Səs.-2018.-14 mart.-¹48.-S.7.

 

Demokratik ənənələrə sadiq Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

 

Nəzakət Ələddinqızı

 

Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən 100 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı şərəfli tarix ölkəmizdə 28 May Respublika Günü kimi qeyd edilir. Xalqımız bu tarixin 100 illik yubileyini 2018-ci ildə "Azərbaycan Xalq Cümhuriyyəti” ilində böyük uğurları Hə qeyd edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bütün demokratik ənənələrə sadiqdir. Qürur gətirəcək bu hadisə Azərbaycanın tarixidir. Bu tarixdə Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi.

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yer tutub. Belə ki, 1918-ci il mayın 28-də Şərqdə qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq, şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, Dövlət Aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin "ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

XX əsrin əvvəlində Azərbaycan dövlətinin xarici siyasət prinsipləri formalaşdı və bu prinsiplər dostluq və əməkdaşlığa söykəndi. Bunlar Azərbaycan Milli Şurasının qəbul etdiyi istiqlaliyyət Bəyannaməsində də əksini tapdı. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan Xalq Cümhuriyyəti, ilk dəfə olaraq, Azərbaycan adlı müstəqil dövlətin əsasını qoydu.

Bəli, mövcud şərait, xarici müdaxilə və daxili çəkişmələr AXC-nin süqutu ilə nəticələndi. Yalnız bundan 70 il sonra Azərbaycan yeni bir müstəqillik imkanı qazandı. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərindən etibarən SSRİ daxilində cərəyan edən hadisələr Azərbaycana öz milli müstəqilliyini yenidən bərpa etmək imkanı qazandırdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulu ilə Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi. Əgər Ulu Öndərimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü il iyun ayının 15"də yenidən hakimiyyətə qayıtmasaydı, indi qurduğumuz respublikanın da ömrü uzun olmaya bilərdi. Ümummilli Liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerlərindən birini tutması sahəsində yeni bir mərhələ başlandı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın Yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı. Hüquq-mühafizə və məhkəmə sistemi yenidən quruldu. Milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Bu gün də Azərbaycan bu kon­sepsiyanın üzərində inkişaf edir, yeni-yeni uğurlara imza atır. Ulu Öndərin də qeyd etdiyi kimi, “Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!”

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoydu. Ümummilli Lider Heydər Əliyev müstəqilliyi ən böyük sərvət, ən böyük dəyər kimi qiymətləndirirdi: “Müstəqilliyi əldə etmək onu qoruyub-saxlamaqdan və möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. ...Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.

Azərbaycan Respublikasında demokratik-hüquqi, dünyəvi dövlət-vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzu möhkəmlənib, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulmasına nail olunub. Azərbaycan dövləti milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirir. Azərbaycan dünyanın maraq dairəsinə daxil olub və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrilib. Respublikamızda siyasi-iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələrini icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır, ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması və tarixi irsə bağlılıq kimi müqəddəs prinsip dayanır.

Ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi sevindirir və qürurlandırır.

21-ci yüzillikdə sürətlə inkişaf edən Azərbaycanın sosial-iqtisadi və siyasi-mədəni sahələrdə əldə etdiyi yüksək göstəriciləri böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir.

Artıq 27 ildir ki, müstəqilliyimizin bəhrələrini görürük. 28 May Azərbaycan Respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün olaraq hər zaman xatırlanır və dövlət bayramı kimi qeyd olunur.