Yeni Azərbaycan. - 2018.- 15 mart. - ¹ 49. - S. 6.

 

Müstəqil Azərbaycan Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

 

Xalq Cümhuriyyəti mütərəqqi dövlətçilik ənənələri formalaşdırdı

 

Nurlan Qələndərli

 

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 100 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi. Məhz Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi.

Cümhuriyyətin yaranmasından bir əsr ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Məhz 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir.

 

AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü

 

23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rola malik oldu. 1918-ci ilin 28 mayında Şərqin ilk demokratik respublikası kimi yaradılan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri (Qafqaz İslam Ordusu) ilə birlikdə Nuru paşanın komandanlığı altında “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra - avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. Həmin ayın 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərar qəbul olundu. 2 iyul 1918-ci il tarixdə isə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı yerinə yetirmiş oldu. Bu mənada, yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da keçirilən iclasında çox mühüm qərarlar qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hər etnosa bir deputatla parlamentdə təmsil olunmalı idilər.

1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşması və gücləndirilməsinə tarixi töhfələr vermiş oldu.

 

Milli dövlətçiliyin əsaslarının gücləndirilməsi istiqamətində strateji əhəmiyyətli addımlar atıldı

AXC-nin şanlı tarixindən bəhs edərkən milli dövlətçilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edən bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Cümhuriyyət parlamenti milli dövlətçiliyin gücləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyan - xalq maarifinin inkişafına çox mühüm təkan verən vəzifələrdən birini reallaşdırdı. Ali qanunverici orqan tərəfindən 1918-ci il 27 iyun tarixli qərar qəbul edildi. Qərara əsasən, Azərbaycan dili dövlət dili elan olundu. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini müəyyən qədər çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq digər dillərdən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu.

Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə ana dili intensiv şəkildə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq öz dillərində təhsillərini davam etdirə bilsinlər.

Təhsildən bəhs edərkən vurğulamaq gərəkdir ki, Cümhuriyyət Parlamentinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycan xalqının son 400 illik tarixi ərzində ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verdi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin “Dövlət dili haqqında” 27 iyun 1918-ci il tarixli qərarında dövlət dilinin Azərbaycan türkcəsi kimi təsbit edildiyi, bundan sonra bütün məhkəmə orqanları və digər qurumlarda vəzifələr daşıyanların bu dili bilənlər olacağı bəyan edilmişdir.

 

AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur

 

Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli liderin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Çünki bununla dünya ictimaiyyəti görür və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var, müasir müstəqil Azərbaycan zəngin dövlətçilik ənənələri əsasında formalaşıb.

AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar bunu aşkar şəkildə ifadə edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamları bu qəbildən olan nümunələr sırasında xüsusi olaraq qeyd edilməlidir. AXC-nin 100 illik yubileyi ilə bağlı dövlətimizin başçısının imzaladığı Sərəncam da milli dövlətçilik tariximizə diqqət və qayğısının bariz göstəricisidir.