İki sahil. - 2018.- 16 mart. - ¹ 50. - S. 17.

 

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil nazirləri

 

Taleh Turqut

 

2018-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Azərbaycan tarixində ən şərəfli dövrlərdən biridir. Bir sıra sahələrdə olduğu kimi, AXC dövründə milli təhsil sahəsində də qısa dövrdə xeyli işlər görülmüş, milli təhsil sisteminin yaradılması istiqamətində uğurlu addımlar atılmışdır. Bu baxımdan, ümumi təhsil sahəsi ilə yanaşı, Azərbaycan təhsilinin və elminin sonrakı inkişafında misilsiz rol oynayan Bakı Dövlət Universitetinin yaradılmasını xatırlatmaq kifayət edər.

Ümumi təhsil sahəsində də Cümhuriyyətin yaradıcıları bir sıra sahələrin inkişafında qısa müddətdə xeyli işlər gördülər. Bütün bunları, eləcə də oxucularımız üçün maraqlı olacağını nəzərə alıb həmin dövrdə Azərbaycan təhsilinə rəhbərlik etmiş şəxsiyyətlərin həyat və fəaliyyətləri barədə qısa məlumat verməyi özümüzə borc bilirik.

 

Yolda qətlə yetirilən ilk təhsil naziri

 

Yuxarıda qeyd etdiyimiz kimi, AXC dövrü bir sıra strukturların yaradılması baxımından Azərbaycan tarixində mühüm dövrdür. Elə ilk Təhsil Nazirliyinin yaradılması və təhsil naziri vəzifəsi də dövlətçilik tariximizdə məhz Cümhuriyyətin adı ilə bağlıdır.

Beləliklə, Azərbaycanın tarixinə düşən ilk təhsil naziri AXC-nin qurucularından biri olan Nəsib bəy Yusifbəyli olmuşdur.

Gəncə şəhərində doğulan Yusifbəyli Nəsib bəy Yusif oğlu (1881-1920) 1918 il may ayının 28-də müstəqillik bəyannaməsini imzalayan 26 nəfərdən biri olaraq həm də həmin günlərdə yaradılan ilk hökumətdə Maarif və Dini Etiqad Nazirliyinin rəhbəri təyin edilir.

N. Yusifbəyli 1902-ci ildə Rusiyadakı İmperator Novorosiyski Universitetinin hüquq fakültəsinə daxil olmuş, lakin həmin illərdə geniş yayılan inqilabi hərəkatlara görə universitet Çar Rusiyası tərəfindən bağlanmış və Nəsib bəyin təhsili yarımçıq qalmışdır.

Bundan sonrakı fəaliyyətini Nəsib bəy Kırımın Bağçasaray şəhərində, İsmayıl Qaspiralının dərc etdirdiyi  “Tərcüman” qəzetində davam etdirib. Burada həm də teatr sahəsində çalışıb.

1908-ci ildə İstanbula köçən Nəsib bəy publisistik fəaliyyətlə yanaşı, “Türk dərnəyi” cəmiyyətinin yaradılması ilə də məşğul olmuşdur. Burada İsmayıl Qaspiralının qızı Şəfiqə Soltan xanımla ailə qurduqdan sonra 1909-cu ildə yenidən Gəncəyə qayıtmış, şəhər bələdiyyəsində çalışmışdır. Gəncədə yaşadığı dövrdə Nəsib bəy Yusifbəyli publisistik fəaliyyətini davam etdirmiş, müxtəlif ictimai işlərdə fəallıq göstərmişdir.

Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində - maarif naziri, Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin mart ayına kimi maarif və dini etiqad naziri olmuşdur. N. Yusifbəyli sonrakı dövrdə Cümhuriyyətin Baş naziri və 1919-cu ilin iyun-dekabr aylarında daxili işlər naziri olmuşdur.

1920-ci il aprelin 27-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy də digər hökumət üzvləri kimi, ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək istəmişdir. Lakin 1920-ci il may ayının 31-də Bakıdan çıxıb gedərkən yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilmişdir.

 

Rəşid xan Zabit xan oğlu Qaplanov

 

Nəsib bəy Yusifbəylidən sonra Azərbaycanın ikinci təhsil naziri olub. 11 noyabr 1883-cü ildə Dağıstanlı tanınmış mülkədar Zabit xan Qaplanovun ailəsində doğulmuşdur.

Vladiqafqazda realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbon Universitetinin hüquq fakültəsini bitirmişdir. İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. Həmin il Vladiqafqaza qayıtmış, şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışmışdır.

Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak edən R. Qaplanov Dağlılar Respublikasının daxili işlər naziri olmuş, 1919-cu ilin əvvəllərində Bakıya köçmüşdür.

Rəşid xan Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində maarif və dini etiqad naziri vəzifəsinə təyin edilmişdir. Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərlərində yeni tipli məktəblər yaradılmışdır. Azərbaycanın ilk universiteti olan Bakı Dövlət Universitetinin yaradılmasında R. Qaplanov da yaxından iştirak etmiş, özü də bu universitetdə “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir.

 

Aprel işğalından sonra -1920-ci ilin iyununda Rəşid xan Qaplanov Bakıda həbs olunaraq əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərilmişdir. Moskvadakı Şərq Xalqları Universitetində “Osmanlı imperiyası tarixi”ndən dərs demiş, eyni zamanda, vəkil kimi özəl fəaliyyət göstərmişdir.

30-cu illər repressiyası Rəşid xandan da yan keçməmişdir. Qaplanov 8 oktyabr 1937-ci ildə həbs olunmuş, həmin il dekabr 10-da güllələnmişdir. Məzarı Moskvadadır.

 

Şahtaxtinski Həmid bəy Xəlil ağa oğlu

 

Həmid bəy Şahtaxtinski 12 mart 1880-ci ildə Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub. Tanınmış maarifçi, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biridir.

Həmid bəy Şahtaxtinski ibtidai təhsilini Naxçıvanda mollaxanada almış, üçüncü dərəcəli şəhər məktəbində davam etdirmişdir. 1899-cu ildə İrəvan müəllimlər seminariyasını bitirmişdir. Pedaqoji fəaliyyətə həmin seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi başlamışdır. İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuş, Odessada Novorossiysk Universitetinin hüquq fakültəsini bitirmiş (1912), tələbəlik illərində buradakı “Azərbaycanlı həmyerlilər təşkilatı”nın başçılarından biri olmuşdur.

1912-ci ildə Gəncəyə gələrək, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, 1914-cü ildə Yelizavetpol Quberniyasının (Gəncə) xalq məktəbləri inspektoru təyin edilmişdir. İki ilə yaxın Yelizavetpol dairə məhkəməsində andçı-müvəkkilin köməkçisi vəzifəsində işləmiş, sonra Bakıya köçərək, dairə məhkəməsində eyni vəzifədə çalışmışdır.

H.Şahtaxtinski Rusiyadakı fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlamışdır. 1917-ci ildən “İttihad” partiyasının üzvü olmuşdur. 1917-ci il avqustun 29-dan Cənubi Qafqaz Təhsil İdarəsi üzrə komissar idi. Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinələrində maarif nazirinin müavini, 5-ci hökumət kabinəsində maarif və dini etiqad naziri (1920-ci il martın 5-də istefa vermişdir), Azərbaycan Parlamentinin üzvü olmuşdur.

Şahtaxtinski Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasında böyuk əmək sərf etmişdir. Bakı Dövlət Universitetinin təşkilində xidməti olmuş, orada müəllim, prorektor (1919-25), həmçinin Bakı Xalq Maarifi Şöbəsi nəzdindəki ikiillik Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda (1930-1940) işləmişdir. 1929-cu ildən professor elmi dərəcəsi almışdır. 1928-ci ildə, həmçinin Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirmişdir.

Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə komissiyaların sədri olmuş, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak etmişdir.

Həmid bəy Şahtaxtinski də repressiyaya məruz qalmış, 1941-ci ildə həbs edilərək sürgünə göndərilmişdir. 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində, sürgündə həlak olmuşdur.

 

Nurməhəmməd bəy Ədilxan oğlu Şahsuvarov

 

1883-cü ildə Zəngəzur qəzasının (indiki Laçın rayonunun) Minkənd kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində başa vurmuş Nurməhəmməd bəy Şahsuvarov 1899-1903-cü illərdə Qori Müəllimlər Seminariyasında oxuyub. Bir müddət Gəncədə rus dili müəllimi işlədikdən sonra 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu bitirib. Həmin il Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub və ali məktəbi eksternat yolu ilə 1915-ci ildə bitirib. Dağıstan Vilayəti Xalq Maarifi İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə inspektor təyin edilib.

1917-ci ildə Rusiyada fevral burjua inqilabı zamanı bitərəf Nurməhəmməd bəy Şahsuvarov siyasi hadisələrdə yaxından iştirak edib. 1918-ci ilin yayında Şimali Qafqazda yaşayan xalqların milli azadlıq hərəkatı nəticəsində yaradılan Dağlılar Respublikasının xalq maarifi naziri təyin olunub.

1919-cu il iyunun əvvəlində Bakıya gələn Nurməhəmməd bəy Şahsuvarov Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının sədri, 4-cü Hökumət Kabinetində xalq maarifi və dini etiqad nazirinin müavini vəzifəsini icra etməyə başlayıb. O, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlərin həyata keçirilməsində böyük əmək sərf edib. Azərbaycanın ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin təşkilində Nurməhəmməd bəy Şahsuvarov xüsusi xidmət göstərib.

1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Nurməhəmməd bəy Şahsuvarov Azərbaycan SSR xalq maarifi komissarının müavini təyin olunub. O, həmin dövrlərdə Bakıda pedaqoji və Səmədağa Ağamalıoğlu adına torpaq və geodeziya texnikumlarında rus dilindən dərs deyib. Sonralar Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft və Kimya İnstitutunda isə rus dili müəllimi işləyib.

Keçmiş Sovetlər Birliyində 1930-cu illərdə tüğyan edən repressiya dalğası ondan da yan keçməyib. 1940-cı ildə qondarma ittihamlarla həbs olunan və Krasnodar diyarına sürgünə göndərilən Nurməhəmməd bəy Şahsuvarov orada da öz ixtisası üzrə dərs deyib. Üç il sonra - 1943-cü ildə sürgündən Bakıya qayıdıb, Azərbaycan Tibb İnstitutunda rus dili kafedrasının müdiri və müəllimi işləyib. Azərbaycanda rus dili sahəsində bir mütəxəssis kimi məşhur olub.

Öz dövrünün tanınmış şəxsiyyətlərindən biri olan Nurməhəmməd bəy Şahsuvarov 1958-ci il avqustun 11-də Bakıda vəfat edib.