Yeni Azərbaycan.- 2018.- 15 mart.- ¹ 49.- S. 7.

 

1918-ci ilin mart qırğınları ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı siyasətinin növbəti mərhələsi idi

 

Erməni şovinistləri yüz illər boyu azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçiriblər

 

Nardar Bayramlı

 

Məlumdur ki, “böyük Ermənistan” xülyasını reallığa çevirməyə çalışan ermənilər tarixin müxtəlif dövrlərində terror və soyqırımı kimi bəşəri cinayət aktları törədib, xüsusilə də xalqımıza qarşı müxtəlif cinayətlərə yol verib, çoxsaylı günahsız insanların qətlinə yol açan cinayət əməlləri həyata keçiriblər. Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq aktları Azərbaycan tarixinə qara hərflərlə yazılıb.

Sirr deyil ki, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi XIX əsrdə “Gülüstan” və “Türkmənçay” müqavilələrinin imzalanmasından sonra başlayıb. Ermənilərin ilk olaraq İrəvan quberniyası ərazisində, daha sonra Naxçıvan və Zəngəzur qəzası, eləcə də Qarabağ xanlığının ərazisində məskunlaşdırılmasına başlanılıb. Təkcə Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülüb. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən çox erməni köçürülüb. 1828-ci ildə isə İrəvan xanlığının ərazisində erməni vilayəti yaradılıb. Xatırlatmaq lazımdır ki, bu zamana qədər ermənilərin Cənubi Qafqazda siyasi-inzibati ərazi vahidi olmayıb. XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin köçürülməsi davam etdirilib. Təkcə 1896-cı ildən 1908-ci ilədək Zaqafqaziyaya 400 min erməni köçürülüb. Qeyd etmək lazımdır ki, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması kütləvi qırğınlar və xalqımıza qarşı soyqırımı siyasəti ilə müşayiət olunub. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olub. Azərbaycanın tarixi ərazilərinə köçürülən çoxsaylı ermənilər çar Rusiyası tərəfindən silahlandırılıb və xalqımıza qarşı terror aktları törədilib. 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb və dağıdılıb. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoyub, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşüblər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparıblar.

1918-ci ilin mart qırğınları da bu siyasətin tərkib hissəsi idi. 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərib. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaradıblar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlayıb. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, öz ev-eşiyindən zorla qovulub. Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyiti tapılıb. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirib.

Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvanda da azərbaycanlıların qırğını törədilib.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın vəziyyətinə düşüb.

Həmçinin İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı öldürülüb, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi isə məhv edilib.

Bu siyasət sovetlər dövründə də həyata keçirilib. 1988-ci ilin yanvarından etibarən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlandı. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törədiblər. Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılıb, 250 mindən artıq azərbaycanlı öz ev-eşiyindən zorla qovulub, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donub, 41 nəfər qəddarlıqla döyülərək öldürülüb, 35 nəfər işgəncələrlə qətlə yetirilib, 115 nəfər yandırılıb, 16-sı güllələnib, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilib.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirdi.

Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, insanların başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilib.

Bir sözlə, göründüyü kimi, erməni şovinistləri yüzillər boyu azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçiriblər.