Səs. - 2018.- 17 mart. - 51. - S. 11.

 

Azərbaycanlıların soyqırımı erməni millətçilərinin siyasətidir

 

XX əsrin ilk iki onilliyində 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur

 

Tarixdən bəllidir ki, Lenin daşnak Stepan Şaumyanı Qafqaz ölkələri üzrə fövqəladə komissar təyin edərək Tiflisə göndərmişdi. Onun məqsədini bilən gürcülər Şaumyana təzyiq göstərərək, orada qalmasına imkan verməmişdilər. Tiflisdən qovulan Şaumyan oradan Bakıya gəlmişdi. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək və guya Azərbaycanda "sosializm" qurmaq adı ilə erməni daşnaklarının silahlı qüvvələrini hər tərəfdən gətirib şəhərdə cəmləşdirmiş, onları azərbaycanlıların soyqırımına hazırlamışdılar. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlanmış və bir neçə ay davam etmişdir. Xalqımızın qəddar düşməni olan Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 15 min silahlı əsgəri, eyni zamanda, Daşnaksütyun partiyasının 6-7 minlik silahlı dəstəsi iştirak etmişdi. Yalnız Bakıda üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, heç kəsə aman vermədən əhalini uşaqdan-böyüyədək qətlə yetirmişdilər.

Hadisələrin şahidi olmuş insanlar deyirdilər ki, ermənilər müsəlman məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.

Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş 1905-1907-ci illər və 1918-1920-ci illər qırğınları zamanı 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş və öz ev-eşiyindən zorla qovulmuşdular.

Mart qırğınları zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdı. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan qurtarmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Gəncə, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill "İnsanlar belə imişlər" adlı kitab yazmışdı. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda mart qırğını zamanı 25 min azərbaycanlının qətlə yetirildiyini bildirmişdi.

Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Təpədən-dırnağadək silahlanmış quldurlar qısa müddətdə Şamaxıda, Qubada, Yerevanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və Gəncədə azərbaycanlıları soyqırımına məruz qoymuşlar. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdi. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdu. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdi. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək məhv dəhşətli işgəncələrlə edilmişdi.

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmışlar. Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdü. Bütövlükdə, bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdü.

İngiltərənin Baş naziri Lloyd Corc hələ 1920-ci ildə bildirirdi ki, "Zənnimcə, siz erməniləri 8 yaşında təmiz və məsum qız olaraq düşünürsünüz. Belə düşünməklə çox yanılırsınız. Halbuki ermənilər özlərinin son vəhşi hərəkətləri ilə nə qədər qantökən bir millət olduqlarını qeyd-şərtsiz isbat etmişlər". Keçən zaman bir daha sübut etdi ki, Baş nazirin bu fikri çox sərrast və izahata ehtiyacı olmayan bir həqiqətdir.

ADR hökumətinin Fövqəladə İstintaq Komissiyasının materiallarından aydın olur ki, İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış və əhalisi məhv edilmişdi. 1920-ci ilin mayında erməni silahlı dəstələrinin və işğalçı XI qırmızı ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi.

 

"Səs" Analitik Qrupu