Yeni Azərbaycan.-2018.-14 mart.-¹48.-S.7.

 

31 mart soyqırımı erməni vandalizminin növbəti nümunəsidir

 

31 mart soyqırımı haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətinə ardıcıl və məqsədyönlü addımlar atılır

 

Nurlan Qələndərli

 

Bəllidir ki, ermənilər ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyaların altına imza atıb, tarixi Azərbaycan torpaqlarına qarşı təcavüzkar iddialarını daha da gücləndiriblər. Onlar bu məqsədlə misli görünməmiş metod və vasitələrə baş vurublar. Mənfur qonşularımızın “Hai Tahd ideologiyası’na uyğun olaraq “Böyük Ermənistan” yaratmaq ideyaları, eyni zamanda, böyük güclərin maraqları ilə üst-üstə düşüb. Bunun da nəticəsidir ki, müxtəlif dövrlərdə ermənilər xalqımıza qarşı fərqli-fərqli təhdidlərdən məharətlə istifadə etməyə çalışıblar ki, buraya da təbliğat, qondarma “soyqırımı” iddiaları, torpaq tələbləri, qətllər-qırğınlar və s. daxildir.

 

31 mart soyqırımının coğrafiyası bakı ilə məhdudlaşmır

 

Ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi soyqırımı aktları sırasında 31 mart soyqırımını xüsusi vurğulamaq lazımdır. Tarixdən bəlli olduğu kimi, 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açıb. 31 mart tarixində bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Erməni vandalları bu hücum nəticəsində dəhşətli qətllər törədiblər. Bununla yanaşı, azərbaycanlılara məxsus məktəblər, kitabxanalar, mədəniyyət ocaqlarının hamısı yandırılıb. Həmçinin Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” yandırılıb, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları, eyni zamanda, “Təzə pir" məscidinin minarələri dağıdılıb. Məlumat üçün qeyd edək ki, 31 mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilib.

31 mart soyqırımının coğrafiyası yalnız Bakı ilə məhdudlaşmır. Belə ki, ermənilər Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktını davam etdiriblər və minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib. Mart hadisələrinin əsas təşkilatçısı olan S. Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda bildirmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyil. Biz bilərəkdən buna yol verdik”.

Göründüyü kimi, ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti sistemli xarakter daşıyıb və bu, erməni vandalizminin növbəti nümunəsi olmaqla yanaşı, bəşər tarixinin ən qanlı səhifələrindən birini təşkil edir.

 

Ermənilərin xalqımıza qarşı soyqırımı aktları sonrakı dövrdə də davam edib

 

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu itlərə də diqqət yetirsək, görərik ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb.

Xalqımıza qarşı soyqırımlar törədən mənfur qonşularımız öz çirkin niyyətlərini reallaşdırmaq üçün istənilən fürsətdən yararlanmağa çalışıblar. Bu istiqamətdə növbəti addım ötən əsrin 60-cı illərində atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə edərək öz çirkin məqsədlərinə nail olmağa çalışsalar da, Ulu öndər Heydər Əliyev buna imkan verməyib.

1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. SSRİ rəhbərliyinin razılığı ilə Er­mənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib və bu gün həmin təcavüzün nəticələri davam etməkdədir.

Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri viran edib, azərbaycanlılara qarşı soyqırımı törədib, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76- sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub. Məhz bütün bu faktlar onu göstərir ki, ermənilər tarix boyu xalqımıza qarşı müxtəlif xarakterli soyqırımları törədiblər.

 

Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib. Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. 1998-ci ildə imzalanmış Fərmanda qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.

Göründüyü kimi, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın başına gətirilmiş bütün faciələr kimi, 31 mart soyqırımına da ilk dəfə siyasi və hüquqi qiymət verilməsinə nail olub.

Hazırda Azərbaycan həqiqətlərinin, o cümlədən 31 mart soyqırımı haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Məhz bunun qanunauyğun nəticəsidir ki, bu soyqırımına dair həqiqətlərin dünyaya çatdırılması vasitəsilə ermənilərin formalaşdırdıqları stereotiplər dağıdılır, xalqımıza qarşı törədilmiş qətllər bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət hadisəsi kimi səciyyələndirilir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncam bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə tədbirlər planına müvafiq işlər görülür.

Ümumiyyətlə, görülən işlərin qanunauyğun nəticəsidir ki, Xocalı soyqırımının ardından artıq bir çox ölkələrdə 31 mart hadisələri ilə bağlı müvafiq qətnamələr qəbul olunur. Azərbaycan dövləti bütün bu reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyət göstərir, ardıcıl və məqsədyönlü tədbirlər görülür. Yeri gəlmişkən, Quba Soyqırımı Memorial Kompleksinin açılışı da bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti ilham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti ilham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər.

Bütövlükdə, 1918-ci il 31 mart soyqırımına dair həqiqətlər dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılır. Məhz Prezident ilham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.