütlüyündə milli varlığın bədii təcəssümünü görür. Beləliklə, T.Salamoğlu Vahid-Rübabə cütlüyü ilə Gəldiyev arasındakı ziddiyyətləri, çarpışmaları milli varlığın sovet rejiminə qarşı müqavimət hərəkatı kimi mənalandırır. Vahidlə Rübabə obrazlarının "son dərəcə zəif, sönük" çıxması ilə bağlı tənqiddə səslənən fikirləri təkzib edən alim onların daşıdığı estetik funksiya ilə bağlı təkzib edilməsi çətin olan əsaslı arqumentlər irəli sürür: "Nə Rübabə, nə də Vahid "zəif, sönük xarakterlər" deyil, gücsüzdürlər. Bu obrazların yaradılmasında da yazıçının həyat həqiqətinə sədaqəti bütün çılpaqlığı ilə görünür. Müəllif onları "şişirdilmiş müsbət qəhrəman"lar kimi təqdim etmək fikrindən uzaqdır. Zamanın günü-gündən dəyişən xarakteri Vahidin və Rübabənin xeyrinə deyil. Milli tarixi varlıqdan gələn və Vahidin və Rübabənin xarakterində cəmləşən keyfiyyətlər onların yaşadıqları zamanda təqdir olunmur. Buna görə də onlar getdikcə daha artıq gücsüzləşir və tragik bir həyat yaşamağa məhkum olunurlar".

Ədəbiyyatşünaslığımız müasir Azərbaycan ədəbiyyatında yeni keyfiyyət mərhələsinə keçidin başlanğıcını 50ci illərin ortalarına aid edir. Bu zaman keçidi şərtləndirən əsas əlamətlər sırasında ədəbiyyatımızda insan amilinin, şəxsiyyət başlanğıcının önə keçməsi əsas götürülür. Heç şübhəsiz ki, burada böyük həqiqət var. Bu tipoloji təsnifatın ictimaisiyasi proseslərlə və dünya ədəbiyyatında baş verən hadisələrlə, bu hadisələrin milli ədəbi mühitdəki əsas əks-sədası ilə şərtlənməsinə də şübhə etmirik . Lakin T.Salamoğlunun Mir Cəlalla bağlı tədqiqatları 2050ci illərin ədəbiyyatını insan amilindən, şəxsiyyət başlanğıcından sərt-nəzər etmək fikrinə tənqidi yanaşma təlqin edir. Onun "Dirilən adam"la bağlı araşdırmaları ədəbiyyatımızda hətta repressiya dövrünün ərəfəsində belə insan amilinin, insana humanist münasibətin konseptual qoyuluşundan xəbər verir.

Tədqiqatçı O.Balzakın "Polkovnik Şaber" və Mir Cəlalın "Dirilən adam" əsərlərini müqayisəli təhlilə cəlb edərək belə qənaətə gəlir ki, "hansı zamanda və şəraitdə yaşamasından asılı olmayaraq ölməmiş insanın öz sağlığını sübut edə bilməməsinin təsviri  insana qeyri-humanist münasibəti tənqid kontekstini önə çıxarır. Salamoğlu düşünür ki, XIX əsrin dahi tənqidi realistinin də, XX əsrin sos-realistinin də "dirilən adam" süjetinə verdiyi bədii həll insana qeyri-insani münasibətinə görə ictimai mühiti, sosial-siyasi şəraiti kəskin tənqidə istiqamətlənir. Mir Cəlalın "Dirilən adam" mövzusuna verdiyi bədii həll onu Balzak realizminin varisinə çevirməklə, sənətkarı sos-realizm çevrəsindən çıxaran əsas metodoloji keyfiyyət statusu qazanır. Tədqiqatçıya görə, Mir Cəlalın yaradıcılığının sonrakı mərhələlərində də, xüsusən "Bir gəncin manifesti" və "Aşıq kitab"da bədii əksetdirmədə insan amilini davamlı keyfiyyətə çevirməsi  bu romanların hər üçünü "İnsanlığın manifesti kimi yaşayan romanlar" kimi xarakterizə etməyə imkan verməklə onun yazıçı üslubunun dominantı kimi çıxış edir.

Prof.T.Salamoğlunun "Mir Cəlal nəsri və müasirlik (metodoloji münasibət kontekstində)" adlı bu əsəri böyük yazıçının yaradıcılığına münasibətin tam yeni elmi və metodoloji aspektlərini üzə çıxaran tədqiqat kimi mühüm dəyərə malikdir. Düşünürük ki, bu monoqrafik araşdırma ədəbi-elmi ictimaiyyətin dərin marağına səbəb olacaqdır.